Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1762/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-424/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh Məmmədova (Ağayeva) Səbinə Məhəmməd qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 012-09/İ nömrəli kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, bank tərəfindən Cavabdeh 300 ay müddətinə, illik 8 faiz ödəmək şərti ilə 50000 manat məbləğində kredit verilmişdir.
2. İş materialında olan İddiaçı ASC-si ilə Cavabdeh və Məmmədov Emzar Alatxan oğlu arasında bağlanmış xx.xx.2009-cu il tarixli yaşayış mənzilinin alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh Məmmədov Emzar Alatxan oğlundan həmin mənzili almış və ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli binada ümumi sahəsi 52 kv.m olan 3 otaqı 32 nömrəli mənzil bank qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir və ipoteka ilə yüklü edilmiş əmlak 62000 manat məbləğində qiymətləndirilmişdir.
3. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən məlum olur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 24, mənzil 32 İddiaçı ASC-nin qarşısından ipoteka ilə yüklü edilmişdir.
4. İş materialında olan İddiaçı ASC-si tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh ilə bank arasında bağlanılmış 16 iyul 2009-cu il tarixli “kredit müqaviləsi”nə əsasən cavabdehin banka 31 avqust 2020-ci il tarixə olan borcu 40295.30 manat məbləğində əsas, 2699.36 manat məbləğində faiz borcu, 5398.72 manat cərimə borcu olmaqla, ümumilikdə 48393.38 manat təşkil edir.
5. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış 04 iyul 2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 24, 32 saylı mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
6. İş materiallarında olan İddiaçı ASC-nin cavabdehə ünvanladığı xəbərdarlıqlara əsasən məlum olur ki, bank tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmiş, borc ödənilməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Muğanbank” ASC ilə Cavabdeh arasında 16 iyul 2009-cu il tarixdə 012-09/İ saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə 300 ay müddətinə, illik 8 faiz olmaqla 50000 manat məbləğində kredit verilmişdir. 012-09/İ saylı kredit müqaviləsinin təminatı kimi 16 iyul 2009-cu il tarixində 012- 09/İ saylı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli binada ümumi sahəsi 52 kv.m olan 3 otaqı 32 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Lakin 012-09/İ saylı kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəliklər icra edilmir. 31 avqust 2020-ci il tarixli maliyyə arayışına əsasən həmin tarixə Cavabdeh əsas borcu 40295.30 manat, faiz borcu 2699.36 manat, dəbbə pulu 5398.72 manat olmaqla, ümumilikdə 48393.38 manat təşkil edir. İddiaçı göstərilənləri nəzərə alaraq, 16 iyul 2009-cu il tarixli, 012-09/i saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh əsas borc üzrə 40295.30 manat, faiz borcu üzrə 2699.36 manat, dəbbə pulu 5398.72 manat olmaqla, ümumilikdə 48393.38 manatın tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli binada ümumi sahəsi 52 kv.m olan 3 otaqı 32 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 48393.38 manat borcun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-424/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddianın qismən təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 iyul 2009-cu il tarixli, 012-09/i saylı kredit müqaviləsi ləğv edilməsi, Cavabdeh kredit müqaviləsi üzrə 40295.30 manat əsas, 2699.36 manat faiz borcu, 540 manat cərimə borcu olmaqla, ümumilikdə 43534.66 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli binada ümumi sahəsi 52 kv.m olan 3 otaqı 32 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın likvid satış qiyməti 86000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi, həmin ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində Cavabdeh mənzili boşaltmadığı təqdirdə ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılması qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsi 317.1, 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 462.1, 467, 739.1, 739.2ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34, 36.1, 36.2.4, 36.3, 59.3, 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdeh Məmmədova (Ağayeva) Səbinə Məhəmməd qızının vəkili apellyasiya şikayəti verərək qətnamənin ləğv edərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin olaraq əmlakın qiymətləndirilməsi ilə bağlı iş materiallarında olan "xxxx" MMC-si tərəfindən verilmiş 22 dekabr 2020-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinin hansı əsaslarla, hansı şəraitdə aparılması cavabdeh tərəfə məlum deyil. Belə ki, hazırda qeyd olunan əmlakın qiyməti qeyd olunandan dəfələrlə çoxdur ki, bu qiymətləndiricinin işə laqeyd yanaşması, faktiki olaraq evdə olmadan əmlaka qiymət verməsi nəticəsində baş vermişdir. Bundan əlavə bankla olan hissədə bunu qeyd edim ki, bank tərəfindən borcun qrafikə salınıb adi qaydada ödənilməsi üçün tərəfimizdən təklif edilmiş və bank buna razılıq vermişdir. Bunun əsasında da tərəfimizdən 27 iyul 2021-ci il tarixdə 9000 (doqquz min) manat ipoteka ödənişi adı ilə bizdən alınmışdır. Lakin buna baxmayaraq sonradan məlum olmuşdur ki, həmin məbləğ adımdan depozit məbləği kimi götürülmüş və faiz yolu ilə əldə etdiyimiz pulu guya depozit qoyduğumu göstərmişdir. Bu isə bankın işin məhkəmədə olmasından məlumatımın olmaması üçün atdığı addımdır. Bildirim ki, məhkəmədən, işin gedişatından heç bir məlumatım olmamış və buna görə də, müvafiq qətnamədən şikayət tərəfimdən hazırda təqdim edilir. İddiaçı bankın məni aldatması nəticəsində hazırki hadisə baş vermişdir. 9000 manat pulumun isə kredit ödənişi əvəzinə depozit kimi qoyulması isə iddiaçının qanunsuzluğudur. Bundan əlavə işin gedişatı ilə bağlı isə qiymətləndirici evə baxmadan əmlaka qiymət qoymuşdur. Hazırda həmin əmlakın qiyməti qeyd olunan 86000 manatdan 2 dəfə çoxdur. Bu isə qiymətləndiricinin səhlənkarlığı ucbatından baş vermişdir. Təkcə evin təmirinə tərəfimizdən 50000 manatdan yuxarı xərc çəkilmişdir. Bütün bu qeyd olunanlar heç biri nəzərə alınmamışdır. Bundan əlavə isə hesab edirəm ki, məhkəmə mühasibatlıq ekspertizası da keçirilməli, tərəfimdən ödənilmiş məbləğlərin həqiqətən hesabdan çıxarışda öz əksini tapıb-tapmaması müəyyənləşdirilməli və borcun həqiqi məbləği müəyyənləşdirilməlidir. Kredit borcu adı ilə depozit hesabı açıb pulu məndən alaraq banka yerləşdirən bankdan hesabdan çıxarışın tərtibi, borcun müəyyənləşdirilməsində də qanunsuzluğa yolverməsi ağlabatandır. Borcun məbləğinin yaranma əsası, hansı məbləğin nədən ibarət olması, tərəfimdən ödənən əlavə 9000 manatın borcun xitamına hətta ödənilməsi məsələsi hesab edirəm ki məhkəmə tərəfindən araşdırılmalıdır. Hesablanmış və məhkəmə tərəfindən təmin olunan cərimə (dəbbə) məbləği borca mütənasib deyildir. Çünki borcun hesablanması halında həmin məbləğin kifayət qədər aşağı olmasını müəyyən etmək mümkündür ki, buna nəzərən dəbbə pulu da borca mütənasib hesablanmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Alıyev Tural Tofiq oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
16. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı ASC məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
18. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Maddə 427.3. Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir.
21. Maddə 429.1.3. Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir.
22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.
23. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
25. Maddə 449.1. Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
26. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
27. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
28. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
29. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
30. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
31. Maddə 34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir.
32. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər.
33. Maddə 36.2.4. ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası barədə məlumatlar əks olunmalıdır.
34. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.
35. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun.
36. Maddə 59.4. Nəzərdə tutulmuş 1 ay müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri ilə və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
41. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
44. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, qətnamə iddia tələbinin rədd edilməsi hissəsində iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, qətnamə yalız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-424/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsi “Cavabdeh kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, Cavabdeh kredit müqaviləsi üzrə 36743,21 manat əsas borc tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi faiz borcunun tutulması hissəsində təmin edilməməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
46. Cavabdehin apellyasiya şikayətinin əsas dəlillərindən biri onadan ibarətdir ki, məhkəmə tərəfindən ipoteka predmeti olan əmlakın satış qiymətinin düzgün müəyyən edilməmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlini əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 22 dekabr 2020- ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 24 saylı evin 32 saylı mənzilinin ilkin satış (likvid) dəyəri 86000 manat təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh qeyd edilən qiymətləndirmə rəyi ilə razı olmadığını qeyd etsə də, rəyi təkzib edəcək hər hansı sübut təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, əmlakın qiymətininin müəyyən edilməsindən məhz "xxxx" MMC tərəfindən verilmiş 22 dekabr 2020- ci il tarixli qiymətləndirmə rəyini əsas sübut hesab etməklə bağlı məhkəmə haqlı olmuşdur.
47. Cavabdehin apellyasiya şikayətinin əsas dəlillərindən biri isə onadan ibarətdir ki, bank tərəfindən borcun qrafikə salınıb adi qaydada ödənilməsi üçün tərəflərindən təklif edilmiş və bank buna razılıq vermişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlini də əsaslı hesab etmir. Belə ki, cavabdeh tərəf qeyd etdiklərini təsdiq edəcək hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında isə müəyyən edilir ki, tərəflər arasında münasibətləri tənzilməyən yeganə razılaşma xx.xx.2009-cu il tarixdə bağlanmış 012-09/İ nömrəli kredit müqaviləsidir.
48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yuxarıda qeyd edilən hissələrdə düzgün nəticəyə gəlmiş olsa da, müqavilə üzrə əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində düzgün nətiəyə gəlməmişdir.
49. Belə ki, iddiaçı iddia tələbində Cavabdeh əsas borcu 40295.30 manat və faiz borcu 2699.36 manat pul tələb etmiş, birinci instansiya məhkəməsi iddia tələbinin əsas və faiz borcu hissəsində tam təmin etmişdir. Cavabdeh isə apellyasiya şikayətində məhkəmə tərəfindən əsas və faiz borcunun düzgün müəyyən edilmədiyini qeyd etmiş və mülki iş üzrə məhkəmə-mühasibatlıq еkspеrtizаsı təyin edilməsini xahiş etmişdir.
50. Cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlilinin yoxlanılması məqsədi ilə məhkəmə kollegiyası tərəfindən məhkəmə-mühasibatlıq еkspеrtizаsı təyin еdilmiş və ekspеrtizаnın kеçirilməsi Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinə həvаlə еdilmişdir.
51. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin 24 iyul 2023-cü il tarixli, 9/2867 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, borcalan Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2020-ci il tarixə - 40196,14 manat əsas borc, 2652,95 manat faiz borcu; xx.xx.2021-ci il tarixə - 36743,21 manat əsas borc, 0,00 manat faiz borcu.
52. Kollegiya qeyd edir ki, iş materialları ilə Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin 24 iyul 2023-cü il tarixli, 9/2867 nömrəli ekspert rəyini təkzib edəcək əsasl sübut müəyyən edilmədiyindən, ekspert rəyi əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində əsas sübut hesab edilməli və cavabdehdən tutulmalı olan əsas və faiz borcu məhz ekspert rəyində göstərilən həddə müəyyən edilməlidir.
53. Kollegiya hesab edir ki, ekspert rəyi ilə Cavabdeh 36743,21 manat əsas borc, 0,00 manat faiz borcu müəyyən edildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcunun müəyyən edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli Cavabdeh kredit müqaviləsi üzrə 36743,21 manat əsas borc tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.
54. Kollegiya qətnamə ilə cavabdehdən tutulmalı olan 540 manat cərimə borcu ilə bağlı məhkəmənin qənaətini əsaslı hesab edir. Belə ki, nəzərə alınmalıdır ki, qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
55. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
56. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
57. İş materiallarına əlavə edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin 24 iyul 2023-cü il tarixli, 9/2867 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 150,0 (bir yüz əlli) təşkil edir.
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
59. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
60. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti qismən təmin edildiyindən iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat iddia tələbinin dəyərinə mütənasib olaraq, 126 manatı Cavabdeh, qalan 24 manatı isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Naziriliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-424/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsi “Cavabdeh kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə 36743,21 manat əsas borc tutularaq İddiaçı ASCnin xeyrinə ödənilsin. İddia tələbi faiz borcunun tutulması hissəsində təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manatın, 126 manatı Cavabdeh, qalan 24 manatı isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Naziriliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.