Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1704/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququnun yaranması, mənzildən çıxarılma, qətnamənin düzgün əsaslandırılmaması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. ünvan 1 ünvanında yerləşən 21 saylı mənzil X4 məxsus olmuş, onun xx.xx.2021-ci il tarixdə vəfatından sonra mənzil üzərində vərəsəsi (qızı) İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
2. Cavabdeh X1 oğlu Mübariz Qasımovla 2017-ci ildə qeyri-rəsmi nikah münasibətinə girərək ünvan 1 ünvanında yerləşən 21 saylı mənzilə köçmüş, həmin münasibətdən xx.xx.2018-ci il tarixdə Əli, xx.xx.2019-cu il tarixdə İbrahim adını verdikləri uşaqları dünyaya gəlmişdir.
3. xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X5 ünvan 1 ünvanında yerləşən 21 saylı mənzildə, Cavabdeh isə Masallı rayonunun Qızılağac kəndində pasport qeydiyyatındadırlar.
4. Cavabdeh Mübariz Qasımovla faktiki nikah münasibətləri pozulmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı Əlı qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin ona məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 43 saylı evin 21 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 3 ünvanında ailəsi və anası mərhum X7 ilə yaşamış, anası 24 dekabr 2021-ci il tarixdə vəfat edəndə qardaşının keçmiş arvadı (rəsmi nikahları yoxdur) Cavabdeh iki uşaqları X10 və X5 ilə yas mərasiminə gəlmiş, anasının vəfatının qırx gününü gözləyəndən sonra cavabdehdən mənzili boşaltmağı xahiş etsə də, cavabdeh mənzildən çıxmayacağını bildirmişdir. Beləliklə cavabdeh onun mülkiyyət hüquqlarını pozmuşdur, ona görə də məcbur qalaraq mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət edir. Dəfələrlə cavabdehdən mənzili boşaltmağı xahiş etməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə mənzili tərk etmir. Onun belə qanunsuz hərəkətləri mülkiyyətçi kimi hüquqlarını pozur.
7. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı öz evində rahat yaşaya bilmir. Cavabdeh dəfələrlə polis orqanlarına müxtəlif şikayətlər etmiş, iddiaçı polisə izahat verməkdən artıq bezmişdir. İddiaçı öz mülkiyyətindən istifadə edə bilmir, bu da onun konstitusion hüququnu pozur.
8. Cavabdeh iddiaya etiraz edərək (etiraz ərizəsi təqdim edərək) bildirmişdir ki, iddiaçı onun həyat yoldaşı X6 bacısıdır, hər yerdə car çəkib DTX-nin əməkdaşı olduğunu elan edir, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin adından suiistifadə edərək, hər kəsdə vahimə yaratmaq istəyir. Bir dəfə onu zorla uşaqlarla birlikdə çölə qovub çıxartmış, 102-yə zəng vurmasından sonra polis əməkdaşları onu mənzilə qaytararaq baldızı İddiaçı izah etmişlər ki, dəftərxanada ya haradasa işləmişdır, indisə təqaüddədir, işləmir. El adətiylə, toylu-büsatlı ailə qurmuşdur, kasetlər, şəkillər, şahidlə diskilər, hədiyyələr və s. var. Toydan birbaşa həyat yoldaşı X8 valideynlərinin, iki oğul övladları ilə birlikdə yaşadıqları ünvan 4 ünvanına gəlin gəlmiş, hal-hazırda da cehizləri həmin ünvandadır. Birgə ailə münasibətlərindən iki oğul övladları dünyaya gəlmişdir. X10 xx.xx.2018-ci ildə, X5 isə xx.xx.2019-cu ildə anadan olmuşlar. Artıq altıncı ilə keçir ki, həmin ünvanında yaşayırlar. Mübariz bu zaman ərzində müxtəlif bəhanələrlə onunla rəsmi nikaha düşməmiş, altı ilə yaxın yaşadığı ünvana pasport qeydiyyatına aldırmamışlar. Başına gələnin, bəlanın bütün baiskarı baldızı, DTX ilə hamını qorxutmağa “çalışan” İddiaçıdır. Birbaşa onun üzünə qardaşını, faktiki həyat yoldaşını başa salmışdır ki, bunu (onu) rədd etsin, başlarına sonra oyun açacaqdır. Körpə oğullarını gündüzlər uşaq bağçasına qoyur, axşama yaxın götürür, şikəst valideynlərinin, qohum-əqrabanın hesabına bir təhər yaşayır. Körpə uşaqlarına da aliment vermirlər. Həyat yoldaşı da (faktiki) ona mart ayında bildirmişdir ki, çıxıb gedir, o da çıxıb valideynlərinin yanına getsin. Bütün bunların müəllifi iddiaçıdır. İddiaçı onun həyatına bir düşmən kimi daxil olmuş, ailəsini dağıdaraq, bütün mənzilə sahib olmaq arzusundadır. Özü nikahsız bir nəfərlə yaşayır, onun gününü cəhənnəmə çevirmişlər, körpə uşaqlara da, öz qardaşı oğullarına da rəhmi gəlmir. Çünki, iddiaçı ana ola bilməmişdir. Dünya miqyasında körpələrin qayğısız böyüməmələri, bunun üçün tələb olunan bütün şəraitlərin yaradılmasına hər kəs öz köməkliyini, təşəbbüsünü əsirgəməməlidir. Uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində, səadət, məhəbbət və anlaşma şəraitində böyüməsi hər kəsdən tələb olunur. Bütün bunlara rəğmən baldızı uşağın da, onun da həyatlarını qaraldıb cəhənnəmə çevirməyi davam etdirir. Baxmayaraq ki, övladları mübahisəli mənzildə rəsmi qeydiyyatadırlar, bu yetməmiş kimi iddia ərizəsilə onun mənzildən çıxarılmağını məhkəmədən tələb edir. Mübahisəli mənzilə zorla soxulmamışdır, iddiaçının və bütün qohum əqrabasının iştirakı ilə toyu olmuş, çəkilişlər aparılmış, şəkillər çəkilmişdir. Kasetlər və şahidlər var. Həmçinin altıncı ilə keçir ki, o, həmin ünvanda yaşayır, həmin mənzildə ana olmuş, dünyaya iki oğul övladı gətirmişdir. Hal-hazırda mənzildə körpələri, onların atası X11 və baldızı İddiaçı qeydiyyatdadırlar.
9. Cavabdeh məhkəməyə vəsatət də təqdim etmiş, İddiaçı tələbinin rədd olunmasını, mənzilə hüquqlarının tanınması və qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Mülki Prosessual qanunvericiliyin qarşılıqlı iddianın verilməsi ilə bağlı müddəalarına uyğun olmadığından məhkəmə tərəfindən qəbul edilməmişdir.
10. Cavabdeh məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, mübahisəli evə 2017-ci ildə gəlin gəlmiş, həm rayonda, həm də Bakıda el adəti ilə toyu olmuşdur. İddiaçı evə qanunsuz şəkildə çıxarış almışdır. Ev əvvəlcə onun rəhmətlik qayınanasının adına olmuş, hazırkı məhkəmə prosesi getdiyi vaxt ərzində iddiaçı yoldaşı Mübarizi qeydiyyatdan çıxartmışdır. Yoldaşı onu və uşaqlarını atıb getmişdir, başqa bir qadınla yaşayır. Onun rəsmi nikahı yoxdur, yoldaşı uşaqlarına atalıq vermişdir, lakin aliment verməkdən imtina edir. Gedəcək başqa yaşayış yeri yoxdur. Ev 2017-ci il tarixində qayınanasının adına olmuşdur. Bütün bunların nəzərə alınmasını və iddianın təmin olunmamasını xahiş edir.
11. Birinci instansiya məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh iddiaçının qardaşı X11 ilə 2017-ci il tarixdə faktiki nikaha daxil olmuş, mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri mənzil İddiaçı Əlı qızının qızının mülkiyyətinə keçdikdən sonra, yəni 2022-ci ildə yarandığından, hazırkı mübahisəyə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarına da istinad edən məhkəmə vurğulamışdır ki, mübahisəli mənzil İddiaçı mülkiyyətinə keçdikdən sonra onunla Cavabdeh arasında mənzilə dair istifadə hüququ haqqında müqavilə bağlanmadığından və belə bir müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun (cavabdehin) mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır.
14. Məhkəmə hesab etmişdir ki, cavabdehin sözügedən mənzilə münasibətdə hər hansı əşya hüququ olmadığından o, mənzildən çıxarılmalıdır.
15. Məhkəmə mövqeyini əsaslandırarkən həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci, 28-ci, 228.1-ci, 228.2-ci, 228.5-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə” 26 sentyabr 2007-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarlarına istinad etmişdir.
16. Həmin qətnamədən apellyasiya şikayəti verən Cavabdeh onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazının məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, mübahisəsi gedən mənzilə istifadə hüququnun olduğunu nəzərə almadığını, qanunsuz və əsassız qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir (göndərilməmişdir).
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
18. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, işə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı (vəkili) isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
01 oktyabr 2009-cu il tarixindən qüvvədə olan Mənzil Məcəlləsi
24. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
25. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
26. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
27. Maddə 1.4. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.
28. Maddə 1.5. Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
37. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normalarının seçimi zamanı səhvə yol vermiş, iddia tələbinə qiymət verərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsaslanaraq qətnaməni düzgün əsaslandırmamış, nəticədə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
38. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
39. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.
40. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan hallar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmalıdır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
41. Yuxarıda qeyd olunduğu kimi, ünvan 1 ünvanında yerləşən 21 saylı mənzil X4 məxsus olmuş, iddiaçı həmin mənzilə 2017-ci ildə X2 Qasımovun qeyri-rəsmi nikaha girdiyi şəxs olaraq köçmüş, mənzil xx.xx.2022-ci il tarixdə İddiaçı mülkiyyətinə keçmişdir.
42. İşin göstərilən bu faktiki halı mübahisələndirilməməkdədir - bu isə o deməkdir ki, mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməlidir - çünkü, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dən sonra yaranmış münasibətlərə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.
43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”.
44. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”.
45. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq kollegiya hesab edir ki, Cavabdeh mübahisəsi gedən mənzilin nə əvvəlki, nə də hazırkı mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, hazırda İddiaçı məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyətləri də ola bilməz; məsələyə bu kontekstdən yanaşıldıqda isə Cavabdeh mənzildə yaşamaq hüququnun qalmadığı qənaətinə gəlinməlidir.
46. Cavabdeh azyaşlı uşaqlarına münasibətdə isə qeyd olunmalıdır ki, onların ataları Mübariz Qasımovun ünvan 1 ünvanında yerləşən 21 saylı mənzildən istifadə hüququ olduğundan, həmin uşaqları sözügedən mənzilə köçürmək onun hüququ olmaqla o, bu hüququndan istədiyi zaman istifadə edə bilər.
47. Kollegiya Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verərək hesab edir ki, iddia ərizəsinin, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğlərinin tərəflərin özlərinə aid olunması məqsədəmüvafiqdir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2132/2022 saylı iş üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 43 saylı evin 21 saylı mənzilindən çıxarılsın. İddia ərizəsinin, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov