Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1736/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: əmək müqaviləsinin müddətli bağlanması, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MMC-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh MMC arasında 06 iyul 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı MMC-nin Mexaniki Emal xidmətinin Mexaniki Təmiri emalatxanasının Qərb sahəsinə çilingər vəzifəsinə işə qəbul olunmuş, işin 1-ci ayı sınaq müddəti, müqavilənin müddəti isə qarşılıqlı razılıq əsasında 2 ay müəyyənləşdirilmişdir.
2. Cavabdeh MMC-nin direktorunun 36/k 06 mart 2023-cü il tarixli əmri əsasında, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 06 mart 2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (iddiaçı) Cavabdeh MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, əmək müqaviləsinə xitam verilməsinə dair cavabdehin direktorunun 06 mart 2023-cü il tarixli 36/k saylı əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması və məcburi işburaxma günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 1985-ci ildə mütəxəssis kimi Az.EİSin təşəbbüsü ilə köçürmə əsasında Alma-Atadan Azərbaycana dəvət olunmuş, 38 il burada müxtəlif vəzifələrdə vicdanla işləmiş, heç vaxt əmək intizamını pozmamışdır. Cavabdeh özünün 06 mart 2023-cü il tarixli 36/k saylı əmri ilə onu Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən işdən azad etmişdir. Halbuki onunla bağlanmış əmək müaqviləsi müddətsiz olmuş, müqavilədə müddət göstərilməmişdir. Bundan əlavə, onun gördüyü işlər yerinə yetirilməsi şərtlərinə görə daimi xarakterə malik olmuşdur. Odur ki, onunla müddətli müqavilə bağlana bilməzdi. Bu Əmək Məcəllənin 45.4-cü maddəsinin tələblərinə ziddir. İkinçisi isə cavabdeh razılığı olmadan onunla bağlanmış müqaviləni birtərəfli qaydada pozmuşdur. Heç bir işçiyə müqavilə bağlanarkən müqavilənin ikinci nüsxəsi verilməmişdir. Cavabdeh istədiyi vaxt istədiyi işçinin müqaviləsinə müddət yazıb onun kimi işdən azad edir.
5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı ilə 06 iyul 2020-ci li tarixdə müddətli əmək müqaviləsi bağlanmış, 06 mart 2023-cü il tarixdə əmək müqaviləsinə müddətinin qurtarması əsası ilə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
6. Birinci instansiya məhkəməsinin 19 iyun 2023- cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı 06 iyul 2020-ci il tarixdən 06 sentyabr 2020-cu il tarixədək olan müddətə, yəni müddətli əmək müqaviləsinin bağlanmasına həmin müqaviləni imzası ilə təsdiq etməklə razılıq vermiş, əmək müqaviləsi bildirişinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi bağlandığı tarixdə, yəni xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən bu barədə elektron informasiya sisteminə bildiriş yerləşdirmiş və həmin bildirişdə də iddiaçı ilə bağlanmış müqavilənin müddətli olması göstərilmişdir. Bu səbəblə, yəni tədqiq olunmuş sübutlarla iddiaçının iddia tələblərini əsaslandırdığı halların əsassız olduğu təsdiq edildiyindən iddia təmin edilə bilməz.
8. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Əmək Məcəlləsinin 45.1-ci, 45.4-cü, 47-ci və 49.1-ci maddələrinə istinad etmişdir.
b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, ədalətsiz və qanunsuz qərar çıxardığını irəli sürmüşdür.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin olunmuş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 36/k nömrəli əmrinin ləğv edilməsi, İddiaçı həmin MMC-də əvvəlki işinə bərpa olunması, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi və onunla bağlanmış əmək müqaviləsinin müddətsiz hesab olunması, iddianın zərərin əvəzinin ödənilməsinə dair hissəsinin rədd olunması qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddia tələbi iki səbəbdən əsaslıdır. Əmək müqaviləsinin tərtib edildiyi sənəd 2 vərəqlidir, müqavilənin müddətinə dair şərt (2.3-cü bənd) 1-ci vərəqdə qeyd olunub və həmin vərəq iddiaçı (işçi) tərəfindən imzalanmayıb. İddiaçı iddia edir ki, müqavilə bağlanarkən onun mətnində müddət qeyd olunmayıb, müqavilənin 1-ci vərəqi sonradan dəyişdirilib. Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinə görə, əmək müqaviləsi tərəflərin imzası (möhürü) ilə təsdiq edilir. Bir neçə vərəqdən ibarət sənədin tərtibi yolu ilə bağlanmış əmək müqaviləsinin imza olmayan vərəqindəki şərtin həqiqiliyinə dair mübahisə yaranıbsa, həmin şərtin həqiqliyini (müqavilə bağlanarkən bu şərtin müqavilənin mətnində qeyd olunduğunu) sübutetmə yükü işəgötürənin üzərinə düşür. Lakin cavabdeh bunu sübut edə bilmir. O cümlədən, iddiaçı iddia edir ki, müqavilənin nüsxəsi ona verilməyib, ona görə verilməyib ki, işəgötürən müqavilənin 1-ci vərəqini sonradan dəyişdirə bilsin. Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinə görə, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunur, onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Əmək müqaviləsinin nüsxəsinin işçiyə verildiyini sübut etmə yükü işəgötürənin üzərinə düşür. Lakin cavabdeh bunu sübut edə bilmir. Ona görə də əmək müqaviləsinin imza olmayan vərəqindəki şərtin (müddətə dair şərtin) həqiqiliyinə dair şübhənin aradan qaldırılması mümkün deyil. Aradan qaldırılması mümkün olmayan belə şübhələr işçinin xeyrinə həll olunmalıdır. Bundan başqa, iddiaçının işə qəbul edilməsi barədə əmrdən görünür ki, əmrin verilməsinə əsas işçinin ərizəsi olub. Əgər əmək müqaviləsinin müddətli bağlanmasına tərəflərin qarşılıqlı razılığı olmuşdursa, bu həmin ərizədə işçinin xahişi kimi qeyd oluna bilərdi, yəni ərizədə işçi işəgötürəndən xahiş edə bilərdi ki, onu müəyyən müddətə işə qəbul etsin. İddiaçı bildirir ki, ərizə yazarkən müəyyən müddətə işə qəbul edilməsini xahiş etməyib. Cavabdeh isə bunun əksini, yəni iddiaçının belə məzmunda ərizə yazdığını sübut edə bilmir. Bu isə onu təsdiq edir ki, işçinin iradəsi əmək müqaviləsinin müddətsiz bağlanmasına yönəlib.
12. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində müqavilənin müddətli olduğunun qeyd edilməsi iddiaçının müddətli əmək müqaviləsini imzaladığını təsdiq etmir. Elektron informasiya sisteminə əmək müqaviləsi bildirişini işəgötürən gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edir. Ona görə də işəgötürənin işçinin xəbəri olmadan həmin bildirişdə əmək müqaviləsinin müddətli bağlandığını qeyd etmə imkanı olur. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə, belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, 47-ci maddədə müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. İşəgötürən “f” bəndinə istinad edərək hesab edir ki, əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. İradənin ifadə olunması üçün əvvəlcə iradə formalaşmalı, daha sonra o, ifadə olunmalıdır. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün müddətə (2 aya) münasibətdə iradənin olub-olmadığı aydınlaşdırılmalıdır. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradənin olub-olmaması motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. Lakin işçinin motivi müəyyən olunmur: işçinin izahatından görünür ki, müddətə (2 aya) münasibətdə onun motivi (dərk olunmuş marağı) yoxdur, işəgötürənin nümayəndəsi isə bunun əksini təsdiq edən sübut təqdim edə bilmir. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur. Müqavilədə işçinin imzasının olması isə müddətə (2 aya) münasibətdə iradə ifadəsi sayıla bilməz. Əqdlərlə bağlı mübahisələrin düzgün həll üçün yalnız imzanın olub-olmaması faktının araşdırılması kifayət etsəydi qanunda “uydurma əqd”, “yalan əqd” və digər bu kimi anlayışlar müəyyən edilməzdi. O cümlədən qanunda (Mülki Məcəllə, maddə 324.1) əqdin anlayışı müəyyən edilərkən “əqd - iradə ifadəsidir” deyil, “əqd - imzadır” ifadəsindən istifadə olunardı. Göründüyü kimi, əmək müqaviləsinin müddətli bağlanmasına işçinin razılığı yoxdur. Ona görə də əmək müqaviləsinin müddətə dair şərti (2.3-cü bənd) uydurma sayılır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə, əmək müqaviləsinin (əqdin) həmin şərtə aid hissəsi uydurma (əhəmiyyətsiz) hesab olunur və müqavilə müddətsiz bağlanmış sayılır. Bu səbəbdən əmək müqaviləsi müddətin bitməsinə görə ləğv oluna bilməz.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 45ci, 47-ci, 49-cu və 300-cü, Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 106.1-ci və 217.3-cü maddələri ilə əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qərarı ilə cavabdehin nümayəndəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.
15. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...İddiaçı ilə cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin 2 vərəqədən ibarət olması, müqavilənin müddətinə dair şərtləri özündə əks etdirən 1-ci vərəqəsinin dəyişdirilməsi qənaətinə gələn apellyasiya məhkəməsi işdə olan müqavilənin təsdiq edilmiş kserosurətinə əsaslanmış, müqavilənin həqiqətdə neçə vərəqədən ibarət olması və vərəqələrin dəyişdirilməsinin mümkünlüyünü müəyyən etmək üçün müqavilənin əslinə baxış keçirməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi isə tərəflər arasında bağlanmış əmək müqaviləsinin hər iki tərəfi yazılmaqla bir vərəqədən ibarət olduğunu, bu vəziyyətdə 1 vərəqədən ibarət olan müqavilənin vərəqələrinin dəyişdirilməsinin mümkün olmadığını göstərmişdir. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin müvəqqəti xarakterə malik olduğunu cavabdeh işəgötürən tərəfindən sübuta yetirilə bilməməsi barədə qənaətə gələn apellyasiya məhkəməsi əmək müqaviləsinin özündə işçinin əmək funksiyalarının MMC-nin Nizamnaməsinə və işçinin vəzifə təlimatına uyğun müəyyən edilməsinin göstərilməsini diqqətdən qaçırmış və həmin sənədlərə əsasən iddiaçının əmək funksiyalarının nədən ibarət olması, müddətli, yaxud müddəsiz olmasını müəyyən etməmişdir. İşdən daha sonra görünür ki, apellyasiya məhkəməsi əmək müqaviləsinin müddətli bağlanmasında işçinin razılığının, iradə ifadəsinin olmaması qənaətinə gəlmiş, hesab etmişdir ki, müqavilənin 2 aylıq müddətə bağlanmasında iddiaçının marağı olmamış, işəgötürən tərəf isə bunun əksini təsdiq edən sübut təqdim edə bilməmişdir. Müqavilənin iddiaçı tərəfindən imzalanması və Elektron informasiya sisteminə yerləşdirilən əmək müqaviləsi bildirişində müqavilənin müddətli olduğunun qeyd edilməsi də iddiaçının müddətli əmək müqaviləsini imzaladığını təsdiq olunmasına kifayət etmir. Göstərilən məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsinin iddiaçı tərəfindən imzalanması onun həmin müqavilənin məzmunu ilə tanış olması, müqavilədə göstərilən şərtlərlə razılığını təsdiq etməsi və müqavilədə göstərilən halların onun iradəsinə uyğun olması anlamına gəlir. Qanunvercilikdə əmək müqaviləsinin başqa formada tərtib edilməsi, təsdiqlənməsi nəzərdə tutulmamışdır. Tərəflər arasında əmək müqaviləsi bağlandığı 06 mart 2020-ci il tarixdə Elektron informasiya sisteminə eyni məzmunlu əmək müqaviləsi bildirişinin yerləşdirilməsi, uzun müddət keçməsinə baxmayaraq iddiaçının həmin bildirişə etirazının olmaması onun əmək müqaviləsinin şərtlərindən əvvəlcədən məlumatlı olmasını göstərən haldır ki, apellyasiya məhkəməsi bu halı da diqqətdən qaçırmışdır. İş materiallarından daha sonra görünür ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunması barədə qətnamə çıxarmaqla bərabər Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə əlaqəli şəkildə şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət olunması haqqında qərardad çıxarmış və müraciət Konstitusiya Məhkəməsinə göndərilmişdir. Bununla da məhkəmə hazırkı mübahisənin həllində Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tətbiqində ziddiyyətli məqamların olmasını etiraf etmiş, lakin Konstitusiya Məhkəməsinin icraatı qaydasında müraciətə baxılıb məsələ həllini tapana kimi iş üzrə icraatın dayandırmaq əvəzinə, mülki işə baxıb yekun qətnamə qəbul olunmasını mümkün hesab etmişdir. Halbuki bu halda iş üzrə icraatı dayandırmaq məhkəmənin hüququ yox, vəzifəsi idi. ...İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
Təkrar apellyasiya baxışı, verilən izahatlar
16. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, cavabdehin nümayəndəsi isə Ali Məhkəmənin qərarında göstərilənlərə istinadla apellyasiya şikayətinin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
17. Maddə 35. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
18. Maddə 42 (1-ci hissə). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
19. Maddə 45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
20. Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
21. Maddə 68. 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: ...b) əmək müqaviləsinin müddətinin qurtarması.
22. Maddə 73. 1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
23. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.
Konstitusiya Məhkəməsinin “Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli Qərarı
24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilsin.
25. Məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
34. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
35. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün əsas mövcud deyildir.
36. Təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq tərəflər arasında bağlanmış əmək müqaviləsinin əslinə baxış keçirilmiş, müqavilənin hər iki tərəfi yazılmaqla bir vərəqədən ibarət olduğu, 1 vərəqədən ibarət olan müqavilənin vərəqələrinin dəyişdirilməsinin isə qeyri-mümkünlüyü müəyyənləşdirilmişdir.
37. Beləliklə görünən odur ki, iddiaçının əmək müqaviləsinin müddəti 06 mart 2023-cü il tarixində bitmiş, Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi imkanından istifadə edilərək cavabdeh tərəfindən onun əmək müqaviləsinə xx.xx.2023-cü tarixli əmrlə xitam verilmişdir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2813/2023 saylı iş üzrə 19 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə