Məhkəmə qərarları › İş №2(103)-1708/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1708/2021

09.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1708/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «çıxarışın ləğvi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(003)- 646/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus əmlaka dair cavabdehlərə verilmiş çıxarışların ləğv edilməsi və cavabdehlərin hüquqi məsuliyyətə cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 1993-1994-cü illərdə ona Əzizbəyov (indiki Xəzər rayonu) RİH Başçısının 1994-cü il, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsinin qərarı ilə xx.xx.1994-cü il tarixdə Buzovna-Mərdəkan yolunun kənarında 9346 saylı ticarət obyektinin tikintisi üçün 160x3960 m ölçüdə torpaq sahəsi ayrılmışdır. İmkansızlığından istifadə edən Kəlbəcər rayon qaçqını Cavabdeh1 və Laçın rayon qaçqını Cavabdeh2 birləşərək 2000-ci ildə Xəzər RİH-dən 4 ədəd: hər biri 0,12 ha olmaqla 3 ədəd, hər biri 0,10 ha olmaqla 1 ədəd sərəncamları başqa əraziyə almaqla onun tikinti obyektinin ərazisinə sürüşdürərək, X1. Onların sahələrinin nömrəsi 203, 205, 210 və 73 saylı sahəyə aid sərəncamlar sürüşdürərək ticarət obyektinin ərazisinə yönəldiblər. Onun qanuni əmlakı mənimsənilərək, başqa şəxsə satılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(003)- 646/2020 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia tələbi təmin edilməmiş, qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilənlə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olmasını və.s göstərmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş, əlavə olaraq göstərmişlər ki, iddia ərizəsində onların adlarına verilmiş çıxarışların ləğv olunması tələb edilsə də, iddiaçının iddia etdiyi torpaq sahəsnə dair onların adlarına ümumiyyət hər hansı çıxarış verilməmişdir. İddia ərizindən söhbətin hansı çıxarışdan getməsi aydın görünmür. İddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun deyildir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanmalıdır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi daxıl olmuş hər bir ərizənin (iddianın) mümkünlüyünü diqqətlə yoxladıqdan sonra onu icraata qəbul etməyə haqlıdır (MPM-nin 151.1-ci mad). Ərizənin mümkünlüyü onun MPM-nin tələblərinə riayət edilməklə verilməsini ehtiva edir. Mümkünlük şərtlərinə, həmçinin ərizənin müəyyən olunmuş qaydada forma və məzmunu, habelə ona əlavə olunmalı olan sənədlərin mövcudluğu və s. daxildir. Belə ki, MPM-in 149.1 və 149.2.3-cü maddəsinin tələbinə görə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Şərh olunan maddə (MPM-in 149-cu maddəsi) iddia ərizəsinin formasına və məzmununa dair tələbləri müəyyən etmişdir. Həmin tələblərə riayət olunmaması məhkəmə icraatını mümkünsüz edir. Çünki, MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsindən görünür ki, iddia tələbi cavabdehlər kimi iki şəxsə qarşı yönəlmiş, lakin onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində aydın göstərilməmiş, ümumi formada çıxarışların ləğv olunması göstərilmişdir (iddia ərizəsinişdə cavabdehlərin hər birinin adına verilmiş çıxarışın nömrəsi, tarixi və digər rekvizitləri göstərilməmişdir). Bununla yanaşı, işdən görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair ümumiyyələ cavabdehlərin adına hər hansı çıxarış verilməmişdir. İşdə olan digər sənədlərdən (alqı-satqı müqavilələri, çıxarışlar) görünür ki, torpaq sahəs ilə bağlı başqa şəxslər arasında əqdlər bağlanmış, çıxarışlar verilmişdir. Həmin şəxslər isə ümumiyyətlə cavabdeh (və ya üçüncü şəxs) qismində göstərilməmişdir. Belə olan halda, iddiaçının aydın olmayan tələb üzrə iddia verməsi, cavabdehlərin hər birinə qarşı yönələn konkret tələbi göstərməməsi prosessual hüquq normalarının tələblərinə cavab verməməklə, iddia ərizəsinin formasına və məzmununa dair tələblərin pozulmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd edilən prosessual hallara diqqət yetirməmiş, iddia tələbini dəqiqləşdirməmiş, işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Odur ki, bu şəkildə iddiaya baxılması yolverilməz olduğundan iddia ərizəsi baxılmamış saxlanmalıdır. İddiaçının tələbi dedikdə – onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Dispozitivlik prinsipinə uyğun olaraq müvafiq tələbini iddiaçı formalaşdıraraq, məhkəməyə təqdim edir. Məhkəmə isə irəli sürülmüş tələb üzrə işə baxır. Göründüyü kimi, iddiaçı iddia ərizəsinin forma və məzmununa dair tələblərə lazımınca riayət etməmişdir. Bu hal isə MPM-in 259.0.12-ci maddəsinə əsasən ərizənin baxılmamış saxlanması üçün əsas hesab olunur. Qeyd edilməlidir ki, ərizənin baxılmamış saxlanılması MPM-də müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. MPM-in 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. MPM-in 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanmalıdır. MPM-in 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və inzibatiiqtisadi kollegiyalarınının və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 259-260, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(003)- 646/2020 saylı qətnaməsi ləğv edilsin, iddia ərizəsi baxılmamış saxlansın. İzah edilsin ki, ərizənin baxılmamış saxlanması iddiaçını qanunla müəyyən edilmiş formada və qaydada yenidən məhkəmə müraciət etmək hüququnu istisna etmir. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar