Məhkəmə qərarları › İş №2(103)-1741/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1741/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1741/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1na qarşı işi üzrə Açar sözlər: (“müqavilənin etibarsız hesab edilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1na qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 1992/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1na qarşı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2024-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipoteka yüklülüyünə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 ilə rəsmi nikahdadır. Birgə nikah dövründə Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi 78K, 4-cü massiv ünvanında yerləşən ümumi sahəsi 183 kv.m olan qeyri- yaşayış binasını və həmin binanın yerləşdiyi 0,0320 ha torpaq sahəsini əldə etmişdirlər. Cavabdeh2 onun razılığını almadan birgə mülkiyyətləri olan Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi 78K, 4-cü massiv ünvanında yerləşən ümumi sahəsi 183 kv.m olan qeyri-yaşayış binası və həmin binanın yerləşdiyi 0,0320 ha torpaq sahəsi ilə bağlı digər Cavabdeh3 ilə 15 fevral 2024-cü il tarixli ipoteka müqaviləsi bağlamışdır.

2. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1992/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 277.1, 307.6, 307.7, 337.1, 339.3, 359.1, 362.1, 362.2; Ailə Məcəlləsinin 32.1, 32.2.2, 33.1; Mülki Prosessual Məcəllənin 119.1; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatının 49-cu bəndinə istinadən qeyd edilmişdir ki, cavabdehlər arasında ipoteka müqaviləsi ilə yüklü edilən əmlak iddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri əmlak olmuşdur. Cavabdehlər arasında xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə borc münasibətləri yaranarkən həmin müqavilənin təminatı olaraq Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi 78K, 4-cü massiv ünvanında yerləşən ümumi sahəsi 183 kv.m olan qeyri-yaşayış binasını və həmin binanın yerləşdiyi 0,0320 ha torpaq sahəsi həmin tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə verilmiş 7E- 7842 reyestr nömrəli etibarnamə əsasında onu təmsil etməyi əri Cavabdeh2 etibar etmişdir. Cavabdeh2 isə həmin etibarnamə əsasında arvadının nümayəndəsi qismində birgə nikah dövründə əldə edilmiş əmlakın ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. Məhkəmə xüsusilə qeyd edir ki, mübahisəli müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə hallar konkret olaraq müəyyən edilmişdir. Əqdin (müqavilənin) etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur. Beləliklə məhkəmə qeyd edir ki, qeyd olunan müqavilə qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanıldığından və onun etibarsızlığı üçün iddiaçı tərəfindən gətirilən dəlillərin heç bir əsası olmadığından, tələb əsassızdır.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Vİ-ЖГ № ******* nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı 13 avqust 1998-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi 78K, 4-cü massiv ünvanında yerləşən ümumi sahəsi 183 kv.m olan qeyri-yaşayış binasını və həmin binanın yerləşdiyi 0,0320 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə Cavabdeh2 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçirilmişdir; - xx.xx.2024-cü il tarixli Cavabdeh2 (ipoteka qoyan) ilə Cavabdeh3 (ipoteka saxlayan)ipoteka müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi 78K, 4-cü massiv ünvanında yerləşən ümumi sahəsi 183 kv.m olan qeyri-yaşayış binasını və həmin binanın yerləşdiyi 0,0320 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir; - İddiaçı nümayəndəsi (xx.xx.2021-ci il tarixdə verilmiş 7E-7842 reyestr nömrəli etibarnamə əsasında) Cavabdeh2 tərəfindən 28 saylı Notariat Ofisinə təqdim olunmuş xx.xx.2024-cü il tarixli ərizədə qeyd olunmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi 78K, 4-cü massiv ünvanında yerləşən ümumi sahəsi 183 kv.m olan qeyri-yaşayış binasını və həmin binanın yerləşdiyi 0,0320 ha torpaq sahəsinin ipotekaya qoyulmasına etiraz etmir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(009)-1992/2024 nömrəli qətnaməsini ləğv edib, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.1, 33.4; Mülki Məcəllənin 225.1, 225.6, 359.3; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 8.1; Mülki Prosessual Məcəllənin 385, 388 və 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul olunarkən ailə, ipoteka və mülki qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Qəbul olunmuş qətnaməni aşağıdakı göstərilən səbəblərə görə əsassız, qanunazidd və qeyri-obyektiv hesab edir. Cavabdeh2 birgə nikah dövründə alınmış Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəsbəsi, 78K, 4-cü massiv ünvanında yerləşən, ümumi sahəsi 183 kv.m olan qeyri-yaşayış binasını və həmin binanın yerləşdiyi 0.0320 ha tərpaq sahəsini 15022024-cü il tarixli 3M-96 reyestr nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə iş üzrə digər Cavabdeh3 xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2024-cü il tarixli kredit (borc) müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh3 50000 manat məbləğində borc götürmüşdür. Borc 0 faiz dərəcəsi ilə 6 ay müddətinə xx.xx.2024-cü il tarixinə qədər verilmişdir. Birinci instansiya məhkəməsində qeyd etdiyi kimi iddiaçının bu borc və ipoteka müqaviləsinin imzalanmasından xəbəri olmamışdır. Mübahisə predmeti olan əmlak ipoteka ilə yüklü edilərkən iddiaçının Bakı şəhəri 28 saylı notariat ofisində nə fiziki iştirakı ilə təsdiq etdiyi razılıq, nə də əmlakın ipoteka ilə yüklü edilməsinə dair notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi olmamışdır. Halbuki, qanunvericilik nikahda olan şəxslər tərəfindən birgə nikah zamanı əldə olunmuş əmlakın ipoteka ilə yüklü edilməsi barədə müqavilələri təsdiq edərkən hər bir mülkiyyətçinin razılığını 2 formada tələb edir. Ümumi mülkiyyətdə olan əmlakın satılması zamanı ər-arvadın hər birinin notarius tərəfindən şəxsiyyətləri müəyyən edilməklə fiziki iştirakı ilə yazılan razılıq. Ər-arvaddan birinin iştirakı mümkün olmadıqda həmin şəxsin notariat qaydasında təsdiq edilmiş razılığı. Bakı şəhəri 28 saylı notariat ofisi qanunun tələblərini kobud şəkildə pozmaqla bu şərtlərə riayət etmədən, birgə nikah dövründə əldə olunmuş, iddiaçın pay haqqı olan mübahisə predmeti olan qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi ancaq Cavabdeh2 3 il əvvəl iddiaçı tərəfindən verilən etibarnamə əsasında aparılmışdır. Halbuki, qanunvericilik birmənalı şəkildə nikahda olan şəxslərin hər ikisinin notarail qaydada təsdiq olunmuş razılığını tələb edir. Həmçinin, Cavabdeh2 etibarnamədən öz xeyrinə istifadə edərək qanunsuz şəkildə qeyri-yaşayış sahəsini yüklü etmişdir. Şəxs ona verilmiş etibarnamə ilə öz xeyrinə, özünün birbaşa iştirakçısı olduğu əqdi bağlaya bilməz. Bu hal məlum olduqdan sonra dərhal ümumiyyətlə həmin xx.xx.2021-ci il tarixli, 7E-7842 reyestr nömrəli etibarnamə ləğv olunmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsi qətnamə qəbul edərkən bir kəlmə belə hansı səbəbə görə iddia tələbini təmin olunmamasına dair fikir bildirməmişdir, halbuki Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Mülki Prosessual Məcəllənin 385, 388 və 390-cı maddələri). Həm ailə, həm də mülki qanunvericiliyin bir neçə maddəsi hüquqlarını qoruduğu halda, Bakı Şəhəri Səbail Rayon Məhkəməsi bütün bunları görməməzliyə vurmuşdur. Bütün bunlar qeyri-yaşayış sahəsinə dair ipoteka müqaviləsinin bağlanmasına yönələn iradə ifadəsinin olmamasına dəlalət edir ki, bu hal həmin müqavilənin etibarsızlığı üçün əsasdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan hallar müəyyən edilməmişdir. Qətnamə qəbul olunarkən hansı səbəbə və hallara əsasən iddia tələbinin təmin olunmamasına dair fikir bildirməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinə etiraz etmiş və bildirmişdir ki, birinci instansiya məhkəməsində araşdırılma aparılmış, tərəflər məhkəmə iclaslarına dəvət olunsalar da, məhkəmə iclaslarında iştirak etməmişlər. Qeyd etmişdir ki, iddiaçı və Cavabdeh2 hal-hazırda nikah münasibətlərindədirlər, Cavabdeh2 ondan borc pul alanda da bundan iddiaçının məlumatı olmuşdur, məqsədləri yalnız vaxt uzatmaqdır, hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır.

6. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı və digər cavabdehlərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 24.İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir; 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 80. Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.

9. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.

11. Ailə Məcəlləsinin tələblərinə əsasən: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

12. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə əsasən dövlət qeydiyyatından keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması haqqında müqavilələr özgəninkiləşdirilən və ya ipoteka qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən, avtonəqliyyat vasitələri üzrə, həmçinin onların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi müayinədən keçməsi barədə sənədlər və ya sənədlər haqqında elektron informasiya sistemindən real vaxt rejimində əldə edilmiş məlumatlar əsasında təsdiq edilir. Ər-arvaddan birinin ümumi mülkiyyətdə olan daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan müqavilələrin bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarış, həmin əmlakın təsviri, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindəki məlumatlar notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ olan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən X2 Sistemi vasitəsilə real vaxt rejimində əldə edilir. Həmin sənəd və məlumatlar notarius və ya notariat hərəkəti etməyə hüququ olan digər vəzifəli şəxslərin istifadə etdiyi müvafiq informasiya sistemində elektron formada avtomatlaşdırılmış qaydada əks olunur. Əmlak üzərində qadağa olduqda əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilə yalnız borcun əmlakı əldə edənin adına keçirilməsinə dair kreditorun və əldə edənin razılığı olduqda təsdiq edilə bilər. Qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi ilə bağlı beh müqaviləsi təsdiq edilərkən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş razılıq tələb olunur. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilələrin təsdiq edilməsi, daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin aparılması və əmlak hüquqlarının dövlət qeydiyyatı “bir pəncərə” prinsipi əsasında bu Qanunda və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

14. İş materiallarından görünür ki, 13 avqust 1998-ci il tarixli nikah şəhadətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh2 nikaha daxil olmuşlar. Mübahisələndirilən ipoteka müqaviləsi xx.xx.2024-cü il tarixində bağlanmışdır. Müqavilə bağlanan zaman Ər-arvaddan birinin ümumi mülkiyyətdə olan daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan müqavilələrin bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olması ilə bağlı qanunvericiliyin tələblərinə riyaət edilmiş və İddiaçı nümayəndəsi (xx.xx.2021-ci il tarixdə verilmiş 7E-7842 reyestr nömrəli etibarnamə əsasında) Cavabdeh2 tərəfindən 28 saylı Notariat Ofisinə təqdim olunmuş xx.xx.2024-cü il tarixli ərizədə qeyd olunmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi 78K, 4-cü massiv ünvanında yerləşən ümumi sahəsi 183 kv.m olan qeyri-yaşayış binasını və həmin binanın yerləşdiyi 0,0320 ha torpaq sahəsinin ipotekaya qoyulmasına etiraz etmir. İddiaçı həmin müqavilənin bağlanmasından məlumatı olmadığını bildirsə də, bunu sübut edəcək dəlilləri məhkəməyə təqdim etməmişdir, belə ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində xx.xx.2021-ci il tarixli, 7E-7842 reyestr nömrəli etibarnamə ləğv etdiyini bildirsə də, buna dair sübut iş materiallarında müəyyən edilmir. Bundan əlavə, tərəflərin mübahisə edilən dövrdə və hazırkı vaxta qədər nikah münasibətlərində olması halı əsas götürülməklə, iddiaçının sözügedən ipoteka müqaviləsinin bağlanmasından və kreditin təyinatının ailə ehtiyaclarından kənar xərclənməsindən məlumatlı olmaması barədə müzakirəyə sübutlar təqdim edilməmişdir. Qanunda ər-arvaddan birinin ümumi mülkiyyətdə olan daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan müqavilələrin bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığının tələb olunduğu deyilir ki, bu razılığın verilməsi də verilmiş etibarnamədə ifadə olunmuşdur. İddiaçı etibarnaməni mübahisələndirməmişdir. İddiaçının tələbinin əsası notariusun vəzifələrinin həyata keçirilməsi ilə bağlı olsa da, notariusun cavabdehliyinin nədən ibarət olması, hansı vəzifələrini düzgün yerinə yetiilməməsi anlaşılan deyil.

15. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14, 76, 77, 80-82, 106.2, 217.4, 385-390-ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qeyd edlən dəlillərə müvafiq qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Apellyasiya şikayəti yoxlanılan hissədə əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir.

16. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1992/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar