Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-173/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı LPO QSC “Bank Standart” KB-nin nümayəndəsi Əsgərova Əfifə Füzuli qızının, ilkin iddia üzrə cavabdehlər Tağıyev Rafiq Həsənqulu oğlunun və Məhərrəmov Nuşravan Böyükkişi oğlunun vəkili Ağaşirinov Ağalar Əzizağa oğlunun iştirakları ilə, İlkin iddia üzrə iddiaçı LPO QSC “Bank Standart” KB-nin ilkin iddia üzrə cavabdehlər “xxxx” MMC, Tağıyev Rafiq Həsənqulu oğlu, Məhərrəmov Nuşravan Böyükkişi oğlu və Tağıyev Elman Həsənqulu oğluna qarşı «kredit üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsinə dair» iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Tağıyev Rafiq Həsənqulu oğlunun qarşılıqlı iddia üzrə cavabdehlər (ilkin iddia üzrə iddiaçılar) LPO “Bank Standart” KB-yə və “xxxx” MMC-yə qarşı “müqaviləyə xitam verilməsi barədə” qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçılar (ilkin iddia üzrə cavabdehlər) Məhərrəmov Nuşravan Böyükkişi oğlunun və “xxxx” MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) LPO “Bank Standart” KB-yə qarşı “müqaviləyə xitam verilməsi barədə” qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5340/2018 saylı, 10 avqust 2018-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İlkin iddia üzrə iddiaçı LPO QSC “Bank Standart” KB ilkin iddia üzrə cavabdehlər “xxxx” MMC, Tağıyev Rafiq Həsənqulu oğlu, Məhərrəmov Nuşravan Böyükkişi oğlu və Tağıyev Elman Həsənqulu oğluna qarşı «kredit üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 04 iyul 2014-cü il tarixdə “xxxx” MMC QSC «Bank Standart» KB-yə (bundan sonra mətndə - Bank) ərizə ilə müraciət edərək, ona 400.000 manat məbləğində kredit verilməsini xahiş etmişdir. Bank ilə “xxxx” MMC arasında 04 iyul 2014-cü il tarixində kredit verilməsi haqqında 170/00/3251/14 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən “xxxx” MMC-yə illik 17 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 400.000 manat məbləğində kredit xətti açılmışdır.19 fevral 2015-ci il tarixli, 01 saylı əlavə sazişə əsasən 04 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit xəttindən 120.000 manat və 356.370 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə “xxxx” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Rafiq Həsənqulu oğlu Tağıyev (bundan sonra mətndə - R.H.Tağıyev) tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 qeyri-yaşayış sahəsini 07 iyul 2014-cü il tarixli 170/00/3251/14 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış; seriya RX № 0576434, 137 № reyestr kitabında, 12799 № vərəqdə, qeydiyyat nömrəsi **********, 25 fevral 2015-ci il). Eyni zamanda, kredit müqaviləsi üzrə “xxxx” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Nuşravan Böyükkişi oğlu Məhərrəmov (bundan sonra mətndə - N.B.Məhərrəmov) tam mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha, 0.1357 ha, 0.403538 ha, 0.679354 ha torpaq sahələrini 11 iyul 2014-cü il tarixli, 170/00/3249/14 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış; seriya RX № 0710959, 0710964, 0710961,0710962).Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Tağıyev Elman Həsənqulu oğlu (bundan sonra - Zamin) 11 iyul 2014-cü il tarixli 170/00/3249/14 saylı zaminlik müqaviləsi (bundan sonra - Zaminlik Müqaviləsi) əsasında kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.Lakin borclu şəxs hazırkı iş üzrə cavabdeh “xxxx” MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 1,185.38 manat məbləğində əsas borc, 3,710.59 manat məbləğində faiz borcu, 14,443.89 manat məbləğində cərimə borcu, 4,916.30 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 24,256.16 manat məbləğində borcu; 355,780.48 ABŞ dolları məbləğində əsas borcu, 8,194.84 ABŞ dolları məbləğində faiz borcu, 72,430.97 ABŞ dolları məbləğində cərimə borcu, 17,046.45 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə 453,452.74 ABŞ dolları məbləğində borcu qalmışdır. İddiaçı Bank ilə “xxxx” MMC arasında bağlanmış 04 iyul 2014-cü il tarixli, 170/00/3251/14 saylı kredit müqaviləsi üzrə 1,185.38 manat məbləğində əsas borc, 3,710.59 manat məbləğində faiz borcu, 14,443.89 manat məbləğində cərimə borcu, 4,916.30 gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 24,256.16 manat məbləğində borcu; 355,780.48 ABŞ dolları məbləğində əsas borcu, 8,194.84 ABŞ dolları məbləğində faiz borcu, 72,430.97 ABŞ dolları məbləğində cərimə borcu, 17,046.45 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə 453,452.74 ABŞ dolları məbləğində pulun, 30 manat məhkəmə üçün və 150 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 180 manat məbləğində dövlət rüsumunun cavabdehlər “xxxx” MMCdən, E.H.Tağıyevdən müştərək qaydada tutulması; ipoteka predmetinin ilkin satış qiyməti 517.500 manat məbləğində müəyyən edilməklə cavabdehlərdən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 qeyri-yaşayış sahəsinə; ipoteka predmetlərinin ilkin satış qiymətinin 275 093,35 manat məbləğində müəyyən edilməklə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha, 0.1357 ha, 0.403538 ha, 0.679354 ha torpaq sahələrinə yönəldilməsi və açıq hərracdan satılması; tutma yönəldildikdən və əmlaklar satıldıqdan sonra ipoteka qoyan qeyri-yaşayış sahələrini ən geci bir ay ərzində tərk etmədikdə və çıxmadıqda həmin şəxslərin məcburi qaydada çıxarılmaları barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) R.H.Tağıyev qarşılıqlı iddia üzrə cavabdehlər (ilkin iddia üzrə iddiaçılar) LPO “Bank Standart” KB-yə və “xxxx” MMC-yə qarşı “müqaviləyə xitam verilməsi barədə” qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, 07 iyul 2014-cü il tarixdə iddiaçı R.H.Tağıyev borc alan “xxxx” MMC və cavabdeh Bank (Ləğvetmə prosesindədir) arasında üç tərəfli 170/00/3251/14 nömrəli İpoteka Müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1.-ci bəndinə görə cavabdeh Bank ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 04 iyul 2014cü il tarixli 170/00/3249 saylı və 170/00/3251/14 saylı kredit müqavilələrinə müvafiq olaraq Bank cababdeh “xxxx” MMC-yə Kafel-Keramik yapışdırıcı sexinin və alçıpan sexinin dövriyyəsinin artırılması, gips istehsalı sexinin qurulması avadanlıqlarının alınması və tikinti işlərinin aparılması məqsəd ilə kreditdən istifadəyə görə illik 17 faiz ödəməsi şərti ilə müvafiq olaraq 04 iyul 2017-ci il tarixinədək 500.000 manat məbləğində kredit və 04 iyul 2016-cı il tarixinədək 500.000 manat kredit xətti verir. Müqavilənin 2.1-ci bəndinə görə kredit müqaviləsi üzrə cavabdeh “xxxx” MMC-nin öhdəliyinin icrasını təmin etmək məqsədilə R.H.Tağıyev ünvan 1 ünvanındakı binanın 1-ci mərtəbəsində yerləşən 279,8 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini Bankın qarşısında ipoteka ilə yüklü edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı göstərmişdir ki, ipoteka müqaviləsində ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti və ölçüsü düzgün göstərilməmişdir.Belə ki, cavabdehlər arasında bağlanan 04.07.2014-cü il tarixli, 170/00/3251/2014 nömrəli kredit müqaviləsinin 2.1-ci bəndində göstəprilmişdir ki, Bank cavabdeh «xxxx» MMC-yə 400 000 manat məbləğində kredit xətti verir.İpoteka müqaviləsində isə ipoteka ilə təmin edilən öhdəliyin ölçüsü şişirdilərək 500.000 manat göstərilmişdir.Bundan əlavə, 19 fevral 2015-ci il tarixdə cavabdeh Bank və cavabdeh «xxxx» MMC arasında 04 iyul 2014-cü il tarixli, 170/00/3251/2014 saylı kredit müqaviləsinə 01 saylı əlavə saziş və 19 fevral 2015-ci il tarixdə 04 iyul 2014-cü i tarixli, 170/00/3249/2014 saylı kredit müqaviləsinə 01 saylı əlavə saziş bağlanmış, kredit müqavilələrinin 2.1-ci bəndi dəyişdirilmişdir.Həmin kredit müqavilələrinin 2.1-ci bəndi ipoteka müqaviləsi üzrə ipoteka ilə təmin edilən öhdəliyin mahiyyətini və ölçüsünü əks etdirdiyindən İpoteka Müqaviləsinin 2.1-ci bəndinə dəyişiklər edilməli, iddiaçı Tağıyev Rafiq Həsənqulu oğlunun razılığı alınmalı idi.Göstərilənlərə əsasən iddiaçı R.H.Tağıyev cavabdeh «xxxx» MMC və cavabdeh Bank arasında bağlanmış 07 iyul 2014-cü il tarixli, 170/00/3251/14 nömrəli ipoteka müqaviləsinə xitam verilməlidir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçılar (ilkin iddia üzrə cavabdehlər) N.B.Məhərrəmov və “xxxx” MMC qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) LPO “Bank Standart” KB-yə qarşı “müqaviləyə xitam verilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 11 iyul 2014-cü il tarixdə iddiaçı Məhərrəmov Nuşravan Böyükkişi oğlu, borc alan “xxxx” MMC və Bank arasında üç tərəfli 170/00/3249/14 nömrəli İpoteka Müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci bəndində görünür ki, iddiaçı N.B.Məhərrəmov mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,679354 ha, 0,403538 ha, 0,10 ha, 0,1357 ha torpaq sahələrini cavabdeh Bank qarşısında ipoteka ilə yüklü etmişdir.Qeyd olunan müqavilə imzalanan an həmin torpaq sahələrində min kvadrat metrlərlə sahəsi olan qeyri-yaşayış obyektləri mövcüd olmuşdur. Həmin dövrdən bu günə kimi, qeyd olunan qeyri-yaşayış sahələrində tikinti emali zavodları fəaliyyət göstərmişdir. Halbuki, mübahisələndirilən ipoteka müqaviləsində ipoteka predmetinin təsviri verilməli, adı, yeri dəqiq göstərilməli idi. Müqavilədə torpaq üzərində olan daşınmaz əmlakın sahəsi və təsviri göstərilməmişdir.Müqavilənin 2.1-ci bəndində ipoteka predmetinin ümumi dəyəri 275 093,35 manat göstərilmişdir.Ümumi sahəsi 1,3 ha olan torpaq sahəsinin təxmini qiymətini əks etdirir.Lakin torpaq sahələri üzərində olan tikililərin dəyəri 5 milyon manat məbləğdən yuxarıdır.Müqavilənin 1.7-ci bəndində gösərilmişdir ki: «Bu müqavilə qüvvəyə mindikdən sonra, ipoteka predmeti üzərində tikinti işləri aparıldıqda, eləcə də ipoteka predmeti hər hansı bir formada artırıldıqda» (ipoteka predmetinin ləvazimatları, qurğular vəsair) həmin tikililər və artırmalar ipoteka predmetinin tərkib hissəsi sayılır və ipoteka ilə yüklü edilmiş hesab edilir.Müqavilənin qeyd olunan bəndində tikililər və artırmalar ipotekanın predmetinin tərkib hissəsi sayılır, lakin tikililərin təsviri, sahəsi göstərilməmişdir. Beləliklə o, hesab edir ki, mübahisəli ipoteka müqaviləsi istinad olunan normanın tələblərinə zidd olaraq tərtib edilmişdir.Cavabdehlər arasında bağlanan 04.07.2014-cü il tarixli, 170/00/3251/14 nömrəli kredit müqaviləsinin 2.1-ci bəndində göstərilmişdir ki, Bank cavabdeh «xxxx» MMC-yə 400.000 manat məbləğində kredit xətti vermir.İpoteka müqaviləsində isə ipoteka ilə təmin edilən öhdəliyin olçüsü şişirdilərək 500.000 manat göstərilmişdir. Bundan əlavə, 19 fevral 2015-ci il tarixdə cavabdeh Bank və cavabdeh “xxxx” MMC arasında 04 iyul 2014-cü il tarixli, 170/00/3251/14 saylı kredit müqaviləsinə 01 saylı əlavə saziş və 19 fevral 2015-ci il tarixdə 04 iyul 2014-cü il tarixli, 170/00/3249/14 saylı kredit müqaviləsinə 01 saylı əlavə saziş bağlamış, kredit müqavilələrin 2.1-ci bəndi dəyişdirilmişdir. N.B.Məhərrəmov cavabdeh “xxxx” MMC və cavabdeh QSC “Bank Standart” KB aralarında bağlanmış 11 iyul 2014-cü il tarixli, 170/00/3249/14 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, iddiaçı Məhərrəmov Nuşravan Böyükkişi oğlu, iddiaçı “xxxx” MMC və cavabdeh QSC “Bank Standart” KB arasında bağlanmış 11 iyul 2014-cü il tarixli 170/00/3249/14 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-5340/2018 saylı, 10 avqust 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, ilkin iddia üzrə cavabdehlər “xxxx” MMC və Tağıyev Elman Həsənqulu oğlundan ilkin iddia üzrə iddiaçı LPO QSC “Bank Standart” KB -nin xeyrinə 04 iyul 2014-cü il tarixli 170/00/3251/14 saylı Kredit Müqaviləsi üzrə 1185,38 manat əsas borcu, 3710,59 manat faiz borcu, 4916,30 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz, 2 889 manat cərimə borcu olmaqla, ümumi 12701 manat məbləğində borcun, 355.780,48 ABŞ dolları əsas borcu, 8 194,84 ABŞ dolları faiz borcu, 14.486 ABŞ dolları cərimə, 17.046,45 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumi 395.508 ABŞ dolları (Ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində borcun tutulması, ilkin iddia qismən təmin edildiyindən, iddiaçı LPO QSC “Bank Standart” KB tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 52%-i, yəni 16 manatının “xxxx” MMC, Tağıyev Rafiq Həsənqulu oğlu, Məhərrəmov Nuşravan Böyükkişi oğlu və Tağıyev Elman Həsənqulu oğlundan müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, qalan 48%-i, yəni 14 manatının iddiaçıya aid edilməsi, qarşılıqlı iddia ərizələri təmin edilərək, qarşılıqlı iddia üzrə iddiaçılar Tağıyev Rafiq Həsənqulu oğlu və “xxxx” MMC ilə qarşılıqlı iddia üzrə cavabdeh QSC “Bank Standart” KB arasında bağlanmış 07 iyul 2014-cü il tarixli, 170/00/3251/14 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilərək xitam verilməsi, qarşılıqlı iddia təmin edildiyindən, qarşılıqlı iddia üzrə iddiaçı Tağıyev Rafiq Həsənqulu oğlu tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh QSC “Bank Standart” KB-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçılar Məhərrəmov Nuşravan Böyükkişi oğlu və “xxxx” MMC ilə qarşılıqlı iddia üzrə cavabdeh QSC “Bank Standart” KB arasında bağlanmış 11 iyul 2014-cü il tarixli, 170/00/3249/14 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilərək xitam verilməsi, qarşılıqlı iddia təmin edildiyindən, qarşılıqlı iddia üzrə iddiaçı Məhərrəmov Nüşravan Böyükkişi oğlu və “xxxx” MMC-nin tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh QSC “Bank Standart” KB-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və Bank ilə “xxxx" MMC arasında bağlanmış 04 iyul 2014-cü il tarixli 170/00/3251/14 saylı kredit müqaviləsi üzrə 1,185.38 manat məbləğində əsas borc, 3,710.59 manat məbləğində faiz borcu, 14,443.89 manat məbləğində cərimə borcu, 4,916.30 gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 24,256.16 manat məbləğində borcu; 355,780.48 ABŞ dolları məbləğində əsas borcu, 8,194.84 ABŞ dolları məbləğində faiz borcu, 72,430.97 ABŞ dolları məbləğində cərimə borcu, 17,046.45 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə 453,452.74 ABŞ dolları məbləğində pulun, 30 manat məhkəmə üçün və 150 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 180 manat məbləğində dövlət rüsümunun cavabdehlər “xxxx” MMC-dən, Elman Həsənqulu oğlu Tağıyevdən müştərək qaydada tutulmasına və ipoteka predmetinin ilkin satış qiyməti 517.500 manat məbləğində müəyyən edilməklə cavabdehlərdən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 qeyri-yaşayış sahəsinə ipoteka predmetlərinin ilkin satış qiymətinin 275093,35 manat məbləğində müəyyən edilməklə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha, 0.1357 ha, 0.403538 ha, 0.679354 ha torpaq sahələrinə yönəldilməsinə və açıq hərracdan satılmasına, tutma yönəldildikdən və əmlaklar satıldıqdan sonra ipoteka qoyan qeyri-yaşayış sahələrini ən geci bir ay ərzində tərk etmədikdə və çıxmadıqda həmin şəxslərin məcburi qaydada çıxarılmalarına və qarşılıqlı iddiaların rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və ilkin iddia üzrə iddiaçının iddia tələbinin təmin edilməsinə, qarşılıqlı iddialar üzrə iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Qeyd olunmuşdur ki, cavabdeh “xxxx” MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 1,185.38 manat məbləğində əsas borc, 3,710.59 manat məbləğində faiz borcu, 14,443.89 manat məbləğində cərimə borcu, 4,916.30 gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 24,256.16 manat məbləğində borcu; 355,780.48 ABŞ dolları məbləğində əsas borcu, 8,194.84 ABŞ dolları məbləğində faiz borcu, 72,430.97 ABŞ dolları məbləğində cərimə borcu, 17,046.45 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə 453,452.74 ABŞ dolları məbləğində borcu qalmışdır. Mübahisəli kredit müqaviləsi üzrə “xxxx” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Rafiq Həsənqulu oğlu Tağıyev tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 qeyri-yaşayış sahəsini 07 iyul 2014-cü il tarixli 170/00/3251/14 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə “xxxx” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Nuşravan Böyükkişi oğlu Məhərrəmov tam mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha, 0.1357 ha, 0.403538 ha, 0.679354 ha torpaq sahələrini 11 iyul 2014-cü il tarixli 170/00/3249/14 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bank ilə ipoteka qoyanlar arasında bağlanmış ipoteka müqavilələrinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetlərinə tutma yönəltmək hüququ vardır.Yuxarıda göstərilən kredit müqaviləsinin təminatı kimi tərəflər arasında bağlanmış 07 iyul 2014-cü il tarixli 170/00/3251/14 saylı və 11 iyul 2014-cü il tarixli 170/00/3249/14 saylı ipoteka müqavilələrinə xitam verilməsi nəticəsində banka ödənilməli olan borc məbləği real risk qarşısında qoyulacaqdır. Bundan başqa həm kredit, həm ipoteka müqavilələri tərəflərin razılığı ilə, iradələrinə zidd olmadan şəxsən imzalanmış, hüquq və vəzifələr yazılı və aydın şəkildə tərəflərə ifadə olunmuşdur. Bundan başqa qarşılıqlı iddiasdında qeyd olunur ki, ipoteka predmetində ipoteka predmetinin təsviri verilməmişdir. Halbuki, hər iki ipoteka müqaviləsində mübahisəli obyektin yerləşdiyi yer, sahə ölçüsü, həmçinin bütün məlumatların əks etdirildiyi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın seriya nömrəsi də qeyd edilməklə ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehlər R.H.Tağıyev və N.B.Məhərrəmovun vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, həmçinin izahatında iş üzrə verilmiş qiymətləndirmə rəyi ilə razı olmadığını bildirmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış digər ilkin iddia üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini düzgün əsaslandırmamış, gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamışdır. Birinci instansiya məhkəməsi əsassız olaraq qarşılıqlı iddia tələblərini təmin etmişdir. Halbuki, MPM-in 220.4-cü və 220.5-ci maddələrinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar, nəticə hissəsində isə məhkəmə xərclərinin hansı qaydada bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi-prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarında olan Bank ilə “xxxx” MMC arasında 04 iyul 2014-cü il tarixində kredit verilməsi haqqında 170/00/3251/14 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən “xxxx” MMC-yə illik 17 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 400 000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 19 fevral 2015-ci il tarixli 01 saylı əlavə sazişə əsasən 04 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit xəttindən 120 000 manat və 356 370 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 07 iyul 2014-cü il tarixli 170/00/3251/14 saylı ipoteka müqaviləsinə əsasən məlum olur ki, kredit müqaviləsi üzrə “xxxx” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh R.H.Tağıyev tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 qeyri-yaşayış sahəsini Bank qarşısında ipoteka ilə yüklü etmişdir (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış; seriya RX № 0576434, 137 № reyestr kitabında, 12799 № vərəqdə, qeydiyyat nömrəsi **********, 25 fevral 2015-ci il). İş materiallarında olan 11 iyul 2014-cü il tarixli 170/00/3249/14 saylı ipoteka müqaviləsinə əsasən məlum olur ki, kredit müqaviləsi üzrə “xxxx” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh N.B.Məhərrəmov tam mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha, 0.1357 ha, 0.403538 ha, 0.679354 ha torpaq sahələrini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan 11 iyul 2014-cü il tarixli, 170/00/3249/14 saylı zaminlik müqaviləsinə əsasən məlum olur ki, kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə E.H.Tağıyev borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Kollegiya ilk növbədə qarşılıqlı iddia tələblərinə qiymət verərək qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi olmaqla, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən ipoteka müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, mübahisələndirdikləri müqavilələrə dair hüquqi proseslər barəsində qarşılıqlı iddia üzrə iddiaçıların müqavilə tərəfi kimi azadlığı olmuşdur və bu, mülki qanunvericiliyin əsas prinsiplərindən olan “müqavilələr azadlığı” prinsipinin təbii nəticəsidir. İpoteka müqavilələrində ipoteka predmetlərini olan torpaq sahələrinin üzərində olan tikililərin təsviri, sahəsi göstərilməməsi arqumetlərini kollegiya əsassız hesab edərək qeyd edir ki, ipoteka müqavilələri bağlanan zaman həmin tikililərin mövcud olmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Hətta tikililər mövcud olduğu halda belə, nəzərə alınmalıdır ki, iddiaçılar bankla ipoteka predmetinin qiymətini razılaşdırmışlar və buna etiraz etməmişlər. Kollegiya, qarşılıqlı iddia üzrə iddiaçıların iddia müddətini ötürməmiş olması barədə birinci instansiya məhkəməsinin qənaətini də əsassız hesab edir. Belə ki, iddiaçıların tələbi müqavilənin etibarsız hesab edilməsi olsa da, birinci instansiya məhkəməsi, əsassız olaraq mübahisənin daşınmaz əmlaklarla bağlı olduğunu qeyd edərək iddia müddəti 6 il götürülməli olduğu nəticəsinə gəlmişdir. Halbuki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Kollegiya ilkin iddia tələbinə dair aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən də, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı bankla cavabdeh “xxxx” MMC arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin münasibətlər çərçivəsində adı çəkilən cavabdeh öhdəliklərini lazımınca icra etməmişdir. Həmçinin, digər cavabdeh E.H.Tağıyev isə borca zamin durduğundan iddia qismən təmin edilməli, əsas borc, faiz borcu və artırılmış faiz borcunun (cərimə) bir hissəsi cavabdehlər “xxxx” MMC və R.H.Tağıyevdən tutularaq iddiaçıya ödənilməlidir. Apellyasiya baxışı zamanı alınmış mütəxəssis rəyi və ekpert rəyil ilə müəyyən olunmuşdur ki, “xxxx” MMC-nin 04 iyul 2014-cü il tarixli. 170/00/3251/14 (LD**********) saylı, (356.370.00 ABŞ dolları məbləğində) kredit xətti müqaviləsi üzrə 04.07.2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 356.226,96 ABŞ dolları, faiz borcu üzrə 7.785,34 ABŞ dolları borcu vardır. Həmçinin 04 iyul 2014-cü il tarixli, 170/00/3251/14 (LD**********) saylı, (400,000.00 manat məbləğində) kredit xətti müqaviləsi üzrə 04.07.2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 119.995,01 manat, faiz borcu üzrə 1.795,87 manat borcu vardır. Rəydə həmçinin qeyd edilmişdir ki, İkinci sualda soruşulan sual üzrə qeyd edilir ki, müqavilə müddəti bitdiyi tarixdən sonra iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən «xxxx» MMC tərəfindən ayrıayrı tarixlərdə ümumilikdə 121.800,00 manat məbləğində ödəniş aparılmışdır. Ekspert rəyini və Mülki Prosessual Məcəlləsinin tələblərini (218.3 mad.) nəzərə alaraq kollegiya hesab edir ki, ilkin iddia üzrə cavabdehlər “xxxx” MMC və E.H.Tağıyevdən ilkin iddia üzrə iddiaçı LPO QSC “Bank Standart” KB -nin xeyrinə 04 iyul 2014-cü il tarixli 170/00/3251/14 saylı Kredit Müqaviləsi üzrə 1185,38 manat əsas borcu, 3710,59 manat faiz borcu, 4916,30 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz, həmçinin digər müqavilə üzrə 355780,48 ABŞ dolları əsas borcu, 8 194,84 ABŞ dolları faiz borcu, 17 046,45 ABŞ dolları artırılmış faiz borcu tutulmalıdır. Kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı cavabdehlərin 04 iyul 2014-cü il tarixli, 170/00/3251/14 (LD**********) saylı, (400,000.00 manat məbləğində) kredit xətti müqaviləsi üzrə borcunun qalmadığı, həmçinin 04 iyul 2014-cü il tarixli. 170/00/3251/14 (LD**********) saylı, (356.370.00 ABŞ dolları məbləğində) kredit xətti müqaviləsi üzrə 7.785,34 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilsə də, birinci instansiya məhkəsinin qətnaməsi cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Buna görə də qətnaməni mübahisələndirmiş iddiaçının əleyhinə və maraqlarına zidd qərar qəbul edilərək borc məbləğlərinin azaldılması qanunvericilik normalarına uyğun deyildir. Kollegiya iddia tələbinin “cavabdehlərdən 14 443,89 manat və 72 430,97 ABŞ dolları cərimə borcunun tutulması” hissəsini də qismən əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Kollegiya hesab edir ki, cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğlərinin 95 manat və 17790 ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Kollegiya iddianın, “tutmanın ünvan 1 qeyri-yaşayış sahəsinə və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha, 0.1357 ha, 0.403538 ha, 0.679354 ha torpaq sahələrinə yönəldilməsi və açıq hərracdan satılması” hissəsinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunduğu kimi, həmin daşınmaz əmlaklar “xxxx” MMC-nin kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, “xxxx” MMC-nin bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə onun mülkiyyətindəki ünvan 1 qeyri-yaşayış sahəsinə, və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha, 0.1357 ha, 0.403538 ha, 0.679354 ha torpaq sahələrinə tutma yönəldilməli, həmin əmlaklar hərracda satılmalı, onların satışından əldə edilmiş pul vəsaiti hesabına banka ödənilməli olan pul vəsaiti ödənilməlidir. Kollegiya iddia tələbinin “ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və əmlaklar satıldıqdan sonra ipoteka qoyan qeyri-yaşayış sahələrini ən geci bir ay ərzində tərk etmədikdə və çıxmadıqda həmin şəxslərin məcburi qaydada çıxarılmaları” hissəsini əsaslı hesab edir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Kollegiyanın qənaətinə görə, ipoteka qoyanlar üzərilərinə müvafiq öhdəlik götürmüş olduğundan, mənzil satıldıqdan 1 ay sonra onun boşaldılması tələbinin təmin olunması üçün dispozitiv şərtlər mövcuddur. Eyni zamanda kollegiya qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İddiaçının apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq apellyasiya baxışı zamanı müvafiq ekspertiza təyin olunmuş, ekspertizanın rəyi ilə ünvan 1 qeyri-yaşayış sahəsinin likvid qiymətinin 462 000 (dörd yüz altmış iki min) manat və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha, 0.1357 ha, 0.403538 ha, 0.679354 ha torpaq sahələrinin qiymətinin 260 000 (iki yüz altmış min) manat olması müəyyən edilmişdir. Kollegiya əmlakın ilkin satış qiyməti olaraq məhz bu qiymətlərin əsas götürülməsini məqsədəmüvafiq sayır; çünkü 2014-cü ildən sonra əmlak qiymətlərinin ciddi şəkildə dəyişmiş olduğu hər kəsin bildiyi faktdır və ipoteka müqaviləsində müəyyənləşdirilmiş qiymətin iddiaçının irəli sürdüyü kimi “tərəflərin razılaşdırdıqları” qiymət kimi nəzərə alınması ədalətli deyildir. Kollegiya cavabdehlərin nümayəndəsi və vəkili Ağalar Ağaşirinovun ipoteka predmetlərinin qiymətinin düzgün hesablanmadığı dəlilinə münasibətdə qeyd edir ki, ipoteka müqavilələri bağlanan zaman sözügedən torpaq sahələrinin boş olduğu qeyd edilmiş, sonradan isə həmin torpaq sahələrinin üzərində inşa edilən tikililərin çıxarışları və texniki sənədləri təqdim edilmədiyindən ekspert tərəfindən həmin əmlakların qiymətləndirilməsi mümkün olmamışdır. Apellyasiya baxışı həmçinin müəyyən edilmişdir ki, sözügedən tikililər özbaşına tikili olmaqla heç bir texniki sənədləri mövcud deyildir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İlkin iddia üzrə iddiaçı LPO QSC “Bank Standart” KB-nin (ləğv prosesindədir) apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5340/2018 saylı, 10 avqust 2018-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə cavabdehlər “xxxx” MMC və Tağıyev Elman Həsənqulu oğlundan ilkin iddia üzrə iddiaçı LPO QSC “Bank Standart” KB-nin xeyrinə 04 iyul 2014-cü il tarixli 170/00/3251/14 saylı Kredit Müqaviləsi üzrə 1185,38 manat əsas borcu, 3710,59 manat faiz borcu, 4916,30 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz, 95 manat cərimə borcu olmaqla, ümumi 9907 (doqquz min doqquz yüz yeddi) manat 27 (iyirmi yeddi) qəpik məbləğində borc, 355.780,48 ABŞ dolları əsas borcu, 8194,84 ABŞ dolları faiz borcu, 17790 ABŞ dolları cərimə, 17 046,45 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumi 398.811,77 (üç yüz doxsan səkkiz min səkkiz yüz on bir dollar yetmiş yeddi sent) ABŞ dolları (Ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində borc tutulsun. ünvan 1 qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 462.000 (dörd yüz altmış iki min) manat müəyyən edilməklə tutma yönəldilsin, həmin əmlak hərracda satılsın, onun satışından əldə edilmiş pul vəsaiti hesabına “xxxx” MMC-nin banka olan borcu ödənilsin. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha, 0.1357 ha, 0.403538 ha, 0.679354 ha torpaq sahələrinə ilkin satış qiyməti 260.000 (iki yüz altmış min) manat müəyyən edilməklə tutma yönəldilsin, həmin əmlak hərracda satılsın, onun satışından əldə edilmiş pul vəsaiti hesabına “xxxx” MMC-nin banka olan borcu ödənilsin. ünvan 1 qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha, 0.1357 ha, 0.403538 ha, 0.679354 ha torpaq sahələri hərracda satıldıqdan sonra 1 ay müddətindən həmin sahələr cavabdehlər tərəfindən boşaldılsın. İlkin iddia qismən təmin edildiyindən, iddiaçı LPO QSC “Bank Standart” KB tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 52%-i, yəni 16 (on altı) manatı “xxxx” MMC, Tağıyev Rafiq Həsənqulu oğlu, Məhərrəmov Nuşravan Böyükkişi oğlu və Tağıyev Elman Həsənqulu oğlundan müştərək qaydada tutularaq iddiaçıya ödənilsin, qalan 48 %-i, yəni 14 (on dörd) manatı iddiaçıya aid edilsin. İddia tələbləri qalan hissələrdə təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu rüsum məbləği onun özünə aid olunsun; apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının dəyəri olan 295 (iki yüz doxsan beş) manat LPO QSC “Bank Standart” KB-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. İpoteka predmetlərinininin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 800 (səkkiz yüz) manatın 50%-i, yəni 400 manatı LPO QSC “Bank Standart” KB-dən, qalan 50%-i, yəni 400 manat “xxxx” MMC və Tağıyev Elman Həsənqulu oğlundan müştərək qaydada tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN:**********, hesab№: AZ46NABZ********************, Bank:“UNİBANK”KB, VÖEN:**********, Müxbir hesab:AZ65UBAZ**********0060,KOD: 502058, SWİFT: NABZAZ2C) köçürülsün. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Tağıyev Rafiq Həsənqulu oğlunun qarşılıqlı iddia üzrə cavabdehlər (ilkin iddia üzrə iddiaçılar) LPO “Bank Standart” KB-yə və “xxxx” MMC-yə qarşı “müqaviləyə xitam verilməsi barədə” qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçılar (ilkin iddia üzrə cavabdehlər) Məhərrəmov Nuşravan Böyükkişi oğlunun və “xxxx” MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) LPO “Bank Standart” KB-yə qarşı “müqaviləyə xitam verilməsi barədə” qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia tələblərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş çəxslərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-173/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-173/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver