Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1730/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, İddiaçı İbar oğlunun cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli X1rşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, dəymiş mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-7927/2024 saylı, 29 dekabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı İbar oğlu cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli X1rşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, dəymiş mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-7927/2024 saylı, 29 dekabr 2024-cü il qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Qeyd olunan normadan irəli gələn səlahiyyətindən istifadə etməklə, iddiaçı dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericiliyin heç bir norması pozulmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-7927/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi isə iddia ərizəsini qaytarkən MPM-in 152.1.5ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, hazırki iddia ərizəsi bir neçə tələbdən ibarət olmaqla iddia ərizəsində sadalanan tələblərdən olan işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və ondan irəli gələn tələblər üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1.1-ci maddələrinə əsasən (əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar) azad edilsə də, digər tələb - dəymiş mənəvi ziyanın ödənilməsi üzrə isə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edilməmişdir. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunur. Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlinir ki, bunlar da müvafiq olaraq, iddianın predmeti və onun əsası kimi fenomenlərdir (MPM-in 53 və 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə iddiaçının barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. Hazırki iddia tələbi bir neçə hissədən ibarət olsa da, bütövlükdə iddia predmetini əmək münasibətləri təşkil edir. Birinci instansiya məhkəməsinin mövqeyindən fərqli olaraq qeyd olunmalıdır ki, iddia tələbində irəli sürülən mənəvi ziyana görə pul tələbi sadəcə iddianın obyekti qismində çıxış etməklə, əmək münasibətlərindən törəmə tələb kimi çıxış etməkdədir. Belə ki, iddianın ümumi əsasına da nəzər yetirdikdə görmək mümkündür ki, iddia tələbinin əsaslandığı bütün hüquqi faktlar əmək münasibətlərindən irəli gəlir. Qanunvericiliyin tələblərindən göründüyü kimi əmək münasibətləri və ondan irəli gələn digər tələblər dedikdə, burada digər tələblərin tətbiqi dairəsinə də hazırki iddia tələbini aid etmək mümkündür. Belə ki, mənəvi ziyana görə tələb olunan pul vəsaiti müstəqil tələb hesab olunmamaqla, tərəflər arasında mövcud olan əmək münasibətlərindən irəli gəlməkdədir və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Bu isə o deməkdir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən bütövlükdə azad hesab olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən, hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş iddia ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0 və 398.0.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-7927/2024 saylı, 29 dekabr 2024-cü il qərardadı ləğv edilsin və iş iddia ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-1730/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1730/2025
19.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver