Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1733/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, mənzilin boşaldılıb təhvil verilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri Nəsimi rayon İcra Başçısının xx.xx.1995-ci il tarixli 251 saylı sərəncamı ilə, Azərbaycan Respublikası Ali Sovetinin xx.xx.1991-ci il 247-Xİİ saylı qərarına, Nəsimi rayonunda yaradılmış komissiyanın xx.xx.1995-ci il tarixli 2№-li protokoluna əsasən, Ermənistan Respublikasının Qafan rayonundan qaçqın düşmüş X5 ailə tərkibi – qızı X7 və özü olmaqla Topçubaşov küçəsi 23A saylı evin 23 saylı mənzilinə daimi pasport qeydiyyatına götürülməsinə göstəriş verilmişdir.
2. Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi 23A saylı evin 23 saylı mənzili X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş, bu barədə xx.xx.1998-ci il tarixdə 896 saylı reyestr kitabında qeydiyyat aparılmışdır.
3. X13 xx.xx.2005-ci il tarixdə vəfat etmiş, Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında X7 ondan miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakdan tam pay almışdır.
4. ünvan 3, mənzil 23 xx.xx.2019-cu il tarixdə X2 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.
5. X7 ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmış, Gülxar Yunusova ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 35 kv.m olan mənzili İddiaçı bağışlamışdır.
6. ünvan 3 ünvanında yerləşən 23 saylı mənzil xx.xx.2022-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.
7. Qaçqınların və X6 Üzrə Dövlət Komitəsinin Nəsimi rayon sektoru tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubda göstərilmişdir ki, Nəsimi rayonu, Topçubaşov 23A/23 ünvanda yerləşən mənzildə X14 və ailə üzvləri - X15, X20, Cavabdeh1, X9, X21 və X16 1995-ci ildən məcburi köçkün kimi müvəqqəti kart qeydiyyatına alınmışlar.
8. 14 saylı MKİS tərəfindən verilmiş arayışda göstərilmişdir ki, Nəsimi rayonu, Topçubaşov 23A/23 ünvanda yerləşən mənzildə Füzuli rayonundan olan məcburi köçkün ailəsi X14, X20, X15, X21, Cavabdeh1, Cavabdeh2, X10, X17 və X3 müvəqqəti qeydiyyata alınmışlar, lakin göstərilən ailə tərkibindən hal-hazırda faktiki olaraq Cavabdeh1, Cavabdeh2 və X16 həmin ünvanda yaşayırlar.
9. Qaçqınların və X6 Üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “Füzuli şəhərindən məcburi köçkünlər - X22 həyat yoldaşı X14, övladı Cavabdeh1 və digər ailə üzvləri ilə birgə Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsində yerləşən 23A saylı binanın 23 nömrəli mənzilində müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. X22 ailə üzvləri ilə birgə Nəsimi rayonu üzrə sözügedən ünvanda 07 noyabr 1995-ci ildən kart qeydiyyatında olmaqla ailə üzvləri ilə birgə məcburi köçkün statusuna malikdir. Cavabdeh1 həyat yoldaşı Cavabdeh2, X11 və X16 ilə birgə sözügedən ünvanda faktiki yaşamağa davam edir. X4, X14, X15 və X18 isə sözügedən ünvandan çıxaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində (qohum evi) məskunlaşıb faktiki yaşayırlar - X22 2021-ci ildə vəfat etmişdir. Hal-hazırda Komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahıları üzrə müvafiq işlər aparılmaqdadır və həmin siyahılar üzrə Cavabdeh1 həyat yoldaşı Cavabdeh2, X11 və X16 ilə birgə hazırda yaşadıqları ünvan üzrə qeydiyyata alınmışdır. Müraciətlə bağlı öz doğma yurduna köçmək fikrinin öyrənilməsi üçün Cavabdeh1 ilə telefon əlaqəsi saxlanılmış və o, iki övladının təhsil aldığı məktəbin və özünün İdman müəllimi kimi fəaliyyət göstərdiyi iş yeri Bakı şəhərində olduğu üçün Böyük Qayıdışla bağlı Füzuli şəhərinə köçmək istəmədiyini, lakin Xəzər rayonu üzrə məskunlaşan digər ailə üzvlərinin köçmək istəyinin olduğunu bildirmişdir”.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
10. İddiaçı (iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ak. M. Topçubaşov küçəsi, 23 “A” saylı evin 23 saylı mənzilindən cavabdehlərin azyaşlı övladları X16 ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi 23 “A” saylı evin bir otaqlı, ümumi sahəsi 35 kv.metr olan 23 saylı mənzili nənəsi X8 məxsus olmuş, nənəsinin vəfatı ilə əlaqədar olaraq bu mənzil vərəsəlik əsasında onun mülkiyyətinə keçərək, adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Nənəsi erməni vandallarının məlum hərəkətləri nəticəsində Ermənistan Respublikasından Bakı şəhərinə köçərək, çətin və ağır bir qaçqın həyatı yaşamış, bu barədə onlara kədərlə həmişə danışmışdır. Məhz doğma yurd-yuvanın itirilməsinin necə ağır olduğunu bildiyinə və o, həyatı yaşadığına görə Qarabağ torpaqları erməni işğalçıları tərəfindən işgal olunan zamanı Füzuli rayonundan Bakı şəhərinə pənah gətirən qaçqın ailəsinə hər bir Azərbaycanlı ailəsi kimi qucaq açaraq öz mənzilində müvəqqəti olaraq məskunlaşdırmışdır. Nənəsi həmişə övladlarına və nəvələrinə tapşırarmış ki, Qarabağ torpaqları erməni işğalçılarından azad olunmayınca Füzuli rayonundan məcburi köçkün düşmüş cavabdehlərin ailəsini narahat etməsinlər. Onlar da nənəsinin tapşırıqlarını və nəsihətini nəzərə alaraq cavabdehlərin ailəsini heç vaxt narahat etməmişlərdir. Qarabağ torpaqları erməni işğalçılarından azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti dəfələrlə öz çıxışlarında Qarabağa böyük qayıdışın yaxın zamanlarda başlayacağını bildirmişdir. Bu yaxınlarda da Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsi “Xalq qəzeti”nə müsahibəsində bildirmişdir ki, hazırda Füzuli şəhərində 6 məhəllə inşa olunur. Burada 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. 800 ailənin həmin yaşayış sahəsinə ilin sonunadək köçürülməsi nəzərdə tutulur, bu proses 2 mərhələdə planlaşdırılır. 2023-cü ilin sentyabr ayına kimi reallaşacaq birinci mərhəllədə 260 ailənin məskunlaşdırılması gözlənilir. Bu xəbərdən sonra cavabdehlərlə əlaqə saxlamışdır ki, “onlar nə vaxt onun mülkiyyətində olan mənzili boşalda bilərlər?”. Cavabdehlər isə şifahi olaraq bildirmişlər ki, “doğma torpaqlarına qayıtmaq fikirləri yoxdur və bu mənzildə daimi yaşamaq niyyətindədilər”. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbinin əsassız olduğunu bildirərək göstərmişdir ki, təmsil etdiyi şəxsin başqa yaşayış yeri olmadığından ona yeni mənzil verilənədək iddiaya baxılmamalıdır.
13. Məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Qaçqınların və X6 Üzrə Dövlət Komitəsinin nümayəndəsi izahatında bildirmişdir ki, cavabdehlər Bakı şəhəri, Nəsimi rayonu, Ak. M. Topçubaşov küçəsi, 23 “A” saylı evin 23 saylı mənzilində məcburi köçkün kimi kart qeydiyyatına alınmışlar. Onlar Komitə tərəfindən hər hansı bir ünvanda yerləşdirilməmişlər, başqa ünvanda yaşayış yerləri mövcud deyildir. Yaxın zamanlarda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair Dövlət Proqramı”na görə Füzuli rayonundan məcburi köçkünlərin də öz torpaqlarına qayıtmaları nəzərdə tutulmuşdur. Cavabdehlərin də həmin proqram çərçivəsində öz doğma yurdlarında yaşayış yeri ilə təmin edilməklə qayıtmaları istisna edilmir.
14. Digər Cavabdeh2 məhkəmə iclaslarında iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmışdır.
15. Birinci instansiya məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı, ünvan 2-ün mülkiyyətçisi olmaqla həmin əmlak barəsində istifadə, sahiblik və sərəncam vermək hüququna malikdir və eyni zamanda həmin əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək barədə mülkiyyətinin müdafiəsi barədə hüquqa malikdir. Cavabdehlər Füzuli rayonundan olan məcburi köçkünlər olmaqla həmin mənzildə 1995-ci ilin noyabr ayından məcburi köçkün kimi kart qeydiyyatına alınmışlar. Onların həmin daşınmaz əmlaka dair hər-hansı hüquqmüəyyənedici sənədləri olmadığından iddiaçı, mülkiyyətçi olmaqla həmin daşınmaz əmlakdan cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır və cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar.
17. Cavabdehlərin Füzuli rayonundan məcburi köçükün olmaları arqumenti ilə bağlı məhkəmə vurğulamışdır ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 16 noyabr 2022-ci il № 3587 Sərəncamına əsasən yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi evlərin inşası ilə bağlı mərhələli şəkildə tədbirlər görülməsi Füzuli rayonuna da şamil edilmişdir.
18. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, Mülki Məcəllənin 152.1-ci, 152.2-ci, 152.3-cü, 152.4-cü, 157.2-ci, 178.2-ci, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddələrinə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 16 noyabr 2022-ci il № 3587 Sərəncamına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə istinad etmişdir.
19. Həmin qətnamədən Cavabdeh1 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, mənzilin iddiaçının mülkiyyətinə keçməsinin qanunsuz olduğunu araşdırmadığı, 1993-cü ildən həmin mənzildə məskunlaşdıqları üçün mənzilin özəlləşdirilməsinin “Məcburi köçkünlərin məskunlaşdırılmasını tənzimləyən bəzi qaydaların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli Qərarına zidd olduğu arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
20. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Apellyasiya baxışı, izahatlar
21. Cavabdeh1 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.
22. Cavabdeh1 nümayəndəsi (vəkili) vəsatət də verərək, təmsil etdiyi şəxs tərəfindən iddiaçının mülkiyyət hüququna dair çıxarışın hüquqi qüvvəsinin mübahisələndirilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırıldığını bildirmiş, buna görə də işin icraatının dayandırılmasını xahiş etmişdir.
23. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh, eləcə də üçüncü şəxs - Qaçqınların və X6 Üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
24. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
“Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu
28. Maddə 17. Qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanunu
29. Maddə 5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası”
30. Məcburi köçkünlərin köçürülməsi, onların məskunlaşdığı şəhər və rayon İcra Hakimiyyəti orqanlarının təşkil etdiyi komissiya tərəfindən həyata keçirilir. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüquqlarını pozduqda onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
40. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin tam yoxlanılması təşkil edir. Cavabdeh2 qətnamədən şikayət verməsə də, Cavabdeh1 şikayəti onun da mənafeyinə uyğun olmaqla qətnamənin ləğvinə yönəlmişdir və həmçinin mübahisənin predmeti bölünməz xarakterlidir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
41. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini, habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini təsbit etmişdir (§ 26,27).
42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.
43. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi 23A saylı evin 23 saylı mənzili iddiaçının mülkiyyətindədir, cavabdehlər isə Füzuli rayonundan məcburi köçkün düşməklə həmin mənzildə məskunlaşmışlar.
44. Mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozulub-pozulmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırkı mübahisəyə münasibətdə kollegiya qeyd edir ki, məcburi köçkün statusuna malik olan şəxslərin (apellyatorun) iddiaçıya məxsus olan əmlakı uzun illər ərzində zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə iddiaçının əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur.
45. Cavabdehlərin mübahisəsi gedən mənzil üzərində hər hansı hüququ yoxdur və onun iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan mənzildə mülkiyyətçinin iradəsinin əleyhinə yaşaması, hüquqi əsaslar olmadan oradan istifadə və evdən çıxmaqdan imtina etməsi, sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir.
46. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
47. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 16 noyabr 2022-ci il № 3587 Sərəncamına əsasən yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi evlərin inşası ilə bağlı mərhələli şəkildə tədbirlər görülməsi Füzuli rayonuna da şamil edilmişdir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3153/2023 saylı iş üzrə 13 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən Cavabdeh1 tərəfindən, qətnamə ona təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə