Məhkəmə qərarları › İş №2(103)-1715/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1715/2025

09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1715/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarş mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4529/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC-nin nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 423 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC İddiaçı xx.xx.2024-cü il tarixindən həftədə 4 dəfə 2 saat, ümumi 160 saat olan “Kiber Təhlükəsizlik” ilə bağlı proqramlarında iştirakını təmin etməyi, İddiaçı ilə xidmət haqqının ödənilməsi ilə bağlı yaranacaq münasibətlərin tənzimlənməsini öhdəsinə götürür. Xidmətin ümumi dəyəri 2450 manat təşkil edir.

2. Müqavilənin 3.8-ci bəndinə əsasən müştəri tədrisə başladığı tarixdən sonra iştirak etmə və ya etməmə müddətindən asılı olmayaraq qeydiyyatını ləğv etmək arzusunda olduqda, o, bir nəfər üçün tədris haqqının 3.2-ci bəndinə uyğun ödənilmiş məbləğ (2450 manat) həcmində cəriməni konsultanta ödəyir.

3. xx.xx.2024-cü il tarixli təklifə əsasən iddiaçı cavabdehdən 2400 manat pulun 7 gün ərzində ödənilməsini tələb etmiş və əks təqdirdə məhkəməyə müraciət edilməsi ilə bağlı xəbərdarlıq etmişdir.

4. xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 2450 manat ödənilmişdir.

5. Cavabdeh MMC tərəfindən təqdim olunmuş arayışa əsasən xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə dərslər keçirilmişdir. İddiaçı 28 iyun 2024-cü il tarixində kursa gəlməkdən imtina etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2400 manat borcu, həmçinin məhkəməyə ödənilmiş 44 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında xx.xx.2024-cü il tarixli müqavilə imzalamışlar. Həmin müqaviləyə əsasən o, “Kiber Təhlükəsizlik” ilə bağlı proqramlar öyrənmək müqabilində şirkətə ödəniş etməli idi. O onlara ödənişi tam şəkildə etmişdir. Ödənişlər aylıq olarsa, 580 manat, birdəfəlik olarsa, 450 manat endirim edib, ümumilikdə 2450 manat ödəməklə mümkün olacağını bildirdilər. O, tam olaraq 2450 manat ödədi. Onlar bunun müqabilində ona dərslərin dissiplinli və böyük peşəkarlıqla keçiriləcəyini, ümumi ortalama qiymətin 65-dən aşağı olacağı təqdirdə tələbənin dərsdən uzaqlaşdırıla biləcəyini dedilər. Lakin ilk bir həftə normal başlasa da, ikinci həftədən kursun bəzi təşkilatçılıq barədə problemləri yaranmağa başladı. Müəllimlərin səhhətində olan problemlər və yaxınlarının yas məclisi kimi məsələlərdən dərslər olmadı. Bir müddət keçdikdən sonra artıq kursun fəaliyyəti onu qane etmədiyindən kursdan ayrılacağını bildirdi. Belə olduğu halda ordan onlara keçirilən iki həftəlik dərsin (290 manat) ödənişi çıxılmaqla qalıq pulun 8 iyul tarixində qaytarılacağını bildirdi. İlk olaraq narazı olsa da, o ödənişin müəllimlərinin dərs ödənişi olduğu üçün razılaşdı. Lakin deyilən vaxtda ödəniş keçirilmədi. Dəfələrlə müraciət etməklərinə baxmayaraq, müxtəlif bəhanələr gətirilmişdir. Bundan sonra isə cavabdeh öz öhdəsinə götürdüyü vəsaiti geri qaytarmaqdan imtina etmişdir. Belə olduğu halda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

8. Cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə yazılı etiraz təqdim edərək etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC dərslərin keyfiyyətlə, böyük peşəkarlıqla keçirəcəklərini, ümumi ortalama qiymətinin 65-dən aşağı olacağı təqdirdə tələbəni dərsdən uzaqlaşdıracağını bildirmişdir. Həmçinin iddia ərizəsində dərslərin ilk həftə normal keçirildiyini, lakin ikinci həftədən bəzi təşkilatçılıq problemlərinin olduğu da qeyd etdiyi dəlillər barədə müqavilə bəndlərində qeyd şərt mövcud deyildir. Proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür, məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar. Cavabdehin prosessual vəzifəsi bu mübahisə üzrə öhdəliklərini icra etməsi barədə dəlilləri məhkəməyə təqdim etməkdən ibarətdir. xx.xx.2024-cü il tarixli arayışa əsasən qeyd edir ki, kiber təhlükəsizlik proqramı üzrə MMC üzərinə düşən öhdəliklərin icrasına davam edir. xx.xx.2024-xx.xx.2024-cü il tarix aralığında proqram üzrə nəzərdə tutulmuş dərslərin tədrisini davam etdirir. Həmçinin xx.xx.2024-cü il tarixli arayış ilə müəyyən olunur ki, iddiaçı tədris üzrə xx.xx.2024-cü il tarixli arayış ilə müəyyən olunur ki, iddiaçı tədris üzrə xx.xx.2024-cü il tarixə qədər, 10 dəfə olmaqla, 20 saat iştirak etmiş, 4 dərs arayışda qeyd olunan səbəblərdən təxirə salınmış, daha sonra o, müxtəlif bəhanələr gətirərək dərslərdə iştirak etməkdən yayınmışdır. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklə ümumi 160 saat İddiaçı kiber təhlükəsizlik proqramı üzrə iştirakını təqdim etməkdən ibarət olmuşdur, iddiaçı dərslərdən öz iradə ifadəsi ilə yayınmış, digər şəxslərə proqram tədrisi davam etdirilmişdir. Buna görə də, iddiaçı tərəfindən mübahisə üzrə onun tələbini təsdiq edən əsaslar iş materiallarında mövcud olmadığı, məhkəməyə təqdim olunmadığı üçün mübahisənin qanuni əsasları baxımından cavabdehin öhdəliyin icrasının da yayınmadığı sübuta yetdiyi üçün iddia tələbi rədd edilməlidir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4529/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Xəlil) iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 2002 manat borc və 24 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2026 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçının özünə aid edilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 390.1, 390.5, 404.1, 404.2, 417.1, 419.2, 420.1, 420.2, 420.3, 777.1, 778.1, 779.1, 781, 783.2, 786.1, 786.5,-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4529/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Ülkər Xəlil) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 4529/2024 saylı qətnaməsində yol verilmiş yalnışlığın düzəldilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 4529/2024 saylı məhkəmə qətnaməsinin mətnində (təsviri-əsaslandırıcı və nəticə hissəsində) tutulmalı olan məbləğin miqdarı “2002 manat borc və 24 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2026 manat” əvəzinə “2063 manat borc və 24 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2087 manat” kimi oxunması qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamə çıxararkən bir sıra hallara düzgün münasibət bildirməmiş, bu hallar üzrə məhkəmə təcrübəsini qanunvericiliklə düzgün əlaqələndirməmişdir. Belə ki, ilkin olaraq məhkəmə iddiaçı tərəfindən cavabdehə ünvanlanmış müraciətə “müqavilənin ləğv edilməsi” barədə təklif kimi qiymət verməklə səhvə yol vermişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli təklifində müqavilə üzrə öhdəliyin icra edilməsini və 2400 manat pulun ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Göründüyü kimi sözügedən təklifdə müqavilənin ləğvi ilə bağlı cavabdehə iradə ifadəsi bildirilməmiş, yalnızca müqavilə öhdəliklərinin icrası tələb edilmişdir. Bundan fərqli olaraq müqavilənin ləğvi barədə iradə ifadəsi müqavilə kontragentinə aydın şəkildə bildirilməlidir. Buna görə də hazırki təklifin müqavilənin ləğvi kimi başa düşülməsi düzgün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: – digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); – Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Bundan başqa sözügedən qərara görə “Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir.Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğv etmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır.” Göründüyü kimi iddiaçının cavabdehə ünvanladığı təklif müqavilənin ləğvi deyil, müqavilədən imtina kimi başa düşülməli və buna müvafiq olaraq (məhkəmə müqavilənin ləğv ediliyi nəticəsinə gələrək müqavilənin 3.8-ci maddəsinə əsasən sözügedən maddənin etibarlılığını qiymətləndirmişdir) tərəflər arasında bağlanmış müqavilənin 3.8-ci maddəsi üzrə də münasibət bildirilməli deyildi. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarı ilə müqavilədən imtina nəticəsində hazırki münasibət də icrası davam edən münasibət olduğu üçün imtinadan sonrakı dövr üçün tərəflərin öhdəlikləri aradan qalxmışdır. Buna görə də hazırki iş üzrə Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqe nəzərə alınmalı idi. Məhkəmə tərəfindən eyni zamanda iş üzrə əhəmiyyət kəsb edən hallar düzgün araşdırılmamışdır. Belə ki, ilkin olaraq müqavilənin ləğv edildiyi tarixin (məhkəmənin müqavilənin ləğv edildiyi qənaətinə istinadən şərti olaraq müqavilənin iddiaçı tərəfindən ləğv edildiyini hesab etsək) xx.xx.2024-cü il tarixi yoxsa xx.xx.2024-cü il tarixi olduğu barədə məhkəmə vahid mövqe nümayiş etdirməmişdir. Qətnamədə əvvəlcə iddiaçının xx.xx.2024-cü il tarixdən etibarən dərslərdə iştirak etmədiyi qeyd olunmuş, daha sonra isə iddiaçının xx.xx.2024-cü il tarixdə cavabdehə bildiriş göndərməklə müqaviləni birtərəfli qaydada ləğv etdiyi göstərilmişdir. Lakin əsaslandırma hissəsində sadəcə iyun ərzində keçirilməli olan dərslər ilə bağlı qiymətləndirilmə aparılmış, xx.xx.2024 və xx.xx.2024-cü il tarixləri arasında tərəflər arasında olan münasibətlərin hüquqi vəziyyətinə qiymət verilməmişdir. Məhkəmə tərəfindən aparılmış hesablamadan da görünür ki, hesablama sadəcə iyun ayı üzrə edilərək ümumi müqavilə qiyməti əsasında nəticəyə gəlinmiş, qeyd olunan tarixlər aralığında tərəflər arasında mövcud olan müqavilə münasibətinin hüquqi statusu qeyrimüəyyən qalmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdən etibarən dərslərə qoşulmasa da müqavilənin xitamı ilə bağlı rəsmi qaydada müraciət edilmədiyi üçün cavabdeh müqavilə ilə üzərində düşən öhdəliyi yerinə yetirmiş, dərslərin keçirilməsi davam etmiş və yalnız xx.xx.2024-cü il tarixdə cavabdehə təklif ünvanlanmışdır. Göründüyü kimi məhkəmə xx.xx.2024 - xx.xx.2024 tarixləri arasında cavabdeh tərəfindən müqavilə öhdəliyinin icra edilməsinə baxmayaraq bu xüsusla bağlı düzgün qiymətləndirmə aparılmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh tərəf ərizə ilə müraciət edərək məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

17. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

20. Maddə 419.2 müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.

21. Maddə 420.2-ci maddəsinə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Maddə 777.1 tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

24. Maddə 778.1 vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

25. Maddə 779.1 vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

26. Maddə 781 vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir.

27. Maddə 783.2 vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

28. Maddə 786.1 tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin.

29. Maddə 786.5 əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər.

30. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

34. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Hazırki halda, qətnaməni cavabdeh mübahisələndirdiyindən, iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermədiyindən qətnamə apellyasiya şikayəti həddində, yəni iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4529/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b. İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

43. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

45. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır.

46. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, cavabdeh tərəfindən dərslər həm aylıq ödənişlər etməklə, həm də müəyyən endirim edilməklə birdəfəlik ödəniş edilməklə təşkil olunmuş, iddiaçı birdəfəlik 2450 manat məbləğində ödəniş etməklə cavabdehlə müqavilə bağlamış, müqaviləyə əsasən proqramın həftədə 4 dəfə 2 saat olmaqla, ümumi 160 saat nəzərdə tutulmuşdur. 2024-cü ilin iyun ayı ərzində keçirilməsi nəzərdə tutulan 16 dərsdən ümumilikdə 10 dərs keçilmiş, iki dərs müəllimin xəstə olması, bir dərs müəllimin anasının əməliyyat olunması ilə bağlı keçirilməmiş, bir dərs isə onlayn dərslə əvəz olunmuş, iki dərsin tarixi isə qeyri iş günlərinə təsadüf etdiyindən keçirilməmişdir. İddiaçı kursda təşkilatçılıqdan narazı olduğundan cavabdehlə bağlanmış müqavilənin ləğv edilməsi qərarına gəlmiş, bütün kursun ödənişini etdiyindən ödədiyi bütün ödənişin ona geri qaytarılması ilə bağlı iddia qaldırmışdır. Cavabdeh isə dərslərin saat hesabı nəzərdə tutulduğunu, keçirilməyən dərslərin digər günlərdə əvəz olunduğunu, cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirilməsində hər hansı pozuntuya yol verilmədiyini bildirmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə bildiriş göndərməklə müqaviləni birtərəfli qaydada ləğv etmiş, müqavilənin ləğvinə səbəb isə bilavasitə cavabdeh tərəfindən kurs vaxtının tez-tez dəyişməsi, kursun təşkilatçılığının zəif olması olmuşdur. Bu hal cavabdeh tərəfindən təqdim edilmiş arayışda da öz təsdiqini tapmışdır. Belə ki, müqavilə üzrə dərslərin həftədə 4 dəfə 2 saat olmaqla keçirilməsi nəzərdə tutulsa da, iyun ərzində 32 saat əvəzinə 22 saat (bir dərs onlayn olmaqla) dərs tədris olunmuşdur. Belə olan halda iddiaçı növbəti aylar ərzində dərslərdə iştirak etməkdən imtina etmiş və müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Cavabdeh iyun ayı ərzində ümumilikdə 10 dərs əyani, 1 dərs isə onlayn olmaqla ümumilikdə 11 dərsdə iştirak etmişdir.

47. Kollegiya qeyd edir ki, belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ümumi ödənilmiş məbləğdən iddiaçının iştirak etdiyi dərslərin ödənişi çıxılmaqla (2450(ümumi kursun məbləği):160 (ümumi dərslərin saatı)= 15,31 (bir saat dərsin qiyməti) 15,31*2 saat= 30,6 (bir gün dərsin qiyməti) *11dərs= 337; 2400-337= 2063 manat) iddia qismən təmin edilərək Cavabdeh MMC-dən 2063 manat borc məbləği tutulmalıdır.

48. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.

49. Kollegiya apellyasiya şikayətinin digər dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.8-ci bəndi, yəni müqavilə iddiaçı tərəfindən ləğv olunarsa, onun bütün kurs üçün ödədiyi məbləğin cavabdeh tərəfindən cərimə kimi silməyə əsas olan razılaşma kimi qiymətləndirilə bilməz. Belə ki, Mülki Məcəllənin 419.2-ci maddəsinə görə müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Mülki Məcəllənin 420.2-ci maddəsinə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Belə olan halda tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 3.8-ci bəndi müqavilənin standart şərti olmaqla etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərli olduğu üçün etibarsızdır.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

52. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

54. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh MMC-nin nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4529/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar