Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1708/2020 19.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin qəbul etdiyi 2(011)-7545/2019 saylı 13 noyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 19 fevral 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müracət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən və onun sahibliyində olan tikilidən öz əşyaları ilə birlikdə çıxarılması və mənzilə daxil olmasına qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən tikili 2005-ci ildən onun istifadəsində və sahibliyindədir. Bütün kommunal xidmətlərə görə sənədlər onun adına rəsmiləşdirilmişdir. Mənzilin sahibi olduğu kimi, həm də həmin ünvanda pasport qeydiyyatındadır. X1 vətəndaş nikahı ilə həyat sürdüyü keçmiş həyat yoldaşı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12633/2017 saylı 19.12.2017-ci il tarixli qətnaməsi ilə nəvələri ilə birlikdə onun sahibliyində olan tikiliyə köçürülmüşdür. Həmin qərarın icrası Xətai rayon İcra və Probasiya Şöbəsi tərəfindən 2018-ci ilin avqust ayında icra edilmiş, lakin keçmiş gəlini Sadıxova Günay və nəvələri 2019-cu ilin aprel ayına kimi həmin evdə yaşamamışdır. 2018-ci ilin noyabr ayında keçmiş gəlininin sözügedən tikiliyə dair baş verəcək maneələrin oğlu V.İsmayılova qadağan edilməsi və anasının (iddiası üzrə cavabdeh- Cavabdeh) sözügedən ünvana köçürülməsinə dair iddiası Xətai rayon Məhkəməsi tərəfindən yalnız “maneələrin aradan qaldırılması” hissəsində təmin edilmiş, anasının mənzilə köçürülməsi və gəlməsinə dair hissəsində rədd edilmişdir. Keçmiş gəlini Günay Sadıxovanın anası Cavabdeh qeyri-etik və aqressiv hərəkətlərlə onu və qonşuluqda yaşayan insanları narahat edir, qanunsuz şəkildə ona məxsus mənzilə daxil olub, orada yaşayır. Dəfələrlə polis orqanlarına etdiyi müraciəti mülki məhkəmə predmeti olduğu üçün rədd ilə cavablandırılmış, məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh 2019cu ilin aprel ayında qanunsuz şəkildə evinə basqın edərək öz əşyaları ilə birlikdə ona məxsus və sahibliyində olan tikiliyə köçmüşdür. Həmin gündən bu günə qədər onun tərəfindən edilən təhqir, söyüş və təzyiqlər sahibliyində olan evində rahat yaşamasına imkan vermir. Cavabdehin 2019cu ilin aprel ayından bu günə kimi ona məxsus evdə qanunsuz olaraq yaşamasını qonşuları təsdiq edə bilər. Bütün bu baş verənlər onun hüquqlarını və mənzildən istifadə hüquqlarını pozur, mənzilində rahat yaşamaq imkanlarını məhdudlaşdırır. Hal-hazırda sözügedən problemlərə və cavabdehin qanunsuz, qeyri-etik hərəkətlərinə görə polis orqanında “münaqişəli ailə” qismində qeydiyyata düşmüşlər. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7545/2019 saylı 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması 19.02.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İşdə iştirak edən iddiaçının nümayəndəsi və vəkili hazırki işə cavabdehin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili apellyasıya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, İddiaçı 2005-ci ildə Gəncədə öz evini sataraq hazırki özbaşına tikilini tikmişdir. Sadıxova Günay 2012-ci ilin sonlarında həmin mənzilə köçmüşdür. Cavabdeh özü də etiraf etmişdi ki, orda yaşayır, ona görə ki, qızının uşaqlara baxmağına köməklik göstərir. Lakin cavabdeh iddiaçının gəlininin anası olaraq onlara məxsus evdə yaşasa da, dəfələrlə ailə içində münaqişə yaratmış və İddiaçı öz evindən çıxıb getmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçı öz evinə gələ bilmir. İddiaçının gəlininə qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və əşyaları ilə həmin evdən çıxarılması” barədə iddiası üzrə kassasiya instansiya məhkəməsi 20000 manat məbləğində kompensasiya verilməklə cavabdehin azyaşlı uşaqları ilə birlikdə iddiaçının sahibliyində olan yaşayış sahəsinə olan köçürülmək hüququna xitam verilməsi və ona məxsus əmlaklarla birlikdə həmin yaşayış sahəsindən çıxarılması qərara alınmışdır. Həmin qərara əsasən iddiaçının gəlini iddiaçının sahibliyində olan evdən çıxarılmalı olduğu üçün hazırki işdə cavabdeh də həmin evdən çıxarılmalıdır. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini və birinci intsansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə əsasən qətnamə tam yoxlanılır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(004)-9064/2018 saylı 12.12.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X12 cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən yaradılan manelərə son qoyulması və ünvan 3 ünvanında yerləşən tikilinin bütün yaşayış və qeyri-yaşayış sahələrindən, üç körpəsi ilə bərabər istifadə etməsinin təmin edilməsi, üç körpə uşağının saxlanmasında ona bilavasitə yardımçı olan anasının və digər qohumlarının yaşadığı ünvan 4 ünvanında yerləşən tikiliyə daxil olmalarına cavabdeh tərəfindən qoyulmuş qadağa və maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamə ilə iddia qismən təmin edilərək iddiaçı X6 övladları- X7, X8 və X9 ilə birlikdə ünvan 3 ünvanında yerləşən tikilinin bütün yaşayış və qeyriyaşayış sahələrindən istifadə etmələrinə cavabdeh X5 tərəfındən yaradılan maneələrə qadağa qoyulması qət edilmişdir. Qətnamənin məzmunundan həmçinin müəyyən olunur ki, Bakı Apellyasiva Məhkəməsinin 2(103)-12633/2017 saylı 19.12.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-931/2017 saylı 02.03.2017-ci il tarixli qətnaməsinin dəyişdirilərək X6 3 azyaşlı uşaqları ilə birlikdə İddiaçı və X2 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsi 25 saylı evə köçürülməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Aİi Məhkəməsinin 2(102)-2557/2018 saylı 25.04.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Səhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 044-9001M-3219 saylı 10.06.2019-cu il tarixli məktubun surətindən görünür ki, iddiaçının keçmiş gəlini Günay Sadıqova və onun anası Mətanət Sadıqova tərəfindən rahat yaşayış hüquqlarının pozulması, sonuncuların qadın qohumları tərəfindən evinə basqın olunması barədə iddiaçının müraciətinə İctimai Təhlükəsizlik İdarəsində baxılmış, 16.05.2019-cu il tarixdə Mətanət Sadıqova və qohumları tərəfindən iddiaçının yaşadığı evə bağlı olunması ilə bağlı müraciətdə qeyd olunmuş xüsusatlar təsdiq olunmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1499/19 saylı 25.06.2019-cu il tarixli qətnaməsindən cavabdeh Günay Sadıxova tərəfindən verilmiş apellyasya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11072/2019 saylı 23.08.2019-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək qətnamə kompensasiya verilməsi hissəsində dəyişdirilmiş, kompensasiyanın məbləği 16000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında 3 azyaşlı övladı ilə birlikdə ünvan 3 ünvanında yerləşən tikiliyə köçürülən və həmin evə istifadə hüququ olan X6 anası olmasına, X6 həmin evə köçürülmək hüququna xitam verilməsi barədə qəbul edilmiş məhkəmə aktının qanuni qüvvəsini almamasına, İddiaçı Cavabdeh tərəfindən basqın edilərək onun sahibliyində olan yaşayış sahəsinə daxil olması və orada yaşaması barədə mülahizələrinin məhkəmə iclasında təsdiqini tapmamasına əsaslanaraq hesab etmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Belə ki, apellyasiya baxışı zamanı müəyyən olundu ki, hazırki iş üzrə iddiaçı tərəfindən evindən çıxarılması tələb olunan cavabdeh, yəni iddiaçının keçmiş gəlininin anası (iddiaçının qudası) olsa da, sonuncunun həmin evdə yaşamasına əsas olan hal artıq aradan qaldırılmışdır. Belə ki, hazırki işdən də görünür ki, cavabdeh mübahisəli evdə yaşamasını qızına uşaqlara baxmaqda köməklik göstərməsi ilə əsaslandırır. Halbuki birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən- iddiaçının keçmiş gəlininin kompensasiya verilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və əşyaları ilə birlikdə mənzildən çıxarılması ilə bağlı iddiası üzrə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Qeyd olunmalıdır ki, sözügedən mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(011)-1499/19 saylı 25.06.2019-cu il tarixli qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11072/2019 saylı 23.08.2019-cu il tarixli qətnaməsi ilə kompensasiya verilməsi hissəsində dəyişdirilərək, kompensasiyanın məbləği 16000 manat müəyyən edilmiş, lakin sonradan işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 8033/2020 saylı 26 dekabr 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11072/2019 saylı 23.08.2019-cu il tarixli qətnaməsi kompensasiyanın məbləği ilə bağlı hissədə dəyişdirilərək, 20000 manat məbləğində müəyyən edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda kassasiya instansiya məhkəməsi digər məhkəmə instansiyalarının mövqeyi ilə razılaşaraq hesab etmişdi ki, hazırki halda iddiaçı mübahisəli evə sahiblik və istifadə hüququna, eləcə də mülkiyyət hüququ əldə etmək barədə əsaslı “gözləntiyə” malikdir. Bu isə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir və qeyd olunan xüsusat da mövcud mübahisəyə mülkiyyət hüququna dair normaların tətbiq olunmasına imkan verir. Belə olan halda qərarda göstərilmişdi ki, İddiaçı X10 qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması gözlənti hüququ olan mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8033/2020 saylı 26 dekabr 2019-cu il tarixli qərarı ilə iddiaçının özbaşına tikiliyə mülkiyyət hüququ əldə etmək barədə əsaslı “gözləntiyə” malik olması və iddiaçının keçmiş gəlininin kompensasiya verilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və əşyaları ilə birlikdə mənzildən çıxarılması qərara alındığı üçün bu hal hazırki işdə iddiaçının cavabdehə, yəni keçmiş gəlininin anasına qarşı onun sahibliyində olan tikilidən öz əşyaları ilə birlikdə çıxarılması üçün əsas yaradır. İddiaçının cavabdehə qarşı “sahibliyində olan mənzilə cavabdehin daxil olmasına qadağa qoyulması” barədə tələbinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu tələb iddiaçının əsas tələbinə əlavə tələb olduğundan və əsas iddia tələbinin təmin olunması səbəbindən təmin edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin 13.11.2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7545/2019 saylı 13 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən və iddiaçının sahibliyində olan tikilidən öz əşyaları ilə birlikdə çıxarılsın və onun həmin mənzilə daxil olmasına qadağa qoyulsun. İddiaçı tərəfindən ödənilmiş 15 (on beş) dövlət rüsumu onlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-1708/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1708/2020
19.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver