Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1756/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2943/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Mübahisəli yaşayış evi 2004-cü ildə cavabdeh tərəfindən tikilmişdir. İddiaçı ilə Cavabdeh 2006-cı ildə faktiki olaraq, 2009-cu ilin mart ayında rəsmi olaraq nikah münasibətlərinə daxil olmaqla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində birlikdə yaşamağa başlamışlar. Birgə nikahdan iki uşaqları doğulmuşdur. Həmin fərdi yaşayış evinin tərəflərin nikaha daxil olmasından əvvəl cavabdehin vəsaitləri hesabına onun tərəfindən inşa edilməsi mübahisələndirilmir. İddiaçı 2019-cu ildən həmin mübahisəli Bakı şəhəri, Şüvəlan qəsəbəsi Gülçülük sovxozu ünvanında yerləşən evi tərk edərək, ailəsinə məxsus ünvanda yaşamış, bu müddət ərzində həmin evə geri dönməmiş və məhkəmədə bununla bağlı iddia qaldırmamışdır. Lakin onların faktiki olaraq ayrı yaşadıqları vaxtda iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə aliment tutulması, bundan sonra, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onların nikahının pozulması qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, onun övladları xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 ilə birlikdə cavabdehə məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 03 mart 2009-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları vardır: xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3334 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Həmçinin Xəzər Rayon Məhkəməsinin 2(003)-1928 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aliment təyin olunmuşdur. Onlar ailə həyatı qurduqdan sonra Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində yaşayırdılar. Lakin cavabdehlə münasibətləri pisləşdikdən və boşandıqdan sonra cavabdeh nə onu, nə də övladlarını həmin evə buraxmır, onlara orada yaşamağa imkan vermir. Hal-hazırda iki övladı ilə birlikdə valideynlərinin yanında yaşayırlar. Qardaşı və valideynləri onlara baxmır. Məhkəmə qaydasında aliment təyin olunsa da, cavabdeh alimenti vaxtı vaxtında ödəmir və borcu yığılır, bu da ona və övladlarına çətinlik yaradır. Ailə üzvləri çox olduğuna görə qardaşı və ailəsi də onlarla, yəni atasıgildə yaşayır. Buna görə də evdə sıxlıq yaşanır. Bundan da o narahat olur. İşləmədiyinə görə kirayəyə də çıxmağa imkanı yoxdur. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək göstərmişdir ki, iddiaçı və cavabdeh 2006-cı il tarixdə qeyri-rəsmi nikaha daxil olmuş, sonradan 2009-cu ildə rəsmi olaraq nikaha daxil olmuşlar. Yaşadıqları torpaq sahəsində olan fərdi yaşayış evi 2004-cü ildə öz hesablarına tikdirmişlər. İddiaçı və cavabdehin münasibətləri pozulduğundan, iddiaçı 2 il 5 ay olar ki uşaqları da götürüb evdən çıxıb öz valideynlərinin yanına getmiş və bu günə kimi geri qayıtmamışdır. Aralarındakı nikah Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. O, məhkəmə qətnaməsinə əsasən vaxtı-vaxtında uşaqların alimentini ödəyir. O, iddiaçının əmlakları yaşadığı evdə yer tutduğundan məhkəmə qaydasında çıxarılması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2943/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından özbaşına tikili kimi qiymətləndirilsə belə, mövcud qanunvericilikdə özbaşına tikilidən istifadə hüquqlarının yaranması və xitamı qaydaları tənzimlənmədiyindən hazırkı mübahisəyə qanunun analogiyası qaydasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsi tətbiq edilməli və mübahisə mahiyyətcə eyni qaydada həll edilməlidir. İşin məhkəmə araşdırılması zamanı iddiaçının həmin fərdi yaşayış evindən uzun müddətdir könüllü surətdə çıxdığı və hazırki yaşayış sahəsinə ehtiyacının olması təsdiqini tapmamaqla daimi yaşayış yerinə malik olduğu müəyyən olunmuşdur. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı 2006-cı ildə evə köçərkən ev mövcud olmuş, iddiaçının yaşadığı müddətdə heç bir tikinti işləri aparılmamışdır. Evin Cavabdeh məxsus olması işin araşdırılmış halları baxmından mübahisələndirilmir. Hazırda iddiaçı ilə Cavabdeh arasında olan faktiki nikah münasibətlərinə son qoyulmuş və onlar ayrı yaşayırlar. İşin digər mübahisə edilməyən halıdır ki, tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və tərəflərin hər hansı birinin tikili üzərində hər hansı hüquqları mövcud deyildir. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçı 13 il müddət ərzində mübahisəli tikilidən yaşayış sahəsi kimi istifadə etmiş və könüllü olaraq özünə daimi yaşayış yeri seçərək evi tərk etmişdir. Yalnız indi üç ilə yaxın müddət sonra o, belə bir iddia vermişdir. İddiaçı özünə yeni daimi yaşayış yeri olaraq atasına məxsus olan evi seçmişdir. Onun atasının evində yaşaması da işin araşdırılmış halları baxımından mübahisəsizdir. Onun mübahisəli yaşayış sahəsi ilə daimi bağlılıq saxlamaq niyyəti olmamış, öz hərəkət və iddiaları ilə evi müvəqqəti tərk etmədiyi aşkar olaraq müəyyən olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisəli tikiliyə köçürülməsi, əvvəlki şərtlərlə yaşaması o zaman mümkün ola bilərdi ki, onun daimi yaşayış yeri olmasın, mübahisəli tikilidən daimi yaşayış sahəsi kimi istifadə etmək imkanı əldə etsin, həmin tikili birgə nikah dövründə əldə edilmiş vəsait əsasında tikilsin, getdiyi yaşayış sahəsində daimi əsaslarla yaşamasın, evi müvəqqəti tərk etməsin. Lakin işin araşdırılmış halları ilə göstərilən xüsusatlar təsdiq olunmadığından iddiaçının mübahisəli tikiliyə köçürülməsi mümkünsüzdür. Beləliklə, qanunvericiliyin tələblərinə və işin hallarına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddiasının hüquqi əsası olmadığına görə onun Cavabdeh qarşı irəli sürdüyü hazırkı iddia tələbi təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni 2009-cu ilə qədər qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi, Mülki Məcəlləsinin 228.5-ci maddəsi, Konstitusiya Məhkəməsinin Plenum qərarlarına istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11, 180.2, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1, 68.2, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddələrini rəhbər tutaraq, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2943/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun hazırda yaşayış sahəsinə ehtiyacının aradan qalxdığını qeyd edərək, bu barədə heç bir sübut növünə istinad etməmiş, həmçinin hazırki mübahisə ilə bağlı, hüququn prinsipləri, humanizm, ədalətlilik, qanun qarşısında hamının bərabərliyi və başqa prinsiplərin tələblərini kobud şəkildə pozaraq, heç bir üstün hüquqi statusu olmadığı halda, cavabdehə hüquqdan sui istifadə etməyinə şərait yaratmış, nəticədə onun və uşaqlarının Konstitusiyada göstərilən, Mənzil hüquqlarını kobud şəkildə pozularaq, yaşadığı evə, yaşamaqdan qanunsuz olaraq maneçilik törədərək, məhrum olmuşdur. Həmçinin mübahisəli yaşayı evi özbaşına tikili olmaqla, heç bir hüquqi statusu olmadığı halda, cavabdehin həmin evə mülkiyyətçi qismində hesab etməsi, kobud qanun pozuntusu olmaqla yanaşı, eyni zamanda mübahisəyə Mülki Məcəllənin 228.5-cimaddəsini tədbiq etməsi də, maddi və prosessual hüquq normasını tamamilə yanlış tədbiq edilməsinə gətirib çıxarmışdır. Bakı şəhər Xəzər Rayon Məhkəməsi qeyd etmişdir ki, o, həmin yaşayış evindən öz xoşu ilə getmiş, həmin yaşayış evinə geri yaşamaq üçün getməmişdir. Məhkəmə əsassız olaraq, köhnə mənzil məcəlləsinin 60 və 87-ci maddələrini tədbiq edərək, onun uşaqlarını da götürərək, öz xoşu ilə daimi yaşamaq üçün başqa yerə getdiyini qeyd etmişdir. Ancaq istər işin halları ilə də, istər məhkəmə baxışı araşdırmasında da, onun həqiqətən də, daimi yaşayış yerinə malik olub, başqa yerə getdiyi sübut olunmamış, heç bir dəlil iş materiallarında mövcud olmamışdır. Məhkəmə onun 6 ay və daha uzun müddətə istəyi ilə daimi yaşamaq üçün, uşaqlarını da götürüb həmin evdən getdiyini, iş materialları ilə sübut edə bilməmiş, qanunsuz olaraq əleyhinə fikir söyləmişdir. Hazırki halda birinci və ikinci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi mübahisəli evdə yaşayıb və cavabdehlər tərəfindən yaşadığı həmin evdən məhrum edilib. Belə ki, əri Cavabdeh tərəfindən amansız rəftara, işgəncəyə və dözülməz davranışa məruz qalandan sonra ailədə gərgin münasibətlər yarandığı üçün o, başqa evdə yaşamaq məcburiyyətində qalıb. Belə ki, yaşadığı evi müəyyən səbəblərə görə müvəqqəti olaraq tərk etdikdən sonra həmin evə qayıtmağına və orada yaşamağına cavabdeh imkan verməyərək, mənzildən əslində məhrum etmişdir. Bu baxımdan qeyd etmək olarki, məhrumetmə o, halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (evdən çıxarma, evə buraxılmama və s.) yol verən şəxsin həmin ev üzərində mülkiyyət hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Qeyd etmək lazımdır ki, mübahisəli ev üzərində nə Cavabdeh, nə də hər hansı digər şəxsin mülkiyyət hüquqları olmadığından, ilk vaxtdan onun məruz qaldığı məhrumetmə (evə buraxılmama) qanunsuz olmuşdur və nəzərə almaq lazımdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir və konstitusion hüquq pozuntusunun nəticələrinin aradan qaldırılması üçün işə baxan məhkəmə tərəfindən azyaşlı övladları ilə birlikdə yaşamış olduqları evə köçürülmə barədə qətnamə çıxarılmalıdır. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhəkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsində əks edilmişdir. Həmin normaya görə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (385.1.1-ci maddə), gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması (385.1.2-ci maddə), müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi (385.1.3-cü maddə) və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi (385.1.4-cü maddə) məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə aliment tutulması qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-3334/2021 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında Əzizbəyov (Xəzər) rayon qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. Məhkəmənin 2(003)-3036/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.
İş materiallarına əlavə edilmiş Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı Şüvəlan qəsəbəsi, Ə.H.Qarayev küçəsi, ev 20-də qeydiyyatdadır. İşin araşdırılmış hallarına görə İddiaçı ilə Cavabdeh 2006-cı ildə faktiki olaraq, 2009-cu ilin mart ayında rəsmi olaraq nikah münasibətlərinə daxil olmaqla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində birlikdə yaşamağa başlamışlar. Həmin fərdi yaşayış evinin tərəflərin nikaha daxil olmasından əvvəl cavabdehin vəsaitləri hesabına onun tərəfindən inşa edilməsi mübahisələndirilmir. İddiaçı 2019-cu ildən həmin mübahisəli Bakı şəhəri, Şüvəlan qəsəbəsi Gülçülük sovxozu ünvanında yerləşən evi tərk edərək, ailəsinə məxsus ünvanda yaşamış, bu müddət ərzində həmin evə geri dönməmiş və məhkəmədə bununla bağlı iddia qaldırmamışdır. Lakin onların faktiki olaraq ayrı yaşadıqları vaxtda iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə aliment tutulması, bundan sonra, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onların nikahının pozulması qərara alınmışdır. İddiaçı yalnız indi, təqribən üç il sonra evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə də müəyyən edilmişdir ki, iddiaçının mübahisəli evin tikilməsində heç bir rolu olmamış, ailə həyatı qurduqdan sonra isə həmin evdə uzun müddət yaşasa da, hər hansı yaxşılaşdırma, yenidənqurma və ya əhəmiyyətli təmir tikinti işlərində də hər hansı rolu olması müəyyən edilməmişdir. Hazırda Ailə münasibətləri və nikahlarının pozulmasına baxmayaraq həmin tikiliyə köçürülməli olmasını iddia edir. İddiaçının köçmək istədiyi mübahisəli evdə uzun müddət yaşamasını cavabdeh inkar etmir. Lakin iddiaçının onun tərəfindən yaşadığı həmin evdən məhrum edilməsinə dair dəlilləri ilə razılaşmır və ona qarşı cehiz əşyalarının çıxarılması barədə iddia qaldıran kimi hazırki ərizə ilə müraciət etməsini bildirir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisəli tikiliyə köçürülməsi, əvvəlki şərtlərlə yaşaması o zaman mümkün ola bilərdi ki, onun daimi yaşayış yeri olmasın, mübahisəli tikilidən daimi yaşayış sahəsi kimi istifadə etmək imkanı əldə etsin, həmin tikili birgə nikah dövründə əldə edilmiş vəsait əsasında tikilsin, getdiyi yaşayış sahəsində daimi əsaslarla yaşamasın, evi müvəqqəti tərk etməsin. Lakin işin araşdırılmış halları ilə göstərilən xüsusatlar təsdiq olunmadığından iddiaçının mübahisəli tikiliyə köçürülməsi mümkünsüzdür. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi göstərilənləri düzgün qeyd etməklə yanaşı işin məhkəmə iclasında araşdırılan hallarına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evi hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından özbaşına tikili sayılmasını göstərsə də, gəldiyi nəticəsinin maddi əsası kimi həmçinin 2009-cu ilə qədər qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi, Mülki Məcəlləsinin 228.5-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, adından da göründüyü kimi iddiaçının köçürülməli olmasını iddia etdiyi ev statusuna görə daşınmaz əmlakın dövlət reyestrində reyestrində qeydə alınmadığından özbaşına tikili olduğu üçün qeyd edilən maddi hüquq normaları tərəflər arasında yaranmış bu mübahisəyə tətbiq etməklə maddi hüquq normalarının pozulmasına yol vermişdir və bu qətnamənin ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının istinad etdiyi hallar və təqdim etdiyi sənədlərin mötəbərliyi olduğu təqdirdə belə, iddiasının tələbində və apellyasiya şikayətində sadalağını hallar üzrə təmin edilməsi üçün hüquqi əsasları olmamışdır. Belə ki, iddiaçının özünun göstərdiyi və işin materiallarından göründüyü kimi, mübahisəli mənzil dövlət reyestrində qeydiyyatdan keçməyən özbaşına tikilidir və həmin evdə qeydiyyatda olan yoxdur. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin 2009-cu ilədək qüvvədə olan mənzil məcəlləsinin 60 və 87-ci maddələrinin hazırki mübahisəyə düzgün tətbiq edilməməsini göstərməklə yanaşı hazırki mübahisənin hazırda qüvvədə olan Mülki Məcəlləsinin 11.1, 180.2-ci maddələrinə və Mənzil Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə uyğun qanunun analogiyası yolu həll edilməli olmasını göstərir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli ev üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etmədiyi, başqa sözlə, özbaşına tikiliyə heç bir formada hüququ olmadığı üçün köçürülmə ilə bağlı iddia tələbi üzrə qanunun analogiyasının tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmə kollegiyası bu dəlillərə qiymət verərək həmçinin hesab edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən özbaşına tikili statusuna malik evdə yaşamaq, istifadə etmək istifadə hüququ yaratmamaqla yanaşı belə statuslu ev köçürülmə ilə bağlı qanunun analogiyasına da istinad olunmasına yol verilmir. Kollegiya qeyd edir ki, İddiaçı hüquqi əsası olmadığına görə onun Cavabdeh qarşı irəli sürdüyü hazırki iddia əsaslı olmasa da, iddiaçının amansız rəftara, işgəncəyə və dözülməz davranışa məruz qalandan sonra ailədə gərgin münasibətlər yarandığı üçün yaşadığı mübahisəli mənzildən çıxaraq başqa evdə yaşamaq məcburiyyətində qaldığı halda yenidən artıq heç bir ailə münasibəti mövcud olmadığı şəxs bir evdə yaşamaq istəyi də anlaşılan deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən apellyasiya şikayəti qismən təmin edilməklə qətnamə ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2943/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia təmin edilməsin. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Sabit Bəhrəmzadə