Məhkəmə qərarları › İş №2(103)-1728/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1728/2020

26.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1728/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmasına dair» iddia ərizəsi üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qəbul etdiyi 2(007)-1799/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10000 (on min) manat məbləğində kompensasiya verilməklə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 47 saylı evin 14 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 47 saylı evin 14 saylı mənzili tam mülkiyyət hüququ ilə ona məxsusdur və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 717 nömrəli reyestr kitabının 67249 nömrəli səhifəsində qeydiyyat aparılmışdır. Cavabdeh onun gəlinidir və 2002-ci ildə mübahisəli mənzilə gəlin olaraq onun oğlu ilə birlikdə müvəqqəti köçmüşdür. 2017-ci ildə onların münasibətləri pozulmuşdur. Cavabdehin onun oğlu X4 ilə nikahları artıq məhkəmə qaydasında pozulmuşdur və Pərviz yetkinlik yaşına çatmayan övladı X1 üçün aliment ödəyir. Mülkiyyətində olan mənzilə onunla yanaşı oğlu X4 və nəvəsi X5 da qeydiyyatdadırlar. Oğlunun nikah münasibətlərinə xitam verildikdən sonra gəlini Cavabdeh ona qarşı mənzilə istifadə hüququnun tanınmasına dair iddia ilə Nizami rayon məhkəməsinə müraciət etmişdir. Nizami rayon məhkəməsi cavabdehin iddiasını rədd etsə də, Apellyasiya məhkəməsi qətnamədən verilən şikayəti təmin edərək Nizami rayon məhkəməsinin qətnaməsini ləğv edib iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Hazırda onun özü mənzilində yaşamır, belə ki, gəlini ilə oğlunun münasibətləri ona pis təsir göstərir. Cavabdehin qərəzli hərəkətləri nəticəsində o, mənzilini tərk etmək məcburiyyətində qalmışdır. Onun özü əmək veteranıdır və ağır Parkinson xəstəliyindən əziyyət çəkir, daimi qulluğa ehtiyacı vardır. Hazırda o, oğlu Pərvizlə birlikdə kirayədə yaşayır. Onun öz mülkiyyəti üzərində olan bütün hüquqları məhdudlaşdırılmışdır və mənzilindən istədiyi kimi istifadə edə bilmir. Ona görə də hesab edir ki, cavabdehin onun mənzilinə olan istifadə hüququna xitam verilməli və o, mənzildən çıxarılmalıdır. Cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün ona kompensasiya təklif edir. Qeyd edilənləri nəzərə alaraq, iddiasının təmin edilməsi, cavabdehə kompensasiya ödənilməklə onun mənzildən istifadə hüququna xitam verilməsini və cavabdehin həmin mənzildən çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1799/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi 47 saylı evin 14 saylı mənzilindən istifadə hüququna, ona İddiaçı tərəfindən 16000 (on altı min) manat kompensasiya ödənilməklə xitam verilməsi və Cavabdeh həmin mənzildən çıxarılması, İddiaçı oğlu tərəfindən kompensasiyanın ödənilməsi ilə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 47 saylı evin 14 saylı mənzilindən çıxarılmasının eyni vaxtda icra edilməsi qət edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdeh X3 oğlu X4 ilə xx xxxxxxxx 2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahdan xx xxxxxxx 2003-cü il tarixdə Rəhman adlı bir övladları anadan olmuşdur. O, ailə həyatı quran zaman özünə məxsus bütün cehiz əşyalarını hazırda yaşadığı Nizami rayonu Rüstəmov küçəsi ev 47 mənzil 14 ünvanına gətirmişdir. 2002-ci ildən 2018-ci ilin fevral ayına kimi cavabdeh və ailə üzvləri ilə birlikdə bu mənzildə yaşamış, təsərrüfatı birgə idarə etmişlər. Əvvəllər həyat yoldaşı ilə ailə münasibətləri normal olmuşdur. Lakin 2018-ci ilin əvvəllərində aralarında yaranan ailədaxili mübahisələrdən sonra o, təxminən xx.xx.2018-ci il tarixdə yaşadıqları Bakı şəhəri Nizami rayonu Rüstəmov küçəsi ev 47 mənzil 14-ü tərk edərək evdən getmişdir. Bundan sonra həyat yoldaşı X4 "nikahın pozulması tələbinə dair" məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və iddia təmin olunmuşdur. Dəfələrlə iddiaçıya və həyat yoldaşına müraciət edərək mənzilə pasport qeydiyyatına alınmasını xahiş etsə də, iddiaçı müxtəlif bəhanələrlə onun yaşadıqları mənzilə qeydiyyata alınmasına razı olmamışdır. Hazırda yaşadığı Bakı şəhəri Nizami rayonu Rüstəmov küçəsi ev 47 mənzil 14 iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzilin icarədarı iddiaçının həyat yoldaşı olmuşdur. O, 1982-ci ildə vəfat etmişdir. O, bu mənzilə gəlin köçəndən təxminən 6 il sonra mənzil iddiaçının adına özəlləşdirilmişdir. Mənzil özəlləşdirilən ərəfələrdə o, bu mənzildə artıq iddiaçı ilə birgə yaşayaraq təsərrüfatı birgə idarə etməklə onların ailə üzvləri sırasına daxil olmuşdur. Mübahisəli mənzilə 2002-ci ildə iddiaçının öz razılığı ilə gəlin köçmüşdür. Həmin vaxtdan indiyə kimi bu mənzildə yaşayır. Bu mənzildə müvəqqəti yaşamağı üçün gəlin köçməzdən əvvəl və ya sonra iddiaçı ilə aralarında heç bir qeyd-şərt olmamışdır. O, bu mənzilə daimi yaşamaq üçün gəlin köçmüşdür. Yalnız sonradan bu mənzilə qeydiyyata alınmağını xahiş edən zaman iddiaçı və həyat yoldaşının ona qarşı münasibətləri dəyişməyə başlamışdır. Onun müraciətindən sonra iddiaçı və həyat yoldaşı qərara gəldilər ki, onu və övladını bu mənzildən çıxarsınlar. Mübahisəli mənzilə istifadə hüququ olduğu üçün mənzildən yalnız istifadə edərək övladı ilə birlikdə orada yaşayır. O, iddiaçını mənzildən qovmamışdır. İddiaçı özü könüllü olaraq evdən getmişdir. Səhkəmə qətnaməsi ilə ona verilməsi qət edilmiş 16000 manat kompensasiyanın məbləği ilə razı deyildir, hesab edir ki, ona 35000 manat kompensasiya verilməlidir. Qətnamə MPM-nin tələblərinin pozulması ilə çıxarılmış, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar tam araşdırılmamışdır. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə apellyasiya şikayəti cavabdeh tərəfindən verildiyi üçün qətnamə iddianın təmin edilmiş hissəsində yoxlanılır. Çünki məhkəmə qətnaməsi digər hissələrdə mübahisələndirilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Seriya MH0144051 №-li qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 47 saylı evin 14 saylı mənzili İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2008-ci il tarixdə qeydiyyatdan keçmişdir. Nizami rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(007)-2396/2018 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınmasına dair ilkin iddia tələbi rədd, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası isə təmin edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)-757/2019 saylı qətnaməsi ilə ləğv edilmiş, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Apellyasiya məhkəməsinin həmin qətnaməsinin məzmunundan görünür ki, məhkəmə mənzildən çıxarılmaya dair qarşılıqlı iddianı rədd edərkən Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun olduğu, bu səbəbdən də onun mənzildən çıxarılmasının yalnız kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi yolu ilə mümkün olduğu qənaətinə gəlmişdir. «xxxx» MMC-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli qiymətləndirmə aktından görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi 47 saylı evin 14 saylı mənzilinin 2019-cu ilin iyun ayına bazar qiyməti 57000 (əlli yeddi min) manat dəyərləndirilir. İddiaçı tərəfindən təqdim edilmiş evlərin alqı-satqısı üzrə ixtisaslaşmış internet səhifələrindən çıxarışlardan görünür ki, Nizami rayonu, Neftçilər m/s-nın yaxınlığında iki otaqlı mənzilin satış qiyməti 52000 manat, həmin ərazidə iki otaqlı mənzilin aylıq kirayə qiyməti 270 manat təşkil edir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdu ki, Cavabdeh mübahisəli mənzildə istifadə hüququ vardır və iddiaçı həmin hüquqa xitam verilməsi üçün cavabdehə 16000 (on altı min) manat məbləğində kompensasiya təklif edir. Mübahisəli mənzil Nizami rayonu «Neftçilər» metro stansiyasının yaxınlığında yerləşməklə 42.2 kv.m ümumi sahəsi olan iki otaqdan ibarətdir və orta təmirlidir. Cavabdeh iddiaçının oğlu ilə nikahlarının pozulmasından sonra həmin evdə hal-hazıradək yaşamaqda davam edir. İddiaçı evindən çıxaraq başqa ünvanda yaşayır. Bununla bağlı birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 47 saylı evin 14 saylı mənzilindən istifadə hüququna, ona İddiaçı tərəfindən 16000 (on altı min) manat kompensasiya ödənilməklə xitam verilməsi və Cavabdeh həmin mənzildən çıxarılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edildiyi hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, hazırki işdə Cavabdeh yaşayış evindən istifadə etməsi ilə əlaqədar hüquq münasibətləri 2002-ci ildə yarandığından, həmin münasibətlə bağlı mübahisə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələblərinə uyğun həll edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2. maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Göründüyü kimi, istifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər” müddəasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218.3-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən Mülki Prosessual Məcəllənin 218.1 və 218.3 maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228.2 maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 47 saylı evin 14 saylı mənzilinin mülkiyyətçisi olan İddiaçı tərəfindən Cavabdeh 16000 manat kompensasiyanın verilməsi müqabilində onun həmin mənzildən istifadə hüququna xitam verilməsi və sonuncunun həmin mənzildən çıxarılması hazırkı mübahisənin ədalətli həllidir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçıdan 35000 manat kompensasiya tələb etməsi əsaslandırılmadığından və işin ədalətli həllinə xidmət etmədiyi üçün həmin dəlil qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olub, MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas yaratmadığından təmin olunmamalı, bununla da qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1799/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş 10 (on) dövlət rüsumu onlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar