Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1765/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı Nəzərli (Məmmədzadə) Aytac Mahir qızı və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Nəzərli (Məmmədzadə) Aytac Mahir qızının Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(002)-1755/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Nəzərli (Məmmədzadə) Aytac Mahir qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında qeydə alınmış 632 saylı Akt qeydinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə xx xxxx 2020-ci il tarixdə rəsmi nikaha daxil olmuş, ər-arvad münasibətində olmamışlar. Rəsmi nikahdan övladları yoxdur. Nikahları formal xarekter daşıyır, görünüş üçün bağlanmışdır. Belə ki, o, cavabdehi nikaha girərkən tanımamışdır, valideynlərinin təkidi ilə nikaha girmişlər. Nikaha girdikdən sonra cavabdehi tanımağı başlamışdır. Cavabdeh ona qarşı kobud rəftar daşıyır, ünvanına təhqiredici sözlər işlədir. Nikaha valideynlərinin təkidi ilə girmişdir. Ailə qurmaq niyyəti olmamışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(002)- 1755/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Nikah etibarsız hesab edilməlidir, çünki onların ailə qurmaq və birlikdə yaşamaq fikirləri yoxdur, nikah yalnız rəsmi sənəddə öz əksini tapmışdır. Adi qaydada boşanma həm ona, həm də cavabdeh üçün gələcəkdə problem yaradacaqdır. Cavabdeh də nikahın etibarsız hesab edilməsinə razıdır, cavabdeh iddia tələbini etiraf etdiyi halda, məhkəmə əsassız olaraq iddia tələbini rədd etmişdir. Kollegiya iclasında iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Kollegiya iclasında cavabdeh iddia tələbini qəbul etdiyini, nikahın etibarsız hesab edilməsinə etiraz etmədiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş edərək, bu məzmunda ərizə təqdim etdi. Kollegiya izahatları dinləyib, iş materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 2942/05/70 nömrəli nikah qeydindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah xx xxxx 2020-ci il tarixdı 632 nömrəli akt qeydi ilə bağlanmışlar. Nikah bağlandıqdan sonra ərə Məmmədzadə, arvada Məmmədzadə soyadı verilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, iddiaçının babasıdır, iddiaçı valideynlərinin istəyi ilə rəsmi nikaha girmişdir, hər ikisinin niyyəti evlənmək olmuşdur, lakin xasiyyətləri düz gəlməmişdir, ona görə də toy baş tutmamışdır, dəvətnamələr paylanılsa da, toy üçün 17 mart tarixinə yer tutulsa da, toyları olmamamışdır. Ailə Məcəlləsinin 25-ci maddəsinə görə bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. İddiaçı ailə qurmaq niyyətinin olmadığını bildirərək, qeyd olunan maddəyə əsaslanıb nikahın etibarsız hesab edilməsini tələb edir. Birinci instansiya məhkəməsində tərəflərin izahatlarından, habelə şahid ifadəsindən aydın olur ki, hər iki tərəf rəsmi nikaha daxil olarkən ailə qurmaq niyyətində olmuşlar, tərəflər toy edilməsi üçün hazırlıqlar görmüş, hətta dəvətnamə belə paylamışlar. Göründüyü kimi, hər iki tərəfin niyyəti məhz ailə qurmaq olmuşdur. Məhkəmə qeyd olunan halları, həmçinin iddiaçının əsl niyyətinin ailə qurmaq olmadığını, valideynlərinin təkidi ilə ailə qurduğunu bildirsə də, bu halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədiyini, bu halların öz təsdiqini tapmadığını nəzərə alaraq, hazırki iş üzrə nikahın etibarsız hesab edilməsi üçün əsas olan ailə qanunvericiliyində nəzərdə tutulmuş həmin halların aşkar edilməməsinə əsaslanaraq iddianın əsassız olması nəticəsinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Həqiqətən görünən odur ki, tərəflər ailə qurmaq niyyətində olmuş və nikaha daxil olmuşlar, bu hal birinci instansiya məhkəməsində verdikləri izahatlarında, həmçinin şahid ifadəsində də təsdiqini tapmışdır. Hazırda isə iddiaçı belə bir niyyəti olmadığını bildirsə də, bu hal sübuta yetirilmir. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. İddaçının apelyasiya şikayətində qeyd etdiyi cavabdehin iddianı etiraf etməsinə, həmçinin cavabdehin apelyasiya baxışı zamanı bu məzmunda verdiyi ərizəyə münasibətdə Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olaraq məhkəmə tərəfindən qəbul edilmir. Hazırki iş üzrə isə Kollegiya hesab edir ki, iddianın etiraf edilməsi qanuna ziddir və məhkəmə tərəfindən qəbul edilə bilməz. Odur ki, apelyasiya şikayətinin qeyd olunan dəlili də əsassızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsi görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, qətnamə dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 397, 398, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1755/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-1765/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1765/2021
01.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver