Məhkəmə qərarları › İş №2(103)-1731/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1731/2024

02.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1731/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı “müavinətin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli qətnamədən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı X1 nümayəndəsi (əri) Nümayəndə1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, orta aylıq əmək haqqının üç misli miqdarında müavinətin, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər boşdayanmaya görə pul vəsaitinin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı, 2014-cü ildən Cavabdeh ASC-də əmək fəaliyyətinə başlamışdır. Sonuncu iş yeri ASC-nin “Elmlər” filialı, sonuncu vəzifəsi isə Fiziki və hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssis vəzifəsi olmuşdur. 2018-ci ilin aprel ayından iddiaçı analıq məzuniyyətinə çıxmışdır. İkinci övladının dünyaya gəlməsi ilə əlaqədar birinci analıq məzuniyyəti bitdikdən sonra ikinci dəfə analıq məzuniyyətinə çıxmışdır. xx.xx.2022-ci il tarixindən sonra analıq məzuniyyətinin uzadılması üçün ərizə ilə müraciət etməmişdir. ASC-nin baş ofisindən ona belə məlumat verilmişdir ki, hal-hazırda ASC-nin “Elmlər” filialı bağlanmış, Fiziki və hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssis vəzifəsinə isə vakansiya mövcud deyildir. xx.xx.2023-cü il tarixində **********179 saylı axşam saat 20:00 radələrində iddiaçının yaşadığı mənzilə məktub çatdırılmışdır. Həmin məktubda qeyd olunmuşdur ki, iddiaçı, xəbərdar edilir ki, o, ASC-nin Ümumi Şöbənin kargüzarı vəzifəsinə vergilər və digər məcburi ödəmələr daxil olmaqla aylıq 500 manat əmək haqqı ilə xx.xx.2023-cü il tarixində işə başlamalıdır. Məktubda qeyd olunan iddiaçının iradəsindən kənar baş vermiş vəzifə dəyişikliyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə qanunsuzdur. Belə ki, Ümumi Şöbənin “kargüzar” vəzifəsi həm vəzifə, həm də əmək haqqı baxımından daha pis şərtləri ehtiva edir. Bu isə əmək qanunvericiliyində “əmək şəraitinin dəyişdirilməsi” adlanır və belə hallarda azı 1 ay öncədən işçi xəbərdar edilməlidir. İddiaçı ASC-nin ləğvedicisi olan Fonda müraciət edərək göstərmişdir ki, kargüzar vəzifəsində işləmək istəmir, bu vəzifə ona maraqsızdır və sonuncu vəzifəsindən aşağıdır. Bundan əlavə iddiaçının vergilər və digər məcburi ödənclər xaric olmaqla sonuncu dəfə aldığı əmək haqqının dərəcəsi 550 manat olmuşdur. Deməli, cavabdeh əmək şəraitinin şərtlərini iddiaçının fikrini nəzərə alınmadan pisləşdirmək, Əmək Məcəlləsinin 56-cı maddəsini pozmaq istəmişdir. Buna görə də əmək şəraitinin dəyişməsi barədə təklifi qəbul etməməsi sifarişli poçt vasitəsilə bildirilmişdir. ASC-nin ləğvedicisi olan Fondun direktoru xx.xx.2023-cü il tarixli 54k saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “C” bəndinə əsasən xitam verilmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı hesab edir ki, orta aylıq əmək haqqının üç misli miqdarında müavinət, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər boşdayanmaya görə pul vəsaiti hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh tərəfindən iddiaçıya orta aylıq əmək haqqının iki misli miqdarında müavinətin ödənilməsini, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında əmək haqqının ödənilməsini qət etmişdir. c) apellyasiya şikayəti barədə məlumat

4. ASC-nin ləğvedicisi olan Fond həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara fərqli və yanlış hüquqi qiymət verməyə çalışmış, cavabdehin etiraz və mülahizələrinə, dəlillərinə hüquqi münasibət bildirmədən maddi və prosessual hüquq normalarını pozaraq qərar qəbul etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə iddiaçının analıq məzuniyyətinin müddəti bitmiş, lakin o, müddətin uzadılması ilə əlaqədar müraciət etməmiş və eyni zamanda xx.xx.2022-ci il tarixindən işə çıxmalı olduğu halda işə çıxmamışdır. İddiaçının sonuncu iş yeri olan “Elmlər” filialı bağlanmış və iddiaçıya başqa vəzifəyə keçirilməsi barədə xəbərdarlıq olunmuşdur. Lakin iddiaçı yeni əmək şəraiti ilə razı olmamış, həmçinin onu yeni işə keçirmək mümkün olmamışdır. Bu səbəbdən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin “C” bəndi ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin, iddiaçının heç bir üzrlü səbəb olmadan işə gəlməməsi əmək qanunvericiyinə əsasən, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən haldır. Bu hal əmək müqaviləsinin ləğvi üçün əsasdır. İddiaçı, işəgötürənin ona qarşı humanist mövqeyindən, onunla bağlanmış əmək müqaviləsini ləğv edə bilməməsindən özünün xeyrinə istifadə edərək, qəsdən işə gəlməkdən yayınmış və bu halı öz xeyrinə boşdayanma kimi qiymətləndirmişdir. Rayon Məhkəməsi tərəfindən boşdayanmanın hansı tərəfin təqsiri üzündən baş verməsi, iddiaçının hansı səbəbdən işə çıxmaması dəqiq araşdırılmamışdır. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilməməlidir. İşçi işəgötürənə boşdayanma barədə xəbərdarlıq etməlidir. Lakin iddiaçı tərəfindən belə xəbərdarlıq olunmamışdır. Bundan başqa, iddiaçının 2018-ci ildən bəri heç bir gəliri mövcud olmadığından ona müavinətin hesablanması da mümkün olmamışdır. Bu səbəbdən Rayon Məhkəməsinin Əmək Məcəlləsinin 77-ci maddəsinə istinad edərək, orta aylıq əmək haqqının iki misli miqdarında müavinətin ödənilməsi hissəsində də iddianı təmin etməsi əsassızdır. Bundan əlavə, Rayon Məhkəməsi qətnamədə yalnız iddiaçının irəli sürdüyü dəlillərə və izahatlara əsaslanmışdır. Rayon Məhkəməsi tərəflərin çəkişmə prinsipinə əsaslanmadan qərar qəbul etmişdir. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi dəlillərə, sənədlərə və izahatlarına qətnamədə hüquqi münasibət bildirilməmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və izahatları barədə məlumat

6. ASC-nin ləğvedicisi olan Fond işə apellyasiya qaydasında baxılmanın iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, iclaslarda nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

8. İddiaçının nümayəndəsi (əri) Nümayəndə1 apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, ASC-nin ləğvedicisi olan Fondun 21-113k nömrəli, xx.xx.2021-ci il tarixli “sosial məzuniyyətə çıxılmasına dair” əmrindən görünür ki, həmin əmr ASC-nin “Elmlər” filialının fiziki və hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssisinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsinə müvafiq olaraq xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək hamiləlik dövründə və doğuşdan sonra 56 təqvim günü, cəmi 126 təqvim günü müddətində ödənişli sosial məzuniyyətin verilməsi, işçinin xx.xx.2021-ci il tarixindən vəzifəsinin icrasına başlanması haqqında verilmişdir.

11. Fondun 331 nömrəli, xx.xx.2021-ci il tarixli "xxxx" barədə əmrindən görünür ki, həmin əmr ASC-nin “Elmlər” filialının fiziki və hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssisinə Əmək Məcəlləsinin 127-ci maddəsinə müvafiq olaraq xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək uşağa qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətin verilməsi, işçinin xx.xx.2022-ci il tarixindən vəzifəsinin icrasına başlanması haqqında verilmişdir.

12. Fondun 333 nömrəli, xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, həmin əmr ASC-nin Elmlər filialının fiziki və hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssisinə Əmək Məcəlləsinin 127-ci maddəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək uşağa qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətin verilməsi, işçinin xx.xx.2022-ci il tarixindən vəzifəsinin icrasına başlanması haqqında verilmişdir.

13. İddiaçı tərəfindən ASC-nin ləğvedicisi olan Fonda xx.xx.2022-ci il tarixində təqdim edilmiş ərizədə göstərilmişdir ki, boşdayanmanın başlanması haqqında xəbərdarlığını nəzərə almaları və Əmək Məcəlləsinin 169-ci maddəsinin 1-ci bəndinə nəzərdə tutulmuş ödənişlərin icrasını təmin etmələri xahiş edilmişdir. Əks halda pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququ bankın nəzərinə çatdırılmışdır.

14. ASC-nin ləğvedicisinin ləğvetmə üzrə müşaviri Şəhla Abdurəhmanovanın xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, iddiaçı, xx.xx.2022-ci il tarixdə ASC-yə müraciət etməklə, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla (70-ci maddənin “a” və ya “b” bəndləri) xitam verilməsi, yaxud 56-cı və ya 169-cu maddəsinin 1-ci bəndində göstərilən müddəaların tətbiq edilməsi xahiş edilmişdir.

15. ASC-nin ləğvedicisi olan Fondun iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasıya Məhkəməsinin İnzibatı Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-3(103)-1327/2020 nömrəli qərarı ilə “AGBank“ ASC müflis elan edilmiş, barəsində iflas proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu ASC-nin ləğvedicisı təyin edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56.1-ci maddəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Həmin Məcəllənin 56.2-cı maddəsinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-cı maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Övladına qulluq etməkdən ötrü verilən qismən ödənişli sosial məzuniyyətin müddətinin xx.xx.2022-ci il tarixində bitməsinə baxmayaraq işə başlamamış və bununla bağlı hər hansı iradə ifadəsi göstərməmişdir. Bu səbəblə ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən himayəsində üç yaşına çatmayan övladının olmasını nəzərə alaraq xx.xx.2023-cü il tarixində ləğv prosesində olan ASC-nin Ümumi şöbəsinin kargüzarı vəzifəsinə vergilər və digər məcburi ödəmələr daxil olmaqla aylıq 500 manat əmək haqqı ilə işə başlaması ilə bağlı xəbərdar edilmişdir. Sözügedən Bankın ləğv prosesində olması faktı bir sıra işçilərin əmək şəraiti şərtlərinin dəyişdirilməsi zərurətini, habelə həmin Bankda həyata keçirilmiş struktur dəyişiklikləri nəzərə alınmaqla ona təklif edilmiş işə başlama tarixinin müəyyənləşdirilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan əmək funksiyalarının icrasına başlamamış, bununla yanaşı başqa vəzifəyə keçirilmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş təklifə etirazını rəsmi qaydada bildirmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildirilmişdir ki, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 56.2-ci maddəsində göstərilən prosessual müddət bitdikdən sonra yəni xx.xx.2023-cü il tarixində həmin Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndinə əsasən xitam veriləcəyinə dair xəbərdar olunmuşdur.

16. ASC-nin ləğvedicisi olan Fondun iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasıya Məhkəməsinin İnzibatı Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə Əmanətlərin Sığortalanması Fondu ASC-nin ləğvedicisı təyin edilmişdir. Övladına qulluq etməkdən ötrü verilən qismən ödənişli sosial məzuniyyətin müddəti xx.xx.2022-ci il tarixində bitmişdir. Himayəsində 3 yaşına çatmayan övladının olmasını nəzərə alaraq xx.xx.2023-cü il tarixində ASC-nin Ümumi şöbəsinin kargüzarı vəzifəsinə vergilər və digər məcburi ödəmələr daxil olmaqla aylıq 500 manat əmək haqqı ilə işə başlaması barədə xəbərdar edilir.

17. İddiaçı tərəfindən Fonda ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla əlaqədar ərizədə göstərilmişdir ki, əmək şəraitinin dəyişdirilməsi (xx.xx.2023-cü il tarixində ləğv prosesində olan ASC-nin Ümumi şöbəsinin kargüzarı vəzifəsinə vergilər və digər məcburi ödəmələr daxil olmaqla aylıq 500 manat əmək haqqı ilə işə başlama) barədə təklifi qəbul etmir.

18. İddiaçı tərəfindən Fonda xx.xx.2023-cü il tarixində təqdim edilmiş şikayətdə əmək şəraitinin dəyişdirilməsi (xx.xx.2023-cü il tarixində ləğv prosesində olan ASC-nin Ümumi şöbəsinin kargüzarı vəzifəsinə vergilər və digər məcburi ödəmələr daxil olmaqla aylıq 500 manat əmək haqqı ilə işə başlama) barədə təklif əvəzinə tapşırıq məzmununda göndərilməsinin, xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən hesablanmalı olan boşdayanmaya görə ödənişin bu günə qədər aparılmadığının, xx.xx.2022-ci il tarixinə qədər sosial məzuniyyətə görə qanunvericilikdə nəzərdə tutulmuş ödənişlər tam edilmədiyinin nəzərə alınması xahiş olunmuşdur.

19. ASC-nin ləğvedicisinin ləğvetmə üzrə müşaviri Ş.İ.Abdurəhmanova, ASC-nin Korporativ hüquq və insan resursları şöbəsinin müdiri X.C.İsmayılova və ASC-nin “City Point” şöbəsinin müdiri N.H.Nəsirov tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, ASC-nin Elmlər filialının fiziki və hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssisi – iddiaçı xx.xx.2023-cü il tarixli **********179 nömrəli xəbərdarlıq məktubunu xx.xx.2023-cü il tarixdə qəbul etmiş, lakin xx.xx.2023-cü il tarixində heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir.

20. ASC-nin həmin vəzifəli şəxsləri tərəfindən xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə tərtib etdikləri aktlardan görünür ki, ASC-nin Elmlər filialının fiziki və hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssisi – iddiaçı həmin tarixlərdə heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir.

21. İddiaçı tərəfindən ASC-nin ləğvedicisi olan Fonda xx.xx.2023-cü il tarixdə ünvanlanmış ərizədən görünür ki, həmin ərizədə Əmək Məcəlləsinin 127-ci maddəsinin 2ci hissəsini istinad olunaraq uşağa qulluq etməsi ilə əlaqədar götürdüyü qismən ödənişli sosial məzuniyyətin xx.xx.2022-ci il tarixinə qədər uzadılması xahiş edilmişdir.

22. Fondun xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, xx.xx.2023-cü il tarixi sonuncu iş günü olmaqla ləğv prosesində olan ASC-nin Elmlər filialının fiziki və hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssisi – iddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c" bəndinə əsasən (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) tutduğu vəzifədən azad edilsin və əmək müqaviləsinə xitam verilmişdir.

23. Göstərilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün cəmi 126 təqvim günü müddətində ödənişli sosial məzuniyyətdən sonra xx.xx.2021-ci il tarixdə işin icrasına başlamalı olduğu halda, cavabdeh quruma müraciət etməklə xx.xx.2022-ci il tarixinədək müddətə ona qismən ödənişli sosial məzuniyyətin verilməsini xahiş etmiş, xahişi təmin edilməklə, xx.xx.2022-ci il tarixindən vəzifəsinin icrasına başlaması əmri verilmişdir. Daha sonra iddiaçının xx.xx.2022-ci il tarixli müraciəti əsasında qismən ödənişli sosial məzuniyyətinin xx.xx.2022-ci il tarixinə qədər uzadılmasını xahiş etmiş, xahişi təmin edilməklə, işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixindən vəzifəsinin icrasına başlaması əmri verilmişdir. Sonuncu əmrdə göstərilən tarixdə iddiaçı öz vəzifəsinin icrasına başlamalı olduğu halda bunu etməmiş, işəgötürən isə həmin tarixdə heç bir tədbir görməmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı məktubla cavabdehə müraciət edərək onun barəsində əmək müqaviləsinə münasibət bildirilməsi xahiş etmişdir. Sonradan xx.xx.2023-cü il tarixdə işəgötürən tərəfindən iddiaçıya Bakı Apellyasıya Məhkəməsinin İnzibatı Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-3(103)-1327/2020 nömrəli qərarı ilə ASC müflis elan edilməsi barəsində iflas proseduruna başlanılması və Əmanətlərin Sığortalanması Fondunun ASC-nin ləğvedicisı təyin edilməsi, xx.xx.2023-cü il tarixində ASC-nin Ümumi şöbəsinin kargüzarı vəzifəsinə vergilər və digər məcburi ödəmələr daxil olmaqla aylıq 500 manat əmək haqqı ilə işə başlaması barədə xəbərdarlıq məktubu göndərilmiş, iddiaçı təklif edilən vəzifə ilə razı olmaması barədə ərizəni işəgötürənə təqdim etmişdir. Həmin tarixdən xx.xx.2023-cü il tarixinədək iddiaçı ona təklif olunan vəzifə üzrə səlahiyyətlərinin icrasına başlamamış (cavabdeh tərəfindən təqdim edilən aktlar), xx.xx.2023-cü il tarixdə cavabdeh qurum tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c" bəndinə əsasən (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) tutduğu vəzifədən azad edilməklə əmək müqaviləsinə xitam verilmişdir.

24. Hazırda iddiaçı orta aylıq əmək haqqının üç misli miqdarında müavinətin, eləcə də xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək boşdayanmaya görə pul vəsaitinin ödənilməsini tələb edir.

25. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır (maddə 26.; hissə İ.). Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. (maddə 35; hissə İİ.).

26. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir (maddə 2.1.). Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır (maddə 11.1.; bənd “b”.). Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsinə əsasdır (maddə 68.2.; bənd “c”.). Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c”, 74-cü maddəsinin birinci hissəsinin “a” və “c” bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir (maddə 77.; bənd 7.).

27. Göründüyü kimi, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c" bəndinə əsasən əmək müqaviləsinə xitam verilərkən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödənilməsi qanunvericiliklə müəyyən edilmişdir.

28. Odur ki, iddianı “orta aylıq əmək haqqının üç misli miqdarında müavinətin ödənilməsi” hissəsində qismən təmin etməklə, cavabdeh Fond tərəfindən iddiaçıya orta aylıq əmək haqqının iki misli miqdarında müavinət ödənilməsi ilə bağlı Rayon Məhkəməsinin gəlmiş olduğu nəticə düzgündür.

29. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2022-ci il tarixli əmrlə ASC-nin ləğvedicisi olan Fond iddiaçının xx.xx.2022-ci il tarixindən vəzifəsinin icrasına başlamalı olduğunu nəzərdə tutsa da, iddiaçı öz vəzifəsinin icrasına başlamamış, işəgötürən isə əmək müqaviləsinə xitam verməmişdir. Əmək müqaviləsinə xitam barədə əmr yalnız xx.xx.2023cü il tarixində verilmişdir. xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək işçinin işdən azad edilməməsi səbəbini cavabdeh qurum heç bir sənədlə əsaslandıra bilməmiş, həmin dövr üçün işçinin öz vəzifə səlahiyyətlərinin icrasına başlamaması barədə aktlar təqdim etməklə kifayətlənmişdir. Halbuki, işəgötürən olan cavabdeh qurum iddiaçının ona təklif edilən vəzifədə çalışmaq istəyinin olmaması barədə xx.xx.2023-cü il tarixli ərizəsindən xəbərdar olmuşdur.

30. Əmək Məcəlləsinin tələblərinə görə, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir (maddə 169.). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər (maddə 296.4.).

31. Yuxarıda göstərilənləri nəzərə almış Rayon Məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında əmək haqqı ödənilməli, qalan hissədə isə iddia təmin edilməməlidir. f) apellyasiyanın nəticəsi

32. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

33. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə tərəflər hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. Çünki MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

35. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar