Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1758/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1758/2025 (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndələri X3, eyni zamanda vəkili X4, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, maraqlı şəxs qismində Xəzər rayon Buzovna Bələdiyyəsi cəlb edilməklə “torpaq sahəsindən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3274/2024 nömrəli 06 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Əzizbəyov rayon Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2005-ci il tarixli 187 saylı sərəncamından görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixli ərizəsinə əsasən Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 600 kv.m torpaq sahəsi Torpaq Məcəlləsinin 59-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq bazar qiyməti ilə vətəndaş İddiaçı (ünvan: Bakı C.Məmmədquluzadə küç.,ev 85, m 249) satılmışdır.
2. Buzovna Bələdiyyəsi tərəfindən göndərilmiş 02/84 saylı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixli 187 saylı Buzovna Bələdiyyəsi sədrinin sərəncamına əsasən alqı-satqı yolu ilə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Bələdiyyə hüdudları daxilində yerləşir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs qismində Xəzər rayon Buzovna bələdiyyəsi cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus olan xx.xx.2005-ci tarixli, 187 saylı Buzovna Bələdiyyəsi sədrinin sərəncamına əsasən alqı-satqı yolu ilə ona ayrılan 600 kv.m torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçının nümayəndəsi-vəkili xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək: Buzovna bələdiyyəsinin 187 saylı sərəncamına əsasən alqı-satqı yolu ilə İddiaçı satılmış 600 kv.m torpaq sahəsinin onun tərəfindən etibarnamə ilə satılmış 2 sotundan və həmin torpaq sahəsində tikilmiş qanunsuz tikilidən Cavabdeh çıxarılması; həmin torpaq sahəsi və onun üzərində tikilmiş qanunsuz tikiliyə iddiaçının hüquqlarının bərpa edilməsi və tanınması; iddiaçı tərəfindən həmin 2 sot torpaq sahəsinə görə cavabdehdən alınmış 10.000 manat və cavabdehin qanunsuz tikiliyə görə çəkdiyi 10.600 manat pulun cavabdehə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il tarixli, 187 saylı Buzovna Bələdiyyəsi sədrinin sərəncamına əsasən alqı-satqı yolu ilə 600 kv.m torpaq sahəsi iddiaçıya ayrılmışdır. Həmin torpaq sahəsi bələdiyyə hüdudları daxilində yerləşməkdədir. Buna dair Xəzər rayonu, Buzovna Bələdiyyəsinin 07 may 2020-ci il tarixli cavab məktubu da mövcuddur. Həmçinin kassa mədaxil orderindən də iddiaçının torpaq sahəsi üçün ödəniş etdiyi görünür. Bundan əlavə torpaq sahəsinin ayrılmasına dair xx.xx.2005-ci il tarixli sərəncam və torpaqların alqı-satqısına dair aktını da ərizəyə əlavə etmişdir. Hazırda məhkəməyə müraciət edilməsinin səbəbi isə Cavabdeh ona məxsus olan torpaq sahəsində qanunsuz formada tikinti işləri görməsi ilə əlaqədardır. Belə ki, həmin şəxs ilk başlarda torpaq sahəsini iddiaçıdan alqı-satqı yolu ilə almaq niyyətində idi. Buna dair bir neçə dəfə görüşüb danışmış, torpaq sahəsinə baxış keçirmişlər. Lakin daha sonradan ona məlum olmuşdur ki, Cavabdeh qanunsuz formada torpaq sahəsinə girərək tikinti-quraşdırma işlərinə başlamışdır. Dəfələrlə bununla bağlı xəbərdarlıq etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Hazırda isə torpaq sahəsindən çıxarılma və vurulmuş maddi-mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət etməyə hazırlaşır. Lakin cavabdeh tərəfin həyata keçirdiyi tikinti işlərinin dayandırılması olduqca mühüm əhəmiyyət kəsb edir. Belə ki, tikintinin aparılmasının heç bir hüquqi əsası mövcud deyildir. Əgər həmin tikinti işləri davam edərkən hər hansı bir işçi və ya fəhlə ilə əlaqədar qəza baş verərsə torpaq sahəsi onun olduğundan məsuliyyətin onun üzərində qalmağından da ehtiyat edir. Həmçinin qoşma vasitəsilə təqdim olunan sənədlərdən də görünür ki, torpaq sahəsi bütünlükdə ona məxsusdur.
6. Məhkəmə iclasında cavabdehin şahidi X6 göstərmişdir ki, cavabdeh olan Zamin 2 sot torpaq sahəsini Rəşiddən 11.000 manata almış və notariusda qonşusu kimi özü də iştirak etmişdir. Ozü “Zil” sürücüsüdür. Evi Zamin tikib, lakin hal-hazırda evdə heç kim yaşamır.
7. Məhkəmə iclasında cavabdehin şahidi X8 göstərmişdir ki, Zamin onun həmyerlisi və qonşusudur. Özü evin dam örtüyü ilə məşğul olub, bu işi 2023-cü ilin aprel ayında 1500 manat pul qarşılığında görüb. Həmin evin dam örtüyünü vurduğu vaxt ev natamam vəziyyətdə olub, qapı-pəncərəsi vurulmamışdı.
8. Məhkəmə iclasında iddiaçının şahidi X11 göstərmişdir ki, Rəşidin evində usta işləyib, beton, suvaq və qapı işləri görüb, təxminən 10.000 manat dəyərində iş görüb.
9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-3274/2024 nömrəli 06 dekabr 2024-cü il qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddia təmin edilməmişdir.
10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, məhkəmədə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2005-ci il tarixli ərizəsi əsasında Buzovna qəsəbəsində 600 m2 torpaq sahəsi verilmişdir, həmin torpaqlar bələdiyyə hüdudları daxilində yerləşir, belə olan halda isə iddiaçının həmin torpaqla bağlı Cavabdeh qarşı iddia vermək üçün subyektiv hüququ yoxdur.
11. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia əsassızdır və rədd edilməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətində iddia ərizəsində qeyd edilənlərdən əlavə göstərilmişdir ki, İddiaçı 2020-ci ildə bəri cəzaçəkmə müəssisəsindədir. Zaminə 2 sot torpaq sahəsini 11.000 manata və qonşuluqda olan evi təmir etmək şərti ilə satılması barədə razilığa gəlsələr də, Zamin pulun 10.000 manatını iddiaçıya, 1.000 manatı isə maklerə vermişdir. Zamin qəzadan əvvəl də iddiaçıya 14000 manat borclu olduğu üçün evi tam təmir etməli idi. Bundan əlavə cavabdeh iddiaçıya məxsus qonşuluqdakı evi təmir etməli olduğu halda etməmişdir. İddiaçı həmin evi sona çatdırıb, 40.000 manat vəsait xərcləyib və ailəsi ilə birlikdə həmin evdə yaşayır. Cavabdeh onları narahat edir. Evlə bağlı cavabdehin əlində hər hansı bir sənəd yoxdur. İddiaçı cavabdehə torpaq üçün aldığı 11.000 manat məbləği və evə xərclədiyi vəsaiti qaytarmağa hazırdır, Cavabdeh bildirmişdir ki, evi tikim sizin o biri evinizi təmir edəcəm, 14.000 manat borcunuzu verəcəm. Zamin başqa evi niyə təmir etməli idi? Ona görə ki, 14.000 AZN borcu var idi. İddiaçının həbsə düşməsindən cavabdeh sui-istifadə edib onları aldadaraq evi tikib üstün örtmüş, ortadan yoxa çıxmışdır. Buna görə də həmin evə qazı, işığı, suyu iddiaçı tərəf çəkib və evin daxilini tam təmir etmişlər, hazırda orada yaşayırlar. Hazırda evin kammunal xərcləri iddiaçının həyat yoldaşı X2 adınadır və onun tərəfindən ödənilir (qəbz apellyasiya şikayətinə əlavə ediləcəkdir). İddiaçı məhkəməyə müraciət edərək, evə giriş-çıxışa həbs qoydurmuş, etibarnaməni ləğv etmiş və Zaminə qarşı iddia qaldıraraq xərclədiyi pul vəsaitini ödəyib onları narahat etməməsini xahiş etmişdir. İddiaçı evi götürəndə sadəcə kubik ilə şifer işi görülmüşdü. Qapı, darvaza, pəncərə, reşotkalar, suvaq, isti pol və digər təmir işləri iddiaçı tərəfindən görülmüşdür. X13 isə bütün təmir işlərini davam etdirmişdi. Hal-hazırda isə evin içində iddiaçının ailə üzvüləri yaşayır. Cavabdehə verilmiş etibarnamə ləğv olunub.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri, eyni zamanda vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
17. Cavabdeh və nümayəndəsi-vəkili isə apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
19. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 20.Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 21.Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 22.Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 23.Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
24. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 25.Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 26.Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun
27. Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.
28. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
"Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə
29. 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətvə icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
30. 15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
31. Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
32. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Qətnamə tam yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
40. İşin halları ilə müəyyən olunur ki, Maraqlı şəxs xx.xx.2005-ci il tarixli 187 saylı sərəncamı ilə iddiaçıya xx.xx.2005-ci il tarixli ərizəsinə əsasən Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 600 kv.m torpaq sahəsi Torpaq Məcəlləsinin 59-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq bazar qiyməti ilə satılmışdır.
41. Buzovna Bələdiyyəsinin 02/84 saylı, xx.xx.2020-ci il tarixli məktubuna əsasən, həmin torpaq sahəsi Bələdiyyə hüdudları daxilində yerləşir.
42. Torpağın mülkiyyətçisi olan Maraqlı şəxs tərəfindən İddiaçı torpaq sahəsinin ayrılması - satılması hazırda mübahisələndirilmir.
43. Həmin torpaq sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüququ olsa da, hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, sərancam hüququnun əldə etməmişdir.
44. Bu səbəbdən Kollegiya hesab edir ki, torpaq sahəsinə dair iddiaçının subyektiv hüququnun olmaması barədə birinci instansiya məhkəməsinin qənaəti yanlışdır.
45. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 0,02 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır, lakin buna dair hər hansı etibarlı əqd mövcud deyil.
46. İddiaçının, istifadəsində olan torpaq sahəsinin 0,02 ha hissəsini cavabdehə 10000 manata və əlavə olaraq ona məxsus evin cavabdeh tərəfindən təmir edilməsi qarşılığında satılması barədə tərəflərin razılığa gəlməsi və cavabdehə etibarnamə verilməsi alqı-satqı hesab edilə bilməz.
47. Bir tərəfdən iddiaçı həmin torpaq sahəsi barəsində sərancam vermək səlahiyyətinə malik olmamış, digər tərəfdən əqdin forma tələbinə dair şərtinə əməl olunmamışdır.
48. Belə ki, iddiaçı tərəfindən cavabdehə yalnız etibarnamə verilmişdir. Etibarnamə isə heç bir halda alqı-satqı kimi qəbul edilə bilməz. Etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Hazırki halda isə cavabdehin iddiaçını hər hansı formada təmsil etməsi müəyyən olunmur. 49.Beləliklə, 0,02 ha torpaq sahəsinin alğı-satqısına dair əqd etibrasızdır (əhəmiyyətsizdir).
50. Belə olduqda isə torpaq sahəsinin satılmasına görə iddiaçı aldığı 10000 manat pulu restitusiya qaydasında cavabdehə qaytarmalıdır (MM-nin 337.5-ci m). 51.Hazırki halda iddiaçı özü də torpaq sahəsinin alqı-satqısına görə 10000 manat pul aldığını qeyd edir və bu məbləğ cavabdeh tərəfindən də mübahisələndirilmir. 52.İddianın digər hissələrinə münasibətdə kollegiya qeyd edir ki, onlar əsassız olduğundan rədd edilməlidir. 53.İşin halları və tərəflərin izahatları ilə müəyyən olunur ki, satılmış torpaq sahəsində cavabdeh tərəfindən fərdi yaşayış evi inşa edilmişdir, onun tamamlama işləri iddiaçının nümayəndəsi tərəfindən başa çatdırılmışdır. 54.Cavabdeh öz izahatında ölkə xaricinə işləməyə getdiyini, bir müddət ölkədə olmadığını, ölkəyə qayıtdıqda isə evin iddiaçının ailə üzvləri tərəfindən ələ keçirilməsini aşkar etdiyini göstərmişdir. 55.İddiaçının nümayəndəsi – arvadı da öz izahatında evin onun sahibliyi və istifadəsində olduğunu bildirmişdir. 56.Belə olduqda isə cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılmasına zərurət qalmır və həmin tələb təmin oluna bilməz.
57. İddianın “Torpaq sahəsinə və onun üzərində inşa edilmiş qanunsuz tikiliyə iddiaçının hüquqlarının bərpa edilməsi və tanınması” hissəsinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçının bu tələbi 0,02 ha torpaq sahəsinə və onun üzərində inşa edilmiş tikiliyə (evə) fiziki cəhətdən hüquqlarının bərqərar olmasına yönəlib ki, iddiaçı da artıq həmin hüquqlarını özü bərpa edib. Odur ki, həmin tələbin təmin olunmasına da zərurət qalmamışdır. 58.Cavabdeh tərəfindən maklerə ödənilən 1000 manatın və evin inşası üçün sərf olunmuş 10600 manatın ona qaytarılmasına münasibətdə Kollegiya hesab edir ki, bu hissədə də iddia təmin edilə bilməz, belə ki, müvafiq iddia tələbi ilə Cavabdeh məhkəməyə müraciət etməmişdir. Məhkəmə yalnız iddiaçının tələblərinə baxır və ona qiymət verir.
59. Odur ki, həmin vəsaitlərin qaytarılması ilə bağlı cavabdeh əsassız varlanma əsasları ilə məhkəmədə müvafiq iddia qaldıra bilər.
60. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumlarının tutulması barədə tələb olmadığından, rüsumlar onu ödəyən tərəfin – iddiaçının özünə aid edilir.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3274/2024 nömrəli iş üzrə 06 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı 10000 manat pul tutularaq Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.