Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1729/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-509/2022 saylı iş üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MTK-ya qarşı "pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-509/2022 saylı iş üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış müqavilə üzrə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 16, mənzil 200, 3-cü girişin 10-cu mərtəbəsində yerləşən mənzilə görə artıq ödənilmiş 12600 (on iki min altı yüz) manatın, habelə ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumunun və kommunal xərclərə dair artıq ödənilmiş 200 (iki yüz) manatın, ümumilikdə 12.928 (on iki min doqquz yüz iyirmi səkkiz) manat pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın Cavabdeh MTK-dan tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh MTK elektron qaydada apellyasiya şikayəti vermişdir. Kollegiya hesab edir ki, hazıki halda Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün prosessual əsaslar olmadığında qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Kollegiya qeyd edir ki, iş materiallarında göründüyü kimi, Cavabdeh MTK Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-509/2022 saylı iş üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verməklə yanaşı müddətin bərpası barədə ərizə vermiş olsa da, birinci instansiya məhkəməsi həmin ərizəyə hüquqi qiymət vermədən apellyasiya şikayətinə baxılması üçün mülki işi apellyasiya məhkəməsinə göndərmişdir. Kollegiya qeyd edir ki, hazırkı halda prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsi Cavabdeh MTK tərəfindən verilmiş müddətin bərpası barədə ərizəyə baxaraq hüquqi qiymət verməli və ərizənin nəticəsindən asılı olaraq apellasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərməsi məsələsi müzakirə edilməlidir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-509/2022 saylı iş üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, Cavabdeh MTK tərəfindən verilmiş müddətin bərpası barədə ərizə hüquqi qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-509/2022 saylı iş üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Cavabdeh MTK tərəfindən verilmiş müddətin bərpası barədə ərizəyə hüquqi qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1729/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1729/2023
25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver