Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1760/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "evə köçürülmə") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-787/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun, yəni İddiaçı uşaqları xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 ünvanına köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).
2. Sabunçu Rayon Məhkəməsinin 2(008)-787/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Əşir Səmədov) ilə iddia təmin edilmiş, İddiaçı uşaqları xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il tarixli X1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090, ev 6, mənzil 71 fərdi yaşayış evinə köçürülməsi qərara alınmışdır.
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmişdir. Belə ki, idiaçının köçürülməyi tələb etdiyi həmin fərdi yaşayış evi xx.xx.2006-cı il tarixindən onun mülkiyyətindədir və onun şəxsi əmlakıdır. İddiaçı xx.xx.2011-ci il tarixində onun mərhum oğlu X5 ilə birgə nikaha girmişdir. Oğlu xx.xx.2020-ci il tarixindən dünyasını dəyişmişdir. 47 saylı MKİS-nin arayışına əsasən iddiaçı 2020-ci ilin dekabr ayından köçürülməsi üçün iddia etdiyi evdə yaşamır. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 24/6325 ünvanda yerləşən torpaq sahəsini isə o, 16 may 2009-cu il tarixində 18000 ABŞ dolları ödəyərək almış (müqavilənin surəti əlavə edilir), xx.xx.2021-ci il tarixində fərdi yaşayış evi 1/10 hissə olmaqla o cümlədən 6/10 hissə iddiaçıya, 1/10 hissədə iki nəvəsinin adına rəsmiləşdirilmişdir. Türkan qəsəbəsində yerləşən həmin ev yüksək təmirlidir və sərhədçilər evi adlanan yerin düz yanında, yolun kənarındadır. Türkan qəsəbəsində hal-hazırda iddiaçının nəvələri ilə birgə yaşadığı fərdi yaşayış evi yüksək təmirli evdir (həmin evin şəkilləri və videokadrı işə əlavə edilir). Evin təmirinə o, 19000 ABŞ dolları pul xərcləmişdir. Yaşayış evi yaşayış massivində yerləşir və yolun kənarındadır. Evin təkcə mətbəxi 21 kv.m-dir. Nə onun, nə də həyat yoldaşının həmin evə heç bir iddiası yoxdur və o evi mərhum oğlunun ailəsi üçün tikib yüksək səviyyədə təmir etdirmişdir. Onun oğlunun ölümündən sonrakı təqaüdü hərbçi olduğuna görə 1000 (min) manatdan yuxarıdır. Həmin təqaüdü də iddiaçı alır. Odur ki, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Apellyasiya şikayətinə baxılması ilə bağlı Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Belə olan halda Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
7. Mülki iş materiallarında olan 259496 nömrəli qeydiyyat vəsiqəsindən məlum olur ki, ünvan 1 X3 adına xüsusi mülkiyyət kimi xx.xx.2006-cı il tarixdə qeydiyyatdan keçirilmişdir (i/v 26).
8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi, 24/6325 nömrəli bağ evinin 1/10 hissəsi xx.xx.2021-ci ildə X4, 6/10 hissəsi xx.xx.2021-ci ildə İddiaçı adına paylı mülkiyyətdə olan əmlak kimi dövlət reyestrində qeydiyyata alınmışdır.
9. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci ildə Bakı şəhərində ölmüşdür.
10. Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, İddiaçı ilə X4 birgə nikahından xx.xx.2012-ci ildə X2 və xx.xx.2016-cı ildə X1 doğulmuşdur.
11. 47 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Tətbiq edilən maddi hüquq normaları:
12. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
15. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Mülki Məcəllənin 228.2-ci maddəsinə uyğun həll edilməlidir.
16. Konstitusiya Məhkəməsi Plenumunun N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı 02 dekabr 2010-cu il tarixli qərarında da göstərilmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur.
17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Tətbiq edilən prosessual hüquq normaları:
18. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Apellyasiya Məhkəməsinin baxışının hədləri:
19. Hazırkı halda Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
21. Hazırkı işin hallarına görə iddiaçı cavabdehin oğlu ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olduqdan sonra cavabdehin mülkiyyətində olan mənzilə köçərək yaşamış, bundan sonra əri ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 24/6325 ünvanda yerləşən mənzilə köçərək orada yaşamış, iddiaçının əri xx.xx.2020-ci ildə vəfat etmişdir. Hazırda iddiaçı cavabdehin mülkiyyətində olan mənzilə azyaşlı uşaqları ilə birgə köçürülməsini tələb edir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
24. İddiaçı xx.xx.2011-ci il tarixdə cavabdehin oğlu ilə nikah bağlayaraq həmin həmin tarixdə mənzilə köçdüyündən hazırkı mübahisəyə Azərbaycan Respublikası 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1. və 30.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir.
25. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
26. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki: “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. (Ailə Məcəlləsinin 15ci fəsli isə ailənin başqa üzvlərinin aliment öhdəlikləri ilə bağlı məsələləri tənzimləyir.) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
28. Beləliklə də, aydın olur ki, iddiaçı mənzilin mülkiyyətçisinin, yəni cavabehin ailə üzvü və ya digər qohumu olmadığından yuxarıda qeyd edilən normalara əsasən həmin mənzilə hər hansı hüququ yoxdur, odur ki, iddia tələbi təmin edilə bilməz.
29. Həmçinin iddia ərizəsində qeyd edildiyi, eləcə də mülki iş materiallarında olan çıxarışdan məlum olduğu kimi Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 24/6325 ünvanda bağ evi 6/10 hissədə iddiaçıya, hərəsinə 1/10 hissədə onun övladlarına məxsus olmaqla paylı mülkiyyətindədir.
30. MPM-in 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, eləcə də iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi də qətnamənin ləğv olunması əsası kimi nəzərdə tutulmuşdur (maddə 385.1.2.və 385.1.3.). Nəticə:
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol verilməklə düzgün olmayan qətnamə qəbul edildiyindən, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
32. MPM-in 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti verilməsi üçün ödədiyi 50 manat dövlət rüsumu onun özünə aid edilməlidir.
33. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Sabunçu Rayon Məhkəməsinin 2(008)-787/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti verilməsi üçün ödədiyi 50 (əlli) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.