Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1711/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh3 və vəkili Vəkil2, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 Cavad qızı və Cavabdeh1 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 2(004)-5831/2021 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 Cavad qızı və Cavabdeh1 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlərə 10.000 manat kompensasiya verilməklə ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun şəxsi mülkiyyətindədir, 25.06.2021-ci il tarixdə mülkiyyətinə keçirmişdir. Mübahisəli mənzil mərhum anasına məxsus olmuş, sonradan vərəsəlik qaydasında mənzilin 1/8 hissəsi qardaşı X3, 1/8 hissəsi bacısı X1 və 6/8 hissəsi ona keçmişdir. Paylı mülkiyyətçilər arasında mənzilin naturada bölgüsü mümkün olmadığından məhkəmə qətnaməsinə əsasən hərraca çıxarılmış və o, digər mülkiyyətçilərin payını ödəyərək mənzili almışdır. Hazırda mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur, cavabdehlər isə mərhum qardaşı Cavid Qocayevin ailə üzvləri olmaqla mənzildən istifadə hüququ olan şəxslərdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 2(004)- 5831/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 10.000 manat kompensasiya verilməklə onların ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılmaları qət edilmişdir. Cavabdeh3 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vərəsələrdən biri olaraq X11in payına 10000 manat düşür, iddiaçı isə hesab edir ki, bu məbləğ onun və uşaqlarının mənzildən çıxarılması üçün yetərlidir. X11 25.11.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmənin 07.06.2019-cu il tarixli qətnaməsi ilə ərinin mübahisəli mənzilə istifadə hüququ tanınmışdır. O da 30 il bu ünvanda yaşayan ailə üzvü kimi yaşayış sahəsinə istifadə hüququ əldə etmişdir. Qeyd edilən məbləğ 3 nəfərə yaşayış sahəsinin əldə olunması üçün yetərli deyildir. Oğlu Cavabdeh1 evlidir və ailə üzvləri ilə birlikdə onunla yaşayır. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh3 qeyd edilən məbləğin ev almaq üçün yetərli olmadığını bildirdi. Həmçinin qeyd etdi ki, eyni ərazidə mübahisəli mənzilə oxşar mənzillərin kirayə haqqı 400-450 manat təşkil edir. Digər Cavabdeh1 də apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirdilər. İddiaçı hazırda 15000 manat kompensasiya verməyə razı olduğunu bildirdi. Həmçinin qeyd etdi ki, həqiqətən də eyni ərazidə mübahisəli mənzilə oxşar mənzillərin kirayə haqqı 400-450 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiya məbləğinə aid hissədə dəyişdirilməlidir. İş materiallarında olan V-JQ 398193 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X7 13 oktyabr 1990-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07.06.2019-cu il tarixli 2(004)-691/2019 saylı qətnaməsi ilə X2 Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi ev 70B ünvanda yerləşən 806 saylı mənzilə istifadə hüququ tanınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.10.2019-cu il tarixli 2(004)- 5898/2019 saylı qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi ev 70B ünvanda yerləşən 806 saylı mənzilin açıq hərracda satılması, mənzilin satışından əldə olunacaq vəsaitin paylara mütənasib olaraq mülkiyyətçilər arasında bölünməsi, X3 (1/8 hissə), İddiaçı (6/8 hissə) və X1 (1/8 hissə) miqdarında satışdan əldə edilən pul vəsaitinin ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14.01.2020-ci il tarixli 2(103)- 1084/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.10.2019-cu il tarixli, 2(004)-5898/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mlüki Kollegiyasının 20.07.2020-ci il tarixli 2(102)- 4029/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 14.01.2020-ci il tarixli 2(103)- 1084/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 03.05.2021-ci il tarixli 35/01 nömrəli Hərracın yekunları barədə protokola əsasən müəyyən olunur ki, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi ev 70B ünvanında yerləşən 806 saylı mənzil İddiaçı tərəfindən 110.000 manata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, mənzil İddiaçı xüsusi mülkiyyətindədir və 25.06.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə onun adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. 4349789 nömrəli 23.08.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən müəyyən edilir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 3 ünvanda qeydiyyatdadırlar. 157 saylı MKİS tərəfindən verilmiş 04.10.2021-ci il tarixli arayışa əsasən müəyyən olunur ki, Cavabdeh3 S.Dadaşov küçəsi, 577 məhəllə, ev 70b, mənzil 806-da 02.04.1991ci ildən hazırki vaxta kimi, qızı Cavabdeh2 xx.xx.1991-ci ildən hazırki vaxta kimi və oğlu Cavabdeh1 28.03.1995-ci ildən hazırki kimi qeydiyyatdadırlar. Həyat yoldaşı X6 02.06.1987-ci ildən 30.11.2020-ci ilə kimi qeydiyyatda olmuşdur. X4 tərəfindən verilmiş 05.11.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 4 ünvanda yerləşən mənzilin yerləşdiyi ərazidə oxşar mənzillərin aylıq kirayə haqqı 180-200 manat təşkil edir. İddiaçı iddia tələbində 10000 manat kompensasiya verilməklə cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, 10000 manat məbləğində kompensasiya müqabilində cavabdehlər aylıq kirayə haqqı 200 manat olan mənzildə 4 ildən artıq müddətdə yaşaya bilər. Apelyasiya baxışında məhkəmə kollegiyası 10000 manat kompensasiya məbləğinin yetərli olmaması qənaətinə gələrək, iddiaçıya bu məqsədlə 15000 manat verilməsini təklif etmiş, iddiaçı da razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən maddələr vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Göründüyü kimi, «kompensasiya» dedikdə, mənzildən istifadə hüququ olan şəxsə verilməli olan kompensasiya məbləğinin ona davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. İddiaçının xüsusi mülkiyyətindən sərbəst və maneəsiz istifadə hüququ vardır və bu hüqunun reallaşdırılmasına yaradılan hər bir maneənin qarşısı qanuni yollarla aradan qaldırılmalıdır. Bunun üçün iddiaçı qanunla ona verilmiş hüquqlarından istifadə edərək cavabdehlərin istifadə hüquqlarına kompensasiya vermək yolu ilə xitam verilməsi barədə iddia qaldırmaq hüququndan istifadə etmişdir. Birinci instansiya məhkəməsi cavabdehlərə cəmi 10000 manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi qənaətinə gəlmişdir, hazırda isə iddiaçı kompensasiya məbləğini artıraraq 15000 manat verdiyini bildirmişdir, belə olan halda Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən verilən 15000 manat kompensasiya cavabdehlərin davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün kifayət edir. Belə ki, tərəflərin izahatı ilə müəyyən olunur ki, eyni ərazidə mübahisəli mənzilə oxşar mənzillərin aylıq kirayə haqqı təxminən 400-450 manat təşkil edir (tərəflər eyni məbləğ göstərdiklərindən kollegiya mütəxəssis rəyi almağa ehtiyac görmədi). Belə olan təqdirdə təklif olunan 15000 manat kompensasiya məbləği cavabdehlərə aylıq kirayə haqqı 400-450 manat olmaqla, davamlı surətdə, təxminən 3 il 1 ay – 2 il 9 ay müddətində oxşar mənzildə yaşamaq imkanı verir. Digər tərəfdən Kollegiya onu da nəzərə alır ki, iş materiallarında olan qəbzə əsasən mənzilin hərracda satılmasından əldə olunan vəsaitin paylarına mütənasib olaraq bölünməsi nəticəsində mərhum Cavid Qocayevin payına düşən 13750 manat məbləğində pul vəsaiti Yasamal rayon İcra şöbəsinin depozit hesabına qoyulmuşdur və həmin pul vəsaitini də onun birinci dərəcələri vərəsələri olan hazırki iş üzrə cavabdehlər əldə edəcəklər. Kollegiya hesab edir ki, təklif olunan 15000 manat kompensasiya məbləği ağlabatan və ədalətlidir. Odur ki, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiya məbləği hissəsində dəyişdirilməli və cavabdehlərə cəmi 15000 manat kompensasiya ödənilməklə onların ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarına xitam verilməli və mənzildən çıxarılmalı, qətnamə eyni vaxtda icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5831/2021 saylı iş üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ödənilməli olan kompensasiyanın məbləği (10000 manat) dəyişdirilərək, həmin məbləğ 15000 manat müəyyən edilsin. İstifadə hüququna xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması ilə iddiaçı tərəfindən 15000 manat kompensasiyanın ödənilməsi eyni vaxtda icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1711/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1711/2022
02.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver