Məhkəmə qərarları › İş №2(103)-174/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-174/2021

12.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-174/2021 12.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(004)-317/2019 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ünvanında yerləşən 24 saylı fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 24 ona məxsusdur. Cavabdehlər həmin evə pasport qeydiyyatına salınmışlar. Cavabdehlər 2005-ci ildən həmin evdə yaşamırlar və onların pasport qeydiyyatları formal xarakter daşıyır. Cavabdehlərin ona məxsus olan evdə qeydiyyatda olması hüquqlarını pozur. Belə ki, onlar pasport qeydiyyatında qaldığı müddətdə onların əvəzinə kommunal ödənişləri etmək məcburiyyəti yaranır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-317/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, mübahisəli ev onun istifadəsi və sahibliyindədir, hazırda da həmin evdə yaşayır. Cavabdehlər formal olaraq evdə qeydiyyatdadırlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və digər cavabdeh isə məhkəməyə gəlməmiş, nə də bunun üzrlü səbəbdən baş verməsini bildirməmişlər. Odur ki, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)-3235/2018 saylı qərardadının surətindən görünür ki, iddiaçı X1 cavabdehlər Yasamal rayon İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı Bakı şəhəri, 2-ci Alatava küçəsi, 455 kv.m torpaq sahəsində yerləşən 24 saylı evin qeydiyyata alınmasının cavabdeh Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilməsinə dair iddia ərizəsi məhkəmənin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1334/2016 saylı qərarı ilə təmin edilmişdir. Həmin qərardan maraqlarına toxunan şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarıxli, 2-1(103)- 609/2018 saylı qərardadı ilə qismən təmin edilmiş, qərar ləğv edilmiş, iş iddianın mümkünlüyünün yenidən yoxlanılmaqla baxılması üçün 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 sayjı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)-3235/2018 saylı qərardadı ilə X1 iddiası mümkün sayılmamışdır. Üçüncü şəxs Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsini xx.xx.2016-cı il tarixli qərarının icrasına dönüş edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan qərardadla ərizə təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarının icrasına dönüş edilmiş, Bakı şəhəri, 2-ci Alatava küçəsi, 455 kv.m torpaq sahəsındə yerləşən 24 saylı evin X1 adına qeydiyyata alınmasına dair 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)1334/2016 saylı qərarı əsasında Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamın ləğv edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 178 saylı sərəncamının surətindən görünür ki,Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 278 nömrəli sərəncamı ləğv edilmiş və sərəncamın surətinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-344/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, iş materialları ilə iddiaçının daimi yaşamaq üçün başqa ünvana köçüb getməsi ilə əlaqədar mübahisəli evdən istifadə hüquqlarını itirməsi müəyyən edildiyinə görə iddiaçı Cavabdeh1 cavabdehlər X3 və İddiaçı qarşı onun Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, 24 saylı evə köçürülməsi barədə iddia ərizəsi rədd edilmişdir. Məhkəmənin eyni tarixli qərardadına əsasən iddianın cavabdeh X3 münasibətdə hissəsi üzrə işin icraatına xitam verilmişdir (ölməsinə görə). Məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ünvanında yerləşən 24 saylı fərdi yaşayış evi özbaşına tikilidir, İddiaçı həmin evə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)- 344/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Cavabdeh1 daimi yaşamaq üçün başqa ünvana köçüb getməsi ilə əlaqədar mübahisəli evdən istifadə hüquqlarını itirməsi müəyyən edildiyinə görə onun həmin evə köçürülməsi barədə iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ünvanında yerləşən 24 saylı fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia tələbi müvafiq subyektiv hüquqa malik olmayan şəxs tərəfindən ona cavab verməli olmayan şəxsə qarşı yönəldiyindən təmin oluna bilməz. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-356/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “üçüncü şəxslər X2 və Cavabdeh2 ünvan 1 ünvanından pasport qeydiyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası, onun həmin iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmaması əsası ilə mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1058/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 356/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2002/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1058/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Yalnız müvafiq subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Müəyyən edilmişdir ki, iddiaçı mübahisəli ev üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, evə dair iddiaçının hər hansı hüququnun mövcud olmasını təsdiq edən sənəd təqdim edilməmişdir, bu isə o deməkdir ki, iddiaçının subyektiv hüququ yaranmamışdır. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qətnamə qanuni və əsaslıdır, apelyasiya şikayətində göstərilən dəlillər qətnaməni əsassız hesab etmək və onu ləğv etmək üçün əsas deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-317/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar