Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1699/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(006)- 4154/2020 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənəvi ziyana görə 150000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər Rusiya Federasiyasında yaşamış, 2017-ci ildə Azərbaycana qayıtmışdır. Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 28, mənzil 7 ünvanında kirayədə qalmışdır. İddiaçı Bakıya gəldikdən sonra müxtəlif işlərlə məşğul olmuş, tutulmamışdan qabaq evdə telefon təmiri ilə məşğul olmuşdur. Uşaqlıq dostu və bir məktəbdə oxuduğu Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan X1 ilə dostluq etdiyi üçün qanunsuz olaraq həbs olunmuşdur. Belə ki, Mütəllimin atası və qardaşı əvvəllər xüsusilə ağır cinayət törədərək, Sabunçu rayon ərazisində xidmət göstərən polis əməkdaşını öldürdükləri üçün ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. İddiaçı bundan sonra bilmişdir ki, buna görə də Mütəllimin ailəsi nəzarətdə imiş. Mütəllimi də Sabunçu RPİ eyni ilə iddiaçıya verilmiş ittihamla, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə həbs etmişlər. (məhkəmə davam edir). Mütəllimin bir neçə yerdə ticarət obyekti var və maddi imkanı yaxşıdır. Bu səbəbdən Sabunçu RPİ-nin iddiaçı ilə qərəzi vardı, görünür iddiaçının Mütəllimlə dostluq etməyi onların xoşuna gəlməmiş və nəticədə Sabunçu RPİ saxta ittihamla yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə iddiaçını təqsirləndirərək cinayət işini mahiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə iddiaçıya Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə əməlində cinayət tərkibi olmaması və təqsirliliyinin subuta yetirilməməsi əsasları ilə bəraət verilmişdir. Hökmlə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsini tələb etmək hüquqları iddiaçıya izah olunmuşdur. xx xxxxx 2019-cu il tarixdə iddiaçı şübhəli şəxs kimi tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin Hökmü ilə həbsdən azad olunmuşdur. Məhkəmə istintaqı zamanı da bildirdiyi kimi, Sabunçu RPİ-nə aparıldıqdan sonra iddiaçı özünü təqsirli bilmədiyi üçün ifadə verməkdən imtina etmiş və ilkin etirafedici ifadəsini almaq üçün ona işgəncələr vermiş, ayağından elektroşok verilmiş, bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirilmişdir. xx xxxxx 2020-ci ildə məhkəmə tərəfindən iddiaçı barəsində həbs qətimkan tədbiri seçilmişdir və xx xxxxxx 2020 ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanmışdır. Həbsdən azad olunduqdan sonra uzun müddət müxtəlif xəstəxanalarda sağlamlığının bərpası üçün müalicə olunmuşdur. Həbs olunanda müştərilərini itirmiş və hələ də iş yeri tapa bilməmişdir. Dolanışıq yeri yoxdur. Yaşlı və xəstə atası var. İddiaçı həbsdə olduğu müddət ərzində mənəvi iztirablar keçirmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(006)- 4154/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4154/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən cavabdeh Azərbaycan Respiblikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4154/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, İddiaçı xx xxxxx 2019-cu il tarixdə şübhəli şəxs kimi tutulmuşdur, xx xxxxxx 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin Hökmü ilə həbsdən azad olunmuşdur. Məhkəmə istintaqı zamanı da bildirmişdir ki, Sabunçu RPİ-nə aparıldıqdan sonra özünü təqsirli bilmədiyi üçün ifadə verməkdən imtina edirdi və ilkin etirafedici ifadəsini almaq üçün ona işgəncələr veriblər, ayağından elektroşok verilib, bədəninin müxtəlif yerlərinə xəsarətlər yetiriblər. xx xxxxx 2020-ci ildə məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş və xx xxxxxx 2020-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanmışdır. Həbsdən azad olunduqdan sonra uzun müddət müxtəlif xəstəxanalarda sağlamlığının bərpası üçün müalicə olunmuş. Həbs olunanda müştərilərini itirmiş və hələ də iş yeri tapa bilməmişdir. Dolanışıq yeri yoxdur. Yaşlı və xəstə atası var o, həbsdə olduğu müddət ərzində mənəvi iztirablar keçirmişdir. Bütün bunların əsasında o, maddi və mənəvi zərər çəkmişdir. Buna görə də Mailiyə Nazirliyindən 150000(yüz əlli min) manat pulun tutularaq ödənilməsini xahiş etmişdir. Bütün bunlara baxmayaraq məhkəmə mənəvi zərərin vurulmasını qəbul etmiş, lakin məbləğin həddindən artıq az təyin olunmasını əsaslandıra bilməmişdir. Belə ki, məhkəmə qətnamədə “H.Rafaelə vurulmuş mənəvi zərərin ödənilməsini məqsədə müvafiq hesab etsə də mənəvi zərərin məbləği ilə əlaqədar göstərilən məbləğin çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 2500 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edilir” kimi qeyd olunmuşdur. Məhkəmə, Ali Məhkəmənin Plenumunun mövqeyini nəzərə aldığını qeyd etmiş və Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında» qərarının 2-ci bəndinə istinad etmişdir. Lakin mənəvi zərərin məbləği ilə əlaqədar həmin qərarın başqa bir bəndinə istinad etməyi ola bilsin ki bilərəkdən «yaddan çıxarmışdır». Ali Məhkəmə Plenumunun qeyd olunan qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərəçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı aə yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bütün yuxarıda göstərilənlər, yəni onun 9 ay 15 gün həbsdə qanunsuz olaraq saxlanmasına görə cəmi 2500(iki min beş yüz) manat mənəvi zərərin müəyyən olunması bütün halarda ağlabatan deyildir. Məhkəmə bu rəqəmi də necə hesablaması da əsaslandırılmamışdır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, iddiaçı onun cinayət işi ilə aidiyyəti olmayan Maliyyə Nazirliyini iş üzrə cavabdeh qismində göstərmişdir. Halbuki, başqa şəxsin öhdəliyinə Maliyyə Nazirliyi məsuliyyət daşımır. Bununla yanaşı, məhkəmə öz qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə istinad edərək qətnaməni əsaslandırmağa çalışsa da, Maliyyə Nazirliyinin iddiaçıya hər hansı vəsait ödəməsi ilə bağlı qərar qəbul ediləcəyi təqdirdə Nazirliyin reqres hüququnun təmin edilməsi məqsədilə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxslərin məhkəməyə cəlb edilməsi barədə vəsatət təqdim etməsinə baxmayaraq, həmin Məcəllənin 1114-cü maddəsinin tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd etmək zəruridir ki, Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda məhkəmə son nəticədə yanlış olaraq Maliyyə Nazirliyini iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. Eyni zamanda məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar Azərbaycan Respublikasının “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri” haqqında qanunun 5-ci maddəsinə istinad edərək qeyd edir ki, şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Halbuki, məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, hər hansı sübut tədqiq olunmamışdır. Bununla belə bu cür sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxxxx 2008-ci il tarixli 7 №-li Qərarını nəzərə almayıb. Adıçəkilən Qərarda qeyd olunur ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.” İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materiallarını, apellyasiya şikayətlərinin dəllillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(101)-112/2020-ci il tarixli hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ona bəraət verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İşin araşdırılmış hallarından müəyyən olundu ki, İddiaçı xx xxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2019-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(101)- 112/2020-ci il tarixli hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ona bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkilinin izahatından və təqdim olunmuş sənədlərdən də aydın olmuşdur ki, iddiaçının əsassız olaraq xx xxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulması və xx xxxxx 2019-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçilərək xx.xx.2020-ci il tarixədək həbsdə saxlanılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə kollegiyası dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 2500 manat məbləğində təmin olunmasını məhkəmə kollegiyası ədalətli və ağlabatan hesab edir. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(006)- 4154/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1699/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1699/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver