Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1737/2023 27.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: müqavilə öhdəliklərinin icra edilməsi tələbi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2(006)-5764/2022 nömrəli qərardadından iddiaçının şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə İddiaçı ilə bağlanmış 133 nömrəli 12 sentyabr 2022-ci il tarixli müqavilə üzrə öhdəliklərinin tam olaraq icra edilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qəraradı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmışdır.
3. Qərardad ilə razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir; Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər;
6. Məhkəmə aktlarından verilən apellyasiya şikayətinin formasını müəyyən edən “Apellyasiya şikayətinin forması” adlı “Əlavə 2” (2 saylı Əlavə) “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və MPM-ə daxil edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətinin cədvəl forması və şikayətdə hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.
8. Lakin şikayəti nəzərdən keçirərkən görünür ki, şikayətdə yalnız “İşin halları” və “Apellyasiya şikayəti verən şəxsin tələbi” qrafalarında qeydiyyat aparılmış, yuxarıda göstərilən əlavədə göstərilməli olan digər məlumatlar qeyd edilməmişdir.
9. “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavənin “Barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat” adlı 4-cü hissəsindən məlum olur ki, həmin Əlavə həm məhkəmə qətnamələrinə, həm də qərardadlara şamil olunur. Eyni nəticə Əlavənin 7-ci hissəsindən də irəli gəlir.
10. İşdən məlum olur ki, şikayətdə mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri yerinə yetirilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan cədvəl formasına və cədvəl daxilində məzmuna uyğun tərtib edilməmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 540/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadında eyni nöqsana yol verilən kassasiya şikayətinə münasibətdə göstərilmişdir ki, “Kassasiya şikayətlərinin müəyyən edilmiş forma tələblərinə əməl edilməklə verilməsinin məcburiliyi onunla bağlıdır ki, məhkəmə aktlarından verilən kassasiya şikayətinin formasını müəyyən edən “3 saylı Əlavə” “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli Qanunu ilə təsdiq edilmiş və MPM-ə daxil edilmişdir. Bundan əlavə, kassasiya şikayətinin sözügedən 3 saylı Əlavədə nəzərdə tutulmuş formada verilməsi, məhz MPM-nin 407.1-ci maddəsinin tələbidir. Həmin normada MPM ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətinə dair tələblər göstərilmiş, Məcəllənin digər 408.1.1-ci maddəsi isə 407.1-ci maddəsinin tələblərinə cavab verməyən kassasiya şikayətinin geri qaytarılmalı olduğunu müəyyən etmişdir.”
12. MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
13. Lakin birinci instansiya məhkəməsi qanunun sözügedən tələblərini diqqətə almamış, MPM-in 361.1-ci maddəsinə və “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə uyğun forma və məzmunda tərtib edilməyən şikayəti qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
14. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
15. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2(006)- 5764/2022 nömrəli qərardadından İddiaçı şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev