Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-172/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı "qeyri-yaşayış sahəsinin təhvil verilməsi, kirayə haqqının ödənilməsi və s." tələbinə mülki iş üzrə (Açar sözlər: aiddiyat üzrə göndərilmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı "qeyri-yaşayış sahəsinin təhvil verilməsi, kirayə haqqının ödənilməsi və s." tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2177/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. xx.xx.2017-ci il tarixli, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanan müqavilənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, müqavilənin 1.1-ci maddəsinə əsasən hazırki müqaviləyə əsasən “Mülkiyyətçi” mülkiyyətində olan ünvan 1 ünvandakı ümumi sahəsi 130 kv.metr olan qeyri yaşayış sahəsini sökülərək yerində yeni yaşayış kompleksinin tikintisi məqsədilə “Cəmiyyət”ə təhvil verməyi, “Cəmiyyət” isə “Mülkiyyətçi”nin faktiki ümumi sahəsinə razılaşdırılmış sahə əlavə etməklə (1-ci mərtəbə üzrə 180 kv.m, 2ci mərtəbə üzrə 120 kv.m) ümumilikdə 300 kv.m qeyri-yaşayış sahəsini (girişi və vitrin pəncərələri Azadlıq prospektinə açılan hissədə) yeni binada tikinti işləri başa çatdıqdan sonra təmirli olmaqla “Mülkiyyətçi”yə təhvil verməyi öhdələrinə götürmüşlər.
2. Həmin müqavilənin 4.1.1-ci maddəsinə əsasən “Mülkiyyətçi”yə verilməli olan yeni qeyri yaşayışın ümumi sahəsi, “Cəmiyyət” tərəfindən təhvil götürülən qeyri-yaşayış sahəsinin ümumi sahəsindən az olmamalı və Azadlıq hissədən ikinci mərtəbəyə eni 1,4 sm, hündürlüyü 15 sm olan standart pilləkən quraşdırılmalı, həmçinin obyektin arxa hissəsindən bloka çıxış qapısı və hər mərtəbə üzrə 1 ədəd sanitar qovşağı tikilib təhvil verilməli, müqavilənin 4.1.2-ci maddəsinə əsasən yeni inşa ediləcək binanın bünövrəsi qoyulduqdan sonra “Cəmiyyət” tikinti işlərini 18 ay ərzində başa çatdırılmalı, həmin müqavilənin 5.1.2-ci maddəsinə əsasən tikintisi planlaşdırılmış yeni hündür mərtəbəli yaşayış binasının inşası tam başa çatanadək müvəqqəti icarə haqqının ödənişi məqsədi ilə aylıq 3000 manat kirayə haqqını tələb etmək mülkiyyətçinin hüquqları sırasına daxil edilmişdir.
İş üzrə qəbul olunmuş məhkəmə aktları
3. İddiaçı Cavabdeh MMC-yə qarşı "qeyri yaşayış sahəsinin təhvil verilməsi, kirayə haqqının ödənilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə müqavilə öhdəliklərini yerinə yetirərək iddiaçıya əlavə 30 kv. metr qeyri-yaşayış sahəsi vermək, hər iki mərtəbədə ona təhvil verilmiş obyektdə bloka qapı açılması vəzifəsinin qoyulması, eləcə də cavabdehdən noyabr 2021-ci ildən may 2022-ci ilədək ödənilməmiş 18.000 manat kirayə haqqının, eləcə də ödənilmiş 144 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 1.1-ci maddəsinə əsasən iddiaçı mülkiyyətində olan, sahəsi 130 kv.metr olan qeyri-yaşayış sahəsinin sökülərək yerində yeni yaşayış kompleksinin tikintisi məqsədilə cavabdehə təhvil verməyi, cavabdeh isə binanın 1-ci mərtəbəsində 180 kv.metr, 2-ci mərtəbəsində 120 kv.metr olmaqla, ümumilikdə 300 kv.metr qeyri-yaşayış sahəsini (girişi və vitrin pəncərələri Azadlıq prospektinə açılan hissədə) yeni binada tikinti işləri başa çatdıqdan sonra təmirli olaraq iddiaçıya təhvil verməyi öhdələrinə götürmüşdülər. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən cavabdeh həmin qeyriyaşayış sahəsini müqavilədə nəzərdə tutulan müddətdə və qaydada təmirli olaraq iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.4.1-ci maddəsinə əsasən cavabdeh qeyri yaşayış sahəsi təmirli iddiaçıya təhvil verilən müddət üçün ona ayda 3000 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1.1-ci maddəsinə əsasən cavabdeh iddiaçıya təhvil veriləcək hər bir qeyri-yaşayış sahəsinin (obyektin) arxa hissəsindən bloka çıxış qapısı verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən cavabdeh qeyri-yaşayış sahələrini iddiaçıya 18 ay ərzində təhvil verməli olduğu halda, binanı 2022-ci ilin may ayında təhvil verdi. Təhvil verilən zaman məlum oldu ki, cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdi: 1.1-ci mərtəbədə iddiaçıya sahəsi 180 kv. metr olan qeyri-yaşayış sahəsi təhvil verməli olduğu halda, 155 kv. metr (25 kv. metr əksik) sahə təhvil vermişdir. 2.2-ci mərtəbədə iddiaçıya 120 kv. metr sahə təhvil verməli olduğu halda, 115 kv.metr ( 5 kv.metr əksik) sahə təhvil vermişdir. Нər iki mərtəbə obyektin arxasında bloka qapı təhvil verməmişdir. 2021-ci lin noyabr ayı-2022-ci ilin aprel ayları üçün kirayə haqqını, ayda 3000 manat olmaqla, 18.000 manat kirayə haqqını ödəməmişdir. Bu çatışmamazlıq barədə cavabdehə dəfələrlə bildirib, aradan qaldırılmasını xahiş etsə də, bir nəticə olmamışdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-2177/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qsimən təmin edilməsi, tərəflər arasında bağlanan xx.xx.2017-ci il tarixli müqavilə üzrə çatışmayan 18 kv.m qeyriyaşayış sahəsi Cavabdeh MMC tərəfindən İddiaçı verilməsi, iddia q qaldırılması üçün ödənilən 144 (yüz qırx dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməsi və iş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə Cavabdeh MMC-dən tutularaq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə iddia tələbinin 300 kv.metr olan qeyri-yaşayış sahəsini təmirli vəziyyətdə iddiaçıya verilməsi hissəsi ilə bağlı qeyd edir ki, ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsi, 7 saylı qeyri-yaşayış sahəsinin əvəzinə Cavabdeh MMC tərəfindən tikilən binanın 1-ci və 2-ci mərtəbəsində İddiaçı təhvil verilmiş qeyri-yaşayış sahəsinin ümumi sahəsi (162,7+119,4)=282,1 m2 təşkil edir. Göründüyü kimi, təhvil verilən qeyriyaşayış sahəsinin hər iki mərtəbəsi üzrə faktiki sahəsi arasında fərq mövcuddur, lakin həmin fərq iddiaçının tələb etdiyi kimi, yəni 30 kv. metr deyil, 18 kv. metr təşkil edir. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq və iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində verilən ekspert rəyini sübut kimi qiymətləndirərək hesab edir ki, hazırda İddiaçı iddiası müqavilə üzrə çatışmayan sahənin cavabdeh tərəfindən ona təhvil verilməsi hissəsində əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin hər iki mərtəbədə İddiaçı təhvil verilmiş obyektdə bloka qapının açılması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassızdır. Belə ki, məhkəməyə təqdim edilmiş ekspert rəyi əsasında müəyyən edilmişdir ki, iddiaçıya təhvil verilən qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində bloka qapının açılması mümkün olsa da, ikinci mərtəbədə bloka qapının açılması mümkün deyildir. Eyni zamanda, yerli baxış zamanı da müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsinin birinci və ikinci mərtəbəsindən bloka giriş qapısının açılması qeyri-mümkündür, binanın layihəsinə ziddir və həmin sahədən bloka çıxış qapısı açıla bilməz. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanan müqavilədə cavabdeh iddiaçının tələb etdiyi kimi hər iki mərtəbə üzrə bloka qapının açılmasını deyil, iddiaçıya təhvil verilməli olan qeyri-yaşayış sahəsinin arxa hissəsindən çıxış qapısının açılmasın öz öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi qaydada birinci və ikinci mərtəbə üzrə bloka qapı açılması birincisi müqavilədə nəzərdə tutulmamış, ikincisi də bunun həm ekspert rəyi ilə, həm də yerli baxış zamanı mümkün olmadığı müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 2021-ci ilin noyabr ayından 2022-ci ilin may ayına qədər iddiaçıya ödənilməyən kirayə haqqının, ayda 3000 manat olmaqla, cəmi 18.000 manat kirayə haqqının cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarında olan “Qeyri-yaşayış sahəsinin təhvil verilməsinə dair” aktdan görünür ki, Cavabdeh MMC tərəfindən pilot layihə olaraq inşa edilmiş çoxmərtəbəli binanın 1-ci və 2-ci mərtəbələrində faktiki sahəsi 300 kv.metr olan təmirli qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə mülkiyyətçi İddiaçı təhvil verildi. İddiaçı təhvil verilən qeyri-yaşayış sahəsini qəbul edib və hal-hazırda istifadə edir. İddiaçı faktiki olaraq qeyri-yaşayış sahəsini qəbul edib və hal-hazırda istifadə edir. İddiaçı faktiki olaraq qeyri-yaşayış sahəsini qəbul edib istifadə etsə də, lakin qeyri-yaşayış sahəsinin qəbul aktına imza etməkdən imtina etmişdir. Beləliklə, həmin aktdan göründüyü kimi qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən iddiaçıya müqavilədə nəzərdə tutulmuş vaxtda təhvil verildiyindən və iddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsi qəbul edildiyindən, cavabdeh qeyri-yaşayış sahəsinə dair aylıq kirayə haqqının iddiaçıya ödənilməsini dayandırmışdır. Eyni zamanda, məhkəmə tərəfindən qeyri-yaşayış sahəsinə yerli baxış keçirilən zaman müəyyən edildi ki, İddiaçı hazırda da həmin qeyri-yaşayış sahəsindən istifadə edir və həmin sahələri icarəyə vermişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 2021-ci ilin noyabr ayından 2022- ci ilin may ayına kimi ödənilməmiş 18.000 manat kirayə haqqının tutulması hissəsində tələbi əsassızdır və rədd edilməlidir.
7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2592/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edərək, iddia ərizəsinin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci mərtəbədə pilləkənin altındakı, sanitar qovşağın divarları altındakı, 2-ci mərtəbədəki pilləkən boşluğu və sanitar qovşağın divarlarının altındakı sahələr və ümumilikdə sahənin kolonları və divarları altındakı sahələr hesaba alınmamalı olduğu halda cavabdeh həmin sahələri iddiaçının əleyhinə hesaba qatmışdır. Yəni, cavabdeh ölçüləri qanuna uyğun şəkildə ölçməməsi nəticəsində iddiaçı ona çatacaq 30 kv.m sahəsindən məhrum edilmişdir. Hal-hazırda iddiaçının mövqeyinə görə qeyri-yaşayış sahəsinə dair kv.mlərin çatışmayan hissələri aşağıdaklı cari vəziyyətlə əhatə olunur: 1-ci mərtəbədə pilləkənin altındakı (3.65 m x 1.28 m=4.672 m) və sanitar qovşağın divarları altındakı (10.55 m x 0.22 m=2.32 m) sahələr, hesablanmamışdır; 2-ci mərtəbədə pilləkən boşluğu (4.08 mx1.20 m=4.892 kv.m) və sanitar qovşağın divarların altındakı (4.8 mx 0.15 m=0.72 kv.m) sahələr nəzərə alınmamış və hesablanmamışdır. Hesab edir ki, istər cavabeh öz ölçülərində, istərsə də ekspert öz ölçmə metodunda düzgün hesablama metodu tətbiq etməmişdir. Belə ki, eksperizanın apardığı tədqiqatda: -1-ci mərtəbədə 24.29 kv.m çatışmayan sahələri 17.3 kv.m göstərmiş, 6.99 sahəni isə hesablamamışdı və ya nəzərindən qaçırmışdır; -2-ci mərtəbədə 6.2 kv.m çatışmayan sahəni 0.6 kv.m kimi göstərmiş 5.6 kv.m hesablamamışdır. İddiaçı isə hesab edir ki, ekspert tərəfindən 30.5 kv.m çatışmayan sahəni 17.9 kv.m kimi səhvə və ya yalnışlığa yol verib göstərmişlər. Ekspert rəyini kifayət və mötəbər sübut hesab edə bilmir, ona görə ki, iddiaçının hallandırmış olduğu tikinti normalarının hesablanmasının cari qeyri-yaşayış sahələrinə tətbiqi və bu tətbiqin hansı qaydada realizə edilməsinə dair mühəndis tərəfindən açıqlama gətirilməmişdir. Ona görə də hesab edir ki, iddiaçı tərəfindən düzgün olaraq təkrar məhkəmə ekspertizası və kompleks məhkəmə ekspertizalarını təyini edilməsi tələb edilmişdir. Ekspertiza necə bu 18 kv.m qənaətinə gələ bilər ki, sol sütunda qeyd edilən tikinti normaları haqqında adı çəkilən qaydaların 3.8-ci bəndində açıq aydın qeyd edilir ki, mənzildaxili pilləkənin altındakı sahə hündürlüyü döşəmədən konstruksiyanın altına qədər 1.6 metr və daha az olduqda pilləkən olan yerləşgənin sahəsinə daxil edilmir. Tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli müqavilə ilə Cavabdeh MMC üzərinə götürmüş olduğu öhdəliklərin lazımi qaydada icra etməyərək qeyri-yaşayış sahəsinin təhvil verərkən onun sahəsinin hesablanmasında dürüst mövqe sərgiləməmiş, təhvil verilməli sahəni 30 kv.m kəm təhvil vermiş, müqavilə üzrə əsas öhdəliklərindən biri olan təhvil verilmiş obyektdə bloka qapı açılması vəzifəsini yerinə yetirməmişdir. Tərəflər arasında müqavilə vardır və cavabdeh tərəfindən həmin müqavilənin: 1.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cavabdeh iddiaçıya binanın 1-i mərtəbəsində 180 kv.m, 2-ci mərtəbəsində 120 kv.m olmaqla, ümumilikdə 300 kv.m qeyri-yaşayış sahəsini (girişi və vitrin pəncələri Azadlıq prospektinə açılan hissədə) yeni binada tikinti işləri başa çatdıqdan sonra təmirli olaraq təhvil verəcəkdir. 1.2-ci maddəsinə əsasən həmin qeyriyaşayış sahəsini müqavilədə nəzərdə tutulan müddətdə və qaydada təmirli olaraq təhvil verilməsi; 3.4.1.ci maddəsinə əsasən qeyriyaşayış sahəsi təmirli mənə təhvil müddət üçün ona ayda 3000 manat ödənilməsi; 4.1.1. maddəsində nəzərdə tutulmuşdur ki, cavabdeh iddiaçıya təhvil veriləcək qeyri-yaşayış sahəsinin arxa hissəsindən bloka çıxış qapısı veriləcəkdir. Bu öhdəliklər cavabdeh tərəfindən icra edilməsi və ya lazımi icra edilməməsi səbəbilə iddiaçıya zərər vurulmamışdır. Cavabdeh iddiaçı ilə olan müqavilə münasibətlərində vicdanlılığın tələb etdiyi tərzdə davranmamışdır. İstər qeyri-yaşayış sahəsinə arxa çıxış qapısının qoyulması məsələsində, istərsə də sahənin düzgün ölçülməsində məsələsində düzgün davranmamışdır. Cavabdeh tərəf müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəlikləri elə məhz lazımi qaydada icra etməmişdir. Yəni obyekti təmirli və vaxtında təhvil vermiş olduğu halda təmiri tamamlanmış şəkildə təhvil götürülməsi üçün iddiaçıya təzyiqlər etmişdir. Vaxtında təhvillə əlaqədar iddianın aylıq icarə gəlirlərini kompnesasiya etmək öhdəliyi götürdüyü halda bu öhdəliyini yerinə yetirməmişdir. İş üzrə ümumiyyətlə məhkəmə tərəfindən sübutlar araşdırılmamışdır. Sübut necə araşdırıla bilər ki, iddiaçının təkrar və məhkəmə-kompleks ekspertizanın təyin edilməsinə dair vəsatətləri ümumiyyətlə qiymət verilmədən qalmaqla yanaşı, iş üzrə mövcud olan digər sübutlarla qarşılıqlı təhlilin aparılmasında məhkəmə maraqlı olmamışdır. Ustaların ərizələri birinci instansiya məhkəmsinə təqdim edilsə də, ümumilikdə həmin qeyri-yaşayış sahəsində işlərin görülməsini həyata keçirən 7 nəfər ustanın adı və əlaqə telefonları iddiaçı tərəfindən şahid qismində dindirilməsini təşkil etmək məqsədilə məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə mülki işin baxış iclasında həmin şahidlərin dəvət edilməsi və dindirilməsi baş verməmişdir. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində qəbul edilmiş ekspert rəyinin nəticə hissəsi ilə hakimi iddianın arxa qapı çıxışının verilməsinə dair iddia tələbini rədd etməsi əsaslarını müqayisə etdikdə bu qeyd edilən nəticəyə gəlmək olur. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 10/4760 nömrəli ekspert rəyinin təhlilindən bu qənaətə gəlmək olar ki, ekspert tərəfindən rəyin əsaslandırılması ilə əlaqədar bir cümlə belə olsun münasibət bildirilməmiş, sadəcə qeyriyaşayış sahəsinin faktiki ölçüləri müəyyən edilmişdir, halbuki, iddiaçının tələbinin düzgün olub olmaması, yəni onun sahəni ölçməsi metodunun düzgün olubolmamasına dair bir mövqe bildirilməmişdir. Ekspertin 30 kv.m deyil məhz 18 kv.m olması qənaətinə hansı hesablanma ilə əlaqədar gəlib-çıxmasına dair bir əsaslandırma mövcud deyildir. Ümumiyyətlə, ekspert hesablamış olduğu hesabladığı 17 kv.m sahənin belə hansı normativlərə istinad edərək hesablanması belə qeyd edilməmişdir. Məhkəmə tərəfindən araşdırılmayan məqamlar: 1.Çatışmayan sahənin ölçüsü. Ekspert tərəfindən çatışmayan ölçünün hansı normativ qaydada aprılan hesablama nəticəsində 18 kv.m olaraq müəyyən edilməsi; 2.Obyketin arxa çıxış qapısının yanğın nəzarətinə dair qanunvericiliyin tələblərinə uyğun olub-olmaması və binanın layihəsində həqiqətən nəzərdə tutulub tutulmaması. Cavabdehin bu “layihədə nəzərdə tutulmamışdır” dəlililnə məhkəmə hansı layihəyə baxaraq bu qənaətə gəlmişdir? Arxa çıxış qapısının olmamasının iddiaçının əmlakının dəyərinin aşağı salınmasında rolu araşdırılmamışdır. Əmtəə şünaslıq ekspertizası təyin edilib müəyyən edilməli halı idi bu halbuki. 3.Həqiqətən obyektin hansı zaman kəsiyində iddiaçıya təhvil verilməsi və bu gec təhvil verilməyə görə cavabdehin kompensasiya məbləğinin ödənilməsindən yayınması ilə bağlı sözügedən Aktlaşdırılmada nə üçün komissiya qaydasına əməl olunmaması. 4.Tikintidə adı keçən “Silinmə, təhvil qəbul məzmunlu ”forma 8 aktlarının araşdırılmaması. Çünki, bu aktlar əsasında iddiaçının sahəsini təmir edən iş icraçısı və fəhlələr görülmüş illəri tarixi ilə təhvil verməli idilər. Nə üçün bu kimi detallı məlumat iddiaçı tələb etdiyi halda araşdırılmamışdır. Maddi hüquq normaları pozulmuşdur, düzgün tətbiq edilməmişdir. O cümlədən, bunun özü prosessual pozuntu hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün əsasdır, çünki, bunun əsasında düzgün qətnamə qəbul edilməmişdir. Məhkəmənin mövqeyi çox təəssüflər olsun ki, heç bir dəlil və sübuta söykənməməklə bir başa cavadeh tərəfin vermiş olduğu izahatın məzmunu ilə eynilik təşkil etmişdir. Halbuki, əgər sahənin təhvil verilməsi tarixinin 2022-ci ilin may ayında olmasına dair sübut etmə yükü iddiaçının üzərinə düşürdüsə, sahənin 2021-ci ilin noyabr ayında təhvil verildiyinə dair sübutların təqdim edilməsi isə cavabdehin üzərinə düşməli idi. Məhkəmə bu hala da diqqət yetirmədən cavabdehin sözlərində iddianın təmin edilməməsinə dair (həmin hissələrdə) qətnamə çıxarmışdır.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
9. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, vergi ödəyicisidir. Rayon məhkəməsinə bu barədə bildirmişdir. İşin məhkəmə aidiyyəti qaydasında kommersiya məhkəməsinə göndərilməsinə etirazı yoxdur.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 bildirir ki, işin məhkəmə aidiyyəti qaydasında kommersiya məhkəməsinə göndərilməsinə etirazı yoxdur.
Tətbiq edilən hüquq normaları:
11. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
12. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir.
13. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. .... Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.”
14. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsində qeyd edilir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, iddia ərizəsinin məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə icraata qəbul edildiyi nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
16. Belə ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanan xx.xx.2017-ci il tarixli müqavilənin 1.1-ci maddəsinə əsasən hazırki müqaviləyə əsasən “Mülkiyyətçi” mülkiyyətində olan ünvan 1 ünvandakı ümumi sahəsi 130 kv.metr olan qeyri yaşayış sahəsini sökülərək yerində yeni yaşayış kompleksinin tikintisi məqsədilə “Cəmiyyət”ə təhvil verməyi, “Cəmiyyət” isə “Mülkiyyətçi”nin faktiki ümumi sahəsinə razılaşdırılmış sahə əlavə etməklə (1-ci mərtəbə üzrə 180 kv.m, 2-ci mərtəbə üzrə 120 kv.m) ümumilikdə 300 kv.m qeyri-yaşayış sahəsini (girişi və vitrin pəncərələri Azadlıq prospektinə açılan hissədə) yeni binada tikinti işləri başa çatdıqdan sonra təmirli olmaqla “Mülkiyyətçi”yə təhvil verməyi öhdələrinə götürmüşlər.
17. Cavabdeh tərəfindən müqavilə öhdəliyi lazımı qaydada icra edilmədiyi üçün iddiaçı hazırki iddia tələbini irəli sürmüşdür.
18. İddiaçı vergi ödəyicisidir. Tərəflər arasında müqavilə bağlanmamışdan qabaq iddiaçı mülkiyyətində olan qeyri yaşayış sahisini icarəyə vermişdir. Gəlir əldə edirdi. Daha sonra cavabdehlə müqavilə bağlayaraq mülkiyyətində olan qeyri yaşayış sahəsini cavabdehə təhvil verməyi, cavabdeh isə yeni binada qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür.
19. Göründüyü kimi hazırki mülki iş, sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisə olduğundan, eləcə də işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin rəsmi qeydiyyat ünvanı Bakı şəhəri olduğundan mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
21. Belə ki, “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Məhkəmə Hüququ Şurasının 4 nömrəli, 14 noyabr 2019-cu il tarixli qərarına əsasən Bakı şəhəri Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidir.
22. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2177/2023 saylı, xx.xx.2023-cü tarixli qətnaməsi ləğv edilməklə mülki iş aidiyyətı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2177/2023 saylı, xx.xx.2023-cü tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı "qeyri-yaşayış sahəsinin təhvil verilməsi, kirayə haqqının ödənilməsi və s." tələbinə dair mülki iş məhkəmə aidiyyətı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov