Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1714/2020 14.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7486/2019 saylı, 12 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh Nurəddin oğlu, X4, X3, X6, X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1 ünvanında kirayəçi qalan Cavabdeh və onun özündən başqa ailə üzvlərinin: Qurbanova Zeynəb, Qurbanova Nigar, Qurbanova Anaxanım və qayınanası Sonanın evin əşyalarının sağlam qaytarılması ilə bərabər mənzildən çıxarılması, qaldıqları müddət ərzində 1800 AZN kirayə haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7486/2019 saylı, 12 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh Nurəddin oğlu, X4, X3, X6, X7 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu M.Hadi küçəsi, 51 saylı evin, 96 saylı mənzildən çıxarılaraq, qeyd edilən mənzil və mənzilin əşyaları ilə bərabər İddiaçı təhvil verilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Apelyasiya şikayətlərinin dəlilləri: İddiaçı qətnamədən apelyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, məhkəmə iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Halbuki, onun tərəfindən məhkəməyə mənzilin hansı şərtlərlə kirayəyə verilməsi ilə bağlı kirayə müqaviləsi təqdim edilmişdir. Məhkəmə həmin sübuta, ümumiyyətlə, qiymət verməmişdir. Bundan əlavə, artıq ona nəinki, iddia ərizəsində göstərdiyi kimi 1800 manat, hətta daha artıq məbləğdə zərər dəymişdir. Bu səbəbdən, qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin oluması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər qətnamədən apelyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, maddi hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmişdir. Qeyd olunanlara əsasən qətnamənin ləğv edilməsini xahiş etmişdir Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 196041 nömrəli Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən ünvan 1 İddiaçı mülkiyyətindədir. DİN-in Bakı şəhəri, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin 24.08.2019-cu il tarixli İddiaçı Səfərağa oğluna ünvanladığı məktubuna əsasən sonuncunun 15.08.2019-cu il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nə ünvanladığı şikayət ərizəsində göstərdiyi xüsusatlar mülki xarakterli olduğu üçün, ərizədə göstərilən xüsusatlarla bağlı məhkəmə orqanlarında mülki qaydada iddia qaldırmaq hüququ olması izah olunmuşdur. Xətai Rayon Prokurorluğunun 04.10.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarına əsasən X1 içərək intihara cəhd etməsi əsasında toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. Tərəflər arasında imzalanmış 05.06.2018-ci il tarixli “Daşınmaz əmlakın icarəyə verilməsi haqqında Müqavilə”nin surətindən məlum olur ki, İddiaçı ünvan 1 ünvanında olan mənzili Cavabdeh kirayəyə vermişdir. “xxxx” MMC-nin direktoru İ.Qubatova tərəfindən verilmiş, araışdan məlum olur ki, Xətai rayonu, Əhmədli metrosunun yaxınlığında M.Hadi küçəsində yerləşən dörd-beş otaqlı, təmirli, əşyalı mənzilin kirayə haqqı 400-500 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və cavabdehlərin şikayətlərinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyasıiş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, qətnamə qismən- iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hisədə də təmin edilməlidir, cavabdehlərin apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli, qətnamə onların apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, iddiaçı apelyasiya şikayətində qətnaməni iddia tələbinin təmin olunmayan, yəni “əldən çıxmış faydanın tutulması” hissəsində mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini “əldən çıxmış faydanın tutulması” hissəsində rədd edərkən qətnaməni həmin hissədə əsaslandırmamış, yalnız iddia tələbinin həmin hissədə əsassız olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, aşağıdakılar işin mübahisəsiz hallarıdır: 1) tərəflər arasında kirayə müqaviləsinin olması; 2) tərəflər arasında aylıq kirayə haqqının 400 manat olması; 3) 15.07.2019-cu il tarixdən kirayə haqqının cavabdeh tərəfindən ödənilməməsi; Məhkəmə kollegiyası qeyd edir ki, birinci instaniya məhkəməsi iddiaçı mənzilin mülkiyyətçisi olduğu üçün iddia tələbini cavabdehlərin həmin mənzildən çıxarılması hissəsində təmin etsə də, cavabdehlərin mənzildə qaldıqları müddət ərzində 1800 AZN kirayə haqqının ödənilməsi hissəsində iddia tələbini təmin etməmiş, həmin hissədə iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni də əsaslandırmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə bu fakt özü, yəni məhkəmə aktının əsaslandırılmaması öz-özlüyündə həmin qərarın əsaslı olmasını şübhə altına almaqla yanaşı, həm də məhkəmə aktlarının qanuni və əsaslandırılmalı olması kimi konstitusion prinsipə də cavab vermir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuşdur ki, məhkəmə qərarları qanuna və sübutlara əsaslanmalıdır. Eyni tələb MPM-in məhkəmə aktlarının qanuni və əsaslı olmasını tənzimləyən 217-ci maddəsində də nəzərdə tutulmuşdur. (Maddə 217.3) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, məhkəmə aklarının əsaslandırılmaması, qərarlarda qanunvericilik aktlarının sadəcə olaraq sadalanması ədalətli məhkəmə araşdırmasına olan hüquqa xələl gətirir, başqa sözlə Konvensiyanın 6-cı maddəsində təzərdə tutulmuş tələblərə cavab vermir. Avropa Məhkəməsi «Kastravet Moldovaya qarşı» iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir. Avropa Məhkəməsi həmin işdə milli məhkəmələr tərəfindən Konvensiyanın 6-cı maddəsinin pozuntusunu müəyyən etmişdir. Kollegiya bildirir ki, iddiaçının cavabdehdən tələb etdiyi 1800 manat kirayə haqqı barəsində iddia tələbinin əsasını əldən çıxmış fayda təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azяrbaycan RespublikasıKonstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki: “Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Kollegiya qeyd edir ki, iddiaçı apelyasiya şikayətində ona dəymiş ziyanın daha çox olmasını qeyd etsə də, iddia tələbində əldən çıxmış fayda kimi 1800 manat pulun ona ödənilməsini tələb etdiyi üçün, iddia tələbi 1800 manat həcmində təmin edilməlidir. Çünki MPM-nin 218.3-cü madəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Cavabdehlər tərəfindən birlikdə verilmiş apelyasiya şikayətinə münasibətdə Kollegiya qeyd edir ki, şikayət əsassız olduğundan və işi uzatmaq məqsədilə verildiyindən təmin edilməməli, qətnamə onların şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, qətnaməqismən-iddia tələbinin “1800 manat kirayə haqqının ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hisədə də təmin edilməlidir, Cavabdeh 1800 manat əldən çıxmış fayda alınaraq iddiaçıya verilməli, cavabdehlərin apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli, qətnamə onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayətləri vermiş tərəflərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7486/2019 saylı, 12 noyabr 2019-cu il tarixli qətnaməsi qismən-iddia tələbinin “əldən çıxmış faydanın tutulması” hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə də təmin edilsin. Cavabdeh Nurəddin oğlundan 1800 manat alınaraq İddiaçı verilsin. Cavabdehlər tərəfindən birlikdə verilmiş apelyasiya şikayəti təmin olunmasın. Qətnamə onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə ödənilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-1714/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1714/2020
14.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver