Məhkəmə qərarları › İş №2(103)-1753/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1753/2025

19.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1753/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi X2 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(008)-5976/2024 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı MMC (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh həmin tarixdə "xxxx" MMC-yə satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə baş satıcı vəzifəsinə, xx.xx.2022-ci il tarixdə isə administrator vəzifəsinə keçirilmişdir. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə X16 haqqında müqavilə bağlamışdır. Cavabdehin məsul olduğu "OBA-Zabrat 4" mağazasında xx.xx.2023-cü il - xx.xx.2023-cü il tarixlərində, xx.xx.2023-cü il - xx.xx.2023-cü il tarixlərində inventarizasiya aparılmış, nəticədə müvafiq olaraq 7.548,97 manat və 3.361,04 manat məbləğində çatışmazlıq aşkar edilmiş və bu barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli "İnventarizasiya nəticələrinə dair yekun akt" tərtib edilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli, 161x nömrəli "İşdən azad haqqında" əmri ilə həmin tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) işdən azad edilmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərilərək 9.443,50 manat məbləğində borcun ödənilməsi təklif edilmişdır. xx.xx.2024-cü il tarixli arayışa əsasən cavabdehin işlədiyi dövrdə aşkarlanmış çatışmazlıq məbləğinə güzəştlər tətbiq edildikdən sonra borcun ümumi məbləği 9.443,50 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi olaraq 9.443,50 manat pulun, ödənilmiş 60 manat mediasiya xərcinin və 99 manat dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi işin faktiki hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdehnın yekun olaraq qalıq borcu 9.443,50 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 5976/2024 saylı qətnaməsi ilə iddia rədd edilmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. (hakim X11)

5. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyə istinadən toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, hazırkı mülki işdə iddiaçı "xxxx" MMC-nin dəlillərindən biri bundan ibarətdir ki, cavabdeh X16 haqqında müqavilə imzaladığına görə maddi ziyana görə məsuliyyəti yalnız o daşıyır. Məhkəmə bununla razılaşmamış və qeyd etmişdir ki, işçi ilə işəgötürən arasında bağlanmış X16 haqqında müqavilənin mövcudluğu ziyanın vurulmasında işçinin təqsirliliyi prezumpsiyasını yaratmır. Ziyanın işçidən tələb edilə bilməsi üçün, həmin müqavilə mövcud olsa belə, ziyanın vurulmasında işçinin təqsiri işəgötürən tərəfindən sübut olunmalıdır. X16 haqqında müqavilə, işçinin təqsiri sübuta yetirildiyi halda, yalnız onun maddi məsuliyyətinin həcmini müəyyən etməyə xidmət edir. Lakin iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə ona maddi ziyanın məhz Cavabdeh təqsiri nəticəsində vurulduğunu təsdiq edən sübut təqdim olunmamışdır. İddiaçının təqdim etdiyi sənədlər, o cümlədən inventarizasiya aktları maddi ziyanın kim tərəfindən vurulduğunu deyil, yalnız onun məbləğini və təqribi vaxtını müəyyən etməyə yardım edə bilər. Həmçinin, iddiaçı "xxxx" MMC inventarizasiya keçirərək ona ziyan vurulduğunu müəyyən etsə də, cavabdehdən bununla bağlı yazılı izahat tələb etməmiş və almamış, eləcə də dəymiş ziyanla cavabdehin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni araşdırmamışdır. İddiaçının bir dəlili də ondan ibarətdir ki, Cavabdeh inventarizasiya zamanı tərtib olunan bütün sənədləri imzalamaqla ziyan vurduğunu etiraf etmişdir. Məhkəmə bununla da razılaşmamış və qeyd etmişdir ki, əvvəla, həmin sənədlərin heç birində cavabdehin maddi ziyan vurduğunu etiraf etməsinə dair hər hansı müddəa yoxdur, cavabdeh imzaladığı sənədlərdə yalnız mağazada çatışmazlığın aşkar edildiyini təsdiqləmişdir. Digər tərəfdən, işçinin işəgötürənə vurduğu ziyana görə məsuliyyət daşıması məsələsi əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, mülki qanunvericiliyin normaları, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilənin normalarının tətbiq edilməsi yolverilməzdir. Belə olan halda, cavabdeh borcun etirafına dair sənəd imzalamış olsa belə, bu, iddiaçının tələbini təsdiq edən müstəsna bir sübut kimi qiymətləndirilə bilməz. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən maddi ziyanın ödənilməsini tələb etməkdə haqlı deyil, bu səbəbdən iddia təmin edilməməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-192-ci, 203-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, inventarizasiyanın aparılmasında əsas məqsəd - mühasibat uçotu subyektində aktivlərin və öhdəliklərin faktiki mövcudluğunu aşkar etmək, onların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini yoxlamaqdır. Cəmiyyətin tabeliyində olan mağazalarda aparılan inventarizasiya yoxlamaları iki hissədən ibarət olan prosesidir. Birinci hissə - mağazada maddi məsul şəxsin, yəni cavabdehin öhdəsində olan malların fiziki sayılması və sənədləşdirilməsi prosesidir, ikinci hissəsi isə - fiziki sayılma nəticəsində aşkar edilmiş məlumatların (faktiki qalıq məlumatlarının) mühasibat uçotunda olan məlumatlarla üzləşdirilməsi, aşkar edilmiş nəticələrin (artıqgəlmələrin, əskikgəlmələrin və digər kənarlaşma hallarının) sənədləşdirilməsi, rəhbərlik tərəfindən bu nəticələrin (yekun aktın, üzləşdirmə cədvəlinin) təsdiq edilməsi və cavabdehin bu nəticələrlə tanış edilməsi prosesidir. Cavabdeh inventarizasiya yoxlamasının hər iki mərhələsində (həm malların fiziki sayılması, həm də məlumatların üzləşdirilməsi və yekun nəticələrin aşkar edilməsində) iştirak etmiş, bütün inventarizasiya sənədləri ilə tanış olmuş, izahatını vermiş, yekun nəticələri qəbul edərək imzalamış, hər hansı etirazını bildirməmiş, bununla da Cəmiyyət işçi barəsində aparılan araşdırma zamanı əmək qanunvericiliyi ilə işçinin qorunan hüquqlarını təmin etmişdir. İşin hallarından göründüyü kimi, cavabdeh onun barəsində keçirilmiş yoxlamalarda (malların siyahıya alınmasında, faktiki məlumatların uçot məlumatları ilə üzləşdirilməsində, yekun nəticələrin üzə çıxarılaraq aktlaşdırılmasında) şəxsən iştirak etmiş, yoxlama nəticəsində aşkar edilmiş kənarlaşma halları, yəni əskikgəlmələrin nədən ibarət olduğunu (hansı sayda, hansıməbləğdə və s.) və buna görə məsul olduğunu etiraf etmiş, yoxlama nəticələrini öz imzası və qeydləri ilə təsdiq etmişdir, hər hansı etirazı olmamışdır. Cavabdehlə bağlanmış “X16 haqqında” Müqavilənin 1-ci bəndinin tələblərinə görə, cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Həmin Müqavilənin 3.3-cü bəndinə görə, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. İşin hallarından göründüyü kimi, inventarizasiya yoxlamaları qanunamüvafiq qaydada həyata keçirilmiş, bütün prosedurlar sənədləşdirilmiş, prosedurların icra edilməsi zamanı cavabdeh hər hansı etirazını bildirməmişdir. İş materiallarında olan, cavabdeh tərəfindən hər səhifəsi imzalanaraq təsdiq edilmiş İnventarizasiya Siyahısından göründüyü kimi, işçi qrupu tərəfindən cavabdehin administrator olduğu “Oba-Zabrat 4” mağazasında cavabdehin iştirakı ilə onun öhdəliyində olan maddi qiymətlilər fiziki sayılaraq yoxlanılmış, aktın düzgünlüyü işçi qrupunun üzvləri tərəfindən və Cavabdeh tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Mağaza mallarının fiziki sayılması zamanı tərtib edilmiş və cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmiş İltizamnamədə də cavabdeh izahat verərək əlyazması ilə qeyd etmişdir ki, sayımda iştirak etmiş, sonda qarşılaşdırma edilmiş, sayılan bütün miqdarlar yoxlanılmış, sayıma etirazı olmamışdır. Yekun Aktın əlavəsi və açıqlaması olan siyahıda hansı maldan hansı miqdarda və hansı dəyərdə əskik gəldiyi açıq-aydın şəkildə qeyd olunmuş, bu araşdırma nəticəsi ilə də cavabdeh şəxsən tanış olmuş və hər hansı etirazını bildirməmişdir. Bütün bu prosedurların yekunu olaraq təkrar nəzarət qaydasında dəqiqləşmələr aparılmış və hər hansı səhv aşkar edilmədiyindən İnventarizasiya araşdırması tam yekunlaşdıqdan sonra İltizamnamə tərtib edilmişdir. Yekun İltizamnamə də cavabdeh tərəfindən imzalanmış, maddi məsul şəxsin xüsusi qeydləri bölməsində isə cavabdeh “etirazım yoxdur” izahatını yazmışdır. Göründüyü kimi, inventarizasiya yoxlamasının heç bir mərhələsində (mağaza mallarının fiziki sayılması, faktiki və uçot məlumatlarının üzləşdirilməsi, yekun aktın tərtib edilməsi, təkrar nəzarət qaydasında məlumatların dəqiqləşdirilməsi və yekun iltizamnamənin təsdiq edilməsi zamanı) cavabdeh hər hansı etirazını bildirməmiş və bütün nəticələri qəbul edərək maddi məsul şəxs kimi məsuliyyəti öz üzərinə götürmüşdür. Tərəflər arasında bağlanmış X16 haqqında Müqavilənin 1-ci bəndinin şərtlərinə görə, maddi məsul şəxs ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür, ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir. Həmin Müqavilənin 3.3-cü bəndinə görə işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. Əmək Müqaviləsinin tərkib hissəsi olan X4 1.1-ci bəndinə əsasən administrator anbarın, satış zalının əskiksiz olmasına nəzarət etməlidir; 2.6-cı bəndinə əsasən tabeliyində çalışan əməkdaşlardan vəzifə funksiyalarının icra edilməsini, Cəmiyyətin prosedur və qaydalarına əməl edilməsini tələb etməlidir; 3.1-ci bəndinə əsasən sayım zamanı əskik gələn məhsullara görə məsuliyyət daşımalıdır; 3.6-cı bəndinə əsasən əmək qanunvericiliyi və vəzifə təlimatı ilə nəzərdə tutulmuş vəzifələrin icra edilməməsi və lazımi səviyyədə icra edilməməsi görə məsuliyyət daşımalıdır; 3.8-ci bəndinə əsasən maddi məsuliyyət müqaviləsi çərçivəsində öhdəsində olan vəsaitlərə görə məsuliyyət daşımalıdır. Məhkəməyə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirib, qanunvericiliyin göstərilən tələblərini, tərəflər arasında bağlanmış əmək və X16 müqaviləsinin şərtlərini, habelə inventarizasiya qaydalarına uyğun şəkildə aparılmış yoxlama nəticəsində tərtib və təsdiq edilmiş yoxlama sənədlərini nəzərə alaraq cavabdehin tam maddi məsul şəxs olduğu, iddiaçıya həqiqətən də maddi ziyan vurulduğu və bu ziyanın məhz cavabdehin təqsiri ucbatından törədildiyi tam olaraq sübuta yetirilmişdir. İşin düzgün həlli üçün önəmli olan halların varlığını(ziyanın mövcudluğu və bu ziyanın məhz cavabdeh tərəfindən vurulduğunu) təsdiq edən yazılı sübutlar (cavabdehin imzaladığı əmək müqaviləsi, X16 haqqında müqavilə, vəzifə təlimatı, inventarizasiya sənədləri, iltizamnamələr, izahatlar, yekun aktlar, üzləşdirmə cədvəlləri) məhkəməyə təqdim edilsə də, məhkəmə bu sübutları düzgün qiymətləndirməmiş, yoxlama sənədlərinin natamam və ya yolverilməz olduğunu konkret normativ-hüquqi aktların müddəaları ilə əsaslandırmamış, habelə işçinin işəgötürənə vurduğu ziyanın hansı qaydada müəyyən edilməli və sənədləşdirilməli olduğunu əsaslandıra bilməmişdir. Bu səbəbdəndir ki, qəbul edilmiş qətnamə ziddiyyətli və natamamdır. Məhkəmə yoxlama sənədləri ilə bağlı bir tərəfdən qeyd edir ki, həmin sənədlərin heç birində cavabdehin maddi ziyan vurduğunu etiraf etməsinə dair hər hansımüddəa yoxdur, cavabdeh imzaladığı sənədlərdə yalnız mağazada çatışmazlığın aşkar edildiyini təsdiqləmişdir. Qətnamənin növbəti abzasında isə məhkəmə ziddiyyətli mövqe nümayiş etdirərək qeyd edir ki, cavabdeh borcun etirafına dair sənəd imzalamış olsa belə, bu, iddiaçının tələbini təsdiq edən müstəsna bir sübut kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, məhkəməyə hansı sənəd təqdim edilməyindən asılı olmayaraq, məhkəmə sübutları obyektiv qiymətləndirməmiş və cavabdehin öz imzaları, əlyazma qeydləri və izahatları ilə təsdiq etdiyi inventarizasiya sənədlərini yolverilməz sübut kimi qəbul etsə də, həmin cavabdehin eyni qaydada imzaladığı kadr sənədlərini (əmək müqaviləsinin bağlanması və vəzifə dəyişikliyi ilə bağlı sənədlər, X16 haqqında müqavilə və vəzifə təlimatı və s.) yolverilməzliyinə dair hər hansı münasibət bildirməmiş, bununla da qərəzsizlik və bərabərlik prinsiplərini pozmuşdur. Birinci instansiya məhkəməsi işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu AR MPM-in 76.2-ci maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə düzgün müəyyənləşdirməmiş, iş materiallarında olan sübutlarıAR MPM-in 88-ci maddəsinə əsasən düzgün qiymətləndirməmiş, nəticə etibarılə maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. İşin hallarından göründüyü kimi, sübutetmə yükünün bölgüsünə əsasən ziyanın məhz cavabdeh tərəfindən vurulduğunu sübut edilsə də, cavabdeh ziyanın onun tərəfindən vurulmadığını sübut edə bilməmişdir. Belə ki, cavabdeh özünümüdafiə xarakterli izahatlar versə də (guya çatışmazlıqların tabeliyində çalışan işçisi Aynurə Abbasovanın qanunazidd əməlləri nəticəsində yaranması barədə), bu izahatlar hər hansı mötəbər sübutla (cinayət və ya inzibati xəta hadisəsi barədə üst rəhbərə məlumat verilməsi barədə rəsmi sənədlər, bu hadisə ilə bağlı hüquq-mühafizə orqanında araşdırmanın aparılması və s.) öz təsdiqini tapmamışdır.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

9. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, inventarizasiya aktları və maddi məsuliyyət haqqında müqavilənin mövcudluğu iddia tələbinin əsası kimi götürülmüşdür. Halbuki, bu sənədlər onun təqsirli əməlini və ya ziyanın onun davranışı ilə birbaşa bağlı olduğunu sübut etmir. Təqdim olunmuş müqavilələr yalnız hüquqi forma olaraq mövcuddur, lakin onların əsasında onun barəsində subyektiv məsuliyyət elementi – təqsir və səbəbli əlaqə sübut edilmədiyi üçün, bu dəlillər əsasında hüquqi məsuliyyət müəyyən edilə bilməz. İş materiallarında bu şərtlərin heç biri sübuta yetirilmədiyindən, onun məsuliyyət daşıması üçün hüquqi və faktiki əsas yoxdur. Müəyyən vaxt aralığında nəzarət onun öhdəsində olmuş olsa belə, şəxsin öz vəzifə səlahiyyətlərini qüsurlu olaraq yerinə yetirməsi faktı iddiaçı tərəfindən də sübuta yetirilməmişdir. Əmək Məcəlləsində inzibati tənbeh tədbirləri tətbiq etmə hüququ işəgötürənin hüququ kimi müəyyən edilmiş olsa belə, şəxsin təqsirini sübuta yetirmək üçün araşdırma aparmalı, yekun nəticədə şəxsə inzibati tənbeh tədbirləri tətbiq edilə bilər və ya şəxsin əməlində cinayət tərkib əlamətlərinin olduğu müəyyən edilsə idi, aidiyyatı üzrə inzibati orqana müraciət edə bilərdi. Lakin işəgötürən onunla bağlanmış müqavilə və aktları imzalaması ilə kifayətlənərək əlavə heç bir araşdırma aparmamışdır. İddiaçı tərəfindən təqdim olunan inventarizasiya nəticələri yalnız daxili struktur tərəfindən tərtib olunmuş, müstəqil audit rəyilə yoxlanmamışdır. Bu səbəbdən nəticələrin obyektivliyi və hüquqi qüvvəsi şübhə altındadır. İddiaçı tərəfindən aktlarla kifayətlənmiş, həqiqətən də mənimsə faktının cavabdeh tərəfindən edilib-edilmədiyi araşdırılmamışdır. Sənədlərdən də göründüyü kimi, inventarizasiyanın keçirilməsi barədə onun Aktlarda sayımda iştirak etdiyini və malların əskik gəlməsini təsdiq etmişdir, yəni o, həmin hərəkətlərin keçirilməsində iştirakdan yayınmamışdır. Onun tərəfindən hər iki məhkəmə instansiyasına həmin mağazadan aparılmış videogörüntülər təqdim olunmuş, həmin görüntülərdə mağazada mənimsəmə hallarında konkret bir qadın əməkdaş – X5 iştirakı olduğu göstərilmişdir. Mövcud mağazada kamera görüntülərinə nəzaərtin həyata keçirilməsi üçün ayrıca əməkdaş təhkim edilməmiş, müxtəlif vaxtlarda onun kameralara qismən nəzarəti olmuş, lakin tam nəzarəti olmamış, bu da məsuliyyətin bölüşdürülməsinə hüquqi əsas verir. Yəni kamera yazılarına çıxış imkanı, həmçinin təhlükəsizlik sisteminə giriş səlahiyyəti olmamışdır. Kameralara ümumi nəzarət "xxxx" MMC-nin Nəzarət Şöbəsinə aid edilmiş, onun həmin sistemə giriş imkanı formal olaraq mövcud olmamışdır. X8 iş saatlarından sonra (12:00–22:00) faktiki olaraq administrator səlahiyyətlərini icra etmiş və mal qəbulu da məhz bu vaxtlarda da baş vermişdir. Ziyanın məhz bu vaxt aralığında baş verməsi ehtimalı yüksək olduğundan, onun məsuliyyəti yalnız formal vəzifə əsasında irəli sürülə bilməz. Həmçinin təqdim edilmiş görüntülərdə X1 pul mədaxil etməməsi kimi hallar açıq şəkildə əks olunmuş, bu faktlar MMC rəhbərliyinə təqdim edilmişdir. Buna baxmayaraq, işəgötürən tərəfindən X8 barəsində hər hansı hüquqi tədbir görülməmiş, məsuliyyət yalnız onun üzərinə yönləndirilmişdir. Bu isə məsuliyyətin bölüşdürülməsi və alternativ ehtimalların nəzərə alınmaması baxımından hüquqi baxımdan qüsurludur. İlkin təftiş iddiaçının səlahiyyətli nümayəndələrinin iştirakı ilə kameralara baxış keçirilmiş və sonrakı mərhələdə videogörüntüdən də həqiqətən malların xanım işçi tərəfindən mənimsənildiyi halları aşkar edildikdən sonra, növbədənkənar təftiş həyata keçirilmiş və həmin təftişin nəticəsi olaraq, çatışmazlıqlar aşkar edilmişdir. Lakin birinci dəfə növbədənkənar yoxlamanın hansı əsasla keçirildiyi təqdim edilən sənədlərlə sübuta yetirilməmişdir. Növbəti dəfə isə işçinin işdən çıxmaq barədə ərizəsi ilə müraciət etməsi üzrə ikinci dəfə növbədənkənar yoxlama aparılmış və aktlaşdırılmışdır. Lakin İddiaçı tərəfindən həmin xanım işçi barəsində hansısa tədbir görməmiş, həmin hissədə hərəkətsizlik nümayiş etdirmiş, “maddi məsul şəxs” kimi onsuz da onun olmasını nəzərdə tutduqlarından birbaşa ona qarşı iddia irəli sürmüşlər. Əlavə olaraq diqqətinizə çatdıraq ki, Cavabdehin faktiki olaraq 07:00–16:00 saatlarında mağazada olmuşdur, X8 isə 12:00–22:00 arası işləyərək müdir müavini kimi fəaliyyət göstərmiş, onun iş saatı xaricində faktiki məsul şəxs olmuşdur. Mağazaya malların 3 axşam saatlarında, yəni onun işdə olmadığı vaxtlarda daxil olması praktik olaraq mümkündür. Bu baxımdan çatışmazlığın hansı dövrdə və kimin nəzarətində baş verdiyi açıq şəkildə araşdırılmamışdır. X16 yalnız malların faktiki təhvil alınması və şəxsi nəzarət əsasında mümkündür. Bunlarla bağlı İddiaçı tərəfindən hansısa “təhvil-təslim aktları” məhkəməyə təqdim edilməmişdir. İddiaçı MMC tərəfindən heç bir hüquqi araşdırma aparılmamış, nə polisə müraciət edilmiş, nə də bu şəxsə qarşı tədbir görülmüşdür. İddiaçı həmin faktın araşdırılması ilə bağlı onun hüquq mühafizə orqanlarına müraciət etməli olması arqumentini irəli sürərək, öz hərəkətsizliyini ört-basdır etməyə çalışmışdır. X3 qəsdən ziyan vurması və ya mənimsəməsi sübuta yetirilərsə (kamera görüntülərindən də bunu müəyyən etmək olur) onun barəsində xüsusi qərardad çıxarılması məqsədəuyğun olar. Əvvəlki işlərdə həmin kamera görüntülərinin həqiqətən də həmin mağazaya aid olması məsələsi mübahisə predmeti olmuş, lakin növbəti iclaslarda həmin görüntülərin MMC-yə məxsus olmasını iddiaçı etiraf etdiyindən artıq bu hissə üzrə iş mübahisəsiz hala çevrilmişdir. xx.xx.2025-ci il tarixində ərizə ilə o, İddiaçı təşkilata müraciət etmiş və cavabdehin nümayəndələrinin iştirakı ilə sentyabr ayı üzrə kameralar baxış keçirilmiş və həqiqətən də müxtəlif vaxtlarda işçi X5 alınan pulları kassaya mədaxil etmədiyi aşkar edilmişdir. Lakin kamera görüntüləri tam olmadığından X8 tərəfindən vurulan ziyanın hansı məbləğlərdə olmasını tam müəyyənləşdirmək olmur. Odur ki, məhkəməyə təqdim edilən görüntülərdə X8 tərəfindən cinayət əməllərinin törədildiyi və cavabdehin nümayəndələrinin bu faktı təsdiq etdiyinə görə şəxsin əməlinə mövcud hüquqi qiymətin verilməsi üçün şəxs barəsində “xüsusi qərardad”ın çıxarılması məqsədə uyğundur. Onun tərəfindən imzalanmış akt, izahat və digər sənədlər onun azad iradəsini əks etdirməmiş, əmək münasibətlərində mövcud olan tabelilik və işdən azad olunmaq qorxusu fonunda təzyiq altında imzalanmışdır. Bu sənədlərin imzalanması onun öz təqsirini qəbul etməsi anlamına gəlmədiyi kimi, onların hüquqi qüvvəyə malik olması da şübhə altındadır. Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, işçinin tabeli vəziyyətdə verdiyi razılıq və ya etiraf hüquqi nəticə doğurmur. Buna görə də həmin sənədlər əsasında onun maddi məsuliyyətə cəlb olunması hüquqi əsaslardan məhrumdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İştirak etdiyi məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat vermişlər və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; 191-ci maddəsinin 2-ci bəndinə əsasən a) ziyanın həqiqətən vurulduğunun aşkar olunması; b) təqsirkarın əməlinin, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd olması; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqənin olması şərtlərinin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır; 192-ci maddəsinin 1-ci bəndinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır; 192-ci maddəsinin 2-ci bəndinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar; 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur; 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir; 199-cu maddəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X16 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; 200-cü maddənin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X16 daşıması barədə yazılı müqavilə bağlaya bilər; 200-cü maddəsinin 5-ci hissəsinə əsasən X16 barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır; 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir; 203-cü maddəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən X16 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər (Əmək Məcəlləsinin 203 və 205-ci maddələri). Eyni zamanda, qeyd edilmişdir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - X16 götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X16 daşıması barədə yazılı müqavilə bağlaya bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan apellyasiya şikayətinin hər hansı formada təmin edilməsinə və birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddianın tam və ya qismən təmin edilməsinə hər hansı əsas yoxdur.

19. Məhkəmə kollegiyası mülki işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən ilk növbədə qeyd edir ki, cavabdeh iddiaçı cəmiyyətdə xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə satıcı-kassir vəzifəsində işləmiş, xx.xx.2022-ci il tarixdə baş satıcı, xx.xx.2022ci il tarixdə isə administrator vəzifəsinə keçirilmişdir. Cavabdehin məsul olduğu "OBA- Zabrat 4" mağazasında xx.xx.2023-cü il - xx.xx.2023-cü il tarixlərdə və xx.xx.2023-cü il xx.xx.2023-cü il tarixlərdə inventarizasiya aparılmış, nəticədə müvafiq olaraq 7.548,97 manat və 3.361,04 manat məbləğində çatışmazlıq aşkar edilmiş və bu barədə xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixli "İnventarizasiya nəticələrinə dair yekun akt"lar tərtib edilmişdir. Cavabdehin borcuna güzəştlər tətbiq edilmiş və iddiaçı tərəfindən xx.xx.2024cü il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərilərək 9.443,50 manat məbləğində borcun ödənilməsi tələb edilmişdır.

20. Hazırda iddiaçı cavabdehin admistirator kimi çalışdığı ona məxsus mağazada xx.xx.2023-cü il - xx.xx.2023-cü il tarixlərdə və xx.xx.2023-cü il - xx.xx.2023-cü il tarixlərdə keçirilmiş inventarizasiya nəticəsində mal qalığının aşkar edildiyini, iddiaçıya 10.910,01 manat məbləğində zərər vurulduğunu, cəmiyyətlə X16 müqaviləsi bağlamış maddi məsul şəxs olaraq iddiaçının məsuliyyət daşıdığını və güzəşt tətbiq olunaraq 9.443,50 manat məbləğində pulu ödəmək öhdəliyini daşıdığını iddia edir və həmin məbləğin ondan tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, çatışmazlığın yaranmasında onun təqsirinin olmadığını, kamera görüntülərinə əsasən mağazada oğurluğun satıcı vəzifəsində işləyən Aynurə Abbasova tərəfindən edildiyini, lakin bu barədə iddiaçının rəhbərliyinə məlumat verilməsinə baxmayaraq heç bir tədbirin görülmədiyini bildirir.

21. Hazırda iddiaçı maddi zərərin birbaşa olaraq cavabeh tərəfindən vurulduğunu bildirmir, aralarında bağlanmış maddi məsuliyyət barədə müqaviləyə istinad edərək dəymiş zərərin məhz cavabdeh tərəfindən ödənilməli olması mövqeyindən çıxış edir. Məhkəmə kollegiyası ilk növbədə tərəflər arasında maddi məsuliyyət haqqında müqavilənin imzalanmasını və hazırki iddia tələbinin əsasında həmin müqavilənin durmasını nəzərə alaraq hüquqi dəyərləndirmənin bu istiqamətdə aparılmasını məqbul hesab edir.

22. Bu baxımdan qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda X16ə cəlb olunur. Bir qayda olaraq, işçi bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Mülki hüquq münasibətlərində isə vurulmuş ziyan tam həcmdə ödənilir, habelə əldən çıxmış fayda da ödənilə bilər.

23. Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərar).

24. Məhkəmə kollegiyası o halı da xüsusilə qeyd edir ki, qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən, həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir.

25. Hazırki işin materiallarından da göründüyü kimi iddiaçı vurulmuş ziyanda cavabdehin təqsirini onun tərəfindən imzalanmış "İnventarizasiya nəticələrinə dair yekun akt"larla və iltizamnamə ilə əsaslandırmış, bu halın həmin sənəndlərin onun imzalaması ilə təsdiq olunmasının kifayət olduğunu bildirmişdir. Lakin zərərin, həqiqətən cavabdehin təqsirli (hətta təqsirsiz) hərəkət və hərəkətsizliyi nəticəsində dəyməsini və dəqiq məbləğləri, onların hesablanma qaydasını hər hansı digər mötəbər dəlillərlə sübuta yetirə bilməmişdir.

26. Bu konteksdə, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, "İnventarizasiya nəticələrinə dair yekun akt"larla və iltizamnamədə zərərin birbaşa cavabdeh tərəfindən vurulması öz təsdiqini tapmır. Cavabdehin həmin sənədləri imzalaması isə onun həmin prosesdə iştirak etdiyini və qeyd edilən prosedurun həqiqətən də baş tutduğuna şahidlik etdiyini göstərir.

27. Digər tərəfdən, qanunvericiliyin tələbinə görə illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditorun cəlb edilməsi, audit yoxlamasının aparılması və bu barədə aktın tərtib edilməsi vəzifə olaraq MMC-nin üzərinə qoyulmuşdur. Hazırki iş üzrə iddaçı olan MMC tərəfindən illik maliyyət hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün belə müstəqil auditorun cəlb edilməsi, borcun yarandığını iddia etdiyi il üzrə qeyd edilən formada yoxlamanın aparılmasını göstərən, bu audit yoxlaması nəticəsində tərtib edilmiş audit aktının olması müəyyən edilməmişdir. Bu da onu deməyə əsas verir ki, nəinki iddiaçı cavabdehin iddia etdiyi zərərin vurulmasında təqsirini sübut edə bilmir, ümumiyyətlə zərərin dəyməsi halının aşkara çıxarıldığı yoxlama da qanunvericiliyin tələblərinə uyğun keçirilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə (hüquqi mövqeyi) ilə razılaşır (onun mövqeyinin bir daha təkrarlanmasına hər hansı zərurət görmür) və iddianı onun əsaslığına dair sübutlar təqdim edilmədiyindən əsassız hesab edir.

28. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı yalnız günün müəyyən hissəsi iş yerində olur. Lakin çatışmazlığın məhz həmin müddət ərzində və cavabdehin təqsirli hərəkətləri nəticəsində yaranması, ümumiyyətlə çatışmazlıq kimi göstərilən malların (nəzərə alınmalıdır ki, mağaza da anbar da mövcud deyil) məhz cavabdeh tərəfindən mağazaya qəbul edilməsi və yerləşdirilməsi də müəyyən edilmir, bununla bağlı da hər hansı sübut təqdim edilmir. Apellyasiya instansiyasındakı icraat zamanı işə baxılarkən məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş videogörüntülərdən isə həmin mağazada işləyən digər şəxs (mağazanın digər əməkdaşı olan və cavabdehin yoxluğunda mağazaya rəhbərlik edən şəxs olduğu bildirilən Aynur Abbasova) tərəfindən açıq və aydın şəkildə pulun kassaya mədaxil edilməməsi, həmin pulun öz üzərində gizlədilməsi məhkəmə kollegiyası tərəfindən müşahidə edilmişdir.

29. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyinin yekunu olaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384ci, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 5976/2024 saylı qətnaməsi İddiaçı MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar