Məhkəmə qərarları › İş №2(103)-1721/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1721/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1721/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, X4 və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-751/2022 saylı qərardadından Cavabdeh MMC-nin nümayəndəsi X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(004)-751/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 iyul 2018-ci il tarixli 27 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmuş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(004)-751/2022 saylı qətnaməsinin ləğv edilməklə iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(103)- 1408/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(103)- 1408/2023 saylı qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 2994/2023 saylı qərarına əsasən, kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(103)-1408/2023 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır. Daha sonra, Cavabdeh MMC-nin nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-751/2022 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(004)- 751/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə Cavabdeh MMC-nin nümayəndəsi X3 tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-751/2022 saylı qərardadıından Cavabdeh MMC-nin nümayəndəsi X3 tərəfindən verilmiş şikayət həmin məhkəmənin 19 yanvar 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikyaət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassız olaraq maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, süründürməçiliyə xidmət edərək məhkəmələrdə ədalət mühakiməsinin, həqiqətin aydınlaşdırılması, səmərəliliyin, effektivliyin artırılması haqqənda qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-751/2022 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir. Həmin Məcəllənin 67-1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. Həmin Məcəllənin 67-1.2-ci maddəsinə əsasən, birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 67-1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində göstərilən şəxslərin, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. Həmin Məcəllənin 67-1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir: 67-1.4.1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər; 67-1.4.2. insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər; 67-1.4.3. valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar; 67-1.4.4. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; 67-1.4.5. müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər; 67-1.4.6. maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər. Göründüyü kimi, vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməli olan şəxslərin dairəsi qanunvericilikdə müəyyən edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X2 isə nə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(004)-751/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizəsində, nə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(004)- 751/2022 saylı qərardadından şikayətində vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməli olan şəxslərin dairəsinə daxil olduğunu göstərən hər hasnı bir sübut müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, məhkəmə ərizənin təmin edilməməsi üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin nümayəndəsi X3tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-751/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar