Məhkəmə qərarları › İş №2(103)-1761/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1761/2024

09.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1761/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh; iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: vindikasiya iddiası; özbaşına tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun nümayəndəsi X1 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma və həmin sahədə inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “torpaq sahəsində yaxşılaşdırma xərcinin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3052/2023 saylı, 4 dekabr 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 739 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən İddiaçı Mərdəkan qəsəbəsində 2814 nömrəli bağ sahəsi ayrılmışdır.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5469/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 739 nömrəli sərəncamı ilə istifadəsinə verilmiş Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən, sahəsi 0.11 ha olan 2814 nörməli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq buna dair müvafiq çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 0.11 ha sahəsi olan ünvan 1 ünvan: Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 19-cu Mərdəkan küçəsi, 22) xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2814 saylı bağ sahəsindən (yeni qaydalarla: ünvan 4 çıxarılması, həmin sahədə cavabdeh tərəfindən inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tələbini onunla əsaslandırmışdır ki, Azərbbaycan Respublikanın ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, bu döyüş əməliyyatlarında xəsarət almış və 1 qrup gözdən əlil olmuşdur. Bununla bağlı 10 mart 2004-cü ildə müvafiq orqanlardan 083211 nömrəli əlillik vəsiqəsi almış və 8 may 2015-ci ildə Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin üzvü olmuşdur. Həmin vaxtdan müharibə əlili statusu almaqla, əlilliyə görə əmək pensiyası almışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 739 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən ona Mərdəkan qəsəbəsində 2814 nömrəli bağ sahəsi ayrılmışdır. 2000-ci ildə ona torpaq verildiyini öyrəndikdən sonra Bakı şəhər İcra Hakimiyyətinə torpaq sahəsinin ünvanını öyrənmək üçün getdiyində İcra Hakimiyyəti ilə arasında torpaq sahəsinin ona verilməsinə dair müqavilə imzalanmışdır. Bundan sonra torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 739 nömrəli sərəncamı ilə istifadəsinə verilmiş Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən, sahəsi 0,11 ha olan 2814 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5469/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ona ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarış verilmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, göstərilən məhkəmə mübahisəsindən əvvəl Xəzər RPŞ-nə ərizə ilə müraciət edərək ona məxsus torpaq sahəsini zəbt etmiş şəxsin müəyən olunaraq torpaq sahəsindən çıxarılmasına ona köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsini zəbt edən şəxs Cavabdehdir. X6 RPİ-nin 1-ci PŞ-nə verdiyi izahatında göstərmişdir ki, guya həmin torpaq sahəsini 2000-ci ildə Qarabağ döyüşçüləri qazisi olan Zaur adlı şəxsdən 1000 ABŞ dolları pula hər hansı bir sənəd olmadan almışdır. Zaur adlı şəxs hal-hazırda Almaniya Respublikasında yaşayır. Göründüyü kimi cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsini boşaltmaqdan imtina edir.

6. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2814 saylı bağ sahə (yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən torpaq sahəsində yaxşılaşdırma xərcinin əvəzi olan 10.000 manat pul vəsaitinin İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iyirmi ildən artıqdır ki, sözügedən sahədə hasar çəkmiş, darvaza qoymuş, müəyyən yardımçı tikililər tikmiş, həmin ərazidə yaxşılaşdırma işləri aparmışdır. Dəfələrlə cavabdeh tərəflə mübahisənin həlli barədə danışıqlar aparmış və müəyyən məbləğlə bağlı razılığa gəlsələr də sonradan həmin məbləğin ödənilməsindən boyun qaçırmışdır. Cavabdeh danışıqlar zamanı hasarın, tikililərin sökülməsinə razılıq verməmişdir. Torpaq sahəsində tikinti-abadlıq işlərinə görə ümumilikdə 10.000 manata yaxın xərc çəkmişdir. Hazırki vəziyyətdə ilkin iddiaçı həmin sahədə onun tərəfindən inşa edilmiş tikdiklərin onun vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, o sözügedən sahədə hasar çəkmiş, darvaza qoymuş, müəyyən yardımçı tikililər tikmiş, həmin ərazidə yaxşılaşdırma işləri aparmışdır.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3052/2023 nömrəli, 04 dekabr 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş; qarşılıqlı iddia rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh mübahisə predmeti olan torpaq sahəsinə hər hansı bir hüquqmüəyyənedici sənəd olmadan sahiblənmişdir. Belə ki, məhkəmə iclasında həmin torpaq sahəsinin başqa şəxsdən aldığını bildirsə də, torpaq sahəsinin əvvəl başqa şəxsə məxsus olması, həmçinin həmin şəxsdən qanuni əsaslarla alması barədə hər hansı bir sənəd məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı mübahisə predmeti olan torpaq sahəsini qanuni əsaslar olmadan zəbt etməklə sahiblənmişdir. Bu hal isə onun vicdanlı sahib kimi qəbul edilməsini mümkünsüz edir.

10. Torpaq sahəsində onun tərəfindən inşa edilmiş tikinti isə özbaşına tikinti olmaqla həmin tikintiyə hər hansı bir mülkiyyət hüququ əldə etməmişdir. Eyni zamanda torpaq sahəsi qanunsuz olaraq zəbt edildiyindən həmin torpaq sahəsində tikinti işlərinin onun tərəfindən aparılması da əsassız olmuşdur. İş materiallarını (mübahisə predmetinə daxil olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri), həmçinin mübahisə predmeti olan torpaq sahəsinin İddiaçı məxsus olması halı Cavabdeh tərəfindən mübahisələndirilməməsini, həmin torpaq sahəsinin qanuni əsaslar olmadan Cavabdeh tərəfindən zəbt etməklə sahiblənməsini, eyni zamanda torpaq sahəsində tikinti işlərinin Cavabdeh tərəfindən aparılmasının əsassız olmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ilkin iddia tələbi əsaslıdır, qarşılıqlı iddia tələbi isə əsassızdır.

11. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, İddiaçı məhkəmə iclasında halallıq üçün darvazaya və hasara görə 5000 manat pul verməyə razı olmasının bildirməsini onun tərəfindən qarşılıqlı iddia tələbinin qismən etiraf edilməsi, qarşılıqlı iddianın əsaslı olmasının sübutetmə yükündən qismən azad olunması kimi qəbul edilməsi və ya hesab edilməsi iş üzrə müəyyən edilmiş hallara və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən əsassızdır.

12. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.5, 157.6, 157.7, 180.1, 180.2 və 180.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

13. İlkin iddia üzə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3052/2023 saylı iş üzrə 04 dekabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, ləğv edilməsini, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiaçı olaraq faktiki onun tərəfindən 20 il əvvəl aparılmış yaxşılaşdırma işləri, ərazinin hasara alınması, oraya darvazanın qoyulmasına görə gələcəkdə ilkin iddiaçı bəhrələnəcəkdir. Həmçinin ilkin iddiaçı da ona məhkəmə iclasında hallalıq üçün 5.000 manat təklif etmişdir. Qeyd etmişdir ki, sonuncu həmin yaxşılaşdırmaları gördüyündən oranın sökülməsinə də razı deyil və gələcəkdə iddia bu cür icraya yönəldilərkən tələbkar kimi həmin hissənin icra olunmamağını istəyəcək və beləliklə onun çəkdiyi xərclərə görə varlanmış olacaqdr. Məhz buna görə də o, əmlakdan istifadəyə görə cavabdehdən pul tələb etməkdə haqlı olmuşdur. Məhkəmə nəticəyə gələrkən işin faktiki hallarını yəni onun sözügedən sahədə hasar çəkməyi, darvaza qoymağı, müəyyən yardımçı tikililər tikilməsi, həmin ərazidə yaxşılaşdırma işləri aparmağını araşdırmamış, işə düzgün qiymət verilməsi üçün yerli baxış təyin etməmiş və ya işin obyektiv araşdırılması məqsədi ilə iş üzrə ekspertiza təyin edilməmişdir. Məhkəmənin düzgün nəticəyə gəlməməsinə görə sözügedən qətnamə qanuni qüvvəyə mindikdən sonra o, əsassız olaraq çəkdiyi xərclərin dəyərindən məhrum olacaq. Həmçinin məhkəmə iclasında İddiaçı halallıq üçün darvazaya və hasara görə 5.000 manat pul verməyə razı olduğunu bildirsə də məhkəmə bu hala diqqət etməmiş, tərəflərin hüquq bərabərliyinə əsaslanmayan birtərəfli sübutları qiymətləndirmiş və ona uyğun araşdırma aparmışdır. Məhkəmə belə olan halda sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxmamışdır. Məhkəmənin yalnız qarşı tərəfin təqdim etdiyi sübutları araşdırmaqla, onun isə çəkdiyi xərci nəzərə almaması işin hərtərəfli, obyektiv araşdrılmaması deməkdir.

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16.Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsində qarşı tərəf bildirmişdir ki, o, həmin evi sadəcə sözlə almışdır. Bağ sahəsi ona ayrılan zaman həmin sahədə iş görməmiş, həmin vaxt uşaqları balaca idi, eyni zamanda onun səhhətində problemlər var idi, onun oraya gedib-gəlməyi məhdud idi. O, 2018-2019-cu il tarixində oraya gələn zaman gördü ki, orada artıq tikililər vardır. Həmin sahədə tikinti 2019-cu il tarixində başlamışdır. Torpaq sahəsi ona bağ sahəsi kimi yox, tikinti aparmaq üçün ayrılmışdı. Qarşı tərəfin tikintisi ona lazım deyildir, ona görə də qarşı tərəfin həmin tikintini sökməsini istəyir. 17.Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, dəfələrlə qarşı tərəflə Xəzər Rayon Məhkəməsinə getməmişdən qabaq görüşmüşlər. Qarşı tərəfin əlində heç bir sənəd olmamasına baxmayaraq atası ona halallıq üçün 5.000 manat pul təklif etmişdir. Qarşı tərəf orada hasar tikmiş və darvaza qoydurmuşdur. Təklifi hazırda qüvvədə deyildir, çünki proses çox uzanır. Onlar bu məsələ ilə bağlı polisə də müraciət etmişlər. Qarşı tərəf izahatında da bildirmişdir ki, torpaq sahəsini Zaur adlı şəxsdən almışdır. 18.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 20.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 22.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyasının

23.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

24.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

25.139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 26.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 27.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 29.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 30.157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 31.157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 32.157.6-cı maddəsinə əsasən, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 33.157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

34. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 35.180.1-180.3-cü maddələrinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

36.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

37. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

38.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 39.Kollegiya qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. 40.İşin araşdırılmış hallarından müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 739 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən İddiaçı (bundan sonra-iddiaçı) istifadəsinə verilmişdir. Onun həmin torpaq sahəsinə dair mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə Dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsinin Cavabdeh (bundan sonra-cavabdeh) faktiki sahibliyinə və istifadəsinə nə vaxt və hansı qaydada keçdiyini iş materialları ilə müəyyən etmək mümkün olmamışdır. Bağ sahəsinin sonuncunun faktiki istifadəsində olduğu zaman tərəfindən müəyyən tikinti işləri aparılmışdır (torpaq hasara alınmış, darvaza qoyulmuşdur). 41.Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci və 180-ci maddələri təşkil edir. 42.Mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. 43.Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 44.Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. 45.Göründüyü kimi işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0.11 ha sahəsi olan 2814 saylı bağ sahəsinin (yeni qaydalarla ünvan: ünvan 5isələndirilməyən hallarına həmçinin onun həmin əmlak üzərində faktiki sahiblikdən məhrum olması, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam səlahiyyətlərinin həyata keçirə bilməməsi aiddir. Cavabdeh də iddiaçının qanuni sahiblik hüququnu sərbəst surətdə həyata keçirməsinə məhdudiyyətlər yaradır, bu isə qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir. Birinci instansiya məhkəməsi iddiaçının mübahisəli torpaq sahəsinə dair malik olduğu mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsini mümkün hesab etməklə, bu əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək üçün zəruri olan bütün dispozisiya şərtlərinin mövcudluğunu müəyyən etmiş, iddianı bu hissədə düzgün olaraq təmin etmişdir.

46. Bundan başqa məhkəmə işin hallarına müvafiq qanun normalarını tətbiq etməklə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, mübahisə predmeti olan tikili, iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş özbaşına tikilidir. Belə olan halda özbaşına tikintinin iddiaçıya məxsus torpaq sahəsində aparılması nəticəsində onun qanunla qorunan maraqları və hüquqları pozulmuşdur, iddiaçının “maraqlı şəxs” sayılmasını, mübahisəli tikilinin sökülməsini tələb etmək hüququnu qazanmasını şərtləndirən müvafiq əsaslar mövcuddur. Beləliklə də cavabdehin “əmlak hüquqlarına” dövlət tərəfindən müdaxilə üçün qanuni əsasın mövcudluğu aşkardır və müdaxilənin mütənasibliyi baxımından mümkündür.

47. Belə ki, cavabdehin tikinti işlərini apararkən, yəni mübahisəli tikilini inşa edərkən aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin kimə məxsus olmasını aydınlaşdırmaması, müvafiq hüquq qaydalarına uyğun davranmaması, həmçinin mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallar onun əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından qiymətləndirilməlidir. Çünki lazımi icazələr almadığı, üzərində tikinti işlərini apardığı torpaq sahəsinin ona hər hansı hüquqmüəyyənedici sənədlə məxsus olmadığını bildiyi halda cavabdeh tərəfindən tikinti işlərinin aparılması onun maliyyə itkilərə məruz qalmasını öncədən ehtimal oluna bilən və özünün risk dairəsinə daxil olan hallardandır.

48. Apellyasiya şikayətindəki iddiaçının cavabdehə mübahisəni məhkəmədənkənar qaydada həll etmək məqsədilə 5.000 manat məbləğində pul təklif etməsi, həmçinin gələcəkdə qanuni qüvvəsini almış qətnamənin icrasından imtina etməsi ilə bağlı dəlillərə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin istinad etdiyi bu hallar hazırki mübahisənin həllinə təsir edən hallardan deyildir, əsassızdır və mülahizə xarakter daşıyır. Bu səbəbdən də hazırki icraat qaydasında həmin dəlillərə hüquqi qimət verilməsinə zərurət yoxdur.

49. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir. 50.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 51.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 52.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3052/2023 saylı, 4 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən ödənilmiş dövlət rüsumu özlərinə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar