Məhkəmə qərarları › İş №2(103)-1758/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1758/2023

29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1758/2023 29.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, ödənilmiş pul vəsaitinin, dəymiş maddi və mənəvi zərərin, məhkəmə xərclərinin tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “müqavilənin ləğv edilməsi, ödənilmiş pul vəsaitinin, dəymiş maddi və mənəvi zərərin, məhkəmə xərclərinin tutulması”) Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1418/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, ödənilmiş pul vəsaitinin, dəymiş maddi və mənəvi zərərin, məhkəmə xərclərinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 175 m2 hasarın və kürsülü həyətin təmiri və tikilməsi işlərinin yerinə yetirilməsinə dair xx.xx.2021-ci il tarixli “Təmir üzrə podrat müqavilələ”lərinin ləğv edilməsi, cavabdehə ödənilmiş 25.970 (iyirmi beş min doqquz yüz yetmiş) manat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılması, iddiaçıya məxsus torpaq sahəsində keydiyyətsiz tikinti materaillarından keyfiyyətsiz şəkildə tikilmiş və uçmuş hasarın və yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması, qiymət fərqi nəticəsində iddiaçıya dəymiş 3700 (üç min yeddi yüz) manat məbləğində maddi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh təqsiri üzündən iddiaçının məruz qaldığı mənəvi sarsıntıların – mənəvi zərərin əvəzi kimi 10 000 (on min) manat məbləğini cavabdehdən iddiaçının xeyrinə tutulması, ödənilmiş 212 (iki yüz on iki) manat dövlət rüsumunun, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində xərcin və vəkilə ödəniləcək 1000 (bir min) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı qız ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1418/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Gülnar Əhmədova) ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında hasarın tikintisi ilə bağlı bağlanılmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsi və həyət evinin tikintisi ilə bağlı bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsi ləğv edilmiş, cavabdehdən 7424,5 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 94,25 manat məbləğində hissəsi və hüquqi yardım göstərilməsi ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır.

3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Cavabdeh qətnaməni mübahisələndirmənişdir. Apellyasiya şikayətinin dəlilləri:

5. İddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarını tam araşdırılmamış, təqdim edilən sübutlara tam, məcmu halında qiymət verilməmişdir. Məhkəmə iddia tələbindən cavabdehə ödənilmş 25 970 manat məbləğində pul vəsaitinin geri qaytarılması ilə bağlı hissədə iddia tələbini qismən, 7 424.5 manat məbləğində təmin edərkən ekspert rəyini əsas götürmüş, tərəflərin sübut təqdim etmədiyini bildirmişdir.

6. Bununla bağlı bildirilir ki, iş üzrə məhkəmənin sübut kimi qiymət vermədiyi mütəxəssis rəyi var. Həmin rəydə də “tikilinin bilavasitə təməlinin mövcud releyfə uyğun inşa edilmədiyi, kiçik yeraltı təkandan və ya uzunmüddətli yağıntılar zamanı çox təhlükəli olduğu bildirilir. Ekspert rəyində də dəfələrlə ekspertin tikinti işlərinin yarımçıq olduğu qeyd edilir. Lakin məhkəmə bir nüansı nəzərdən qaçırır ki, işin mübahisəsiz halından birinin də podrat müqaviləsi üzrə işlərin podratçı tərəfindən tam icra edilmədiyidir. Bu fakt da qətnamədə işin mübahisəsi halı kimi nəzərdə tutulub. Cavabdeh müqavilə şərtlərini pozub. Belə olan halda iddia tələbinin bu hissədə tam təmin edilməməsi başa düşülən və qəbul edilən deyil. İddiaçı cavabdeh tərəfndən yarımçıq və ən əsası da keyfiyyətsiz inşaedilən tikilinin bərpasından artıq maraqlı deyil. Həmin binanın yerində yenidən möhkəm binanın tikilməsini istəyir.

7. Məhkəmə iddia tələbinin hasarın və yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi və topraq sahəsinin boşaldılması hissəsində də iddianı təmin etməmişdir. Bu hissədə də məhkəmənin gəldiyi nəticə ilə razı deyil, belə ki, iş üzrə istinad etdiyi sübut mütəxəssis rəyidir, hansı ki, məhkəmə sübut kimi qəbul etməmişdir. Məhkəmə tərəfindən həqiqətən də iş araşdırılsa idi bu sualın cavabını almaq üçün yeni ekspertiza təyin edə, yaxud bu sahə üzrə mütəxəssis rəyinin alınmasını təmin edə bilərdi.

8. Cavabdehnə istifadə etdiyi betonun kub nümunələrinin sıxılmada möhkəmliyinə dair testinin nəticələrini, nədəki tikintidə istifadə etdiyi digər tikinti materiallarının müvafiq keyfiyyət sertifikatını təqdim edə bilməmişdir. Tikintidə istifadəedilən beton FHN-nin müvafiq labaratoriyasında betonun kub nümunələrinin sıxılmada möhkəmliyi yoxlanılır və testin nəticəsində uyğun sertifikat alınmalıdır.

9. Məhkəmənin iddia tələbinin 3 700 manat məbləğində maddi ziyan kimi qiymət fərqinin ödənilməsi ilə bağlı tələbin də rədd edilməsi hissəsi ilə də razı deyil. Müqavilə üzrə tikiləcək kürsülü evin sahəsi 130 m2 təşkil edir, lakin ekspert rəyində həmin yarımçıq tikilinin ölcüsünü 105.94 kv.m olduğu qeyd edilib. Uçmuş hasarın müqavilə üzrə 175 kv.m olduğu qeyd edilsə də eksert rəyində hasarın 136 kv.m olduğu qeyd edilir. Müqavilə bağlanarkən 2021-ci ilin aprelayı idi, ekspert tərəfindən tikiliyə baxış 2022-ci ilin sentyabr ayı idi. Və bu keçən 1 il 5 ay ərzidə respublikada tikinti materialları iki dəfə artıb. Artıq 2023-cü il olduğunu nəzərə alınsa ölkə üzrə yaşayış minimumu belə iki dəfə dəyişib. Təbii olaraq iddiaçı müqavilə bağlanan zamanı şərtləşdirdiyi məbləğə eyni layihə üzrə eyni smeta ilə yeni podratçı tapa bilməyəcək. İddiaçıya artıq layihədəki evinin tikintisi üçün müqavilədə razılaşdırlmış qiymət deyil, daha artıq pul vəsaiti tələb olunur, bu da iddiaçıya maddi zərərin vurulması deməkdir.

10. Məhkəmə iddia tələbinin 200 manat məbləğində mütəxəssis xərcinin ödənilməsi hissəsində “qeyd edilən xərcin hazırki mülki iş üzrə zəruri xərc qismində çıxış etmədiyi” qənaətinə gələrək iddia tələbini həmin hissədə rədd etmişdir. Məhkəmə bu hissədə haqlı deyildir. Belə ki, məhkəmə qətnamədə qeyd edildiyi kimi “iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğunu nəzərəralaraq, bu institut xüsusi əhəmiyyət kəsbedir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edilə bilər.” Göründüyü kimi məhkəmə eyni qətnamədə iki müxtəlif fikirlə özü özünü təkzib edir. Həm qeyd edir ki, iddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərindədir, həm də qeyd edir ki, qeyd edilən xərcin hazırkı mülki iş üzrə zəruri xərc qismində çıxış etmir. Onda sual yaranır ki, iddiaçı bəs öz iddia tələbini nəyin əsasında sübut etməli idi. Təbii olaraq iddia tələbi üzrə xüsusi bilik tələb edən mütəxəssisin rəyinə ehtiyac var idi və iddiaçı da bu rəyin alınması üçün müqavilə bağlayaraq, müqavilədə qeyd edilən xidmət haqqını ödəmişdir.

11. Məhkəmənin iddia tələbinin hüquqi yardımla bağlı 1000 manat məbləğində pul məbləğinin ödənilməsi hissəsi ilə bağlı gəldiyi nəticə ilə də razı deyil. Məhkəmə bu hissədə iddia tələbini qismən təmin edərək cavabdehdən hüquqi yardımla bağlı 200 manatın tutularaq iddiaçıya ödənilməsi qət etmişdir. Məhkəmə bu məbləğin ağlabatan məbləğ olmasını hesab etmiş, lakin qətnamədə bu qənaətini əsaslandırmamışdır. Vəkillə müdafiə etdiyi şəxs arasında məzmunu və forması VK-nın təsdiq etdiyi hüquqi yardımla bağlı müqavilə bağlanılmışdır. Həmin müqavilədə iddiaçı vəkilə hüquqi yardımla bağlı 1000 manat məbləğində pul vəsaitinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin məbləğin 100 manatını müqavilə bağlandıqdan sonra ödəmiş, qalan 900 manat isə iş bitdikdən sonra ödəyəcəyini öz öhdəsinə götürmüşdür. İddiaçı təqaüdçüdür və onun bu məbləği birdən ödəməsinə maddi imkanı yoxdur. Həm də işin özünün mürəkkəbliyini də nəzərə alsaq bu kimi işlərdə hüquqi yardımla bağlı 200 manat məbləğində vəsaitin az olmasını görərik.

12. . Məhkəmənin iddia tələbinin vurulmuş mənəvi ziyanın tutulması hissəsi ilə bağlı gəldiyi nəticə ilə də razı deyil. Cavabdehin yuxarıda qeyd edilən hərəkətləri nəticəsində iddiaçı əsəb, stress keçirmiş, mənəvi iztirab çəkmişdir. Tikinti sahəsinə baxmaq üçün getdikdə hasarın uçduğunu görən 65 yaşında iddiaçının halı pisləşmiş, yaxınları ona təcili tibbi yardım çağırmalı olmuşlar. Qan təzyiqi 160 kimi qalxmışdır. İddiaçı müqavilə üzrə razılaşdırılmış müddətdə evinin hazır olmadığını, əksinə tikilmiş tikillilərin də keyfiyyətsiz olması səbəbindən uçmasına görə cavabdehin təqsirindən ödədiyi pul vəsaitindən məhrum olmaqla yanaşı, hələ üstəlik də cavabdehin həddindən artıq kobud rəftarı, saymamazlığı nəticəsində mənəvi zərərə məruz qalmışdır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin qismən, iddia tələbinin təmin edilməmiş hissədə ləğv edilməsi, iddia tələbinin tam şəkldə təmin edilməsinə, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi, bildirdi ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində tamamilə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə mülki iş materiallarıda olan tikintinin keyfiyyətsiz olması barədə ekspert rəyinə sübut kimi əhəmiyyət verməmişdir, həmin tikilini keyfiyyətsiz materiallardan inşa edilməsi, təhlükəsizlik qaydalarına uyğun olmaması aydınlaşdırılmamışdır. Həmçinin tikintini vaxtında başa çatdırmayan, həmçinin tikilən hissənin də keyfiyyətsiz olması ilə bağlı cavabdehin təqsiri nəticəsində iddiaçıya dəymiş mənəvi zərər hissədə də məhkəmə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Bu halda ekspertizanın keçirilməsi zərurəti yaranmışdır, binanın keyfiyyətli materiallardan tikilib-tikilmədiyini mütəxəssis müəyyən edə bilər.

14. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

15. xx.xx.2021-ci il tarixli podrat müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ilə Cavabdeh arasında podrat müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən podratçı sifarişçinin tapşırıqlarına uyğun olaraq Bakı şəhəri,Novxanı kəndində yerləşən 175 m2 lik hasarın quraşdırılma işlərini yerinə yetirib, təhvil verməyi, sifarişçi isə yerinə yetirilmiş işləri müvafiq qaydada təhvil alır və müqvailənin 2-ci maddəsində nəzərdə tutulan muzdu “Podratçı”ya ödəyir, ödəniş qaydası iş həcminin 30%-i avans olaraq ödənilməli, 30%-i iş gedə-gedə, qalan 30%-i isə iş bitəndə ödənilir, müqvailənin ümumi məbləği təsdiq edilmiş smetaya əsasən 4900 manat təşkil edir, iş xx.xx.2021-ci il tarixdə başlanılmalı, xx.xx.2021-ci il tarixdə təhvil verilməlidir.

16. xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, hasarın çəkilməsində görüləcək işlər hasarın çəkilməsi tək daşla ümumi sahəsi 175 kv.m, kubik, mişar daşı, 1 kv.m 18 AZN, hasar altı beton sahəsi 90 m, hündürlüyü 20x40, 1 m 20 AZN, armatur F12 qeyd edilmişdir.

17. xx.xx.2021-ci il tarixli podrat müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ilə Cavabdeh arasında podrat müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən podratçı sifarişçinin tapşırıqlarına uyğun olaraq Bakı şəhəri, Novxanı kəndində yerləşən 130 kv.m olan kürsülü həyət evinin təmir və quraşdırma işlərinin yerinə yetirib təhvil verir, sifarişçi isə yerinə yetirilmiş işləri müvafiq qaydada təhvil alır, müqavilənin 2-ci maddəsində nəzərdə tutulan muzdu podratçıya ödəyir. ödəniş qaydası iş həcminin 30%-i avans olaraq ödənilməli, 30%-i iş gedə-gedə, qalan 30%-i isə iş bitəndə ödənilir, müqvailənin ümumi məbləği təsdiq edilmiş smetaya əsasən 29000 manat təşkil edir.iş xx.xx.2021-ci il tarixdə başlanılmalı, xx.xx.2021-ci il tarixdə təhvil verilməlidir.

18. 0025268 №li Seriya MH Çıxarışın məzmunundan görünür ki, ünvan 1i, 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmaqla, bu hüquq daşınmaz əmlakın dövlət reyestrində 79 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır, qeydiyyat tarixi xx.xx.2008-ci il qeyd edilmişdir.

19. 6696812 №li xx.xx.2021-ci il tarixli, 696813 №li xx.xx.2021-ci il tarixli, 696814 №li xx.xx.2021-ci il tarixli, 696818 №li xx.xx.2021-ci il tarixli,696820 №li xx.xx.2021-ci il tarixli mədaxil qəbzlərinin məzmunundan görünür ki, Cavabdeh boru tikintisi işi ilə bağlı 1500 manat, tikinti işləri ilə bağlı 8000 manat, tikinti işləri ilə bağlı 8000 manat, 5000 manat, 2000 manat olmaqla, cəmi 24500 manat ödəniş həyata keçirilmişdir.

20. İddiaçının təqdim etdiyi 47 saylı, 28 mart 2022-ci il tarixli mütəxəssis rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, ünvan 1i ünvanında yerləşən İddiaçı məxsus torpaq sahəsində podrat müqaviləsi üzrə inşa edilmiş yarımçıq tikili tikinti norma və qaydalarına podrat müqaviləsinə əməl edilmədən inşa edilmiş, layihə üzrə binanın ölçüləri qeyd edilmiş, tikilidə dəmirbeton sütunların ümumiyyətlə birləşdirilmədiyi, hörgü zamanı divarların birləşmə yerləri, xüsusilə bu qovşaqların yuxarı hissələri tikinti norma və qaydalarına əməl edilmədən hörülmüş, istifadə olunmuş ümumi materialların dəyəri 9507 manat, sərf olunmuş əmək haqqı 4493 manat olmaqla, cəmi 14000 manat müəyyən edilmiş, tikilidə istifadə edilmiş tikinti materiallarının keyfiyyət standartalarına və podrat müqaviləsinə qismən uyğun olduğu, yaşayış üçün yarasız olduğu, həyat və sağlamlıq üçün təhlükəli olduğu, tikiliyə sərf edilən materialların və əmək haqqının bügünkü günə dəyəri 14537 manat, tikili dövrünə 14000 manat müəyyən edildiyi, layihənin hasarla bağlı orta bazar dəyəri 5100 manat, evin tam tikintisi ilə bağlı 32500 manat müəyyən edildiyi, tikilinin kürsü hissəsi heç bir zərurət olmadan qumlu torpaqla doldurulmuşdur ki, onun təmizlənməsi üçün əlavə vəsait lazım olması, bütün hesabların faktiki tikiliyə aid olduğu qeyd edilmişdir.

21. X1 14 oktyabr 2022-ci il tarixli 10/3473 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, tədqiqatın nəticəsi olaraq Bakı şəhəri, Novxanı kəndində yerləşən 175 kv.m olan hasarın inşa edilməsinə dair xx.xx.2021-ci il tarixli “Təmir üzrə Podrat müqavilələri” üzrə qeyd edilmiş və podratçı qismində Cavabdeh tərəfindən yerinə yetirilməsi öhdəliyi götürülmüş işlər tam icra olunmamışdır. Müqavilədə qeyd edilmiş hasarın 136,0 kv.m hissəsini inşa edilmiş və aparılmış tikinti işlərinin ümumi dəyəri 2448 manat və hasarın inşaasına dair inşa olunmayan hissəsinin dəyəri 2452.0 manat məbləğində müəyyən olunur. Sifarişçi ilə podratçının arasında bağlanmış müqaviləyə və əlavələrə görə mişar daşı ilə hörgü işlərinin 1 kv.m dəyəri 18 manat, hasarın bünövrəsinin betonunun tökülmə xərci 20 m təşkil edir. Bakı şəhəri, Novxanı kəndində yerləşən 130 kv.m olan kürsülü həyət evinin inşa edilməsinə dair xx.xx.2021-ci il tarixli “Təmir üzrə Podrat müqavilələri” üzrə qeyd edilmiş və podratçı qismində Cavabdeh tərəfindən yerinə yetirilməsi öhdəliyi götürülmüş işlər tam icra olunmamış və aparılmış təmir tikinti işlərinin ümumi dəyəri 16097.5 manat məbləğində müəyyən olunur. Aparılmış tikinti-təmir işlərin siyahısı, həcmi və dəyəri rəyin tədqiqat hissəsinə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. İcra edilməmiş işlərin dəyəri tikililərə təmir zamanı istifadə olunacaq tikinti materiallarından və tikintiyə sərf ediləcək xidmət haqqından asılı olaraq müəyyən edilə bilər. İnşa olunmuş yaşayış evinin ölçüləri layihə sənədlərinə uyğundur. Lakin hasar və kürsülü həyət evinin inşa edilməsinə dair hər iki xx.xx.2021-ci il tarixli “Təmir üzrə Podrat müqavilələri” üzrə podratçı tərəfindən inşa edilmiş və ya görülmüş işlərin yerinə yetirilməsində istifadə edilmiş tikinti materialları təmir-tikinti normalarına və keyfiyyət normalarına (standartlarına) cavab veribverməməsinin müəyyən olunması tikinti-ekspertinin səlahiyyətinə aid deyildir. Tədqiq olunan ünvanda aparılmış tikinti işləri yarımçıq olduğundan podratçı tərəfindən hər iki müqavilə üzrə icra edilmiş işlər həmin müqavilə üzrə şərtləşdirilmiş tələblərə cavab verib-verməməsini müəyyən etmək mümkün deyildir. Bakı şəhəri, Novxanı kəndində yerləşən 175 kv.m olan hasarın tikinti üçün razılaşdırılmış müqaviləyə əsasən 4990 manat məbləğində müəyyən olunur. Lakin 130 kv.m olan kürsülü həyət evinin inşa edilməsinə dair xx.xx.2021-ci il tarixli “Təmir üzrə Podrat müqavilələri” üzrə layihənin və həmin müqavilələrdə qeyd edilmiş işlərin görülməsi üçün aparılmalı tikinti işlərinin dəyəri tikililərə təmir zamanı istifadə olunacaq tikinti materiallarından və tikintiyə sərf ediləcək xidmət haqqından asılı olaraq müəyyən edilə bilər. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1758/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hazırkı mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı Bakı şəhəri, ünvan 1i ünvanında tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə cavabdeh tərəfindən inşa edilmiş evin təməlinin tikinti normalarına uyğun olub-olmaması, tikintidə istifadə edilmiş materialların tikinti təhlükəsizlik normalarına uyğun olub-olmaması, eləcə də evin tikintintisinin dayanıqlılığı baxımından yaşayış üçün yararlı, habelə insanların həyat və sağlamlığı üçün təhlükəli olub-olmamasının müəyyən edilməsi sualı qoyulmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziriliyi Tikintidə X3 Agentliyindən mütəxəssis cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmiş, X1 27 iyul 2022-ci il tarixli, 10/2663 nömrəli məlumatında göstərilən obyektiv səbəblərdən rəy verilməsi mümkün olmamışdır.

23. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azkommunalayihə” KLİ-nun direktoru S.Qarayev tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Abşeron rayonu, Novxanı bağ massivində fiziki şəxs İddiaçı məxsus 1 mərtəbəli fərdi yaşayış evinin vəziyyəti haqqında 13 iyul 2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azkommunlay'ihə” KLİ-nun mühəndisləri Cəmaləddin Qurbanov, Asiman Muradov və Adil Yusifov aktı tərtib edinlər ki, FHN Tikintidə X3 Agentliyinin xx.xx.2023-cü il tarixli l-M-1863 saylı məktubuna əsasən Abşeron rayonu, Novxanı bağ massivində fiziki şəxs İddiaçı qızma məxsus 1 mərtəbəli fərdi-yaşayış evinə texniki baxış keçirildi və aşağıdakılar müəyyən edildi: Fərdi-yaşayış evi 1 mərtəbəli, kürsülü, kürstü mərtəbəsinin hündürlüyü h=2.2 mdir. Kənar oxlar üzrə ölçüləri 10.0X 13.0m olmaqla yarımçıq inşa olunmuşdur. Fərdi yaşayış evinin bünöşrəsi lentvari olmaqla 40x40sç monolid dəmir-betondan inşa olunuşdur.Kürsü mərtəbəsində sonra 40x20sm monolid dəmir-betondan kəmər inşa olunmuşdur. Binanın yükdaşıyan divarları qalınlığı 40 sm, arakəsmə divarlar isə 20 sm olmaqla mişarlanmış əhəng daşından inşa olunmuşdur. Texniki baxış zamanı tikinti üçün konstruktiv işçi layihə təqdim olunmadı. Baxış zamanı aşağıdakı qüsurlar müəyyən olunmuşdur. Fərdi yaşayış tikilisi relyefdə olduğundan binanın yerləşməsi, hörgü işlərinin aparılması zamanı bağlantılar, həyətyani sahənin hasarlarının tikintisi (hasar uçmuşdur) zamanı tikinti norma və qaydalarına kobud — şəkildə pozulmuşdur. Aparılan tikinti yaşayış üçün yararsızdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

24. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən (iddia tələbləri bölünməz olduğundan) tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası gəlmiş tərəfin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

26. İddiaçının hazırkı iddiası aşağıdakı tələblərdən ibarətdir: -təmir üzrə podrat müqavilələlərinin ləğv edilməsi, cavabdehə ödənilmiş 25.970 (iyirmi beş min doqquz yüz yetmiş) manat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılması; -iddiaçıya məxsus torpaq sahəsində keydiyyətsiz tikinti materaillarından keyfiyyətsiz şəkildə tikilmiş və uçmuş hasarın və yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması; -qiymət fərqi nəticəsində iddiaçıya dəymiş 3700 (üç min yeddi yüz) manat məbləğində maddi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; -cavabdehin təqsiri üzündən iddiaçının məruz qaldığı mənəvi sarsıntıların – mənəvi zərərin əvəzi kimi 10 000 (on min) manat məbləğini cavabdehdən iddiaçının xeyrinə tutulması; -ödənilmiş 212 (iki yüz on iki) manat dövlət rüsumunun tutulması; -mütəxəssis rəyinin alınması üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində xərcin cavabdehdən tutulması; -vəkilə ödəniləcək 1000 (bir min) manat məbləğində pulun cavabdehdən tutulması.

27. Kollegiya ilk növbədə podrat müqavilələrinin ləğvi və cavabdehə ödənilmiş 25.970 manat məbləğində pulun tutulması barədə tələb üzrə qeyd edir ki, işin mübahisə olunmayan hallarına görə, iddiaçı ilə cavabdeh arasında hasarın və evin tikintisi ilə bağlı ayrılıqda xx.xx.2021-ci il tarixli iki podrat müqaviləsi bağlanılmış, bir müqavilənin predmetini ünvan 2i ünvanında yerləşən 175 kv.m-lik hasarın quraşdırma işlərinin (görüləcək işlərin siyahısı əlavə edilmişdir) yerinə yetirilib təhvil verməsi, digər müqavilənin predmetini isə 130 kv.m olan həyət evinin təmiri və quraşdırılması işlərinin yerinə yetirilib təhvil verilməsi təşkil etmişdir. Müqavilə şərtlərinə əsasən podratçı hər iki müqavilə üzrə qeyd edilən işləri xx.xx.2021-ci il tarixdə sifarişçiyə təhvil verməlidir. İddiaçı tərəfindən hər iki müqavilə üzrə cəmi cavabdehə 25970 manat pul vəsaiti ödənilmişdir. Hər iki müqavilə üzrə işlər natamam icra edilmişdir. Eyni zamanda mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh 25970 manat pul vəsaitini alımışdır (i/v 107).

28. Podrat müqaviləsinin ləğvi nəticəsində cavabdehə ödənilmiş pulun tutulması barədə tələbi qismən təmin edən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, ...”qeyd edilən hissədə iddia tələbi üzrə MM-nin 759.2-ci maddənin tələbləri mövcud olduğundan, habelə görülmüş 18545,5 manat dəyərində işlər iddiaçı tərəfindən təhvil alındığından, habelə iddiaçı tərəfindən həmin işlərə marağının itməsi halına dair heç bir sübut təqdim edilmədiyindən,podrat müqaviləsi üzrə cavabdehə 25970 manat məbləğində pul vəsaiti ödənildiyindən, podrat müqaviləsi ləğv edildiydiyindən, ödənilmiş qalıq (görülməyən işlərin dəyəri) 7424,5 manat (25970 manat-18545,5 manat olmaqla) pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya geri qaytarılmalıdır”.

29. Kollegiya rayon məhkəməsinin bu mövqeyi ilə razılaşmır və bildirir ki, Mülki Məcəllənin 759.2-ci maddəsinə görə, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

30. Hazırkı halda podratçı tərəfindən görülmüş işlərdə- çəkilmiş divarın keyfiyyətsizliyi səbəbindən uçaraq dağılması, eləcə də yarımçıq inşa edilmiş evə münasibətdə isə tikinti norma və qaydalarının kobud şəkildə pozulması və həmin tikilinin yaşayış üçün yararsız olması səbəbindən görülən işlərə iddiaçının (sifarişçinin) hər hansı marağının olmaması aşkardır.

31. İddiaçının təqdim etdiyi 47 saylı, 28 mart 2022-ci il tarixli mütəxəssis rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, ünvan 1i ünvanında yerləşən İddiaçı məxsus torpaq sahəsində podrat müqaviləsi üzrə inşa edilmiş yarımçıq tikili tikinti norma və qaydalarına podrat müqaviləsinə əməl edilmədən inşa edilmiş, layihə üzrə binanın ölçüləri qeyd edilmiş, tikilidə dəmirbeton sütunların ümumiyyətlə birləşdirilmədiyi, hörgü zamanı divarların birləşmə yerləri, xüsusilə bu qovşaqların yuxarı hissələri tikinti norma və qaydalarına əməl edilmədən hörülmüş, istifadə olunmuş ümumi materialların dəyəri 9507 manat, sərf olunmuş əmək haqqı 4493 manat olmaqla, cəmi 14000 manat müəyyən edilmiş, tikilidə istifadə edilmiş tikinti materiallarının keyfiyyət standartalarına və podrat müqaviləsinə qismən uyğun olduğu, yaşayış üçün yarasız olduğu, həyat və sağlamlıq üçün təhlükəli olduğu, tikiliyə sərf edilən materialların və əmək haqqının bügünkü günə dəyəri 14537 manat, tikili dövrünə 14000 manat müəyyən edildiyi, layihənin hasarla bağlı orta bazar dəyəri 5100 manat, evin tam tikintisi ilə bağlı 32500 manat müəyyən edildiyi, tikilinin kürsü hissəsi heç bir zərurət olmadan qumlu torpaqla doldurulmuşdur ki, onun təmizlənməsi üçün əlavə vəsait lazım olması, bütün hesabların faktiki tikiliyə aid olduğu qeyd edilmişdir.

32. AR Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azkommunalayihə” KLİ-nun direktoru S.Qarayev tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktda da fərdi yaşayış tikilisi relyefdə olduğundan binanın yerləşməsi, hörgü işlərinin aparılması zamanı bağlantılar, həyətyanı sahənin hasarlarının tikintisi (hasar uçmuşdur) zamanı tikinti norma və qaydalarının kobud — şəkildə pozulduğu, aparılan tikintinin yaşayış üçün yararsız olduğu qeyd edilmişdir.

33. İddiaçı podratçı tərəfindən aparılan işlərin tikinti qaydalarına uyğun aparılmadığı, yararsız olduğu üçün həmin tikiliyə heç bir marağının olmadığını bildirmiş, tikintinin yararsız olması barədə tələb iddiaçı tərəfindən təqdim edilən 47 saylı 28 mart 2022-ci il tarixli mütəxəssis rəyi və AR Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2023-cü il tarixli aktına əsasən təsdiq edilir.

34. Beləliklə, cavabdehin (podratçı) hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə müqaviləyə xitam verildiyindən, iddia tələbi həmin hissədə təmin edilərək, 25970 manat pul vəsaiti cavabdehdən tutulmalıdır.

35. Məhkəmə kollegiyası iddia tələbinin tərəflər arasında bağlanmış podrat müqavilələrinin ləğv edilməsi iddia tələbi üzrə bildirir ki, hazırkı iş üzrə tərəflər arasında mövcud podrat müqaviləsi ilə bağlı münasibətlərə artıq xitam verilməsi, başqa sözlə, tərəflərin həmin müqavilədən çıxdıqları işin mübahisəsiz halı kimi müəyyən edilmişdir, odur ki, həmin tələbə ayrıca münasibət bildirilməsinə zərurət qalmır.

36. Rayon məhkəməsi mütəxəssis rəyi üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində xərcin tutulması hissəsi bağlı iddia tələbini təmin etməyərkən mövqeyini belə əsaslandırmışdır ki, mütəxəssis xərcinin ödənilməsi hazırkı iş üzrə zəruri xərc qismində çıxış etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.

37. Kollegiya rayon məhkəməsinin həmin məsələyə dair mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir.

38. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Hazırkı halda iddiaçının təqim etdiyi mütəxəssis rəyi onun öz tələbinin əsası kimi təqdim etdiyi sübut olmaqla, hazırkı mülki iş üçün zəruri olmuşdur.

40. MPN-in 115.0-cı bəndinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir:

41. 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;

42. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Beləliklə də, iddia tələbi podrat müqaviləsinin ləğv edilərək, 25970 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsində təmin edildiyindən, həmin hissədə iddia tələbinin əsası kimi iddiaçının təqdim etdiyi sübut-mütəxəssis rəyi üçün çəkilən 200 (iki yüz) manat xərc hissəsində də iddia tələbi əsaslıdır və təmin edilməlidir.

44. Rayon məhkəməsi iddia tələbinin hüquqi yardımla bağlı xərcin ödənilməsi hissəsi ilə bağlı bildirmişdir ki, iddiaçı hüquqi yardım göstərilməsi ilə bağlı 1000 manat məbləğində xərc çəkildiyini bidirsə də, qeyd edilən halla bağlı heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, hüquqi yardım göstərilməsi ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti ağlabatan məbləğ kimi qəbul edilə bilər və iddia tələbini həmin hissədə 200 manat məbləğində təmin etmişdir.

45. Kollegiya həmin hissədə də rayon məhkəməsinin qənaəti ilə razılaşmır və hesab edir ki, hazırkı işin xeyli dərəcədə mürəkkəbliyi nəzərə alınmaqla vəkil xərci kimi 500 manat ağılabatan sayıla bilər, bu səbəbdən də vəkil xərci kimi 500 manat iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır.

46. Kollegiya iddia tələbinin iddiaçıya məxsus torpaq sahəsindən cavabdehin hesabına tikinti materiallarının çıxarılması və torpaq sahəsinin boşaldılması barədə hissəsi üzrə qeyd edir ki, iddia həmin hissədə əsaslandırılmadığından təmin edilməməlidir. Çünki iddiaçı bir tərəfdən həmin materialların onun tərəfindən alındığını iddia edir (özünə məxsus olduğunu bildirir), digər tərəfdən isə həmin materialların cavabdehin hesabına torpaq sahəsindən çıxarılmasını tələb edir ki, bu da ziddiyyətli olmaqla, həmin hissədə tələbin əsaslı olmadığını göstərir, demək ki, həmin hissədə də iddia tələbi təmin edilə bilməz.

47. Kollegiya iddia tələbinin tikinti materiallarının qiymət fərqi nəticəsində iddiaçıya dəymiş 3700 (üç min yeddi yüz) manat məbləğində maddi zərərin ödənilməsi hissəsində qeyd edir ki, həmin hissədə tələb yetərincə əsaslandırılmamış, bununla bağlı iddiaçı tərəfindən sübut təqdim edilməmişdir və buna görə də iddia tələbi həmin hissədə də təmin edilə bilməz.

48. İddia tələbini mənəvi zərər hissədə təmin etməyən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər vurulduğunu bildirsə də, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır.

49. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir.

50. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

51. Hazırkı işin halları ilə də cavabdehin hərəkətləri nəticəsində idiaçının məyus olması, bunlarınsa onun şüurunda mənfi reyaksiyaya səbəb olması, demək ki, onun mənəvi sarsıntıya məruz qalması danılmazdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər.

52. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır). Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119) .

53. Hazırkı halda Kollegiya hesab edir ki, bu işin halları baxımından iddia tələbinin maddi zərərlə bağlı əsas hissədə təmin edilməsi öz-özlüyündə mənəvi zərəri də kompensasiya edir, ona görə də iddiaçının tələbi mənəvi zərər hissəsində sübut edilməməsi əsası ilə deyil, məhz yuxarıda qeyd edilən əsasla təmin edilməməlidir. Nəticə:

54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığından, qanun səhv təfsir edildiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh podrat müqaviləsinə görə ödənilmiş 25.970 manat, vəkil xərcinin əvəzi kimi 500 manat, mütəxəssis rəyi üçün çəkilən 200 (iki yüz) manat olmaqla, cəmi 26670 (iyirmi altı min altı yüz yetmiş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

55. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

56. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda əsas tələbə münasibətdə iddia təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 212 manat dövlət rüsumu (i/v 21) və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 106 manat (i/v 148) olmaqla, cəmi (212+106=318) 318 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehdən tutulmalıdır.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

58. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məjəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1418/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Cavabdeh podrat müqaviləsinə görə ödənilmiş 25.970 manat, vəkil xərcinin əvəzi kimi 500 manat, mütəxəssis rəyi üçün çəkilən 200 (iki yüz) manat olmaqla, cəmi 26670 (iyirmi altı min altı yüz yetmiş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi (212+106=318) 318 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar