Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-17/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-16/2017 saylı 22 sentyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin onun payına düşən 8/10 hissənin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinin 8/10 hissəsi iddiaçının xüsusi mülkiyyətdə olan payıdır. İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə müvafiq çıxarış verilmişdir. Hazırda iddiaçı qanunda nəzərdə tutulmuş hüquqlarından istifadə edərək payının naturada ayrılmasını istəyir. Onun payının naturada ayrılması üçün texniki imkanlar vardır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin iddiaçının payına düşən 8/10 hissənin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-16/17 saylı 22 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilməklə, ünvan 2 saylı evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən İddiaçı payına düşən 8/10 hissə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14850 saylı 23 avqust 2017-ci il tarixli rəyində göstərilmiş qaydada - “A” literli tikili və “B” literli tikilinin sahəsi 13,2 kv.m olan 2 saylı tikilisi İddiaçı verilməklə, “B” literli tikilinin tikililəri arasında olan qapı və pəncərələr bağlanmaqla, sahəsi 15 kv.m olan 1 saylı tikilidən həyətyanı sahəyə qapı açılmaqla, həmin tikililər arasında arakəsmə divardan “B” literli tikiliyə perpendikulyar, küçə tərəfə olan hasara paralel sərhəd hasarı inşa olunmaqla ayrılması, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 (on) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100,0 (bir yüz) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsasında yaşadığı evə bitişik illərlə çətin zəhmət hesabına tikidiyi iki otaq və hamam tualeti də İddiaçı mülkiyyətinə keçmişdir. Məhkəmə mühəndis texniki ekspertizanın rəyindən də narazıdır. Guya, ekspert evə və torpağa baxmağa gələndə evdə olmuş və onlara ölçmə işi aparmağa icazə verməmişdir. Həmin vaxt evdə olmuş, ölçmə işi ilə əlaqədar ona heç bir məlumat verilməmiş və bundan xəbəri olmamışdır. Bu da ekspert rəyinin qeyri-obyektiv olmasını göstərən sübutdur. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı, onu və Cavabdeh2 3-cü şəxs kimi göstərməklə torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 01 mart 2016-cı il tarixli qərarı ilə iddiası təmin edilməmiş, bu qərardan verdiyi şikayət də Bakı Apellyasiya Məhkəməsinin 25 may 2017-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Bundan sonra, iddiaçı yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin, onün üzərində fərdi yaşayış evinin və digər tikililərin də aid olduğu mülkiyyəti təsdiq edən dövlət reyestrindən çıxarışın verilməsi tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət etmiş, həmin Məhkəmənin 23 iyun 2016-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qərarlarının qüvvədə olmasına baxmayaraq iddiaçı hansısa yolla mübahisəli evin və həmin ünvanda yerləşən torpaq sahəsinin 8/10 hissəsini xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 21.01.2017-ci il tarixdə qeydiyyata aldırmağa nail olmuşdur. Lakin məhkəmə bunu araşdırmadan ekspert rəyini əsas tutaraq payın naturada ayrılması barədə qətnamə qəbul etmişdir. Cavabdeh2 da apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ərizənin baxılmamış saxlanılmasını və iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən ev qaynatası X5 məxsus olmuşdur.1993-cü ildə ailə quraraq bu evə köçmüş və həyat yoldaşı ilə birgə bu evdə yaşamış, 1995-ci ildən pasport qeydiyyatına alınmışdır. Bu ünvanda iki övladı dünyaya gəlmişdir. İddiaçı özü bu ünvanda heç vaxt yaşamamış, qalan mirası da faktiki olaraq qəbul etməmişdir. Məhkəmə tərəfindən onun xəbəri olmadan iclas keçirilmiş, ekspertiza təyin olunmuş, xəbəri olmadan həyətə daxil olaraq baxış keçirilmişdir. İddiaçı adına bu ünvana dair çıxarış və texniki pasport olmasından xəbəri olmamışdır. Bu sənədi qeyri-qanuni yollarla almışdır. Çıxarışı mübahisələndirəcək. Tək qadındır,heç kimi yoxdur, indiki halda İddiaçı onun yaşadığı evi bölüşdürmək istəyir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 bildirdi ki, 1989-cu ildən mübahisəli evdə yaşayır. Əri vəfat etdikdən sonra iddiaçı ona qarşı iddia qaldırmışdır. Mübahisəli evin həyətində iki otaq tikmiş və faktiki olaraq həmin tikilidə yaşayır. Məhkəmənin sonuncu iclasında Şküfə Musayeva həmçinin bildirdi ki, təqdim etdiyi barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərsə, şikayətini müdafiə etməyə bilər, əks təqdirdə apellyasiya şikayətini müdafiə edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Sonrakı məhkəmə iclaslarına dəfələrlə çağırılmasına baxmayaraq Cavabdeh2 səbəbini göstərmədən gəlməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətlərinə etiraz edərək bildirmişdir ki, qeyd edilən evin “A” tikilisində Cavabdeh1, “B” tikilisində isə Cavabdeh2 faktiki olaraq yaşayır. Cavabdehlər istəsə onların payına düşən pulu ödəyə bilər. Məhkəmənin sonuncu iclasında Möhlət Musayeva bildirdi ki, cavabdehlərdən Cavabdeh1 ilə məhkəmədən kənar razılığa gələrək aralarında saziş tərtib etsələr də, digər cavabdeh Cavabdeh2 məsələnin mahiyyətini tam anlamadığından heç cürə barışığa gəlmək istəmir. Buna baxmayaraq evin və torpaq sahəsinin naturada bölünməsinin mümkün olması texniki ekspertizanın rəyi ilə də təsdiq olunmuşdur. Ona görə də Cavabdeh1 yaşadığı hissə ilə bağlı sazişdə göstərilən, Cavabdeh2 ilə isə ekspertiza rəyində göstərilən qaydada evin naturada bölünməsini xahiş edir. Məhkəmə tiknti-texniki ekspertizasının 14850 saylı 23 avqust 2017-ci il tarixli rəyindən görünür ki, ünvan 2 saylı evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən İddiaçı məxsus olan 8/10 hissənin naturada ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7 və 2.9-cu bəndlərinin və metodik tövsiyyələrin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün texniki pasporta görə “A” literli tikili və “B” literli tikilinin sahəsi 13,2 kv.m olan 2 saylı tikilisi İddiaçı istifadəsinə verilməli, “B” literli tikilinin tikililəri arasında olan qapı və pəncərələr bağlanmalı, sahəsi 15 kv.m olan 1 saylı tikilidən həyətyanı sahəyə qapı açılmalı, həmin tikililər arasında arakəsmə divardan “B” literli tikiliyə perpendikulyar, küçə tərəfə olan hasara paralel sərhəd hasarı inşa olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli əraziyə yerində baxış keçirərkən müəyyən edildi ki, ünvan 2 saylı evin ekspert rəyində “A” literli tikili kimi qeyd olunan hissəsində Cavabdeh1, “B” tikilisində isə Cavabdeh2 faktiki olaraq yaşayır. Bundan başqa, “B” literli tikilinin sahəsi 13,2 kv.m olan 2 saylı tikilisinin və sahəsi 15 kv.m olan 1 saylı tikilisinin qarşısında olan əlavə tikililər(mətbəx, hamam, tualet) olduğu müəyyən edilmişdir. Lakin həmin tikililərin özbaşına yaxud qeydə alınan tikili olması rəydə göstərilməmiş, həmçinin bölgü zamanı onların nəzərə alınmaması məlum olmayan səbəblərdən rəydə açıqlanmamışdır. Göründüyü kimi, ekspert rəyinin əsaslılığı şübhə doğurduğundan iş üzrə təkrar məhkəmə tikinti texniki ekspertizası keçirilməsi qərara alınmış və ekspert qarşısında suallar qoyularaq ünvan 2 saylı evin 8/10 hissəsinin qərardadda göstərilənlər(cavabdehlərin evin ayrı-ayrı hissələrində yaşaması, əlavə tikililərin olması və.s) nəzərə alınmaqla naturada bölünməsinin mümkün olub-olmaması, əgər mümkündürsə, bölgünün təsvirinin rəyin nəticə hissəsində dəqiq göstərilməsi istənilmişdir. Təkrar məhkəmə mühəndis texniki ekspertizasının 08 may 2018-ci il tarixli 3788 nömrəli rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən əsasən ünvan 2 saylı evin 8/10 hissəsinin qərardadda göstərilənlər(cavabdehlərin evin ayrı-ayrı hissələrində yaşaması, əlavə tikililərin olması və.s)nəzərə alınmaqla naturada bölünməsi mümkündür. Bölgü zamanı 8/10 paya düşən torpaq sahəsi 0.0467 ha və orada yerləşən tikililər, qalan 2/10 paya paya düşən sahə isə 0.0117 ha və orada yerləşən tikililər olmaqla müəyyən edilir. Tərəflərin payına düşən torpaq sahəsi və orada yerləşən tikililər AutoCAD proqramı vasitəsilə işlənib hazırlanmış plan-sxemdə ətraflı göstərilmişdir. Bölgü plan-sxemi rəyə əlavə olunur. Qeyd: ilkin ekspertiza zamanı tədqiqatın nəticəsi ilə hazırki ekspertiza tədqiqatının nəticəsi arasındakı bölgü variantının müxtəlif olmasına səbəb ilkin ekspertiza zamanı tədqiqatın texniki pasporta əsasən aparılması, hazırki ekspertiza üzrə isə mövcud vəziyyətə və yeni texniki pasporta əsasən aparılmasıdır. Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-cü maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04.04.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətlərinin məzmunundan görünür ki, şikayətlərin obyektini qətnamənin tam hissəsi, yəni iddanın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, mübahisə predmeti olan evin və torpaq sahəsinin naturada bölünməsi ilə bağlı iddia tələbinin faktiki əsası, tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 220.1., 220.2 və 220.3-cü maddələri nəzərdən keçirilə bilər. Ancaq faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. Hazırki işdə faktiki hallar qeyd olunan maddi hüquq normalarının şərtləri ilə tam uzlaşmır, eyni zamanda cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə iddianın əsaslılığı da aradan qalxır. Belə ki, iddiaçı paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edərək mübahisə predmeti olan torpaq sahəsinin və üzərində yerləşən evin paylarına uyğun naturada bölünməsini tələb etmiş və bunun texniki cəhətdən mümkün olması barədə məhkəmə tikinti-texniki ekspertizasının 23 avqust 2017ci il tarixli rəyini nəzərə alaraq məhkəmə iddianı qətnamənin nəticə hissəsində göstərilən qaydada təmin etmişdir. Cavabdehlər isə ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş edirlər. İşdən görünür ki, mübahisəli torpaq sahəsi və üzərində yerləşən ev 25.01.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 8/10 hissədə İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış, 2/10 hissə isə mərhum X4 adında açıq qalmışdır. Cavabdehlər şikayətlərində iddiaçının məhkəmə aktlarına əsasən qeyd olunan torpaq sahəsinə və üzərində yerləşən evə çıxarış əldə edə bilməsə də hansısa yollarla sonradan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən çıxarış almasını göstərsələr də bunun yoxlanılması hazırki icraatın predmeti olmamış, eləcə də məhz cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququnun qeydə alınmasının və çıxarışın verilməsi ayrıca məhkəmə icraatında mübahisələndirildiyindən hazırki işin icraatı uzun müddət dayandırılmış vəziyyətdə qalmışdır. İşin mübahisəsiz halı həm də ondan ibarətdir ki, cavabdehlərin həmin torpaq sahəsinə və üzərində yerləşən evə hansısa hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da faktiki olaraq evin A tikilisində Cavabdeh1, B tikilisində isə Cavabdeh2 uşaqları ilə birgə yaşayır. İddiaçı isə həmin evdə yaşamamış, qeyd olunan tikililərdən əlavə torpaq sahəsində yaşayış üçün yararlı sahə mövcud deyildir. Bunu iddiaçı tərəf də təkzib etmir. Buna baxmayaraq, iddiaçı hesab edir ki, mübahisəli torpaq sahəsinə və üzərində yerləşən evin 8/10 hissəsinə xüsusi mülkiyyət hüququ qeydə alındığından, cavabdehlərin paylı mülkiyyət hüququ isə qeydə alınmasa da naturada bölgüyə cavabdehlər razılaşmadıqlarından məhkəmə qaydasında payının naturada ayrılmasını tələb etməkdə haqlıdır. Qeyd olunduğu kimi birinci instansiya məhkəməsi də texniki ekspertizanın rəyini əsas götürüb payın naturada ayrılmasını təmin etmişdir. Lakin nə məhkəmə, nədə ekspert nəzərə almamışdır ki, mübahisəli evin - “A” literli tikilisini və “B” literli tikilinin sahəsi 13,2 kv.m olan 2 saylı tikilisi İddiaçı verilməklə, “B” literli tikilinin tikililəri arasında olan qapı və pəncərələr bağlanmaqla, sahəsi 15 kv.m olan 1 saylı tikilidən həyətyanı sahəyə qapı açılmaqla, həmin tikililər arasında arakəsmə divardan “B” literli tikiliyə perpendikulyar, küçə tərəfə olan hasara paralel sərhəd hasarı inşa olunmaqla ayrılması cavabdehlərin mənafeyinə açıq-aşkar ziddir. Çünki, qeyd olunduğu kimi, cavabdehlərdən Cavabdeh1 1989-cu ildən A literli tikilidə, Cavabdeh2 isə B literli tikilidə 1993-cü ildən ailəsi ilə birgə yaşayırlar. Məhkəmənin qətnaməsi icra olunacağı təqdirdə Cavabdeh1 A tikilisindən məcburən Cavabdeh2 yaşadığı B tikilisinə köçüb yaşamalı, bu azmış kimi B literli tikilinin sahəsi 13,2 kv.m olan 2 saylı tikilisi də arasında olan qapı və pəncərələr bağlanmaqla iddiaçıya verilməlidir. Göründüyü kimi, bu cür bölgünün icrası zamanı hansı münaqişəli vəziyyətin və ziddiyyətli halların yaranacağını məhkəmə nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinə və evə yerli baxış zamanı bu cür bölgünün texniki cəhətdən mümkünsüzlüyü də açıq-aşkar aydın oldu. Çünki, cavabdehlər həm də yaşadıqları hissələr üzrə əlavə tiklililər də inşa edərək onlara faktiki sahiblik edərək onlardan istifadə edirlər. Bununla yanaşı, iş üzrə olan təkrar məhkəmə mühəndis texniki ekspertizasının 08 may 2018-ci il tarixli rəyi də birinci rəyi guya təkzib etməklə fərqli formada torpaq sahəsinin və evin naturada bölünməsinin mümkün oluduğunu göstərdi. Bu dəfə ekspert ünvan 2 saylı evin 8/10 hissəsinin qərardadda göstərilənlər(cavabdehlərin evin ayrı-ayrı hissələrində yaşaması, əlavə tikililərin olması və.s)nəzərə alınmaqla naturada bölünməsinin mümkün olduğunu, bölgü zamanı 8/10 paya düşən torpaq sahəsi 0.0467 ha və orada yerləşən tikililər, qalan 2/10 paya paya düşən sahə isə 0.0117 ha və orada yerləşən tikililər olmaqla müəyyən edildiyini göstərmiş, rəyə əlavə edilən bölgü plansxemindən isə görünür ki(bax i.v.78) 8/10 paya düşən torpaq sahəsi 0.0467 ha və orada yerləşən tikililər qara rənglə, qalan 2/10 paya düşən sahə isə 0.0117 ha və orada yerləşən tikililər isə qırmızı rənglə göstərilərək rəyə əlavə olunmuşdur. Ancaq ekspertin bu cür bölgüsünə görə də Cavabdeh1 A tikilisindən məcburən Cavabdeh2 yaşadığı B tikilisinə köçüb yaşamalı olmalıdır. A tikilisi və qarşısındakı tikililər isə iddiaçıya verilməlidir. Göründüyü kimi, bu bölgü də əvvəlki bölgüdən qismən fərqlənsə də, yəni cavabdehlərə B tikilisi və qarşısındakı əlavə tikililərin və 0.0117 ha torpaq sahəsinin verilməsi nəzərdə tutulsa da bu cür bölgü də cavabdehlərin mənafeyinə açıq-aşkar zidd hesab edilir. Çünki, cavabdehlər ayrı-ayrı ailə olmaqla heç vaxt birlikdə yaşamamışlar. Bundan əlavə, iddiaçı tərəf ekspertiza rəyinə əsasən torpaq sahəsinin və evin texniki cəhətdən mümkün olduğuna istinad etsə də Cavabdeh1 ilə 27 iyul 2021-ci il tarixdə notarial qaydada təsdiq edilmiş Saziş bağlamış və məhkəməyə təqdim edilmişdir. Saziş şərtlərinə əsasən: birinci tərəf(Cavabdeh1) ünvan 2 ünvanda yerləşən mənzilin ikinci tərəfin(İddiaçı)məxsus olan həmin mənzilin cizgi sxeminə uyğun olaraq 99 kv. metr sahəsi olan A hissəsini saziş üzrə Cavabdeh1 verilir; Saziş üzrə ikinci tərəf cizgi sxemdəki 99 kv. m sahəsi olan A hissəsini birinci tərəfə verir, qarşılığında ikinci tərəfə 15000(on beş min)manatı iki ay ərzində ödəməyi və əmlakda olan vərəsəlik şəhadətnaməsi üzrə ona düşən payından ikinci tərəfin xeyrinə imtina etməyi öz öhdəsinə götürür; Saziş üzrə birinci tərəf saziş üzrə cəmi 15000(on beş min)ödədiyi halda, birinci tərəfin faktiki istifadəsində, ikinci tərəfin öz mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən mənzilin A hissəsini birinci tərəfin adına rəsmiləşdirilir; Eyni zamanda birinci tərəf saziş üzrə göstərilən məbləği ödəmək məqsədi ilə ikinci tərəf tərəfindən ona verilən əmlakı alqısatqı ilə sata, özgəninkiləşdirə bilər. Bu halda Saziş üzrə ikinci tərəf heç bir maneçilik törətmir; Birinci tərəf ikinci tərəfə ödəyəcəyi 15000 manat pul hazırki Saziş üzrə predmetin alqı-satqısı ilə şərtləşdirilmir. Həmin məbləğ sazişdə nəzərdə tutulan müddətdə, yəni bu Saziş məhkəmədə təsdiq olunduqdan rəsmi iki ay müddətində ödənilməlidir; Tərəflərin qarşılıqlı razılaşması ilə sazişin icrası üzrə müddətin və qiymətin dəyişdirilməsinə yol verilə bilər; hazırki saziş həmin əmlakda üçüncü şəxslərin payına toxunmur; Saziş üzrə birinci tərəfdən ikinci tərəfə ödəniləcək 15000 manat məbləğində pulu nağd və ya bank vasitəsilə verilir. Həmin vəsait nağd şəkildə verildiyi halda birinci tərəf hazırki müqavilədə müvafiq qeyd və imza etməli və ya müvafiq qəbz verməlidir; Bu saziş tərəflər arasında təsdiq olunduqdan sonra tərəflər bir-birinə qarşı məhkəmələrdə iddia tələblərindən imtina edir və bütün məhkəmə instansiyalarından ərizə və şikayətlərini geri götürürlər. Əvvəla, iddiaçı ilə cavabdehlərdən Cavabdeh1 arasında bağlanmış və 27 iyul 2021ci il tarixdə notarial qaydada təsdiq edilmiş Sazişin şərtləri qanuna ziddir. Çünki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Nizami küçəsindəki 9 nömrəli evin ümumi sahəsi 59.2. kv. metr təşkil edir. Sazişdə isə evin 99 kv. metr olan A tikilisinin Cavabdeh1 verildiyi göstərilir. İkincisi, Sazişin 3.2-ci bəndində göstərilir ki, saziş üzrə ikinci tərəf cizgi sxemdəki 99 kv. m sahəsi olan A hissəsini birinci tərəfə verir, qarşılığında ikinci tərəfə 15000(on beş min)manatı iki ay ərzində ödəməyi və əmlakda olan vərəsəlik şəhadətnaməsi üzrə ona düşən payından ikinci tərəfin xeyrinə imtina etməyi öz öhdəsinə götürür. Burada hansı əmlakda olan vərəsəlik şəhadətnaməsi üzrə Cavabdeh1 ona düşən payından ikinci tərəfin, yəni hazırki iş üzrə iddiaçının xeyrinə imtina etməyi öz öhdəsinə götürməsi bəlli deyil. Əgər hazırki mübahisə predmeti olan torpaq sahəsi və ev nəzərdə tutulursa, onda mübahisəli evin 99 kv. m sahəsi olan A hissəsi Cavabdeh1 adına necə rəsmiləşdiriləcəyi də göstərilməli idi, eyni zamanda vərəsəlik şəhadətnaməsi üzrə əmlak payından imtina etmə hazırki icraatın predmeti olmadığından bu iş üzrə həmin xüsusatın təsdiq edilməsi də mümkünsüzdür. Üçüncüsü, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış bu Saziş məhkəmə qaydasında təsdiq edilərsə, bu hal hazırki iddianın iddiaçının arzu etdiyi formada təmin edilməsini, yəni Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Nizami küçəsindəki 9 nömrəli evin və yerləşdiyi 0.0584 ha torpaq sahəsinin 8/10 hissədə naturada bölünməsini avtomatik olaraq istisna edir. Çünki, Sazişin şərtlərinə görə evin 99 kv. m sahəsi olan A hissəsi Cavabdeh1 adına rəsmiləşərsə, sonuncunun payı artmış olur, yəni 1/10 hissədən çox olur. Dördüncüsü, bu Sazişin təsdiqlənməsi digər Cavabdeh2 da mənafeyinə açıq-aşkar ziddir. Çünki, Sazişin təsdiq olunması mübahisə predmeti olan torpaq sahəsinin və evin Cavabdeh2 aid hissədə də naturada bölünməsini texniki cəhətdən mümkündürsə eyni vaxtda baş verməsini tələb edir. Bu cür bölgünün texniki cəhətdən mümkün olarsa eyni vaxtda baş verməməsi də açıq-aşkar Cavabdeh2 mənafeyinə zidd sayılır. Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(103)-17/2021 nömrəli qərardadı ilə İddiaçı ilə Cavabdeh1 arasında 27 iyul 2021-ci il tarixdə notarial qaydada təsdiq edilmiş Sazişin şərtləri qanuna zidd olduğundan və digər Cavabdeh2 hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan təsdiq edilməmiş və işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Nizami küçəsindəki 9 nömrəli evin və torpaq sahəsinin naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından və bu cür bölgü cavabdehlərin mənafeyinə açıq-aşkar zidd olduğundan iddia təmin edilə bilməzdi. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almadan maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən və müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməklə məhkəmə aktı qəbul etmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-16/2017 saylı 22 sentyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payın naturada ayrılması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-16/2017 saylı 22 sentyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payın naturada ayrılması tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 150(yüz əlli manat) İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-17/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-17/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver