Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1753/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 oktyabr 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının özünün, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin iştirakları ilə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “1 May” Yaşayış Massivində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh nikaha daxil olmadan 2015-ci ildə ailə qurmuşlar. Birgə yaşadıqları dövründə, yəni 2018-ci ilin oktyabr ayında onlar 10.000 manata iddia ərizəsində qeyd edilən və 4 metr x 4 metr ölçüsü olan özbaşına tikilini X1 adlı şəxsdən almışlar. Həmin məbləğin 3.160 manatı cavabdehə, 6.840 manat isə iddiaçıya məxsus olmuşdur. Belə ki, iddiaçı özünə məxsus torpaq sahəsini sataraq satışdan əldə etdiyi pul vəsaitini evin alınmasına və təmirinə sərf etmişdir. Evin təmirinə iddiaçı tərəfindən 1.200 manat pul xərclənmişdir. İddiaçı ilə cavabdeh həmin evdə 2019-cu ilin avqust ayına qədər birgə yaşamışlar. 2019-cu ilin may ayında cavabdeh öz qızını və 3 nəvəsini yaşadıqları fərdi evə qonaq adı altında gətirmiş və orada yaşamağa başlamışlar. Bundan sonra iddiaçı ilə cavabdehin arasında narazılıq yaranmış, iddiaçı cavabdehdən qızının və nəvələrinin fərdi evdən çıxarılmasını tələb etmişdir. Cavabdeh isə iddiaçı ilə razılaşmayaraq, əksinə iddiaçını evdən qovmuş, iddiaçının geyim əşyalarını küçəyə atmışdır. Məsələyə 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müdaxilə olunsa da, bu nəticə verməmiş, cavabdeh evin giriş qapısının kilidinin açarını dəyişmişdir. İddiaçı hesab edir ki, yuxarıda qeyd edilən ev özbaşına tikili olsa da, onun alınmasına pul xərclədiyi üçün o, həmin evə köçürülməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 26.10.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, cavabdeh iddiaçı ilə rəsmi nikahda olmamışdı; iddiaçı həmin evin alınmasına vəsait sərf etməmişdir; ev 1 otaqlıdır və cavabdeh hazırda evdə qızı və nəvələri ilə birlikdə yaşayır; iddiaçının həmin evə köçüb yaşaması üçün şərait yoxdur; ev özbaşına tikilidir və bu səbəbdən iddiaçının evə köçürülməsinin qanuni əsası yoxdur. Lakin işə baxmış Rayon Məhkəməsi işin bu hallarını nəzərə almamışdır. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdilər. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Rayon Məhkəməsində şahid qismində ifadə vermiş X3 ifadəsində bildirmişdir ki, o, tərəflərin hər ikisini tanıyır. Mübahisəli evin alınmasında əsas səbəbkar o, olmuşdur. O, evi satan Nadalya Mirzəyeva ilə birlikdə işləmişdir. Evin sənədi olmamışdır. O, iddiaçını cavabdehin vasitəsilə tanımışdır. Cavabdeh onun zəvvar yoldaşı olmuşdur. Tərəfləri 3 il olar ki, tanıyır. Onlar birlikdə yaşayırdılar. Mübahisəli ev 2018-ci il tarixdə alınmışdır. Tərəflər birgə yaşamaq üçün ev axtarırdılar. Evin alınması üçün ilkin olaraq beh kimi 1.000 manat pulu o, öz vəsaiti hesabına tərəflərə borc kimi vermişdir. Ev 10.000 manata satılırdı. Razılığa əsasən ilkin ödəniş kimi 5.000 manat verilməli, qalan borcu isə hissə-hissə olaraq aylıq ödənişlər vasitəsilə Nadalya Mirzəyevaya verilməli idi. O, daha sonra beh kimi verdiyi puldan əlavə 600 ABŞ dolları məbləğində evin alınması üçün də borc vermişdir. Sonradan borcunu ona 1.000 manat behi iddiaçı şəxsən özü qaytarmışdır, qalan 600 ABŞ dolları məbləğində pulu isə iddiaçı qonşusunun bacısı vasitəsilə qaytarmışdır. Ev təmirsiz olmuşdur. Evi iddiaçı və o, təmir etmişdir. Orada usta kimi işləmişdir. Evin təmiri üçün lazım olunan tikinti materiallarını iddiaçı almışdır. Hicran ona 600 ABŞ dolları pulu qaytaran zaman demişdir ki, həmin pulu iddiaçı ona vermişdir. Rayon Məhkəməsində şahid qismində ifadə vermiş X1 ifadəsində bildirdi ki, o, tərəfləri tanıyır. Etibar Vəliyev onun iş yoldaşı olmuşdur. Mübahisəli ev özbaşına tikintidir və əvvəl onun olmuşdur. Evin satılmasına köməklik etməsi üçün E.Vəliyevə müraciət etmişdir. E.Vəliyev cavabdehi onun yanına gətirmişdir ki, evi alan şəxs onun zəvvar bacısıdır. Evi onun üçün alırlar. Tərəflər 1 il qeyd olunan mübahisəli evdə birlikdə yaşamışlar. 2.400 manat məbləğində pulu ona E.Vəliyev vermişdir. E.Vəliyev bildirmişdir ki, həmin pulu ona İddiaçı vermişdir və həmin pulu bankdan kredit kimi götürmüşdür. İddiaçı özünə məxsus və Sumqayıt şəhərində yerləşən torpaq sahəsini 6.000 manata ona vermişdir ki, satdığı evə görə 4.000 manat qalıq borc ödənilsin. O, torpağın satışından əldə etdiyi puldan 2.000 manatı iş üzrə tərəflərə qaytarmışdır. Rayon Məhkəməsində şahid qismində ifadə vermiş X2 ifadəsində bildirdi ki, Cavabdeh ona məxsus kafedə aşbaz işləmişdir. O, ona hər gün əmək haqqı kimi 25 manat məbləğində pul vermişdir. Cavabdeh ev almaq istəyini ona bildirmiş və ondan borc pul istəmişdir. O, Cavabdeh ev alması üçün köməklik məqsədilə 1.000 manat məbləğində borc pul vermişdir. Mübahisəli evin hansı qiymətə alınmasına dair məlumatı yoxdur. Tərəflər 1 il olar ki, mübahisəli evdə birgə yaşayırdılar. 02.10.2019-cu il tarixli “Alğı-satqı müqaviləsinin” surətindən görünür ki, mülk sahibi Əhmədova Afət Cəmil qızı Sumqayıt şəhəri, “Yaşıl Dərə” yeni yaşayış massivi, 2-ci məhəllə, 2,5 sot torpaq sahəsini 4.800 manata İddiaçı satmışdır. Bakı Şəhəri Binəqədi Rayonu Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş 25.10.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, aparılmış tədqiqat zamanı (hazırki iş üzrə cavabdeh) Cavabdeh və (hazırki iş üzrə cavabdeh) İddiaçı təhqiqat orqanına verdikləri izahatlarında göstərmişlər ki, onlar nikaha daxil olmadan təxminən 2 ilə yaxındır ki ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə onlar Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “1 May” Yaşayış Massivində 1 otaqlı ev almış və təxminən 1 ilə yaxın həmin evə birlikdə yaşamışlar. Göstərilənlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən Məhkəmə tərəfindən işin mübahisəsiz halları kimi müəyyən edilmişdir ki, iş üzrə tərəflər nikaha daxil olmadan təxminən 3 il əvvəl ailə qurmuşlar. Birgə yaşadıqları dövründə, yəni 2018-ci ilin oktyabr ayında onlar öz vəsaitləri hesabına iddia ərizəsində qeyd edilən və 4 metr x 4 metr ölçüsü olan özbaşına tikilini X1 adlı şəxsdən almış və evdə 2019-cu ilin avqust ayına qədər birgə yaşamışlar. Bundan sonra iddiaçı cavabdeh tərəfindən evdən qovulmuşdur. Hal hazırda evə cavabdeh öz övladı və nəvələri ilə birlikdə yaşayır. İddiaçı evə buraxılmır. Hazırda iddiaçı mübahisəli evə köçürülməsini xahiş edir. Cavabdeh isə bu tələbə etiraz edir. Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi, tərəflərin özbaşına tikili olan mübahisəli evə dair hər hansı hüququ yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və cavabdeh iddiaçıya təsir edərək onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc və ya sair təsir tətbiq etməklə mənzildən çıxarma, güc və ya sair təsir tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəmələrə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (təsir etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur; pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə (tikiliyə) köçürülməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli evə iddiaçıya münasibətdə hər hansı üstün hüququ olmadığı (mülkiyyət hüququ qeydiyyata alınmadığı, kirayə müqaviləsinin olması və s.) üçün və ev iddiaçı ilə cavabdehin vəsaiti hesabına alındığı üçün iddiaçının yaşadığı yerdən məhrum edilməsinin qanuni əsası yoxdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 oktyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1753/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1753/2021
05.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver