Məhkəmə qərarları › İş №2(103)-1757/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1757/2024

15.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1757/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh2 və onun nümayəndəsi (vəkili) X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin qeyri-yaşayış sahəsindən çıxarılması, cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2142/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin qeyri-yaşayış sahəsindən çıxarılması, cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajdan (qeyri-yaşayış sahəsindən) çıxarılması, iddiaçının sözügedən qarajdan sərbəst istifadə etməyinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və cavabdehlər tərəfindən 2017-ci ilin yanvar ayından 2023-cü ilin may ayına qədər hebablanmış (76 ay) ayda 50 manat olmaqla 3800 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə bağladığı 497 saylı, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanda inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajı almışdır. Həmçinin, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 520 saylı, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanda inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində 1 maşınlıq qarajı almışdır. Lakin cavabdehlər ona məxsus qeyri-yaşayış sahəsini (qarajı) də 2017-ci il tarixdən zəbt edərək, sözügedən qarajdan onun istifadə etməyinə maneələr yaratmışlar. O, cavabdehlərdən ona məxsus qarajdan çıxmalarını tələb etsə də, nəticəsi olmamışdır. O, sözügedən qarajdan istifadə edə bilmədiyindən və yaxud onu kirayə verə bilmədiyindən müəyyən gəlirlərindən də məhrum olmuşdur. Belə ki, sözügedən qarajın aylıq kirayə haqqı 50 manat təşkil edir və keçən müddət ərzində o, öz əmlakından cavabdehlərə görə 3800 manat (2017-ci ildən bəri 76 ay ərzində hər ay 50 manat olmaqla) gəlirindən məhrum olmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2142/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia tələbi qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajdan (qeyri-yaşayış sahəsindən) çıxarılması, həmin qarajdan (qeyri-yaşayış sahəsindən) İddiaçı tərəfindən sərbəst istifadə olunmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə tərəfindən işin hərtəfli, obyektiv və tam araşdırılmaması, iddiaçıya məxsus qarajı zəbt etməməsi, iddiaçının qarajının yerinin müəyyən olunmaması, bu istiqamətdə araşdırma aparılmaması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, MTK tərəfindən hələ 2016-cı ildə iki qaraj yeri cavabdeh tərəfindən alınmış, müqavilədə müvafiq qeyd aparılmış və cavabdeh tərəfindən uzun illərdir ki, həmin sahədən istifadə olunur, həmin müddət ərzində isə iddiaçı tərəfindən heç bir etiraz olunmamış, yalnız məhkəmə sənədi ünvana çatdıqda mübahisədən məlumatlı olmuşlar. İddiaçı tərəfin iddiası üzrə ona məxsus olan sahənin məhz cavabdehlər tərəfindən zəbt olunması, ümumiyyətlə qeyriyaşayış sahəsinin məhz iddiaçının iddia etdiyi yerdə yerləşməsinə dair hər hansı sübut təqdim olunmamış, eləcə də iş üzrə keçirilmiş ekspertiza zamanı isə bu hal öz təsdiqini tapmamışdır. Əksinə, həmin sahənin məhz iddiaçıya məxsus olmasına dair hər hansı mötəbər sənəd (ayrıca müqavilə, sahənin plan-sxemi və ya reyestrdə qeydiyyat və s.) yoxdur, yalnız MTK-nın nümayəndəsinin fikirləri əsasında bu cür qənaətə gəlinməsi tamamilə əsassızdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunması, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, cavabdeh tərəfin bildirdikləri həqiqəti əks etdirmir. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsi MTK ilə bağlanmış müqavilə əsasında iddiaçıya verilmiş, lakin iddiaçı uzun müddət oraya get-gəlinin olmaması səbəbindən qarajdan başqasının istifadə etdiyini bilməmiş, yalnız 2020-ci ildə bu barədə məlumatı olmuşdur. Mübahisəli qeyri-yaşayış sahəsinin verilməsi barədə ayrıca hər hansı sənəd yoxdur, yalnız 2016-cı ildə bağlanan müqavilə əsasında verilmiş, reyestrdə qeydiyyata alınmamış, MTK-nın rəhbər şəxsləri də həmin sahənin iddiaçıya məxsus olmasını bir daha təsdiq edirlər. Bu səbəbdən, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, o, "xxxx" MMC-nin direktorudur. Mübahisəli qeyri-yaşayış sahəsi (qaraj) da daxil olmaqla, binadakı digər qarajların da dövlət qeydiyyatına alınmamış, eləcə də mənzillərin satılması zamanı onların verilməsi barədə hər hansı akt və qarajların yerləşmə plan-sxeminin tərtib olunmamış, yalnız şifahi olaraq tərəflərə qarajların verildiyini bildirmişdir. Dörd sütunun arası iki avtomobil üçün nəzərdə tutulur, yəni iki qarajdır. Onlar bütün müqavilələrdə bir maşınlıq yer yazırlar. Çünki qarajların ölçüsü fərqlidir, qarajlar arasında 1-2 kv.m fərq olur. Bununla bağlı hər hansı konkret sənəd olmasa da, mübahisələndirilən qaraj yeri iddiaçıya məxsusdur. Çünki, o lahiyə əsasında bilir ki, kimə hansı qarajı satmış, cavabdehlərə isə bir maşınlıq yer satmış, lakin onlar iki maşınlıq yeri zəbt etmişlər. Bu səbəbdən, hesab edir ki cavabdehlər iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı və digər Cavabdeh1 qətnaməni mübahisələndirməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh2 apellyasiya şikayəti həddində, ona münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2142/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – iddianın Cavabdeh2 münasibətdə təmin olunması hissəsində ləğv olunmalı, iddia həmin cavabdehə aid hissədə aşağıda göstərilən əsaslarla rədd olunmalıdır. Belə ki, işdə olan "xxxx" MMC ilə İddiaçı Oruz qızı arasında bağlanmış 497 saylı xx.xx.2015-ci il tarixli “Kooperativ binada qeyri-yaşayış sahəsinin tikintisi üçün müqavilə”nin surətindən görünür ki, cəmiyyət Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilən binanın zirzəmi hissəsində bir maşınlıq qarajı payçıya verməyi, payçı isə həmin qeyri-yaşayış sahəsini pay haqqını əvvəlcədən ödəməyi və son nəticədə həmin sahəni qəbul etməyi öz üzərinə götürür. Müqavilənin 1-ci bəndində göstərilən qeyriyaşayış sahəsinin dəyəri 20000 ABŞ dolları təşkil edir. İşdə olan "xxxx" Mənzil Tikinti Kooperativinin 265 saylı xx.xx.2015-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı "Yeni Ev” Mənzil Tikinti Kooperativinə məxsus yaşayış binasında 3 girişin zirzəmi hissəsində yerləşən bir maşınlıq qeyri-yaşayış sahəsinin tikintisi üçün tələb olunan pay haqqını tam ödəmişdir və tikintiyə borcu yoxdur. İşdə olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 520 saylı xx.xx.2016-cı il tarixli “Kooperativ binada qeyri-yaşayış sahəsinin tikintisi üçün müqavilə”nin surətindən görünür ki, cəmiyyət Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilən binanın 3-cü girişin zirzəmi hissəsində bir maşınlıq qarajı payçıya verməyi, payçı isə həmin qeyri-yaşayış sahəsini pay haqqını əvvəlcədən ödəməyi və son nəticədə həmin sahən qəbul etməyi öz üzərinə götürür. Müqavilənin 1-ci bəndində göstərilən qeyri-yaşayış sahəsinin dəyəri 11000 manat, 6286 ABŞ dolları təşkil edir. Müqavilənin sonuna aşağıdakı məzmunda sadə yazılı formada qeyd aparılmışdır: “İki maşınlıq qarajı bir qaraj kimi mən, Şahid1 zirzəmidən qarajı satdım, əvəzində 11000 manat pul aldım”. İşdə olan "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli kassa mədaxil orderininin qəbzinin surətindən görünür ki, Cavabdeh1 520 saylı müqaviləyə əsasən 11000 manat ödəniş etmişdir. Məhkəməyə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 1-də yüksək mərtəbəli binanın yeraltı avtomobil dayanacağının planı təqdim edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmıdır ki, iddiaçı ilə "xxxx" MMC bağlanmış 497 saylı xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qaraj (qeyri-yaşayış sahəsi) iddiaçıya məxsus olmaqla hazırda cavabdehlərin istifadəsində olduğundan iddiaçı öz əmlakına sahiblik etmək hüququndan məhrum olmuşdur. Bu səbəbdən məhkəmə iddianı mübahisələndirilən hissədə əsaslı olması qənaətinə gəlir və hesab edir ki, cavabdehlər iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajdan (qeyri-yaşayış sahəsindən) çıxarılmalı, iddiaçının sözügedən qarajdan sərbəst istifadə etməyinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılmalıdır. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İlkin olaraq qeyd olunamlıdır ki, iddiaçı onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsaslanaraq Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilən binanın 3-cü girişinin zirzəmi hissəsində yerləşən qeyriyaşayış sahəsindən (bir maşınlıq qaraj yerindən) cavabdehin çıxarılması və s. tələblər irəli sürmüşdür. Belə olan halda iddaçı tələbinin əsası kimi istinad etdiyi halları, yəni Cavabdeh2 məhz ona məxsus qaraj sahəsindən istifadə etməsini sübut etmək yükünü daşıyır. Halbuki, iddiaçının istinad etdiyi müqavilədə ona ayrılmış qarajın Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilmiş binanın 3-cü girişinin məhz hansı hissəsində yerləşməsi müəyyən olunmamış, qarajın yerləşməsinə dair plan-sxem, həmin yerin koordinatı, nömrəsi və s. bu kimi fərdi xüsusiyyətləri göstərilməmişdir (müqavilədə ümumi formada iddiaçıya qeyri-yaşayış sahəsinin satılması qeyd olunmuşdur). Keçən uzun müddət ərzində iddiaçının özü də həmin müqaviləyə əsasən hüquqlarının dövlət qeydiyyatını həyata keçirməmiş, beləliklə qaraj sahəsinin yeri konkretləşməmişdir. Eyni zamanda, iddiaçının təqdim etdiyi sübutlardan da qaraj sahəsinin məhz cavabdehin faktiki istifadəsində olan sahə olduğu müəyyən olunmur. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahidlərin ifadələrindən də iddia tələbinin əsaslı olması nəticəsinə gəlmək mümkün deyildir. Belə ki, şahidlər həm iddiaçının, həm də cavabdehin xeyrinə ifadələr vermişlər. Xüsusilə qeyd edilməlidir ki, şahidlərdən Şahid6 iddiaçının bacısı, Şahid7 qohumu olmaqla iddiaçının xeyrinə ifadələr vermiş, lakin həmin ifadələr ümumi sözlərdən ibarət olmaqla, işdə olan digər sübutlarla təsdiq olunmur. Bununla yanaşı, birinci instansiya məhkəməsi nəyə görə cavabdehin xeyrinə ifadə verən şahidlərin deyil, iddiaçının yaxın qohumu olan şahidlərin ifadələri sübut kimi qəbul etməsini əsaslandırmamış, ziddiyyətli mövqe sərgiləmişdir. Belə ki, şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildə həmin binada komendant işləyirdi. Koroğlu adlı şəxs həmin binada təsisçilərdən biri idi. Koroğlu adlı şəxs ona məhsullarının gəldiyini, ona təcili pul lazım olduğunu, ona görə də qarajını satmaq istədiyini bildirdi. O, Koroğlu adlı şəxsə qarajın yerini bilmədiyini deyəndə, ona Esmira xanımın qarajın yerini bildiyini qeyd etdi. Bir neçə gün sonra binanın sakini olan Cavabdeh2 qaraj almaq istədiyini bildirdi, Esmira xanım onlara sütundan sütuna qədər olan qarajın yerini göstərdi. Koroğlu adlı şəxs orada iki qarajının olduğunu, ona təcili pul lazım olduğunu, iki qarajı bir qarajın yerinə satmağını bildirdi. Cavabdeh2 də həmin qarajı aldı. Həmin vaxtdan 7 il keçdikdən sonar isə bu mübahisə ortalığa çıxdı. Nümayəndə2 orada təsisçilərdən biri idi. Nümayəndə2 orada qarajlarının olub-olmadığını deyə bilməz. Nümayəndə2 qarajların satılmasında bu və ya digər formada qətiyyən iştirak etməyib. O, 2016-cı ildə binada komendant işləyən vaxt və ondan əvvəl də Cavabdeh2 həmin binada yaşayıb. Müqavilədə olan əl yazısı ona məxsusdur. O, əl yazısını yazandan sonra müqaviləni ofisə apardılar, bir gün sonra müqaviləni gətirdilər, yəni əl yazısından sonra müqaviləyə möhür vuruldu. O, müqaviləyə əl yazısını Koroğlu adlı şəxsin və mühasib Esmira xanımın razılığı ilə yazmışdır. Müqaviləyə Nümayəndə2 möhür vurub, möhür ancaq Nümayəndə2 olub, onun möhürü olmayıb. Cavabdeh2 iki qarajlıq yer alıb. Cavabdeh2 hər iki qarajda özü avtomobil saxlayırdı, başqa heç kim avtomobil saxlamırdı. O, 2017-ci ilə qədər həmin binada komendant işləmişdir. İşlədiyi bir il müddətində qarajla bağlı heç kəs ona yaxınlaşmamışdır. Binada qarajların nömrələri yox idi. Binada olan qarajlar nömrəsiz olduğundan mübahisəli qarajın kimə məxsus olduğunun necə müəyyən olunması onda sual doğurur. Onlar cavabdehə 2 qaraj satmışlar. Birinci istansiya məhkəməsində şahid qismində ifadə vermis Şahid3 Şahid1 ifadəsinə oxşar, eyniməzmunlu ifadə vermişdir. Göründüyü kimi, şahidlərin ifadələrindən də iddiaçının tələbinin Cavabdeh2 münasibətdə əsaslı olması görünmür. Bununla yanaşı, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 izahatı da iddianın yoxlanılan hissədə əsaslı olması anlamına gələ bilməz. Çünki, həmin şəxs ümumi sözlərlə iddia olunan qarajın iddiaçıya məxsus olmasını bildirmiş, lakin MTK-nın direktoru olaraq bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmidir. Əksinə, nümayəndə izahatında qaraj sahələrinin nömrələnməməsini və konkret olaraq harada yerləşməsi ilə bağlı sxem və ya koordinatların müəyyənləşməməsini təsdiq etmiş, satılan qarajların şifahi olaraq yadında saxladığını bildirməklə kifayətlənmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunan hallara diqqət yeritməmiş, şahid ifadələrini digər iş materialları ilə birlikdə düzgün qiymətləndirməmişdir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində icraat zamanı xüsusi bilik tələb edən suallara (cavabdehlərin çıxarılması tələb olunan qarajların iddiaçıya ayrılmış qarajın sahəsinin hüdudları daxil olub-olmamasını və s.) aydınlıq gətirilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin olunması barədə cavabdeh tərəfin vəsatəti olsa da, məhkəmə vəsatətin təmin etməmiş, lakin bunu kifayət qədər əsaslandırmamışdır. Belə olan halda, apellyasiya icraatı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/2435 nömrəli rəyindən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 497 nömrəli müqaviləyə əsasən satılmış qeyri-yaşayış sahəsinin ünvan 2 ünvanında inşa edilmiş yüksək mərəbəli binanın zirzəmi mərtəbəsində yerləşdiyi müəyyən olunur. Lakin, həmin müqaviləyə əsasən satılmış qeyri-yaşayış sahəsinin yerləşməsinə dair ayrıca akt və ya qarajın yerləşməsinə dair plan-sxem müqaviləyə əlavə edilmədiyindən, eyni zamanda ekspertiza tədqiqatına təqdim edilmədiyindən İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 497 nömrəli müqaviləyə əsasən satılmış qeyri-yaşayış sahəsinin sərhədlərini yerində müəyyən etmək mümkün olmamışdır. Qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi xx.xx.2015-ci il tarixli 497 nömrəli müqavilə ona - Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilən binanın 3-cü girişinin zirzəmi hissəsində yerləşən müəyyən bir maşınlıq qaraj sahəsinə əmlak hüquqları yaratsa da, həmin sahənin konkret yerinin müəyyən olunmaması (fərdiləşməməsi) durumunda iddiaçının hazırki tələbi üzrə Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri də mövcud deyildir. Belə ki, həmin normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən normaya əsasən vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Yəni, qeyd edilən şərtlər məcmu halda birlikdə mövcud olmalıdır ki, mülkiyyətçinin vindikasiya barədə tələbi əsaslı olsun. Həmin şərtlərdən hər hansı birinin sübut olunmaması isə iddianı aradan qaldırır. Bununla yanaşı, iddiaçının hazırki tələbi üzrə Mülki Məcəllənin sahibliyin müdafiəsi ilə bağlı normalarının dispozitiv şərtləri də ödənilmir. Çünki, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir (MM-nin 159-cu mad.). Bununla yanaşı, əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir (MM-nin 161-ci mad). MM-nin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. MM-nin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. MM-nin 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. MM-nin 165.2-ci maddəsinə əsasən, qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. İşdən görünür ki, iddiaçı Cavabdeh2 münasibətdə iddia etdiyi qaraj sahəsinə faktiki sahibliyi həyata keçirməmiş, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi (vəkili) də izahatında bildirmişdir ki, iddiaçının həmin binada deyil, başqa ərazidə yaşamaqla, qaraj sahəsindən də faktiki istifadə etməmiş, orada avtomobil saxlamamışdır. Bununla yanaşı, iddiaç özü iddia ərizəsində göstərmişdir ki, hələ 2017-ci ildən iddia etdiyi qarajın cavabdeh tərəfindən zəbt olunmasını bilmişdir. Eyni zamanda, cavabdeh iddiaya etirazında qaraj sahəsindən onu əldə etdiyi 2016cı ildən fasiləsiz istifadə etməsini, keçən müddət ərzində iddiaçı və ya digər şəxslər tərəfindən ona hər hansı etirazın olmamasını, iddiaçının iddiasından yalnız məhkəməyə müraciət olunduğu dövrdə məlumatlı olmasını bildirmişdir. Göründüyü kimi, iddiaçıya münasibətdə sahibliyin müdafiəsi ilə bağlı Mülki Məcəllənin yuxarıda sadalanan normalarının şərtləri də ödənilmir. İddiaçı yoxlanılan hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçı tərəfin izahatı isə özü-özlüyündə iddianın yoxlanılan hissədə əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, bu səbəbdən də, qətnamə yoxlanılan hissədə əsaslı və qanuni hesab oluna bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. Həmçinin qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv olunaraq iddianın rədd olunmasını xahiş etsə də, yuxarıda da qeyd edildiyi kimi digər cavabdeh İddiaçı qətnaməni müstəqil qaydada mübahisələndirməmiş, bu səbəbdən də hazırki apellyasiya baxışının həddi yalnız Cavabdeh2 münasibətdə həyata keçirilmişdir. Bu səbəbdən də apellyasiya şikayəti qismən əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni Cavabdeh2 aid hissədə ləğv olunmalı, iddia həmin cavabdehə münasibətdə yuxarıda göstərilən əsaslarla təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı 50 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin qeyri-yaşayış sahəsindən çıxarılması, cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2142/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2142/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, yəni Cavabdeh2 aid hissədə (yəni, “Cavabdeh2 İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajdan (qeyri-yaşayış sahəsindən) çıxarılması, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajdan (qeyri-yaşayış sahəsindən) İddiaçı tərəfindən sərbəst istifadə olunmasına Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qalıdırlması” hissələrində) ləğv olunsun, iddia həmin hissədə təmin olunmasın. Apellyasiya icraatı zamanı yaranmış məhkəmə xərci İddiaçı aid edilsin. İddiaçıdan apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar