Məhkəmə qərarları › İş №2(103)-1730/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1730/2024

06.03.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1730/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-nin “5 saylı X4 Müəssisəsi” MMC-yə qarşı “işdən azad etmə əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" QSC 5 saylı “X4 Müəssisəsi” MMC-nin nümayəndəsi və vəkili X5 iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(006)-3530/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı əmək fəaliyyətinə xx.xx.2003-cü il tarixdə istehsalat bazasına 3-cü dərəcəli yol mantyoru vəzifəsində başlamış, xx.xx.2004-cü ildə taarif dərəcəsi 3-cü dərəcədən 4- cü dərəcəyə qaldırılmışdır. xx.xx.2005-ci ildə taarif dərəcəsi 4-cü dərəcədən 5-ci dərəcəyə qaldırılmışdır. xx.xx.2015-ci ildə "xxxx" QSC-nin sədrinin xx.xx.2015-ci il tarixli 161/S saylı əmrinə əsasən 4 saylı İDYM 5 saylı X4 Müəssəsinin tərkibinə verilmişdir. xx.xx.2016-cı ildə tarixdə "xxxx" QSCnin sədrinin xx.xx.2016-cı il tarixli 09/5 saylı əmrini əsas tutaraq, 5 saylı “X4 Müəssisəsi” MMC-də 5-ci dərəcəli yol mantyoru işinə qəbul edilir. xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Əmək müqaviləsinə xitam verilir. xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-də Yol konstruksiyalarının yığılması sahəsinə yol mantyoru “Təmirçisi” peşəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" QSC 5 saylı “X4 Müəssisəsi” MMC-nin Yoldəyişənlərin yığılması sahəsinə yol mantyoru işinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən Əmək müqaviləsinə xitam verilmişdir. 2.İddiaçı əmrin qanunsuz olduğunu iddia edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh "xxxx" QSC-nin “5 saylı X4 Müəssisəsi” MMC-yə qarşı “işdən azad etmə əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “5 saylı X4 Müəssisəsi” MMC-nin direktor vəzifəsini müvəqqəti icra edən Azad Əliyevin xx.xx.2023-cü il tarixli 40/iR333587 saylı əmrinin ləğv edilməsi, onun öz işinə bərpa olunması və məcburi iş buraxmaya görə itirilmiş əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü il tarixdən 2023-cü ildə işdən çıxarılana qədər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “5 saylı X4 Müəssisəsi” MMC-də ağır tonnajlı kranda yol mantyoru işləyirdir. Əsas işləri ölkə daxilində dəmir yolunun çəkilişi, əsaslı və orta təmiridir. 2 il öncə MMC daxilində “Kontur” adlanan özəl şirkət yaratmışlar. O da daxil olmaqla işçilərin bir hissəsini “Kontur” şirkətində işə keçirmişlər. Maaşları öncəki ilə eyni idi. Təxminən 3-4 ay öncə orada iş qurtarmışdır. Onları əvvəlki iş yerləri olan "xxxx"-ə qaytarmışlar. Bu zaman anlaşılmaz olsa da onunla 3 aylıq işəgötürmə müqaviləsi bağlamışlar. Hansı ki, 20 ildir o, bu müəssisədə işləyir. Həmçinin 5-ci dərəcəli işçi olduğu halda, onu 4-cü dərəcə ilə işə götürmüşlər. Bütün bunlara etirazına əhəmiyyət verməmişlər. “İnsan resursları üzrə mütəxəssis”ə və kadrlar şöbəsinə şikayətlərinə cavab vermişlər ki, 3 aydan sonra müqaviləni uzadacaqlar. İnanırdım uzadacaqlar, çünki bizim kimi təcrübəli işçiləri əldən verməzdilər.Hazırda MMC-də direktor müavini işləyən, həm də müvəqqəti direktoru əvəz edən X12 təzə vəzifəyə gəlmişdir. Əsas işi sahə rəisi Quliyev Fəxrəddinlə mühəndis Xancanov Ramin aparırlar. Bu ilin aprel ayında Sanqaçalda dəmiryolunda elektrik kəsilmişdir. Odur ki, işlətdikləri yükvuran kran dayanmışdır. Gözləmişlər ki, elektrik olsun, iş yoldaşı Rzaqulu ilə birlikdə vaqona yük vursunlar. Sahə rəisi Quliyev Fəxrəddin gəlib demişdir ki, niyə reysləri vaqona yükləmirlər. Bildirmişlər ki, elektrik kəsilib, verilən kimi yükü yükləyəcəklər. Əslində bu köhnələrək sökülmüş reys yükünü özəl şirkət “Kontur” yükləməliydi. Ancaq sonuncuların işini onlara gördürmüşlər. Onu da qeyd edir ki, həmin yükü Rzaqulu ilə birlikdə bir dəfə vaqona yükləmişlər. Ancaq Azad müəllim bu yükü onlara vaqondan yerə boşaltdırmış və tapşırmışdır ki, onun icazəsi olmadan bu yükü vaqona yükləməsinlər. Ancaq sahə rəisi Quliyev Fəxrəddin üstlərini kəsmişdir ki, bu yükü yükləsinlər. Onlar sonuncuya bildirmişlər ki, qoy əraziyə elektrik buraxılsın yükləsinlər. Həmçinin Azad müəllimin tapşırığını da ona demişlər. Bundan sonra Fəxrəddin onlardan nə üçün yükü vaqona yükləməmələri ilə bağlı izahat aldırmışdır. Baxmayaraq ki, əraziyə elektrik buraxılmışdı. Azad müəllim də onlara həmin yükü vaqona yükləmək göstərişi vermiş və onlar da artıq yükü vaqona yükləmişlər. Bu hadisədən sonra sahə rəisi Fəxrəddin Quliyev və mühəndis Xancanov Ramin onlardan narazı qalmışlar və məhz bu səbəbə görə də Fəxrəddin ondan və Rzaquludan Azad müəllimə təqdimat yazıb onlara töhmət verdirmiş və sonra da işləri ilə bağlı müqaviləni uzatmayaraq onları işdən çıxartmışlar. Hesab edir ki, cavabdehin bu addımı 20 ildir bu işdə çalışan bir təcrübəli işçi kimi ona qarşı yol verilmiş qanunsuz, qərəzli haldır. Odur ki, işdən çıxarılmağı ilə bağlı verilmiş 40/İR-333587 saylı, xx.xx.2023-cü il tarixli Əmr məhkəmə tərəfindən ləğv edilməlidir. O, öz işinə bərpa olunmalıdır və məcburi işburaxmaya görə əmək haqqını almalıdır. Onun işdən çıxarılması üçün müəssisə ləğv edilmir, işçilər ixtisara salınmırdı. Əksinə ölkədə dəmiryolu tikintisinin indiki vacib durumunda onlar kimi təcrübəli işçilərin əsassız işdən çıxarılması yolverilməzdir. Onu da bildirir ki, əmrin surətini alandan sonra dərhal yuxarı qurumlara şikayət vermiş, ardınca da bu mübahisə ilə bağlı cavabdehə mediasiyada iştirakla bağlı təklif göndərmiş, ancaq cavabdeh tərəf mediasiya sessiyasına gəlməmişdir. Odur ki, Bakı 3 saylı Mediasiya Təşkilatının mediatoru Həsən Bayramov cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməməsi ilə bağlı ona məhkəməyə təqdim etmək üçün xx.xx.2023-cü il tarixli MSB/3/2023-00666 saylı arayışı vermişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Cavabdeh "xxxx" QSC-nin “5 saylı X4 Müəssisəsi” MMC-nin nümayəndəsi iddia ərizəsinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı qeyd edir ki, 2003-cü ildən "xxxx" MMC-də işləyib. Lakin İddiaçı əmək kitabçasına nəzər yetirdikdə məlum olur ki, İddiaçı müxtəlif iş yerlərində əmək fəaliyyəti göstərib. Sonuncu iş yeri "xxxx" MMC olsa da, ondan əvvəlki iş yeri "xxxx" QSC olub. Həmin iş yerində İddiaçı xx.xx.2021-ci ildən işləyib. Qeyd etmək lazımdır ki, "xxxx"xxxx"xxxx" MMC-yə heç bir aidiyyəti yoxdur, "xxxx" QSC müstəqil hüquqi şəxsdir. İddiaçı "xxxx" QSC-dən işdən çıxarkən "xxxx" MMC-yə müraciət etmiş və xx.xx.2023-cü ildə "xxxx" MMC-yə yol mantyoru vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı 3 aylıq əmək müqaviləsi bağlanmış və xx.xx.2023-cü ildə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. Əmək müqaviləsi bağlanarkən müddətli olması barədə iddiaçının məlumatı olmuş və öz iradəsi ilə qəbul edərək əmək müqaviləsini imzalamışdır. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müddətli bağlana bilər. Yuxarıda da qeyd edildiyi kimi İddiaçı ilə "xxxx" MMC arasında müddətli əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı əsasında bağlanmış, əmək müqaviləsi bağlanarkən iddiaçı müqavilənin müddətli olduğunu bilərək və razılaşaraq imzalamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi üçün, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müqaviləyə qanunvericiliyə uyğun olaraq xitam verilmişdir. Müqavilə tərəflər arasında sərbəst bağlanır və hər bir tərəf bunu öz imzası ilə təsdiq edir. Əmək müqaviləsindən də görünür ki, iddiaçı bu müqaviləni könüllü olaraq imzalamışdır. Əmək müaviləsi Əmək Məcəlləsinin tələblərinə uyğun bağlanmışdır. Göstərilənlərə əsasən hesab edir ki, iddia əsassızdır. Məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 01 noyabr 2023-cü il tarixli, 2(006)-3530/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Əfsanə Heydərova) iddia tələbi təmin edilməmiş, ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilmişdir. İş materiallarında olan:

7. İT-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı əmək fəaliyyətinə xx.xx.2003-cü il tarixdə istehsalat bazasına 3-cü dərəcəli yol mantyoru vəzifəsində başlamış, xx.xx.2004-cü ildə taarif dərəcəsi 3-cü dərəcədən 4- cü dərəcəyə qaldırılmışdır. xx.xx.2005-ci ildə taarif dərəcəsi 4-cü dərəcədən 5-ci dərəcəyə qaldırılmışdır. xx.xx.2015-ci ildə "xxxx" QSCnin sədrinin xx.xx.2015-ci il tarixli 161/S saylı əmrinə əsasən 4 saylı İDYM 5 saylı X4 Müəssəsinin tərkibinə verilmişdir. xx.xx.2016-cı ildə tarixdə "xxxx" QSCnin sədrinin xx.xx.2016cı il tarixli 09/5 saylı əmrini əsas tutaraq, 5 saylı “X4 Müəssisəsi” MMC-də 5-ci dərəcəli yol mantyoru işinə qəbul edilir. xx.xx.2021- ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Əmək müqaviləsinə xitam verilir. xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-də Yol konstruksiyalarının yığılması sahəsinə yol mantyoru “Təmirçisi” peşəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" QSC 5 saylı “X4 Müəssisəsi” MMC-nin Yoldəyişənlərin yığılması sahəsinə yol mantyoru işinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən Əmək müqaviləsinə xitam verilmişdir.

8. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 23 fevral 2023-cü il tarixdə işəgötürən “5 saylı X4 Müəssisəsi” MMC ilə İddiaçı arasında 3 ay müddətinə əmək müqaviləsi bağlanmaqla, İddiaçı yol mantyoru (məşğulluq təsnifatı üzrə yol fəhləsi (dəmir yolu)) işinə qəbul edilmişdir. Aylıq əmək haqqı 521 manat 92 qəpik təşkil etmişdir.

9. xx.xx.2023-cü il tarixli yazılı izahatdan görünür ki, İddiaçı ona verilən suallara cavab olaraq – xx.xx.2023-cü il tarixdə sahə rəsinin tapşırığının yerinə yetirilməməsinin səbəbi kimi nahar fasiləsi olmas və işıqların sönməsini göstərmiş, nahar fasiləsi olması və işığın sönməsi səbəbindən tapşırığın yerinə yetirilmədiyini sahə rəisinə dediklərini bildirmişdir. İddiaçı həmçinin daxili nizam-intizam qaydaları ilə tanış edildiyini qeyd edərək, bir daha belə hala yol verməyəcəyinə söz vermişdir. 10.23 may 2023-cü il tarixli 40/ir333587 saylı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdən görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. 11."xxxx" QSC-nin 09 iyun 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı məktubuna cavab olaraq onunla işəgötürən "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə 3 aylıq əmək müqaviləsi bağlanması, bu 3 ay ərzində əmək fəaliyyətinin nəzərdən keçirildiyi və onun fəaliyyətinin qənaətbəxş hesab edilmədiyindən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verildiyi bildirilmişdir.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 26 may 2023-cü il tarixli 3-17-5/2- B-19186/2023 saylı məktubundan görünür ki, İddiaçı “5 saylı X4 Müəssisəsi” MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə ünvanladığı müraciətə Xidmətin Bakı şəhər İdarəsində baxılmış və pozuntuların dəqiqləşdirilməsi məqsədilə izahatların alınması üçün Dost xidmətinə yaxınlaşmaları təklif olunmuşdur. 13.18 iyul 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “5 saylı X4 Müəssisəsi” MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasına gəlməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiya xərcini ödəmişdir. 14.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı 2003-cü ildən əmək fəaliyyətinə başlayaraq müxtəlif yerlərdə və müxtəlif vəzifələrdə işləmiş, sonuncu iş yeri "xxxx" QSC-nin “5 saylı X4 Müəssisəsi” MMC olmuş, ondan əvvəlki iş yeri "xxxx" QSC olmuşdur ki, əmək kitabçasından da görünür ki, həmin iş yerində İddiaçı xx.xx.2021-ci ildən işləmişdir. Məhkəmə araşdırması zamanı "xxxx"xxxx"xxxx" MMC-yə heç bir aidiyyəti olmamaqla müstəqil hüquqi şəxs olması müəyyən edilmişdir. İddiaçı "xxxx" QSC-dən işdən çıxarkən 5 saylı İDYM” MMC-yə müraciət etmiş və xx.xx.2023-cü ildə həmin MMC-yə yol mantyoru vəzifəsinə işə qəbul edilmiş, onunla 3 aylıq əmək müqaviləsi bağlanmış və xx.xx.2023-cü ildə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. İş materiallarından görünür ki, iddiaçı onun barəsində olan əmrin qanunsuzluğunu əmək müqaviləsinin müddətinin uzadılmaması ilə əsaslandırır və cavabdehin bu addımını 20 ildir bu işdə çalışan bir təcrübəli işçi kimi ona qarşı yol verilmiş qanunsuz, qərəzli hal kimi qiymətləndirərək işdən çıxarılmağı ilə bağlı verilmiş 40/İR-333587 saylı, xx.xx.2023- cü il tarixli əmrin məhkəmə tərəfindən ləğv edilməli olmasını iddia edir. Əmrin qanunsuzluğu kimi həmçinin onun işdən çıxarılması üçün müəssisə ləğv edilməməsinə, işçilərin ixtisara salınmamasına, əksinə ölkədə dəmiryolu tikintisinin indiki vacib durumunda onlar kimi təcrübəli işçilərin əsassız işdən çıxarılmasının yolverilməz olmasına istinad edir. 15.Məhkəmə iddianın rədd edilməsi üzrə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçılə 3 aylıq əmək müqaviləsi bağlanmış və bu müqaviləyə də müddətin qurtarması əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən iddiaçı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. Məhkəmə iddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etməsi ilə bağlı işin hallarına münasibətdə qeyd etmişdir ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Cavabdeh tərəfin izahatlarına əsasən əmək müqaviləsinin müddətinin uzadılması işəgötürənin hüququdur və onlar iddiaçı ilə bağlanmış əmək müqaviləsinin eyni müddətə uzadılmasını məqsədəuyğun saymamış və müqaviləyə xitam verilməsi heç bir qərəzli münasibətlə bağlı olmamışdır. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. 16.Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Buna görə də iddia tələbi təmin edilməməlidir. 17.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “a” və “b” bəndlərinə, 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə, 45-ci maddəsinin 1-ci və 2-ci hissəsinə, 47-ci maddənin “f” bəndinə, 68-ci maddəsinin 1-ci və 2-ci hissəsinə, 73-cü maddəsinin 1-ci hissəsinə və 76-cı maddəsinə; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,217.3, 217.4, 80, 218.1,216-220, 227, 233 və 360-cımaddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbini təmin edən yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış əlavə olaraq qeyd edilmişdir ki, qətnamədə məhkəmə iclasında tərəflərin iştirak etməməsi yazılması həqiqətə uyğun deyildir. İddiaçı məhkəmənin bütün iclaslarında iştirak etmişdir. Qətnamə həm də ondan öncə iş yoldaşı X1 eyni məhkəmədə (hakim Ceyhun Tağıyev) oxşar predmetlə olan iddiası ilə bağlı çıxarılmış qətnaməsinin sonuncü üç səhifəsinin qətnaməyə köçürülməsi ilə çıxarılmışdır. Qətnamədə işin faktiki halları aşkar təhrif olunmuşdur. Misal üçün iddiaçı 2003-cü ildən “Azərbaycan Dəmir Yolunda” eyni işdə işlədiyi halda, yalnız bu iş yerinin adları iradəsindən asılı olmayaraq müxtəlif vaxtlarda yenilənməsi ilə bağlı yazır; ”İşin faktiki hallarından göründüyü kimi,iddiaçı 2003-cü ildən əmək fəaliyyətinə başlayaraq müxtəlif yerlərdə və müxtəlif vəzifələrdə işləmiş, sonuncu iş yeri "xxxx" QSC-nin “5 saylı X4 Müəssisə” MMC olmuş, ondan əvvəlki iş yeri "xxxx" QSC olmuşdur ki, əmək kitabçasından görünür ki,həmin iş yerində İddiaçı xx.xx.2021-ci ildən işləmişdir. “Qarşılıqlı razılıq” var idisə 47-ci maddənin f bəndinə işdənçıxarılma əmrində niyə söykənilməyib.Niyə mətni indi ortaya çıxarılmayır.3 aylıq müddətli əmək müqaviləsi bağladıqları digər işçiləri niyə işdən çıxarmadılar? Niyə onların yerinə yeni işçilər götürdülər. Əmək kitabçasına “söykənən” hakim diqqətli olsaydı görərdi ki, iddiaçı “müxtəlif yerlərdə yox” tək bir yerdə "xxxx" QSC-də eyni işdə işləmişdir. Həmçinin hakim əmək kitabçasındakı iş qeydiyyatını qətnaməyə köçürərkən fəaliyyətindəki idarədaxili ad dəyişikliklərinə və iş yerini dəyişmə tarixlərinə diqqətlə baxsaydı müəyyən edərdi ki,5 saylı İDYM-dəki işinə xx.xx.2021-ci ildə xitam verilmişdir.xx.xx.2021-ci ildədə (səhəri gün) Kontura eyni adlı işinə qəbul edilmişdir.Bu hal 12 saatın ərzində olub.Yəni bu gün İDYM-də işləmiş,səhəridə Kontura “aformleniyə” olmuşdur idarədə.Hansı ki,öncəki iş yerində eyni işi işləyirdi. xx.xx.2023-cü ildə də Konturdan işdən “çıxarılmış” 23.02..2023-cü ildədə (səhəri gün) İDYM-ə qaytarılmışdır. Bunlar onun əmək kitabçasındadır və işdən qanunsuz çıxarılmağa ən tutarlı, mötəbər bir sübutdur. İddiaçı bir gündə olsun işi buraxmamış, sadəcə idarədə bu işdən o işə, o işdəndə bu işə “aformleniyə” olmuşdur. Hakim ”iddiçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır” yazaraq sübutetmə vəzifəsi kimi tərəfindən yetərli sübutun təqdim olunmamasından xeyli bəhs edir. Yuxarıda göstərdiyi 12 saatın ərzində bir işdən, digərinə “oformleniye” olmağı ən mötəbər sübutdur. Bu məsələ hüququ məsələsidir. Özlüyündə aydın olan məsələnin sübuta ehtiyacı yoxdur. O, çıxarıldığı işə qaytarılmışdır. Onlarla müddətli əmək müqaviləsi bağlanmamalı idi. Qanunda buna yol vermirdi. Əlavə sübut kimi Konturdan geri öz işlərinə qaytarılarkən 12 işçinin hamısı ilə 3 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. Etiraz edəndə demişlər bizdə belədir, formaldır, daimi işləyəcəksiniz. Məhkəmədən xahiş etdilər həmin 12 nəfəridə çağırıb dindirsinlər və yaxud bunu təsdiq edən arayışı almaq üçün cavabdehə sorğu göndərsin. Hakim bu xahişi müzakirə belə etmədi. Ən mötəbər sübut əmək kitabçasındakı qeydiyyatlardır. Təəssüf ki, hakim də öz əli ilə qətnaməyə köçürdüyü bu mötəbər sübutları qərəzlilik ucundan “görə bilməmişdir”. Göründüyü kimi məhkəmə 5 saylı İDYM də (öncəki adlarınıda nəzərə almaqla) 20 il işləməyinə yanlış münasibət bildirib. Həmçinin elə Kontura işə 5 saylı İDYM-dən keçirildiyinə və oradan öz iş yeri olan 5 saylı ÜDYM-ə qaytarıldığını göz ardına vurub, bu fakta hüquqi münasibətini bildirməyib. Onlar eyni işi eyni əmək şəraitində işləyib eyni maaş aldığı halda, hansı məntiqlə 5 saylı İDYM-dən çıxıb Kontura keçir, bir də ordan geri qayıdırdılar. Onlar 5 saylı İDYM-ən 2021-ci ildə öz təşəbbüsləri ilə çıxmışdısa, 2023-də niyə işə qəbul edirdilər. Hakimin xx.xx.2023-cü il tarixli izahata söykənməsi qərəzlidir. Birincisi bu məktub və şikayətlərə cavablar məhkəmə iclasında sübut vasitəsi kimi araşdırma predmeti olmamışlar. İkincisi isə o izahatı iddiaçı və Rzaquluya əsl şikayətlərini pərdələmək,”barışıq olsun” deyə məcburən yazdırıblar. Cavabdehin söykəndiyi “faktlardan” biridə guya biz Konturdan işdən çıxdıqdan sonra xx.xx.2023-cü ildə 5 saylı İDYM-ə müraciət edib oraya işə qəbul edlmişlər. Konturun 5 saylı İDYM-ə “heç bir dəxli” yoxdur. Bunlar kökündən yalandır, baxmayaraq ki, zahirən “doğru” görsənə bilər. Yuxarıda qeyd etdiyi kimi "xxxx" QSC məhz 5 saylı İDYM MMC-nin vəzifəli şəxsləri tərəfindən qohumbazlıq və karrupsiya maraqları ucundan yeyinti məqsədilə yaradılmış və cavabdehin işinin eynisini həyata keçirirdi. Cavabdehə işə qəbul üçün müraciət etməmişlər. Hər iki qurumun rəhbərləri olan cavabdehlər 12 saat ərzində işlərini dəyişmişlər. Müqavilə formal idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

a)Məhkəmə icraatı iştirakçılarının izahatları

21.Məhkəmə kollegiyasının iclasında İddiaçı oglu apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uygun məzmunda izahat verərək, qətnamənin ləgv edilərək, iddianın təmin edilməsini xahiş etdi. 22.Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" QSC 5 saylı “X4 Müəssisəsi” MMC-nin nümayəndəsi və vəkili X8 apellyasiya şikayətini qəbul etmədi, birinci instansiya məhkəməsində verdikləri etiraza uyğun məzmunda izahat verərək, apellyasiya mərhələsində elektron kabinetə yüklədikləri yeni sənədlərə də qiymət verilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi: 23.Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 24.Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 25.Maddə 47, “f” bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 26.Maddə 51. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur. 27.Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 28.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 29.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 30.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 32.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. 34.Belə ki, işin faktiki hallarından göründüyü kimi İddiaçı əmək fəaliyyətinə xx.xx.2003-cü il tarixdə istehsalat bazasına 3-cü dərəcəli yol mantyoru vəzifəsində başlamış, xx.xx.2004-cü ildə taarif dərəcəsi 3-cü dərəcədən 4-cü dərəcəyə qaldırılmışdır. xx.xx.2005-ci ildə taarif dərəcəsi 4cü dərəcədən 5-ci dərəcəyə qaldırılmışdır. xx.xx.2015-ci ildə "xxxx" QSC-nin sədrinin xx.xx.2015-ci il tarixli 161/S saylı əmrinə əsasən 4 saylı İDYM 5 saylı X4 Müəssəsinin tərkibinə verilmişdir. xx.xx.2016-cı ildə tarixdə "xxxx" QSC-nin sədrinin xx.xx.2016-cı il tarixli 09/5 saylı əmrini əsas tutaraq, 5 saylı “X4 Müəssisəsi” MMC-də 5-ci dərəcəli yol mantyoru işinə qəbul edilir. xx.xx.2021- ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Əmək müqaviləsinə xitam verilir. xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-də Yol konstruksiyalarının yığılması sahəsinə yol mantyoru “Təmirçisi” peşəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" QSC 5 saylı “X4 Müəssisəsi” MMC-nin Yoldəyişənlərin yığılması sahəsinə yol mantyoru işinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən Əmək müqaviləsinə xitam verilir. 35.Göründüyü kimi iddiaçı 2003-cü ildən Azərbaycan Dəmir Yolu İdarəsinin 26 saylı X11 yol təmirçisi işləmiş, sonralar idarələrinin adı dəyişilib "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “5 saylı X4 Müəssisəsi” MMC olmuş, xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-də Yol konstruksiyalarının yığılması sahəsinə yol mantyoru “Təmirçisi” peşəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmiş, xx.xx.2023-cü il tarixdə "xxxx" QSC 5 saylı “X4 Müəssisəsi” MMCnin Yoldəyişənlərin yığılması sahəsinə yol mantyoru işinə qəbul edilmişdir. 36.Beləliklə, iddiaçı 18 ildən artıq müddətdə cavabdeh müəssisədə eyni vəzifədə işləmişdir. 2021-ci ildə "xxxx" QSC-də Yol konstruksiyalarının yığılması sahəsinə yol mantyoru “Təmirçisi” peşəsinə işə qəbul edilsə də, eyni vəzifəni icra etmişdir. 37.Kollegiya qeyd edir ki, əgər əmək müqaviləsi müddətli bağlanıbsa və bunun əsası kimi tərəflərin qarşılıqlı razılığına istinad olunubsa, mübahisə yarandığı halda mütləq bu razılığın tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə edilib-edilmədiyi araşdırılmalıdır. Çünki son dövrdə zərurət olmadan müddətli əmək müqaviləsi bağlanır, bununla da işəgötürənlər gələcəkdə yarana biləcək əmək mübahisələrindən özlərini sığortalayırlar. Belə ki, “arzuolunmaz” işçini əmək müqaviləsinin müddətinin bitməsinə görə işdən azad etmək işəgötürən üçün daha münasibdir, nəinki işçilərin sayının və ştatının ixtisara görə, yaxud əmək funksiyalarının yerinə yetirilməməsinə görə. 38.Kollegiya həmçinin qeyd edir ki, işəgötürən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinad edərək hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin həmin maddədə “qarşılıqlı razılıq” ifadəsindən başqa, “tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə” ifadəsindən istifadə olunub. Yəni hər bir qarşılıqlı razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə olunmuş qarşılıqlı razılıq əmək müqaviləsinin müddətli bağlanmasına əsas verir. Göründüyü kimi, tərəflərin hüquq bərabərliyi prinsipi də pozulmuşdur. 39.Kollegiya hesab edir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisənin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilmiş əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. 40.Kollegiyanın qənaətinə görə, 18 ildən artıq iş stajına malik kifayət qədər ixtisaslı işçi ilə cəmi 3 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. İddiaçının heç bir irad bildirilmədən əmək funksiyalarını yerinə yetirməsi də onunla bağlanmış əmək müqaviləsinin əslində müddətsiz xarakter daşıdığını göstərir. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt cavabdehin rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir.

41. Kollegiya qeyd edir ki, iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. “Qarşılıqlı razılığa” gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, özü də cəmi 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır. 42.Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi işlərin müvəqqəti xarakterli olduğuna görə müqavilənin 3 aylıq bağlandığını qeyd etmişdir. Kollegiya cavabdehin nümayəndəsinin qeyd etdiklərinə münasibətdə bildirir ki, bu dəlill yalnız indiki mərhələdə irəli sürülmüşdür və aşkar şəkildə reallığa uyğun deyildir. 43.Belə ki, cavabdeh təşkilatın əsas iş fəaliyyəti dəmir yollarının qüsursuz işini təmin etməkdən ibarət olmaqla, bu işlərin konkret zamanla məhdudlaşması sadəcə mümkün deyildir. 44.Cavabdeh tərəfin apellyasiya mərhələsində təqdim etdiyi sənədlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən hazırki mərhələdə qiymət verilə bilməz. 45.Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 46.Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi). 47.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi işəgötürənin mənafeyinə xidmət etmiş, yuxarıda istinad olunan əmək qanunvericiliyinin prinsiplərinə zidd olmaqla, əmək münasibətlərində işəgötürənə münasibətdə “zəif bənd” olan işçinin qanuni mənafeyinə uyğun olmamışdır. 48.Belə ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ- İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarında Plenum qeyd etmişdir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. 49.Buna görə də kollegiya hesab edir ki, məhkəmə tərəfindən iddia rədd edilərkən qətnamə maddi hüquq normasının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlmir. 50.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(006)-3530/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməli, İddiaçı ilə cavabdeh "xxxx" QSC-nin “5 saylı X4 Müəssisəsi” MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli 40/iR333587 saylı əmr ləğv edilməli, tərəflər arasında bağlanılmış əmək müqaviləsi müddətsiz bağlanılmış hesab edilməklə iddiaçı X3 əvvəlki vəzifəsinə bərpa olunmalı, işdən çıxarıldığı gündən işə bərpa olunduğu günə qədər olan dövr üçün məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. 51.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(006)-3530/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" QSC-nin “5 saylı X4 Müəssisəsi” MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli 40/iR333587 saylı əmr ləğv edilsin. Tərəflər arasında bağlanılmış əmək müqaviləsi müddətsiz bağlanılmış hesab edilməklə İddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun, işdən çıxarıldığı gündən işə bərpa olunduğu günə qədər olan dövr üçün məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar