Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1699/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmuru (Amil Əmirov) və “Daşınar və daşınmaz əmlakların satışı X13” MMC-yə qarşı iş üzrə (Açar sözlər: ipotekaya xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 01 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(008)-102/2020 saylı qətnaməsi ilə iddiaçı “X8” ASC-nin cavabdehlər İddiaçı və X3 qarşı iddiasının təmin edilməsi, cavabdeh İddiaçı 27.266,80 ABŞ dolları əsas, 5694.72 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu üzrə, cəmi 33961.52 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) borc və 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun tutularaq ləğv prosesində olan “X8” ASC-nin xeyrinə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65.000 manat müəyyən edilməklə hərracda satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı banka olan borcunun ödənilməsi, iddianın qalan hisəsədə təmin edilməməsi qət olunmuşdur.
2. Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(103)-3535/2021 saylı qətnaməsi ilə cavabdeh İddiaçı 27.266,80 ABŞ dolları əsas, 10790.06 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə borcu üzrə, cəmi 39056,86 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) borc və 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydə alınması üçün ödənilmiş 30 manat rüsum tutularaq Ləğv prosesində olan “X8” ASC-nin xeyrinə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65.000 manat müəyyən edilməklə hərracda satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı banka olan borcunun ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzil satıldıqdan sonra 1 ay müddətindən cavabdehlər İddiaçı və X6, yetkinlik yaşına çatmayan X4 və X5 ilə birlikdə həmin mənzildən çıxarılmaları qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(103)-3535/2021 saylı qətnaməsi xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış, icra sənədi xx.xx.2022-ci il tarixdə icra edilməsi üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. Sabunçu Rayon İcra Şöbəsinin sifariş məktubuna əsasən hərrac təşkil olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli bildirişlərlə xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixdə, saat 11:00-da keçiriləcək hərraclar barədə məlumat göndərilmişdir. «Birja yenilikləri» qəzetinin xx.xx.2022-ci il tarixli nəşrlərində hərracın keçirilməsi barədə elan dərc edilmişdir.
5. İpoteka predmetinin ilkin satış qiyməti 65000 manat olmaqla xx.xx.2022-ci il tarixə təyin olunmuş birinci hərrac baş tutmamışdır.
6. Sabunçu rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla “Daşınar və daşınmaz əmlakların satışı X13” MMC-yə müraciət edilərək xx.xx.2022-ci il tarixə təyin olunan hərracın dayandırılması xahiş olunmuşdur. Sonradan xx.xx.2022-ci il tarixli məktubla müraciət edərək mənzilin satılması üçün keçirilən hərracın bərpa olunması xahiş edilmişdir.
7. Hərrac təşkilatı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişlə xx.xx.2022-ci il tarixə saat 11:00-ə təyin olunmuş təkrar hərrac barədə məlumat verilmiş, 55250 manat satış qiymətilə keçirilmiş hərracı baş tutmamışdır.
8. 19.07.2022-ci il tarixdə ipoteka predmetinin əldə olunmasına dair ipoteka saxlayana təklif göndərilmiş, “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Bank ipoteka predmetini 41437,50 manata əldə etmişdir.
9. Mübahisəli mənzil hazırda "xxxx" ASC-nin mülkiyyətindədir.
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh “X8” Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxslər: Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmuru (Amil Əmirov) və “Daşınar və daşınmaz əmlakların satışı X13” MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında ünvan 1 ünvanına dair bağlanmış xx.xx.2013-cü iltarixli 78BKİ/13 saylı ipoteka müqaviləsi üzrə daşınmaz əmlakın dövlət reyestrində cavabdehin xeyrinə aparılmış ipoteka hüququna xitam verilməsi və bu barədə qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu rayon icra şöbəsi tərəfindən qeyd edilən icra sənədinin icrasını təmin etmək məqsədilə icra hərəkətləri həyata keçirilmişdir. Belə ki, Sabunçu rayon icra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Sonradan Sabunçu rayon icra şöbəsi hərrac təşkilatı olan “Daşınar və daşınmaz əmlakların satışı X13” MMC-yə 752-31091/17 saylı, xx.xx.2022-ci il tarixli Sifariş məktubu göndərmişdir. Hərrac təşkilatı tərəfindən xx.xx.2022-ci ildə ilkin, xx.xx.2022-ci ildə isə təkrar hərrac keçirilmiş, lakin hər iki hərrac baş tutmamışdır. Sonradan, Hərrac mərkəzi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildiriş ünvanlamışdır. Bildirişdə mənzilin hərracda satılacağı, hərracın isə xx.xx.2022-ci ildə keçiriləcəyi qeyd edilmişdir. Nəticə etibarı ilə, cavabdeh “İpoteka haqqında” qanunun 43.8-ci maddəsini rəhbər tutaraq Hərrac mərkəzi ilə xx.xx.2022-ci il tarixdə hərracın yekunları barədə 48/02 saylı protokol imzalayaraq ünvan 1 ünvanında yerləşən mənzili əldə etmişdir. İddia ərizəsinə qoşulmuş sənədlərlə təsdiq edilir ki, qeyd edilən mənzilə tutma yönəldilməsi ilə bağlı artıq ilkin və təkrar hərrac keçirilib, lakin bu hərraclar baş tutmadığına görə, ipoteka predmetini əldə etmək cavabdehə təklif edilib. Cavabdeh isə mənzili qanunvericiliyi ilə tələb edilən müddət ərzində əldə etməyib. İpotekaya xitam verilməsi üçün əsas ortaya çıxıb. Hərrac mərkəzi tərəfindən 3-cü hərracın keçirilməsi tamamilə qanunsuzdur.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4528/22 saylı iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Abidova) iddia rədd edilmişdir.
13. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsində nəzərdə tutulan müddət cavabdeh “X8” ASC tərəfindən ötürülmədiyindən və bu səbəbdən sonuncunun xeyrinə aparılmış ipoteka hüququna xitam verilməsi üçün əsas olmadığına görə iddia tələbi rədd edilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415, 416-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.3, 43.5, 43.7, 43.8-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, məhkəmə 3 hərracın keçirilməsinin sübuta yetirilmədiyi ilə bağlı mövqeyini nə qanun, nə də ki məntiq normaları ilə əsaslandırmamışdır. Məhkəmənin yeganə istinad etdiyi əsas Sabunçu rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli 996- 31091/17 nömrəli məktubudur. Həmin məktubda icra məmuru heç bir əsas qeyd etmədən hərracın keçirilməsini xahiş etmişdir. Hərrac mərkəzi isə xx.xx.2022-ci il tarixinə təyin etdiyi təkrar hərracın ləğv edilməsi ilə bağlı nə rəsmi internet səhifəsində, nə də qəzetdə elan yerləşdirməmişdir. İcra məmuru tərəfindən icra hərəkətlərinin dayandırılmasının mümkün olduğu hallar qanunvericilikdə aydın şəkildə qeyd edilmişdir. Məhkəmənin digər maraqlı yanaşması iddiaçıya tövsiyəsi olmuşdur: "iddiaçıya Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(103)-3535/2021 saylı icra sənədinin icrası ilə icra məmurunun hərəkətlərindən şikayət vermək hüququna malik olması izah edilməlidir (müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə)." Hansı səbəbdən iddiaçı icra məmurunun hərəkətlərindən şikayət etməlidir? Görünən odur ki, cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində ipoteka predmetini əldə etməmiş, hərrac təşkilatı isə icra məmuru ilə birlikdə belə bir yola əl ataraq, 3-cü hərracı keçirmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
19. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
22. Maddələr 416.1 və 416.2. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:
23. Maddələr 43.3-43.5. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 20 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.
24. Maddə 43.7. Bu Qanunun 43.1.1- ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.
25. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamə tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı işdə olan materiallar, eləcə də “Daşınar və Daşınmaz Əmlakların satışı X13” MMC tərəfindən təqdim olunmuş hərrac sənədləri nəzərdən keçirilərkən iş üzrə hərracın etibarsızlığı üçün əsas ola biləcək, tərəflərdən birinin hüquq və mənafelərini pozan hər hansı əsaslar müəyyən edilməmişdir. Hərrac prosesi qanunun tələblərinə uyğun keçirilmiş, prosesin bütün mərhələləri barədə iddiaçıya lazımi qaydada məlumatlar göndərilmiş, qəzetlərdə elanlar dərc edilmişdir.
30. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, icra məmuru birinci hərrac keçirildikdən sonra xx.xx.2022-ci il tarixli 996- 31091/17 nömrəli məktub ilə hərrac təşkilatı müraciət edərək hərracın keçirilməsinin dayandırılmasını xahiş edilmiş, sonra isə yenidən həmin hərrac təşkilatına xx.xx.2022-ci il tarixli 31091/17 nömrəli məktub ilə (yani ikinci hərracın keçirilməsi nəzərdə tutulmuş xx.xx.2022-ci tarixdən sonra) müraciət edərək hərracın bərpa edilməsi xahiş edilmişdir. Hərrac icra məmurunun sifarişi əsasında təşkil edildiyindən icra məmurunun hərracın dayandırılması ilə bağlı məktubu hərrac təşkilatı üçün imperativ xarakter daşımaqdadır.
31. Məhkəmə kollegiyasının qənaətinə görə ipoteka hüququna xitam verilməsi üçün qanunla müəyyən olunmuş əsaslar müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.