Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1758/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Firudin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X2, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-48/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 207 saylı ünvanından yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)- 48/2020 saylı qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia təmin olunmuşdur. Cavabdeh1 qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçı ilə 1996-cı ildə nikaha daxil olması və dərhal sonra mübahisəli ünvana köçməsi, birgə nikahdan üç uşaqlarının olması, aralarındakı münasibətlər 1996-cı ildə yarandığından mübahisənin əvvəllər qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən həll olunmalı olması, həmçinin aralarında olan nikah pozulsa da digər Cavabdeh2 övlad kimi iddiaçının ailə üzvü sayılması, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair»» Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarının nəzərə alınmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında olan nikah məhkəmə qaydasında 2017-ci il tarixdə pozulmuş, cavabdeh həmin vaxtdan etibarən mübahisəli mənzildə yaşamır. Həqiqətən cavabdehin hazırda mülkiyyətində ünvan 2 mənzil 249 ünvanı vardır. Həmin mənzili cavabdehin anası ona bağışlamışdır. Lakin, cavabdeh orada yaşamır, digər şəxslər yaşayır. Tərəflər arasında məhkəmə qaydasında bölünmüş digər mənzil isə təmirsiz olduğundan, orada faktiki olaraq yaşamaq mümkün deyildir. Hesab edir ki, cavbadehin mübahisəli mənzildə istifadə hüququ vardır və həmin hüquqa yalnız kompensasiya verməkli xitam verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında olan nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş və onların ailə münasibətlərinə xitam verilmiş, cavabdeh həmin vaxtdan mübahisəli mənzildən çıxmış, orada yaşamır. Mübahisəli mənzil isə nikahdan əvvəl iddiaçı tərəfindən əldə olunmaqla birgə mülkiyyət sayılmır, bununla bağlı məhkəmə qərarları da vardır. Xüsusilə qeyd edirlər ki, cavabdehin özünün xüsusi mülkiyyətində ünvan 2 mənzil 249 ünvanı vardır. Bununla yanaşı, tərəflərin birgə nikah dövründə əldə olunmuş mənzilləri bölünmüş və cavabdehin ½ hissədə mülkiyyət hüququ tanınmışdır. Göründüyü kimi, cavabdehin yaşamağa mülkiyyətində bir-neçə yaşayış sahəsi vardır ki, bu hal da özüözlyündə cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququnun saxlanılmasını və ya orada yaşamasını istisna edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia təmin olunsa da, cavabdehlərdən Cavabdeh2 qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh1 apellyasiya şikayəti həddində, sonuncuya münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx xxxxx 1996-cı ildə nikahın bağlanması, birgə nikahdan üç uşaqlarının olması, nikahlarının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə pozulması, uşaqların ananın yanında saxlanılması, uşaqlardan (hazırki iş üzrə digər cavabdeh) Cavabdeh2 yetkinlik yaşına çatması işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda, işdə olan sübutlara (alqı-satqı müqaviləsi, qeydiyyat vəsiqəsi, məhkəmə qərarları və s.) əsasən - mübahisə predmeti olan mənzil (ünvan 1 mənzil 207) iddiaçının xüsusi mülkiyyətində olmaqla xx xxxxx 1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən əldə olunmuşdur, bu səbəbdən də ər-arvadın ümumi birgə mülkiyyəti deyildir. Bununla yanaşı, işin hallarına əsasən Cavabdeh1 mübahisəli mənzildə yaşamamaqla (tərəflər izahatlarında cavabdehin 2017-ci ildə mənzildən çıxmasını və həmin tarixdən sonra orada yaşamamasını təsdiq edirlər), mülkiyyətində digər yaşayış sahələri vardır. Belə ki, işdə olan məhkəmə qərarlarına və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2018-ci il tarixli arayışına əsasən, Cavabdeh1 xüsusi mülkiyyətində xx xxxxxx 2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən ünvan 2 mənzil 249, həmçinin ünvan 3 mənzil 72 ünvanın ½ hissəsi mövcuddur (tərəflər bu halı mübahisələndirmirlər). Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Cavabdeh apellyasiya şikayətində yaranmış mübahisəyə əvvəllər qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin tətbiq edilməli olmasını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında yaranmış mübahisəli məsələyə əvvəllər qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq edildiyi halda belə hazırki vaxtda cavabdehin istifadə hüququnun aradan qalxması müəyyən edilir. Belə ki, qeyd edilən normaya əsasən - yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Göründüyü kimi, həmin norma (hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsindən fərqli olaraq) mülkiyyətçinin ailə üzvlərinin yaşayış sahəsindən istifadə hüququnun yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılması imkanını müəyyən etmişdir. Lakin qeyd edilməlidir ki, cavabdeh mübahisəli mənzildə yaşamamaqla, mülkiyyətində digər yaşayış sahələri olduğundan onun mübahisəli mənzilə olan ehtiyacı özü-özlüyündə aradan qalxmış olur (yəni, bu hal özlüyündə onun yaşıyış ehtiyaclarının ödənilməsini ehtiva edir) və istifadə hüqununun saxlanılmasına hər hansı zərurət yoxdur. Belə olan halda isə, cavabdehin də apellyasiya şikayətində göstərdiyi kimi istifadə hüquqlarına yalnız Mülki Məcəllənin 228-ci maddəsinə əsasən kompensasiya verilməklə xitam olunmasına ehtiyac yoxdur. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli qərarındakı şərhinə görə - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Göründüyü kimi, apellyasiya şikayətində göstərildiyi kimi mübahisəyə əvvəllər qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq edildiyi halda belə cavabdehin hazırki vaxtda mübahisəli mənzilə istifadə hüquqlarının saxlanılmalı olması müəyyən edilmir. Həmçinin qeyd edilməlidir ki, cavabdehin iddiaçıya məxsus mübahisəli mənzildə qeydiyyatda olması faktı da özü-özlüyündə, onun həmin mənzildən istifadə hüquqlarının saxlanılmalı olması anlamına gələ bilməz. Çünki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir («Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxxx 2020-cı il tarixli qərarı). Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxxx 2020-cı il tarixli qərarına istinad edərək, iddiaçının məqsədinin cavabdehin mənzildən qeydiyyatdan çıxarmaq olmasını, bu səbəbdən də məhkəməyə deyil, aidiyyəti inzibati orqana müraciət etməli olmasını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə də razılaşmayaraq qeyd edir ki, iddiaçının hazırki iddianı qaldırmağa hüquqi marağının olması aşkardır. Bu maraq həmçinin, mülkiyyətin müdafiəsindən irəli gəlir. Çünki, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmə qərarının mövcudluğu iddiaçıya qeydiyyatda bağlı məsələnin həlli üçün əhəmyyətlidir. Nəzərə alınmalıdır ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsində şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də - şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Konstitusiya Məhkəməsi qeyd edilən qərarında göstərmişdir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Hazırki işdə də cavabdehin mübahisəli mənzilə əvvəllər istifadə hüquqlarının yaranması mübahisəsizdir. Lakin, hazırki vaxtda yuxarıda sadalanan hüquqi əsaslar və faktlar cavabdehin istifadə hüququna xitam verilməli olması ilə nəticələnmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin qeyd edilən dəlili də əsassızdır. Həmçinin qeyd edilməldir ki, tərəflər arasında olan nikah pozulduğundan və beləliklə cavabdehin yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı ilə ailə münasibətlərinə xitam verildiyindən onun yaşayış sahəsindən istifadə hüququ hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri çərçivəsində də saxlanmır (Mənzil Məcəlləsinin 30.4-cü mad). Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, cavabdehin hazırki vəziyyətdə iddiaçıya tam mülkiyyət hüququ ilə məxsus yaşayış sahəsindən istifadə hüququnun saxlanılması hər hansı qanuni-hüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-48/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-48/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1758/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1758/2021
02.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver