Məhkəmə qərarları › İş №2(103)-1753/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1753/2024

04.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1753/2024 04.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“istifadə hüququna xitam verilməsi, cehiz əşyaları ilə birlikdə mənzildən çıxarılma”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 və cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6034/2023 saylı işi üzrə 05 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh iki azyaşlı övladı X7 və X4 ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 18, 133 №-li mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, cehiz əşyaları ilə birlikdə mənzildən çıxarılmaları barədə qətnamə çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6034/2023 saylı işi üzrə 05 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh iki azyaşlı övladı X7 və X4 ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 18, 133 №-li cehiz əşyalan ilə birlikdə mənzildən çıxarılmaları, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamənin Cavabdeh iki azyaşlı övladı X7 və X4 ilə birlikdə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 18, 133 №-li mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olduğu qeyd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə; «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə; Mülki Məcəlləsinin 152.1, 152.5, 164.1, 164.2, 165.1; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmamış, o, sadəcə mülkiyyətçinin razılığı ilə orada yaşamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, yaranmamış hüquqa xitam verilməsi yolverilməzdir və iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə hesab etmişdir ki, cavabdehin atası tərəfindən mənzili təmir etdirilməsi kompensasiya üçün deyil, təmirə xərclənən pulun alınması barədə iddianın verilməsi üçün əsasdır.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 18, 133 №-li mənzil xx.xx.1999-cu il tarixdən İddiaçı mülkiyyətindədir (Bakı şəhəri İcra Hakmiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 184870 №-li Qeydiyyat Vəsiqəsi); - Cavabdeh iddiaçının oğlu ilə xx.xx.2015-ci il tarixdə nikahlarını bağlamış, cehiz əşyaları ilə birlikdə həmin mənzilə köçmüş, xx.xx.2017-ci il tarixdə Sofiya və xx.xx.2019-cu ul tarixdə Tamerlan adlı uşaqları doğulmuşdur, hazırda Cavabdeh iddiası əsasında nikahın pozulması, uşaqların anasının yanında qalması və aliment tələbinə dair iddia ərizəsi Sabunçu rayon məhkəməsinin icraatındadır, Cavabdeh uşaqları ilə birlikdə təxminən həmin tarixdən hal-hazıradək həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar; - Məhkəmə iclasında şahid qismində ifadə verən X3 bildirmişdir ki, o, ev təmiri üzrə ustadır, Lalənin atası Tofiq müəllimin tanışıdır, məhz Tofiq müəllimin sifarişi əsasında adıçəkilən mənzilin təmirini həyata keçirtmiş, mənzil yeni evlənmiş insanlar üçün yaşayışa yararlı vəziyyətdə deyildi, inşaat materialarını Tofiq müəllim, bəzən özü alırdı, təmirə xərclənən pulun məbləğini deyə bilmir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e- 2(008)-6034/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Məzil Məcəlləsinin 30.1, 30.2, 30.4; Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1, 88, 217, 218.1-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun16 dekabr 2014-cü il tarixli Qərarın 2-ci bəndinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, Cavabdeh xx.xx.2015-ci il tarixdən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 18, 133 saylı mənzilə köçmüş və hazırda övladları - xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X5 ilə birlikdə qeyd edilən ünvanda qeydiyyatdadırlar və orada yaşayırlar. Mənzilin bütün kommunal xərcləri də cavabdeh tərəfindən ödənilir. İddiaçı tərəfindən ərizədə göstərildiyi kimi cavabdehə mənzildən qeydiyyatdan çıxması və əşyaları ilə birlikdə mənzili tərk etməsi barədə hər hansı təkliflər edilməmişdir. Cavabdeh nikahın pozulması, uşaqların anasının yanında qalması və alimeni tələbinə dair iddia ərizəsi Sabunçu rayon məhkəməsinə müraciət etsə də, həmin mübahisə davam etdirilir və yekun qərar qəbul edilməmişdir. İddia ərizəsinə təqdim etdikləri etirazda da qeyd edilmişdir ki, Cavabdeh mübahisəli mənzilə köçməmişdən əvvəl mənzil yaşayış üçün tamamilə yararsız vəziyyətdə olmuşdur (mənzilin şəkilləri əlavə edilmişdir). Belə ki, İddiaçı cavabdehin valideynlərinə bildirmişdir ki, iddiaçının oğlu və Cavabdeh toydan sonra həmin mənzildə yaşayacaklar. Lakin, toya 40 gün qalmış müddətdə iddiaçı ailəsi ilə birlikdə həmin mənzili tamamilə boşaldaraq həmin əraziyə yaxın yeni tikilən fərdi yaşayış evlərinə köçmüşlər və bu günə kimi orada yaşayırlar. Cavabdehin atası cehiz gətirmək istəyərkən mənzilin tamamilə yararsız olduğunu görüb İddiaçı bu barədə bildirmiş, iddiaçı isə mənzili təmir etməkdən imtina etmişdir. Bu səbəbdən də Cavabdeh atası məcbur olub 2015-ci ilin avqust-sentyabr ayılarında mənzili öz vəsaiti hesabına təmir etdirmişdir. Buna dair müvafiq sübutlar da vardır. Mənzilin təmirinə təxminən 30000 manat vəsait xərclənmişdir. Cavabdeh mənzilə 2015-ci ildə, yəni həm 1 sentyabr 2000-ci ildən etibarən qüvvədə olan Mülki Məcəllə, həm də 1 oktyabr 2009-cu ildən etibarən qüvvədə olan Mənzil Məcəlləsi qüvvədə olduqlar vaxtda köçmüşdür. Cavabdeh və onun azyaşlı övladlarının mübahisəli mənzilə olan istıfadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları kompensasiya ödənilmədən mümkün deyil. Məhkəmənin mövqeyi tamamilə əsassızdır, İddiaçı mübahisəli mənzilinə cavabdeh L .Rüstəmova onun gəlini kimi, yəni ailə üzvü olaraq köçürülmüş və həmin mənzilə həmin vaxtdan istifadə hüququ yaranmışdır. Məhkəmə bu faktları nəzərə almamış və AR Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərini pozmuşdur. Yuxarıda qeyd edilən qanunvericiliyin pozulmasına dair dəlillər göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri üzrə hərtərəfli, tam və obyektiv tədqiq aparılmamış və iş üzrə qanunsuz qərar qəbul edilmişdir. Məhkəmənin gəldiyi nəticələr işin həqiqi hallarına uygun gəlmir. Məhkəmənin işdə olan sübutları təhlil etmədən, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, cavabdehin sözügedən mənzilə 2015-ci ildən ailə qurduqdan sonra gəlin kimi köçdüyünü, yəni iddiaçının keçmiş ailə üzvü olduğunu qeyd etmiş, cavabdeh mübahisəli mənzilə köçməmişdən əvvəl mənzilin yaşayış üçün tamamilə yararsız vəziyyətdə olduğunu və cavabdehin atasının həmin mənzilin təmiri üçün 30000 manata yaxın xərc çəkdiyini, bundan əlavə məhkəmə qətnaməsi çıxarılan dövrdə nikah münasibətlərinin pozulması barədə yekun qərarın qəbul edilmədiyini bildirmişdir.İddiaçının istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etməsini onun tərəfindən cavabdehin istifadə hüququn olmasının etirafı hesab etdiklərini qeyd etmişdir. Tərəflər arasında nikahın pozulduğunu və barışığın mümkün olmayacağını bildirməklə,birinci instansiya məhkəməsinin qərarını əsassız hesab etdiklərini, qeyd edilən halların nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddiaçının oğlu evləndikdən sonra onun ailəsi ilə sözügedən mənzildə yaşamalarına razılıq verdiyini, indi isə mülkiyyət hüquqları pozulduğundan cavabdehin istifadə hüququna xitam verilməsini istədiyini, ümumiyyətlə tələbin istifadə hüququna xitam verilməsini hissəsinin məhkəmə tərəfindən təmin edilmədiyini, yalnız mənzildən çıxarılma hissəsində iddia tələbinin təmin edildiyini qeyd etmiş, barışığın mümkün olmayacağını və nikahın pozulmasına dair məhkəmə qətnaməsinin qəbul edildiyini bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiasının 13 və 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139, 228; Mənzil Məcəlləsinin 30-34; Mülki Prosesual Məcəllənin 76, 77, 80, 82.1, 106.2, 217.4, 385-390-cı maddələrinə, və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin faktiki münasibətlərə müvafiq hüquqi əsası olmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

9. Nəzərə alınmalı olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar; 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər; 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir; 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır; 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır.

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən: 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin münasibətlərə müvafiq təfsir edildiyi təqdirdə belə, cavabdehin hüquqları müəyyən edilmir. Belə ki, tərəflər arasında qohumluq münasibətləri və yaşayış sahəsindən istifadə üçün razılaşma rəsmiləşdirilməmiş, habelə cavabdeh yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər sırasına daxil deyildir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər; 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir; 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

14. Diqqətə çatdırılmalıdır ki, hazırki mülki münasibətlər üzrə cavabdehin əldə etdiyi hüquqlar müəyyən edilməmiş və fərdi yaşayış evinin mülkiyyətdə olması, cavabdehin mülkiyyətçiyə münasibətdə hüquqlarının yaranmadığı, apellyasiya dəlilləri üzrə nikah münasibətləri üzrə hər hansı hüquqi nəticələrin hazırki münasibətlərə təsir göstərmədiyi müəyyən edilir. Apellyator tərəfindən iddiaçı ilə münasibətlər zamanı yaşayış sahəsindən istifadə hüquqlarının yaranmasının sübuta yetirilməməsi bir daha apellyasiya şikayətində qeyd edilənləri istisna edir. İddiaçının cavabdehin istifadə hüququna xitam verilməsi barədə iddiasında qeyd edildiyi ibarələrin mövcudluğu bu hüququn mövcudluğunu müəyyən edən qanunla müəyyən edilmiş təsəvvürlərin dəyişməsinə xidmət edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Təmir xərcləri ilə bağlı qeyd edilməlidir ki, cavabdeh bu əsasla hər hansı tələb irəli sürmədiyindən, habelə bu əsaslar istifadə hüquqlarının yaranmasına əsas olmadığından bu dəlillərin müzakirəsinə zərurət müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

15. Kollegiya qeyd edir ki, mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalı, əsassız apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.

16. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6034/2023 saylı işi üzrə 05 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar