Məhkəmə qərarları › İş №2(103)-1754/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1754/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1754/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(008)-1412/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən evə təbii qazdan istifadə edilməsi məqsədilə qaz sayğacı quraşdırılmışdır və **********00000 abonent kodu həmin ünvana aiddir. Cavabdeh müəssisənin əməkdaşları tərəfindən xx.xx.2023-il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”akt tərtib edilmiş, aktda abonent tərəfindən təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə edildiyi qeyd edilmişdir. Nəticədə xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə görə ******* nömrəli xx.xx.2023-cü il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 73440 m3 olması hesablanmış, **********00000 saylı abonentin saldosuna əsasən İddiaçı Fiktər oğluna 2023-cü ilin yanvar ayında qalıq və aktlar üzrə 8812,80 manat akt üzrə borc hesablanmışdır. 2.İddiaçı borcun qanunsuz hesablandığını iddia edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz’' İstehsalat Birliyi tərəfindən ünvan 2 ünvanında yerləşən evin hesab koduna əsassız hesablanmış 8812,80 (səkkiz min səkkiz yüz on iki manat səksən qəpik) manat məbləğin kod (**********00000) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən ona məxsus evin qaz xəttinə baxış keçirilmişdir. Baxış zamanı qeyd olunan ünvanda sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə olunması aşkar olunmuşdur. Bu barədə Cavabdeh İB-nin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı akt onun imzası olmadan yazılmışdır. Həmin akt əsasında onun hesab koduna (**********00000) əsassız olaraq 8812,80 (səkkiz min səkkiz yüz on iki manat səksən qəpik) manat dəymiş ziyan hesablanmışdır. Cavabdeh İB-nin hesabladığı dəymiş ziyan qanunsuz və əsassıdır. Belə ki, akt tərtib olunarkən Cavabdeh İB-yi tərəfindən ona məlumat verilməmiş, onun imzası olmadan tərtib olunmuşdur. Cavabdeh İB-nin ərazi üzrə nəzarətçiləri hər ay sayğaca və qaz xəttinə baxış keçirərək orada olan göstəriciləri bazaya işləyirlər. Əgər sayğacdan kənar təbii qazdan istifadə olunurdusa nəyə görə bununla bağlı tədbir görülməmişdir? Eyni zamanda qeyd etmişdir ki, maliyyə arayışında göründüyü kimi onun tərəfindən hər ay qaz kartına pul vurmaqla təbii qazdan istifadə olunmuşdur. 5.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 26 sentyabr 2024-cü il tarixli, 2(008)-1412/2024 saylı qətnaməsi ilə (hakim-X3) iddia təmin edilərək, **********0000 saylı abonent İddiaçı Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən hesablanmış 8812,80 (səkkiz min səkkiz yüz on iki manat, səksən qəpik) manat borcun silinməsi qət edilmişdir. İş materiallarında olan:

6. Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 04/7289 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4- cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. 7.Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, **********00000 nömrəli abonent İddiaçı məxsus mənzilə baxış keçirilən zaman abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. 8.xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli xx.xx.2023-cü il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 73440 m3 olması hesablanmışdır. 9.**********00000 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı Fiktər oğluna 2023cü ilin yanvar ayında qalıq və aktlar üzrə 8812,80 manat akt üzrə borc hesablanmışdır. 10.İddia tələbini təmin edən məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa 13.8-1-ci maddəsi əlavə edilmiş və sözügedən maddə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. 11.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsəlsəinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərəin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurumuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta günlük qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 12.Məhkəmə xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən yazılmış cərimənin silinməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, sözügedən akt xx.xx.2022-ci il tarixdən sonraki dövürdə tərtib edildiyindən və istehlakçının məsuliyyətə cəlb edilmədiyindən sözügedən akt əsasında yazılmış cərimə silinməlidir. 13.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, 13.8-1-ci; Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci; “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş akt və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamə, abonent saldosu və s) Birliyə vurulmuş zərəri sübut edir. Cavabdeh İBnin əməkdaşları tərəfindən tərtib edilmiş aktın bir nüsxəsi istehlakçıya (nümayəndəsinə) təqdim edilmişdir və istehlakçının həmin aktı imza etməkdən imtinası həmin aktın qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşları tərəfindən akt tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda Cavabdeh İB-nin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir.1-ci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Əgər məhkəmə qeyd olunan prosessual normanın tələblərini düzgün tətbiq etmiş olsa idi iddia tələbini rədd edərdi. Belə ki, iddiaçının yaşadığı ünvanda təbii qazdan qeyri-qanuni birləşmə vasitəsilə istifadə halı aşkar edilən zaman çəkilmiş fotoşəkillər tərəflərindən məhkəməyə təqdim edilmişdir. Həmin fotoşəkillərdə qaz xəttinə qanunsuz qoşulma olması aydın görsənir. Eyni zamanda Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktın bir nüsxəsi istehlakçıya (nümayəndəsinə) təqdim edilmişdir və istehlakçının həmin aktı imza etməkdən imtinası həmin aktın qanunsuz olduğuna dəlalət etmir. Odur ki, məhkəmənin gəldiyi hazırki nəticə göstərilən prosessual hüquq normalarının pozulmasıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutlarırədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Odur ki, iş materiallarında yer almış və tərəflərindən təqdim olunan sübutlar iddia tələbinin tamamilə əsassız olmasını təsdiq etdiyi halda 1-ci instansiya məhkəməsi mötəbər olmayan sübutlara istinad etməklə səhv nəticəyə gələrək, iddia tələbini təmin etmişdir. İddia tələbi tamamilə əsassız olduğu və cavabdeh tərəf olaraq da bu halı sübuta yetirdikləri halda 1-ci instansiya məhkəməsi iddia tələbini hər hansı bir əsas olmadan təmin etmişdir. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunaziddtəqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyriqanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. İddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktda qeyd etmişdir. Belə ki, dəymiş ziyanın həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Bunun nəticəsi olaraq da, 1-ci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17.İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası: 18.Maddə 72.Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 19.Maddə 560.1.Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir.Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 20.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqaşəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 21.Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: 22.Maddə 3.(İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətlidövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 23.Maddə 26.İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymişmənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir.İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumuverməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:

24. 4.2.Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

25. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Xidmətin və qazpaylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

26. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qazpaylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

27. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işləkvəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qazsayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

28. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

29. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 30.Maddə 11. 6-cı bəndi. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 31.Maddə 13. 8-ci bəndi.Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylay ıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz say ğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dəkistehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olanistehlakçıya istifadə etdiyi qazın dəyəri haqq ında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi)tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmişsəhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçılarınağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 32.Maddə 13.8-1 bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cıhissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 33.Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 34.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 37.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(011)-5429/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 39.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvan 4 ünvanında yerləşən evə təbii qazdan istifadə edilməsi məqsədilə qaz sayğacı quraşdırılmışdır və**********00000 abonent kodu həmin ünvana aiddir. Cavabdeh müəssisənin əməkdaşları tərəfindən xx.xx.2023-il tarixli, ******* saylı“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”akt tərtib edilmiş, aktda abonent tərəfindəntəbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə edildiyi qeyd edilmişdir. Nəticədə xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli xx.xx.2023-cü il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 73440 m3 olması hesablanmış, **********00000 saylı abonentin saldosunun surətindən isə görünür ki, İddiaçı Fiktər oğluna 2023-cü ilin yanvar ayında qalıq və aktlar üzrə 8812,80 manat akt üzrə borc hesablanmışdır. 40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 41.Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 42.Kollegiya qeyd edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də həmin akt mötəbər sübut kimi qəbul edilə bilməz. 43.Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.Göründüyü kimi, qeyd olunan hallar müəyyən olunmur. 44.Digər tərəfdən kollegiya qeyd etmişdir ki, “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən əgər iddiaçı tərəfindən 31 yanvar 2023-cü il tarixdə sayğaca müdaxilə olmuşdursa, cavabdeh tərəfindən akt tərtib edildikdən sonra qazın verilməsi dayandırılmalı və dəymiş zərərin ödənilməsinin qanunvericiliyə uyğun olaraq iddiaçıdan tələb edilməsi həyata keçirilməli idi. Lakin iş materiallarından bu hallar müəyyən olunmur. Bu hal bir daha kollegiyaya aktın mötəbər sübut kimi qəbul edilməməsi qənaətinə gəlməyə əsas verir. 45.Beləliklə, kollegiya hesab edir ki, sayğacdan kənar qazdan istifadə halı, yəni zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti nəticəsində baş verməsi, qanunsuz hərəkətlə zərər arasında səbəbli əlaqənin olması, bununla da, iddiaçı tərəfindən zərər vurulması sübuta yetirilmədiyindən cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış borcun silinməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. 46.Kollegiya apellyatorun qanunusuz qoşulmanı təsdiq edən fotoşəkillərin mövcudluğu barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 13.8-1-ci maddəsinə əsasən istehlakçının qazın talanmasında təqsirli olması müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi, qeyd olunan hallar müəyyən olunmur. 47.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 48.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 49.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 50.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 51.Kollegiya qeyd edir ki, məhkəmə xərcləri ilə əlaqədar məsələ prosessual qanunverciliyin və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə həll edilmişdir. 52.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(008)-1412/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Günay Axundova

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar