Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1762/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə xx xxxxxx 2019-cu il tarixdə bağladığı AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanındakı 25 saylı mənzilin cavabdehin mülkiyyətinə keçirildiyini, həmin müqavilənin cavabdehlə arasındakı borc münasibətini pərdələmək üçün rəsmiləşdirildiyini, cavabdehin peşəkar şəkildə faizə pul verməklə məşğul olduğunu, alqı-satqı müqaviləsinin yalan əqd olduğunun dəyəri 100 000-120 000 manat olan mənzilin qiymətinin 30 000 manat müəyyənləşdirilməsindən də aydın şəkildə göründüyünü bildirmiş, buna görə də xx xxxxxx 2019-cu il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunaraq iddia tələblərinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün təfsir etmədiyini, sübutlara düzgün hüquqi qiymət vermədiyini, mənzilinin alqı-satqısı ilə bağlı müqavilənin yalan əqd olduğunun mənzilin satış qiymətindən aydın şəkildə göründüyünü, cavabdehin özünün verdiyi izahatlarla onun, mənzili borcun təminatı olaraq adına keçirdiyinin müəyyən edildiyini, 30 000 manata aldığı mənzili sonradan başqa şəxsə 70 000 manata sataraq bu məbləğdən 15 000 manatını ona verməsinin başqa məntiqli izahı olmadığını nəzərə almadığını irəli sürmüşdür. Apellyasiya baxışı zamanı keçirilən əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək izahatlarında göstərmişlər ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi ev 22, mənzil 25 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuş, 2019-cu ilin yay aylarında ona pul lazım olduğundan tanışlara müraciət etmiş, Mənsurə adlı bir xanımın faizlə pul verdiyini öyrəndikdən sonra ümumi tanışları vasitəsilə Cavabdeh müraciət etmiş, sonuncu, iddiaçıya faizləri də hesablamaqla borca 30 000 manat verməyə razılaşmış, lakin təminat olaraq mənzilin borc qaytarılana kimi onun adına keçirilməsini tələb etmişdir. İddiaçının çox ciddi sıxıntıları olduğundan, məcbur olub mənzilini xx xxxxxx 2019-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdehnm adına keçirmiş, sonradan aldığı borc pulla bağlı birneçə dəfə cavabdehə faiz ödəmişdir. Götürdüyü borc məbləğini valideynlərinin köməyi ilə hazırlayıb mənzili qaytarmaq istəsə də, cavabdeh dələduzluq edib mənzili iddiaçıya qaytarmamış, 2020-ci ilin iyul ayında iddiaçıya, mənzilin borc münasibətlərindən irəli gələn öhdəliyi təmin etmək üçün formal bağladığı alqı-satqı müqaviləsindən sui-istifadə edilməklə özgəninkiləşdirildiyi məlum olmuşdur. Halbuki, iddiaçının mənzili ümumiyyətlə kiməsə satmaq fikri olmamışdır, olsaydı bu haqda birinci anasının xəbəri olardı, sonra atası X4 məlumatı olardı və bu işlə özləri məşğul olardı. İkincisi, notariat işinə görə mənzil iddiaçının adından 30 000 manat məbləğində satılmışdır. Tamamilə absurddur ki, bazar dəyəri 100 000-120 000 manat olan mənzil 30 000 manata satılsın. Üçüncüsü, mənzilin satılması barədə hər hansı bir elan və ya daşınmaz əmlak bürolarına evin satılması ilə bağlı tapşırıq vermədiyindən cavabdeh mənzilin satılmasını öyrənə bilməzdi. Dördüncüsü, baxmayaraq ki, alqı-satqı müqaviləsi 2019-cu ilin avqust ayında bağlanmışdır, nədənsə Cavabdeh iddia qaldırılana kimi bir dəfə belə olsun mənzilin boşaldılması barədə iddiaçıya xəbərdarlıq etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, mənzil almaq niyyəti olmuş, bir nəfərin pula ehtiyacı olduğundan evini ucuz qiymətə satdığı barədə ona məlumat verildikdən sonra həmin mənzilə gedib baxmış, əvvəlcə almaq istəməsə də, sonradan Kamran adlı şəxs ona zəng edərək qiyməti razılaşdırdıqdan sonra mənzili almaq qərarına gəlmişdir. Satıcı ilə birlikdə notariusa gedərək alqı-satqı müqaviləsi bağlamış, proses bir neçə gün çəkdiyindən Kamran israr edərək alqı-satqı qiymətinin 15 000 manatını əvvəlcədən almış, sonradan bank vasitəsilə 30 000 manat da ona ödənilmişdir. Mənzili aldıqdan sonra kirayə verməyi düşünmüş, Kamran “evi kirayə verirsənsə, mən kirayə qalaram” dediyi üçün bununla razılaşmış, Kamran ilk vaxtlar pulu vaxtlı-vaxtında ödəsə də, sonralar kirayə pulunu ödəyə bilmədiyindən evdən çıxmışdır. Bir müddət keçəndən sonra evdə oturarkən qapı döyülmüş, gələnlərin Kamran və ata-anası olduğu məlum olmuş, onlar Kamranın evi satması barəsində məlumatları olmadığını bildirərək mənzili geri tələb etmişlər. Kamranın anası “biz sənə sənin verdiyin pulu verək, sən də bizim evi qaytar” təklifini etmiş, bununla razılaşmış, təxminən aprel aylarında Kamran yenə ona zəng edərək evə alıcı tapdığını bildirmiş, mənzil Kamranın tapdığı alıcıya satılmış, Kamran satış məbləğindən 15 000 manatı götürüb 50 000 manatı ona vermişdir. Bir müddət keçəndən sonra Kamranın anası ona zəng edərək, evə alıcı tapdığını deyəndə bildirmişdir ki, Kamran evi xeyli müddətdir ki, satıb. Cavabdeh məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) Vəkil2 da bənzər məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş X3 izahatında bildirmişdir ki, mübahisəsi gedən mənzili bütün qanuni prosedurlara riayət edilməklə satın almış, mənzili satan İddiaçı alqı-satqı predmeti barəsində məlumatlar əldə etdikdə mənzilin mülkiyyətçisinin Cavabdeh olduğunu bilmiş, İddiaçıla həmin qadına “xala” deyə müraciət etdiyindən onun Kamranın xalası olduğunu düşünmüşdür. Mənzilə dair bütün məlumatları dəqiqləşdirdikdən sonra şənbə günü notariat kontoruna getmiş, təkidi ilə Cavabdeh şəxsən özü alqı-satqı prosesində iştirak etmiş, alqı-satqı videoçəkilişlə həyata keçirilmişdir. Razılaşmalarına əsasən alqı-satqı dəyəri 70 000 manat müəyyənləşdirilmiş, alqı-satqıdan əvvəl İddiaçı 1300 manat beh vermişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş halına əsasən, ünvan 1 ünvanındakı 25 saylı mənzil xx.xx.2007-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin mənzil 30 000 manata Cavabdeh satılmış, xx.xx.2019-cu il tarixdə sonuncunun adına müvafiq çıxarış verilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə mənzili X2 66 000 manata satmış, mənzil adı çəkilən şəxsin adına qeydiyyata alınmış və ona təhvil verilmişdir. İddiaçı öz iddiasını, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin cavabdehlə onun həqiqi iradələrini ifadə etmədiyi və əslində borc müqaviləsini pərdələmək məqsədilə bağlandığını irəli sürməklə əsaslandırmış, tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337-ci və 339-cu maddələrinə istinad etmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır: Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Mülki Məcəllənin 340.2-ci maddəsinə görə isə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, alqı-satqı müqaviləsinin bağlanmasına qədər rəsmiləşdirilən sənədlərə, eləcə alqı-satqı müqaviləsinə bilavasitə tərəflər imza etmiş, müqaviləyə dair hüquqi proseslər barəsində onların hər ikisinin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıqları ilə müəyənləşdirilmiş, hər iki tərəf öz öhdəliklərini lazımınca icra etmiş, əmlakın tərəflərin iradəsi ilə razılaşdırılmış dəyəri iddiaçıya ödənilmiş, notarial qaydada müqavilə bağlandıqdan sonra cavabdehin bu əmlaka sahiblik, istifadə, dövlət reyestrində qeydiyyata alındığı vaxtdan isə sərəncam vermək hüququ yaranmışdır. Xüsusilə qeyd olunmalıdır ki, əgər tərəflərin həqiqi niyyəti borcun təminatı müqaviləsi bağlamaq olsaydı, onlar notariusda iradələrini sərbəst şəkildə ifadə edib əmlakı ipoteka ilə yüklü edə bilərdilər. Çünkü işin faktiki hallarından aydın olur ki, belə bir müqavilə bağlamaq üçün tərəflərə maneə törədə biləcək heç bir səbəb olmamış, cavabdeh, iddiaçını məhz alqı-satqı müqaviləsi bağlamağa vadar edəcək hər hansı təsirə və ya təzyiqə məruz qoymamışdır. Müqavilə bağlandığı zaman evin real bazar qiymətinin daha yüksək olmasına baxmayaraq, alqı-satqının 30 000 manat müqabilində rəsmiləşdirilməsinin onun formallığına dəlalət etməsi ilə bağlı apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin hal, müqavilənin etibarsız hesab olunmasına əsas vermir; çünkü əmlak sahibi əmlakının qiymətini müəyyənləşdirməkdə sərbəstdir və yaranmış zərurətlə əlaqədar əmlakını real dəyərindən aşağı qiymətlə satması sonradan müqavilənin etibarsız sayılmalı olması mənasına gəlmir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının, müvafiq müqavilə bağlandıqdan sonrakı davranışları və mənzilin artıq üçüncü şəxsin mülkiyyətində olması da iddia tələbinin əsassız hesab olunmasını şərtləndirən hal kimi nəzərdən keçirilməlidir; tərəflərin izahatlarından aydın olur ki, iddiaçının valideynləri mənzilin onlara məlumat verilmədən satıldığını cavabdehə bildirərək mənzilin geri qaytarılmasını tələb etmiş, Cavabdeh mənzilə görə ödədiyi pulun geri qaytarılması şərtilə buna razılaşmış, buna görə onlar mənzilin satılması barədə razılığa gəlmiş, bundan sonra mənzilə məhz İddiaçı tərəfindən müştəri tapılmış, müştəridən (Rəşad Mustafayevdən) 1300 manat beh məbləğini məhz İddiaçı almış, mənzil Rəşad Mustafayevə satıldıqdan sonra isə satış pulunun 15 000 manatı İddiaçı verilmişdir. Kollegiya hesab edir ki, işin qeyd edilən faktiki halları iddiaçının hazırkı iddianı irəli sürməklə “hüquqdan sui-istifadə qadağası”nı pozmuş olduğu qənaətinə gəlməyə əsas verir. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Məhkəmə hüquqdan sui-istifadə halını müəyyən etdikdə bu qadağa ilə bağlı qanunun aşağıdakı tələblərini tətbiq etməyə borcludur. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları, 152.6-cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir. Həmin Məcəllənin 560-cı maddəsində də mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğu, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi, alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmənin hüquqdan sui-istifadə kimi qiymətləndirildiyi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X7 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə xx xxxx 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin təmin edilməməsi barədə hüquqi mövqeyi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da qanunidir. Xüsusilə nəzərə alınmalıdır ki, işin hallarından mübahisəli mənzili alan Rəşad Mustafayevin vicdanlı alıcı olduğu müəyyən edilmiş, bunu iddiaçı özü də etiraf etmişdir; bu isə o deməkdir ki, iddianın təmin edilməsi Rəşad Mustafayevin əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin birbirinə olan inamının da azalmasına gətirib çıxarardı”. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-3066/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1762/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1762/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver