Məhkəmə qərarları › İş №2(103)-1719/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1719/2022

09.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1719/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3101/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 ilə 22.12.2015-ci ildə nikaha daxil olmuşdur. Ailə həyatı qurduqdan sonra Zaur oğlu İslam ilə iddiaçının mülkiyyətind olanünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə köçmüşdürlər. İddiaçı ilə cavabdeh arasında olan nikah 21.01.2019-cu il tarixli məhkəmə qətnaməsi ilə pozulub. Nikah pozulduqdan sonra iddiaçı cavabdehlərdən dəfələrlə mənzili tərk etməyi tələb etsə də, cavabdehlər onun bu tələbinə əməl etməmişdirlər. Odur ki, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3101/2019 saylı, 13 noyabr 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılması, hazırkı qətnamənin Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə olan yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsas olması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, apellyasiya şikayətlərində məhkəmənin maddi hüquq normalarının tələblərini pozması, tətbiq olunmalı qanunvericiliyi tətbiq etməməsi, məhkəmə iclasında cavabdehlərin iştirakını təmin etməməsi arqumentlərini irəli sürməklə, şikayətlərini eyni məzmunda olmaqla onunla əsaslandırmışlar ki, iddiaçı ilə Cavabdeh1 2015-ci il dekabr ayında faktiki nikaha daxil olaraq ailə qumuşlar. Onların nikahları rəsmiləşənədək Cavabdeh1, iddiaçının mənzilini əsaslı təmir etmişdir. Çünki həmin vaxt mübahisəli mənzildə yaşamaq mümkün deyildir. Mənzilin təmirində Cavabdeh2 da iştirak etmiş və bu işə böyük əmək sərf etmişdir. Buna görə də iddiaçı Cavabdeh1 da mənzildən isitifadə etməsinə razılıq vermiş və onu həmin mənzilə qeydiyyata aldırmışdır. Lakin bir müddət sonra iddiaçı Cavabdeh1 qarşı məhkəmədə boşanma barədə iddia qaldırmışdır. Bildirirlər ki, iddiaçı Cavabdeh1la nikaha girərəkən səmimi olmamış və məqsədi onların vəsaiti hesabına evinə təmir etdirmək olmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli, 2(103)- 5208/2020 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3101/2019 saylı iş üzrə 13 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5802/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 5208/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsi qismən – “Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və onun həmin mənzildən çıxarılması, hazırkı qətnamənin Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə olan yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsas olması” hissəsində ləğv edilmiş və həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş üzrə apellyasiya məhkəməsinin qərarının 3-cü səhifəsində Cavabdeh1 da münasibət bildirilmişdir. Sorğuya cavab məktubunu məhkəməyə təqdim etmişdir. Həmin məktubla cavabdehin mülkiyyətində mənzilin olması təsdiq olunur. Qətnamə qəbul edilən zaman cavabdehin adına mənzil mövcud olmuşdur. Hazırda da məhz birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi yoxlanılır. Göründüyü kimi, cavabdehin özünün mülkiyyətində mənzili olmuş və onun yaşayış yerinə ehtiyac olmamışdır. Sorğuya cavab gec gəldiyindən həmin məktubu birinci instansiya məhkəməsində təqdim edə bilməmiş və apellyasiya icraatı zamanı təqdim etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla hesab edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və onun həmin mənzildən çıxarılması, hazırkı qətnamənin Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə olan yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsas olması hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 5802/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qərarı ilə mülki qeyd edilən hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3101/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olmuşdur ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 52 saylı mənzil MA seriyalı ******* nömrəli çıxarış əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 iddiaçı ilə 22.12.2015-ci il tarixdə nikaha girdikdən sonra həmin mənzilə qeydiyyata düşmüşdürlər. İddiaçı ilə Cavabdeh1 arasında olan nikah 21 yanvar 2019-cu il tarixdə pozulsa da, həmin vaxtdan müddət keçməsinə baxmayaraq, cavabdehlər mənzildən qeydiyyatdan çıxmamışdır. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin davamında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 22 yanvar 2015-ci il tarixli qərardadında qeyd edilir ki, keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərin maraqlarında ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətdə istifadə etmək hüququnun saxlanması məsələsini həll etməlidir. Apellyasiya şikayətinin dəlilləri cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaması və məhkəmələr tərəfindən ailə münasibətləri pozulduqdan sonra yaşayış sahəsində istifadə hüququnun müəyyən müddətə saxlaması ilə bağlı qanunvericilikdə müəyyən edilən halların məhkəmələr tərəfindən müzakirə edilməməsinə yönəlmişdir. Baxılan iş üzrə qeyd edilməlidir ki, apellyasiya məhkəməsi tərəfindən normanın göstərilən hissəsi üzrə hər hansı araşdırmanın aparılması müəyyən edilmir. Belə ki, iddianın tam təmin olunması zamanı məhkəmə ilkin olaraq cavabdehin mübahisə edilən mənzildə yaşamaqda davam etdiyini nəzərə almalı, onun başqa yaşayış yerinə (mülkiyyət hüquq və ya hər hansı digər əsasla) malik olmasını, özünü yaşayış yeri ilə təmin etmək imkanına malik olmasını araşdırmalı və bundan sonra isə cavabdehin yaşayış sahəsindən istifadə hüququnun müəyyən müddətə saxlanılmalı olub-olmamasını müzakirə etdikdən sonra nəticəyə gəlməli idi. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, mübahisə predmeti olan mənzillə bağlı tərəflər arasında mülki hüquq münasibətləri 2015-ci il tarixdə yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətini yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08.10.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətindən imtina edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 yanvar 2015-ci il tarixli qərardadında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq məhkəmə kollegiyası araşdırma aparılmış və iddiaçı tərəfə cavabdehin mülkiyyətində mənzil və ya evin olub-olmamasına dair sübutun təqdim edilməsi təklif edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 19.11.2019-cu il tarixli **********97 nömrəli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh1 Təvəkgül oğlunun adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsi, ev 10/5 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Kollegiya qeyd edir ki, kassasiya instansiya məhkəməsinin göstərişlərini əsasında aparılmış araşdırmanın nəticəsindən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilərkən Cavabdeh1 Təvəkgül oğlunun adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsi, ev 10/5 qeydiyyatda olduğundan ona münasibətdə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin norması tətbiq edilməklə yaşayış sahəsindən istifadə hüququnun müəyyən müddətə saxlanılması qanuni və əsaslı hesab edilə bilməz. Kollegiya həmçinin, cavabdeh tərəfindən apellyasiya icraatı zamanı elektron qaydada təqdim edilmiş 04.02.2022-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş arayışa münasibətdə qeyd edir ki, həmin arayış hazırki halda sübut əhəmiyyətə malik olmaqla birinci instansiya məhkəsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi yoxlanılır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilərkən Cavabdeh1 Təvəkgül oğlunun adına ev qeydiyyatda olmuşdur. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq kollegiya hesab edir ki, Cavabdeh1 mübahisəli mənzilin mülkiyyətçisi İddiaçı onun yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasını tələb etmək hüququ olmadığından, iddiaçıya məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz; buna görə də, birinci instansiya məhkəməsinin iddiaçının iddia tələbi üzrə gəldiyi qənaət həm işin mübahisələndirilməyən hallarına, həm də mülki qanunvericiliyə uyğun olmuş, məhkəmə haqlı olaraq iddia tələbini Cavabdeh1 münasibətdə təmin etmişdir. Kollegiya həmçinin apellyatorun iddiaçıya məxsus mənzilin onun tərəfindən təmir edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-3023/2019 saylı 06 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 tərəfindən Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsindəki 45 saylı evin 52 saylı mənzilinin təmirinə sərf edilmiş 13.280 manat pul vəsaitinin cavabdeh İddiaçı tutulub iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. Həmin qətnamənin iddiaçı Cavabdeh1 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2020-ci il tarixli, 2(103)- 1541/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3869/2020 saylı qərarı ilə iddiaçı Cavabdeh1 kasasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2020-ci il tarixli, 2(103)-1541/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Ona görə də apellyasiya şikayətinin qeyd edilən dəlili də əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3101/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3101/2019 saylı, 13 noyabr 2019cu il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar