Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1701/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(008)- 4296/20 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2500 ABŞ dolları məbləğində borcun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.Hacıyev, iş № 2(008)-4296/20) iddia təmin edilərək Cavabdeh İddiaçı xeyrinə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi 2500 (iki min beş yüz) ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutulmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, əvvəllər tanıdığı Cavabdeh kommersiya işləri ilə əlaqədar ondan 2500 ABŞ dolları məbləğində borc pul istəmişdir. O, əvvəlcə imtina etmiş, lakin cavabdeh dəfələrlə ona zəng edərək pul istəmişdir. O, xx xxxxxxx 2017ci il tarixdə cavabdehə 2500 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh borc almasına dair qəbz yazaraq ona təqdim etmiş və 20 günə pulu qaytaracağını bildirmişdir. Lakin bu günədək cavabdeh onun pulunu qaytarmamışdır. Təxminən 2019-cu ilin iyul ayında o, cavabdehin ona olan borcunu qaytarması ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət etmiş, bölmədə cavabdehin izahatı alınmış və məsələ ilə bağlı onun mülki qaydada məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bundan sonra da cavabdeh onun pulunu qaytarmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, o, iddiaçıdan 40.000 manat və 2500 ABŞ dolları məbləğində borc pul almışdır. 40.000 manata görə 12.000 manat faiz ödəmişdir. 40.000 manatla bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi də var. Hazırda iddiaçıya 2500 ABŞ dolları məbləğində borcu vardır. Lakin ona məxsus mənzilin texniki pasportu iddiaçıdadır. İddiaçı texniki pasportu təqdim etdiyi təqdirdə onun borcunu qaytaracaqdır. İş materiallarından görünür ki, İddiaçı xx xxxx 2019-cu il tarixdə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət edərək, Cavabdeh verdiyi 2500 ABŞ dolları məbləğində pulun qaytarılması üçün ona köməklik göstərilməsini xahiş etmiş, ərizənin araşdırılması zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, o, İddiaçı 2500 ABŞ dolları borc pul almış, lakin maddi vəziyyəti pis olduğundan borcunu qaytara bilməmişdir. Maddi vəziyyəti yaxşı olanda borcunu qaytaracaqdır. Ərizə cinayət xarakterli olmadığından, İddiaçı vurulmuş ziyanla bağlı mülki qaydada ərazi aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etməsi məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarında olan xx xxxxxxx 2017-ci il tarixli əlyazmanın məzmunundan görünür ki, Cavabdeh həmin əlyazmada əvvəllər tanıdığı İddiaçı 2500 ABŞ dolları borc aldığını etiraf etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əslində İddiaçı onun və ailəsinin yaşadığı ünvan 1 ünvanda yerləşən evini əlindən almaq üçün plan qurmuşdur. İddiaçı bir tərəfdən bu pulu ona ev alqı-satqısına görə verdiyini, digər tərəfdən isə borc verdiyini ziddiyyətli şəkildə ifadə edir. Aralarında olan razılaşmaya əsasən İddiaçı ona evi qaytarmalı, o isə əvəzində aldığı pul məbləğini qaytarmalıdır. Lakin o, borc məbləğini qaytarmaqdan imtina edir. Alqı-satqı müqaviləsinin ləğv olunması üçün Sabunçu Rayon Məhkəməsində həyat yoldaşı Cavabdeha iddia qaldırmışdır. Mülki iş üzrə mübahisə məhkəmənin icraatındadır. İddiaçı məhkəməni aldadaraq ondan həm ev, həm də borc verdiyi pulu tələb edir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi 2500 ABŞ dolları məbləğində borcun qaytarılması barədədir. İddiaçı cavabdehə həmin məbləğdə borc verməsinin təsdiqi kimi xx.xx.2017-ci il tarixli yazılı qəbzi təqdim etmişdir (i.v.9). Cavabdeh birinci instansiya məhkəməsində izahat verərkən iddiaçıya 2500 ABŞ dolları məbləğində borcu olduğunu etiraf etmiş, lakin həmin borcu iddiaçıya mənzilinin texniki pasportu qaytarıldıqdan sonra ödəyəcəyini bildirmişdir. Cavabdeh 2500 ABŞ dolları məbləğində borcun mövcudluğunu Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində aparılan təhqiqat zamanı da etiraf etmişdir. Birinci instansiya məhkəməsi mübahisə ilə bağlı polis idarəsində aparılan araşdırmanı, cavabdehin məhkəmə iclasında verdiyi izahatı və qanunvericiliyin tələblərini nəzərə alaraq iddianı təmin etmiş və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci və MPM-nin 106.1-ci maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-1701/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1701/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver