Məhkəmə qərarları › İş №2(103)-1735/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1735/2023

09.02.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1735/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, İddiaçı3 Cavabdehnə qarşı “işə bərpa və sair” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3608/2022 saylı qərardadından İddiaçı3 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı3 Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə keçirilmiş attestasiyasının nəticələrinin qanunsuz hesab edilərək, ləğv edilməsi, onun əsasında rektor M.Babanlı tərəfindən imzalanmış əmək müqavilələrinə xitam verilməsi barədə 04 may 2022-ci il tarixli, 04-460 saylı əmrin ləğv edilərək, əvvəlki vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3608/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli, 2(006)-3608/2022 nömrəli qətnaməsi ilə İddiaçı3 Cavabdehnə qarşı “işə bərpa və sair” tələbinə dair iddiası təmin edilməmişdir. Bundan sonra İddiaçı3 nümayəndəsi Nümayəndə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3608/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(006)- 3608/2022 saylı qərardadı ilə İddiaçı3 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı3 nümayəndəsi Nümayəndə həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətini işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd edilən qərardadında elektron məhkəmə informasiya sistemi vasitəsi ilə verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməməsi səbəbindən geri qaytarıldığı göstərilmişdir. Halbuki, apellyasiya şikayəti qanunvericiliyin tələb etdiyi formaya uyğun tərtib edilmiş və onun tərtib edilməsi zamanı hər hansı pozuntuya yol verilməmişdir. Məhkəmə tərəfindən də konkret olaraq hansı pozuntuya yol verildiyi qeyd edilməmiş, sadəcə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir neçə ümumi normasını, Ölkə başçısının Fərmanını və Ədliyyə Nazirliyinin Kollegiya qərarlarını sadalamış, lakin həmin normaların tətbiqini əsaslandırmamışdır. Bu halın mövcudluğu da qeyd edilən qərardadın əsaslı olmasını şübhə altına almaqla məhkəmə aktlarının qanuni və əsaslı olması kimi konstitusion prinsipə də cavab vermir. Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin məzmunu” adlı 361-ci maddəsində 9 sayda tələb qeyd edilmişdir. Lakin həmin tələblərin məhz hansı birinin pozulması göstərilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(006)- 3608/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, habelə apellyasiya şikayətinin məzmununu nəzərdən keçirərək, hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilikdə apellyasiya şikayətinin formasına (məzmununa) və qaydasına dair tələblər əks olunmuş və bu tələblərə riayət edilməməsi verilmiş apellyasiya şikayətinin geri qaytarılması əsaslarından biri kimi müəyyən edilmişdir. Həmçinin, Mülki-Prosessual Məcəlləyə edilmiş dəyişikliklə apellyasiya şikayətinin forması (Azərbaycan Respublikasının Mülki Proessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) məzmun etibarı ilə dəqiqləşdirilmişdir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3608/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı3 nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermişdir. Lakin həmin şikayət qanunvericiliyin bu tələblərinə riayət edilməyərək tərtib edilmiş və nəticədə qeyd edilən 2 saylı Əlavədə göstərilən bir çox zəruri hissələr, o cümlədən apellyasiya şikayəti verən şəxs, onun nümayəndəsi (ad, soyad, ata adı, ünvan, elektron poçt, mobil telefon nömrəsi, etibarnamə, etibarnamənin nömrəsi və sair) barədə məlumatlar şikayətdə göstərilməmiş, habelə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmasına dair dəlillər və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər ayırd edilməmişdir. Nəticə etibarı ilə bu dəlillərlə bağlı aydın şəkildə izah verilməmişdir. Başqa sözlə, hüquqi nəticə etibarı ilə apellyasiya şikayəti 2 saylı əlavədə göstərilən formada, yəni dəlillər hər bir hissəyə dair verilmiş açıqlamaya uyğun göstərilmədən tərtib edilmişdir. Bu da öz növbəsində apellyasiya şikayətinin Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş forma və məzmuna dair tələblərə riayət edilmədən verilməsi əsası ilə geri qaytarılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(006)-3608/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin (forma və məzmun) tələblərinə riayət edilmədən verilmiş və birinci instansiya məhkəməsi bu əsasla apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı3 nümayəndəsi Nümayəndə şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(006)- 3608/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar