Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1763/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə mülkiyyətdə olan əmlakın açıq hərracda satılaraq pulun bərabər bölünməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-477/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı “birgə mülkiyyətdə olan əmlakın açıq hərracda satılaraq pulun bərabər bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, AK.Həsən Əliyev küçəsi, ev 94A, 31 №-li mənzilin açıq hərracdan satılaraq, əldə olunmuş pulun bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd edilmiş Bakı şəhəri, AK.Həsən Əliyev küçəsi, ev 94a, 31 №-li mənzil analarının xüsusi mülkiyyətində olmuş, 2007-ci ildə anaları vəfat etdikdən sonra ondan miras qalmış həmin mənzil vərəsəlik qaydasında hər birinin payı 1/2 hissədə olmaqla onların mülkiyyətinə keçmişdir. Hazırda həmin mənzildə cavabdeh, özü və oğlu yaşayırlar. Cavabdehlə aralarında mənzilə dair mütəmadi olaraq mübahisə olur. Cavabdehin günahı üzündən hətta o, ümumi istifadə də olan kommunal xidmət sahələrindən, o, cümlədən mətbəxdən istifadə edə bilmir. Oğlu 1979-cu il təvəllüdlüdür, elimlə məşğuldur, subaydır, mənzildə olan mübahisələr elmi inkişaf etdirməyə qoymur, eyni zamanda da ailə qurmasına maneçilik törədir. Onu da qeyd edim ki, o özü də xəstədir, şəraitsiz və natəmiz və mübahisəli mənzildə yaşaya bilmir. Ona görə də dəfələrlə cavabdehə müraciət edərək mənzili satmağı və paylarını bölməyi təklif etmişdir. Lakin cavabdeh onun bütün müraciətlərini cavabsız qoymuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-477/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Ak.Həsən Əliyev küçəsi 94A nömrəli evin 31 nömrəli mənzilinin açıq hərracda satılması, Bakı şəhəri, Ak.Həsən Əliyev küçəsi 94A nömrəli evin 31 nömrəli mənzilinin satışından əldə edilən vəsaitin tərəflərin paylarına uyğun yəni ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh verilməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun İddiaçı və Cavabdeh tutulması qət edilmişdir (sədrlik edən: Solmaz Ədilova). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-477/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsində qeyd olunan iddia üzrə mülki işin iclaslarında iş müfəssəl məhkəmə araşdırması aparılmadan və real faktlara əsaslanmadan, o cümlədən məhkəmədə çəkişmə prinsipini pozulmuş, işin halları tam araşdırılmamışdır. Ədalətli məhkəmə prinsipi pozulmuşdur. Eyni zamanda məhkəmə tərəfindən yuxarıda qeyd olunanlarla yanaşı cavabdehin payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsi hüququ da gözlənilməmiş, bu halda da qanunvericiliyin tələbinə uyğun olaraq pretenziya qaydasında məsələnin həll olunması hüququ məhdudaşdırılmışdır. Razılaşdırılmamış keçirilən ekspertiza və onun nəticələri, ekspert rəyi məhkəmə iclasına qədər ona təqdim edilməmişdir. Bu da hüquqi müdafiənin qurulmasının məhdudlaşdırılması ilə nəticələnmişdir. Qeyd olunanların nəzərə alması üçün cavabdeh bunu məhkəmədən xahiş etsə də məhkəmə bunu nəzərə almamışdır. Azəraycan Respublikası Konstitusiya Məhkəməinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxx 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH № ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsində istifadədə olan 0,06466 ha torpaq sahəsində yerləşən 94a nömrəli, 5 mərtəbəli binada yerləşən 47.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 31 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə ½ hissə Cavabdeh, ½ hissə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 487 nömrəli reyestr kitabının 44973 nömrəli vərəqində xx.xx.2007-ci ildə qeydiyyata alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 925 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsində yerləşən 94a nömrəli evin, 31 nömrəli mənzilin ½ paylara uyğun 2 hissəyə naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.1, 2.2, 2.4, 2.9. bəndlərinin, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmamışdır. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. Mülki Məcəllənin sadalanan normalarına əsasən, birinci instansiya məhkəməsi mübahisəli mənzilin naturada bölünməsinin mümkünlüyünün yoxlanılması məqsədilə ekspertiza təyin etmiş və ekspertin rəyinə görə, payların naturada bölünməsinin mümkün olmadığı bildirilmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdırıb qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisəli mənzilə dair payların naturada bölünməsi mümkün olmadığından, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Qeyd edilən hallar Konstitusiya Məhkəməsinin Plenum Qərarında də təsbit edilmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, “Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Kollegiya qeyd edir ki, tərəflərin ümumi birgə mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, X1 küçəsi, 94a nömrəli evin, 31 nömrəli mənzilinin naturada ayrılması xx.xx.2020-ci il tarixli, 925 nömrəli Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyinə görə qeyrimümkündür. Tərəflərin birgə mülkiyyətində olan daşınmaz əmlakın naturada bölünməsi mümkün olmadığından, tərəflərin payına düşən hissəsinin digər tərəfə satması və ya həmin tərəflərdən birinin digər tərəfin payını alması birinci instansiya məhkəməsində araşdırma zamanı tərəflərə təklif olunmasına baxmayaraq buna razılaşmamışlar. Yəni, iddiaçı tərəfindən cavabdehə kompensasiya ödənilməsi ilə bağlı təkliflə, habelə iddiaçıya cavabdeh tərəfindən kompensasiya ödənilməsi ilə bağlı təkliflə də cavabdeh razı olmamışdır. Cavabdeh apellyasiya şikayətində payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsi hüququnun məhkəmə tərəfindən gözlənilməməsi halına istinad etmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolunun (i.v.58) məzmunundan aydın olur ki, cavabdehə kompensasiya ödənilməsi iddiaçı tərəfindən təklif edilmiş, lakin o bunu qəbul etməmişdir. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçıya kompensasiya təklif edilmişdir. Apellyasiya icraatı zamanı da, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı cavabdehə kompensasiya təklif etdiyini bildirmişdir. Odur ki, cavabdehin apellyasiya şikyətində göstərdiyi dəlil mülahizə xarakteri daşıyır və hər hansı sübutla təsdiq edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov rayonu, X1 küçəsi, 94A nömrəli evin, 31 nömrəli mənzilində mülkiyyətçilərin payı bərabər olduğundan, eləcə də iddiaçının cavabdehə kompensasiya ilə bağlı təklifi cavabdeh tərəfindən qəbul edilmədiyindən, həmin mənzilin açıq hərracda satılmaqla satışdan əldə olunan vəsaitin tərəflərin payına mütənasib surətdə bölünməsindən ibarət birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-477/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1763/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1763/2021
05.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver