Məhkəmə qərarları › İş №2(103)-1750/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1750/2022

09.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1750/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı prosessual hüquq varisi X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3916/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərin ona məxsus ünvan 1 ünvanında yerləşən 16 saylı mənzildən şəxsi geyim əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir və bir neçə ildir ki, cavabdehlər Cavabdeh1 və onun qızı Cavabdeh2 həmin mənzildə müvəqqəti yaşayırlar. Son aylarda o, cavabdehlərdən mənzildən çıxmalarını tələb etsə də, bundan imtina etmişlər. Bu səbəbdən də, onların mənzildən məhkəmə qaydasında çıxarılmaları zərurəti yaranmışdır. Cavabdehlərin sözügedən mənzilə heç bir hüquqları yoxdur. Mənzildə onun iradəsi ziddinə qalmaqla mulkiyyət hüquqlarını pozur, mulkiyyəti üzərində öz hüquqlarını realizə etmək imkanlarını, mülkiyyətinə öz istədiyi kimi sahiblik, istifadə və sərəncam vermə hüquqlarını məhdudlaşdırırlar. Cavabdehlərin isə həmin mənzilə heç bir hüquqları yoxdur və hüquqları olmadan mənzildə yaşayırlar, onunla cavabdehlərin ailə münasibətləri yoxdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3916/2021 saylı, 16 noyabr 2021ci il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia təmin olunaraq, Cavabdeh1 və onunla birlikdə Cavabdeh2 qızının şəxsi geyim əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 70 saylı evin, 16 saylı mənzilindən çıxarılması qət edilmişdir. Cavabdeh1 qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzilin mülkiyyətçisi dəyişmiş (X2 mübahisəli mənzilin oğlu İddiaçı bağışlaması barədə 25.06.2021-ci il tarixli müqavilə qarşılıqlı razılıq əsasında 27.01.2022-ci il tarixdə notarial qaydada ləğv olunmuş və mənzil 30.01.2022-ci il tarixdə yenidən X2 adına qeydiyyata alınmışdır), bu səbəbdən də iddiaçı tərəfin ərizəsinə əsasən İddiaçı MPM-in 58-ci maddəsinin tələblərinə əsasən onun prosessual hüquq varisi X4 ilə əvəz edilmişdir. Belə ki, MPM-in 58-ci maddəsinə əsasən - barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, məhkəmə tərəfindən işin hallarının tam araşdırılmaması, İddiaçı ilə 2015-ci ildən qeyri-rəsmi nikah münasibətlərinin olması, mübahisəli mənzilin alınması üçün 2018-ci ildə ona 60000 manat pul verməsi, iddiaçının həmin məbləğin üzərinə 8000 manat əlavə edərək mübahisəli mənzili alması, bundan sonra əvvəl yaşadığı evdə özünə məxsus mebel və məişət əşyalarını həmin mənzilə yerləşdirməsi və əlavə olaraq kondisioner, televizor, soyuducu və s. çatışmayan ev əşyaları alması, iddiaçının mənzili əvvəl atasının adına alması, sonradan öz adına rəsmiləşdirməsi, rəsmi nikahda olmasalar da 2021-ci ilin iyun ayınadək ər-arvad münasibətlərində olmaqla birgə təsərrüfat aparmaları, buna görə də ona etibar etdiyindən 60000 manat pul verərkən borc müqaviləsi bağlamaması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, əlavə olaraq, bildirmişdir ki, mübahisəli mənzil Bayram Namazova məxsus olmuş, sonradan onun tərəfindən oğlu İddiaçı bağışlanmışdır. İddiaçı mənzili kirayəyə verdiyini bildirsə də, sonradan məlum olmuşdur ki, həmin mənzildə Cavabdeh1 və onun azyaşlı qızı yaşayır. Cavabdeh hazırda ona məxsus mənzildə qanunsuz yaşamaqla, mülkiyyət hüquqlarını məhdudlaşdırırlar. Cavabdehin nə əvvəlki mülkiyyətçiyə, nə də hazırki mülkiyyətçiyə münasibətdə yaşayış sahəsinə hər hansı hüquqları yaranmamışdır. Cavabdeh tərəf təqribən 2018-ci ildən sonra mənzildə yaşamağa başlamışdır ki, həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin normalarına əsasən mülkiyyətçinin ailə üzvləri sayılmırlar. Ümumiyyətlə, cavabdehin mənzilə heç bir əmlak hüququ mövcud deyildir. Cavabdehin apellyasiya şikayətində göstərdikləri həqiqətə uyğun deyildir. Cavabdeh İddiaçı mübahisəli mənzilin alınması üçün 60000 manat pul verməmişdir. Cavabdehin şikayəti üzrə polisdə aparılmış araşdırma zamanı bu hal öz təsdiqini tapmamışdır. Həmin vaxtı cavabdeh izahatında cəmi 3500 manat pul verməsini bildirmişdir. Cavabdehin məqsədi İddiaçı hədə-qorxu gəlməklə mübahisəli mənzili ələ keçirmək olmuş, lakin niyyəti baş tutmamışdır. Həmçinin, İddiaçı rəsmi nikahdan həyat yoldaşı vardır və cavabdehlə faktiki ər-arvad münasibətləri yoxdur. Hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə rəsmi qaydada məlumat verilsə də, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sübutlara əsasən - mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil 21.11.2018-ci il tarixli daşınmaz əmlakın alqı-saqtı müqaviləsinə əsasən X5 tərəfindən 68000 manata X1 və 28.11.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmişdir. X4 25.06.2021-ci il tarixdə həmin mənzili daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən oğlu İddiaçı hədiyyə etmiş və 30.06.2021-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmış, lakin bağışlama müqaviləsi qarşılıqlı razılıq əsasında 27.01.2022-ci il tarixdə notarial qaydada ləğv olunmuş və mənzil 30.01.2022-ci il tarixdə yenidən mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır Cavabdeh1 isə 23.09.2007-ci il təvəllüdlü qızı Cavabdeh2 qızı ilə birlikdə təqribən 2018-ci ildən sonra orada yaşamağa başlamışdır. Birinci instansiya məhkəməsi iddianın təmin olunması barədə qənaətini belə əsaslandırmışdır ki, cavabdehlərin hal-hazıradək mənzildən çıxmayaraq mənzili təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Hər bir halda qeyd olunan mənzilin xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmasının işin mübahisəsiz halı olması nəzərə alınmaqla cavabdehlərin mənzilə qeydiyyatı və istifadə hüquqları olmadığından, Cavabdeh1 iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Cavabdeh2 qızı isə 23 sentyabr 2007-ci il təvəllüdlüdür, nə qədər ki, fəaliyyət qabiliyyəti olmayan yetkinlik yaşına çatmamış şəxs prosesdə cavabdeh qismində tərəf ola bilməz, onun üzərinə hər hansı öhdəlik qoyulmamalıdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, həmin uşağın yaşayış yeri valideyninin yaşayış yeri sayılır, belə olan halda cavabdeh olan uşaq da iddiaçıya məxsus mənzildən cavabdeh olan anası Cavabdeh1 ilə birlikdə çıxarılmalıdır. Məhkəmə kollegiyası, rayon məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq, ilk növbədə bildirir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Lakin, cavabdeh hazırki vaxtda mübahisə predmeti olan mənzilən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, apellyasiya şikayətinin dəlillərini əsaslandırmamışdır. Eyni zamanda, Mənzil Məcəlləsinin 30-cu maddəsi anlamında da cavabdeh tərəfin mənzildən istifadə etmək hüquqları mövcud deyildir. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı). Göründüyü kimi, qanunverici mülkiyyətçinin ailə üzvlərinin və digər qohumların dairəsini müəyyən etmişdir ki, cavabdeh (və onun yetkinlik yaşına çatmayan qızı) də iddiaçının ailə üzvü sayılmır. Cavabdehin İddiaçı ilə faktiki münasibətlərdə olması barədə dəlilləri də vəziyyəti dəyişdirmir. Belə olan halda isə, vindikasiya (əmlakın qanunsuz sahibdən alınması) barədə tələb tam əsaslı hesab olunmalıdır. Çünki, iddiaçının tələb hüququ Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Həmin normaya əsasən - mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia) Qeyd edilməlidir ki, mülkiyyətin müdafiəsi konstitusion prinsipdir (Konstitusiyanın 13-cü mad.) Vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Qeyd edilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmişdir, etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Cavavdehin izahatı isə özü-özlüyündə mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kollegiya, həmçinin vurğulayır ki, cavabdehlərdən Cavabdeh2 qızı ona qarşı iddia qaldırılarkən yetkinlik yaşına çatmasa da, anası Cavabdeh1 da iş üzrə cavabdeh olmaqla yanaşı, həm də Cavabdeh2 qanuni nümayəndəsi kimi hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə qoruyaraq onun mənafeyi baxımından çıxış etmişdir. Cavabdeh apellyasiya şikayətində mübahisəli mənzilin alınması üçün 60000 manat pul verməsini, mənzilə əlavə əşyalar almasını və s. göstərsə də, həmin dəlillər hazırki iddianın qanuni həlli baxımından əhəmiyyət kəsb etmir (qeyd olunanlarla bağlı araşdırma aparılması hazırkı məhkəmə baxışının predmeti xaricindədir). Bu səbəbdən də məhkəmə kollegiyası həmin hallara hüquqi qiymət verməyi zəruri hesab etmir. Eyni zamanda, hazırki iddia tələbinin qanuni həlli ilə cavabdehin qeyd edilən dəlilləri arasında səbəbli əlaqə də mövcud deyildir. Hətta, cavabdeh mənzilin alınmasına hər hansı məbləğdə pul vəsaiti vermiş olsa belə, bu hal hazırki iddia tələbini aradan qaldırmır. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin iddiaçıya məxsus mənzildən istifadə etməsinə qanuni əsas mövcud deyildir. Buna baxmayaraq, cavabdeh qeyd edilənlərlə bağlı mübahisə halında müstəqil iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. MPM-in 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, cavabdehin hazırki vəziyyətdə iddiaçıya məxsus yaşayış sahəsində faktiki yaşaması (istifadə etməsi) hər hansı qanunihüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmiş, maddi hüquq normaları baxımından qanuni və əsaslı qətnamə qəbul etmişdir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı prosessual hüquqi varisi X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3916/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(007)- 3916/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar