Məhkəmə qərarları › İş №2(103)-1723/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1723/2020

03.03.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1723/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Qurbanovun sədrliyi və məruzəsi ilə, X7 və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə iddiaçılar İddiaçı1, İddiaçı3, X2, İddiaçı2 vəkili X5, Cavabdeh Aliyevnanın və cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2525/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Cavabdeh Aliyevnaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsi, 7A nömrəli evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu iltarixli 2(007)- 2525/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçılar həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçılar və İddiaçı2 vəkili X9 apellyasiya şikayətini müdafiə etdilər, cavabdeh və onun vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, mübahisəli ev Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsi, 7A nömrəli evdən ibarətdir. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş və onun inşa edilməsi üçün lazımi icazələr alınmamışdır. İddiaçı X1 Tapdıq Oruc oğlu ilə 1973-cü ildə faktiki nikah münasibətlərinə daxil olmuş və həmin nikahdan hazırki iş üzrə iddiaçılar İddiaçı3 və İddiaçı2 da daxil olmaqla 7 uşaq anadan olmuşdur. Eyni zamanda X10 1985-ci ildə cavabdeh Cavabdeh Aliyevna ilə rəsmi nikaha daxil olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli qətnaməsi ilə X10 ilə Cavabdeh Aliyevna arasında bağlanmış nikah pozulmuşdur. Cavabdeh Aliyevna hal-hazıra kimi həmin mənzildə yaşayır və qeydiyyatdadır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 X6 razılığına əsasən xx.xx.2018-ci il tarixdən həmin ünvanda qeydiyyata alınmışlar. Lakin onlar faktiki olaraq həmin evdə deyil, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4042-60 məhəllə, ev 7, 78 nömrəli mənzildə yaşayırlar. xx.xx.2018-ci il tarixdə X10 vəfat etmişdir. İddiaçılar bildirir ki, onlar mübahisəli evdə yaşamışlar. Cavabdeh isə mərhum Tapdıq Bayramovun qohumu olmuş, Gürcüstanda yaşamış, tək qalmış və müəyyən çətinlikləri olmuşdur. Bu səbəblərə görə Bakıya gəlmiş, həmin vaxt Bakıya qeydiyyata düşmək çox çətin olmuş və buna görə də, mərhum Tapdıq Bayramov cavabdehi qeydiyyata almaq üçün formal olaraq onunla nikaha girmişdir. Onlar 1985-ci ildə formal nikaha daxil olmuşlar, nikah formal xarakter daşımış, cavabdeh onlarla qonşuluqda yaşayan bacısının evində yaşamış və nikah formal olduğu üçün onların uşaqları olmamışdır. İddiaçılar başqa mənzil aldıqları üçün mübahisəli ev boş qalmış və ona görə də, mərhum Tapdıq Bayramov cavabdehi arvadı kimi yox, qohumu kimi ona boş qalmış evdə yaşamasına icazə vermişdir. Onlar 1994-cü ildə mübahisəli evdən köçmüş və Qaraçuxurdakı evdə yaşamışlar. Hazırda cavabdeh onları öz evlərinə buraxmır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, o, 1985-ci ildən Tapdıq Bayramovun ailə üzvü olmuşdur. Tapdıq Bayramov ünvan 2 ünvanında qeydiyyatda olmağına baxmayaraq, 1994-cü ildən etibarən orada yaşamamışdır. O, öz övladları və faktiki arvadı ilə (iddiaçılarla) birlikdə 1994-cü ildən etibarən Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4042/60 məhəllə, ev 7, mənzil 78-də yaşamışdır. Mübahisəli evin sahibi olmaqla 1972-ci ildən etibarən orada yaşayır. Həmin evdə onunla birlikdə müəyyən müddət ərzində keçmiş əri Tapdıq Bayramovla yaşamışdır. Onlardan başqa sözügedən ünvanda bu günə kimi heç kim yaşamamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçıların mübahisəli evə köçürülmələri tələbinin əsaslı hesab edilməsi üçün iddiaçıların əmlak hüquqlarının mövcud olması tələb olunur. Yəni onların mübahisəli evə istifadə hüququ mövcud olmalıdır ki, köçürülmə üçün əsas olsun. Hazırkı işdə isə bu halın mövcudluğu təsdiq olunmur. Belə ki, mübahisəli ev Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Çünki həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və onun tikintisi üçün lazımi icazələr alınmamışdır. Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə isə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının əldə edilməsi mümkün deyildir. Bununla yanaşı Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə etməsini qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 27.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Ona görə də, həmin iddia tələbinə Azərbaycan Respublikası Konstitusiyasının 43cü maddəsinin İ hissəsi və Mülki Məcəllənin 164-cü maddəsi baxımından da qiymət verilməlidir. Bu halda iddianın əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, mübahisəli ev iddiaçıların yaşayış yeri kimi onların sahibliyində olub və cavabdeh qanunsuz olaraq onları həmin evdən istifadə etməyə imkan vermir. Hazırkı işdə isə bu halların mövcudluğu təsdiq olunmur. Belə ki, iddiaçıların özlərinin etirafına görə onlar mübahisəli evdə əvvəllər yaşasalar da, könüllü həmin evdən köçüb getmişlər, cavabdehin həmin evə köçməsinə isə mərhum Tapdıq Bayramov razılıq vermişdir. Kollegiya qeyd edir ki, özbaşına tikinti hesab edilən yaşayış sahəsindən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsinin hüquqi nəticələri qanunvericilikdə göstərilməmişdir. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, göstərilən məsələyə xx xxxx 1965-ci il tarixdə qüvvəyə minmiş Mülki Məcəllənin “Mənzil kirayəsi” adlı 29-cu fəslindəki müvafiq müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Belə ki, İddiaçı1 bildirdiyinə görə o, 1973-cü ildən mübahisəli evdə yaşamışdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsində isə təsbit olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx xxxx 1965-ci ildə qüvvəyə minmiş Mülki Məcəllənin xx.xx.1986-cı il tarixə qədər qüvvədə olan 331-ci maddəsinin ikinci hissəsinə görə kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yerə getdiyi halda, mənzil kirayə müqaviləsi onların getdiyi gündən pozulmuş hesab olunur. İddiaçıların özlərinin etirafına görə onlar 1994-cü ildən mübahisəli evdə yaşamadıqlarına və başqa yaşayış sahəsinə köçdüklərinə görə kollegiya belə nəticəyə gəlir ki, Mülki Məcəllənin qeyd olunan maddəsinə əsasən onların mübahisəli evə qanunun analogiyası üzrə qəbul edilən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Bu baxımdan kollegiyası hesab edir ki, iddiaçıların bildikləri hallar əsas götürüldüyü halda iddia tələbləri özü-özlüyündə əsassızdır. Ona görə də, tərəflərin təqdim etdiyi sübutlar araşdırılmadan iddia tələbləri rədd edilməlidir. Bundan başqa nəzərə alınır ki, cavabdeh ən azı 1985-ci ildən (iddiaçılar bunu etiraf edir, cavabdeh isə 1972-ci ildən həmin evdə yaşadığını bildirir) hazıra kimi həmin evdə yaşayır və bu müddət ərzində iddiaçılar buna etiraz etməmişlər. İddiaçıların 2018-ci ildə məhkəmənin qərarı əsasında həmin evə qeydiyyata alınmasına dair isə kollegiya qeyd edir ki, pasport qeydiyyatı əmlak hüquqlarını yaratmır və onun məqsədi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda açıqlanıb. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Sonuncuya dair kollegiya qeyd edir ki, əşyalara dair əmlak hüquqlarının yaranması, qeydiyyatı və s. məsələləri tənzimləyən mülki və mənzil qanunvericiliyinin tələblərinə görə iddiaçıların mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüquqları mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2525/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar