Məhkəmə qərarları › İş №2(103)-1765/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1765/2025

28.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1765/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1765/2025 (Açar sözlər: əmək müqaviləsinin müddətli olmasına dair bəndin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil3 iştirakı ilə, İddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinin müddətli olmasına dair bəndin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8771/2024 nömrəli 04 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı 01 aprel 2016-cı il tarixdə Cavabdeh MMC-də İnzibati işlər şöbəsinin Təşkilati işlər və sənədlərin qeydiyyatı bölməsinə Ümumi işlər üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir.

2. 10 iyun 2016-cı il tarixli əmrə əsasən “Maliyyə və hesabatlıq departamenti”nin “Hesabatlıq şöbəsi”nin mütəxəssisi vəzifəsinə keçirilmişdir.

3. 14 fevral 2017-ci il tarixli əmrə əsasən “Maliyyə departamenti”nin “Hesablaşmalar şöbəsi”nin kiçik mütəxəssisi vəzifəsinə təyin edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 17 dekabr 2018-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən xitam verilmişdir.

4. İddiaçı 04 mart 2019-cu il tarixdən 01 avqust 2019-cu ilədək "xxxx" MMC-də, 10 sentyabr 2019-cu il tarixdən 25 sentyabr 2020-ci ilədək "xxxx" MMC-də çalışmışdır.

5. İddiaçı ilə Cavabdeh MMC arasında 01 oktyabr 2020-ci il tarixdə 890 nömrəli əmək müqaviləsi bağlanmış və İddiaçı Cavabdeh MMC-də “Maliyyə departamentinin Hesablaşmalar şöbəsinin böyük mütəxəssisi” vəzifəsinə təyin edilmişdir. Müqavilə 1 il müddətinə bağlanmış (2.1-ci bənd), 3 ay sınaq müddəti müyyən edilmiş (2.4-cü bənd), müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, müqavilənin əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab edilməsi barədə şərt (2.2-ci bənd) daxil edilmişdir.

6. Daha sonra iddiaçı 10 fevral 2023-cü il tarixli əmrə əsasən “Daxili audit” şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir.

7. İddiaçı çalışdığı Maliyyə departamentinin Hesablaşmalar şöbəsinin böyük mütəxəssisi vəzifəsində öhdəliklərini nümunəvi yerinə yetirdiyinə və əmək funksiyalarının icrasında fərqləndiyinə görə 13 oktyabr 2022-ci il tarixdə təşəkkürnamə elan edilmişdir.

8. Cavabdeh MMC-nin 16 noyabr 2022-ci il tarixli 22-AEXP-616 saylı əmri ilə iddiaçı xidməti fəaliyyətin həyata keçirilməsi məqsədilə 17 noyabr 2022-ci il tarixdən 10 iş günü müddətinə Ələt qəsəbəsində yerləşən Şərq vaqon deposuna ezam olunmuş, işəgötürənin 29 noyabr 2022-ci il tarixli əmri ilə İddiaçı ezamiyyəti 15 dekabr 2022-ci il tarixədək uzadılmışdır.

9. Cavabdeh MMC-nin 30 sentyabr 2024-cü il tarixli 24- AEXP/K-055 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin bitməsi) bəndinə əsasən xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı X5 cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinin müddətli olmasına dair bəndin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, iş üzrə cavabdeh olan Cavabdeh MMC ilə aralarında olan 01 oktyabr 2020ci il tarixli 890 saylı əmək müqaviləsinin müddətli olmasına dair 2.1-ci bəndinin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi haqqında 30 sentyabr 2024-cü il tarixli, 24-AEXP/K-055 saylı əmri ləğv edilməsi, iddiaçı ilə bağlanan 01 oktyabr 2020-ci il tarixli, 890 saylı əmək müqaviləsi müddətsiz hesab edilməklə işə bərpa edilməyi və eyni zamanda işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta əmək haqqının ödənilməli olması, mediasiyaya ödənilmiş 61 manatın və vəkilə ödənilmiş 1.000 manat qonararın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 01 aprel 2016-cı il tarixdən Cavabdeh MMC-də 3 ay sınaq müddəti müəyyən olunmaqla İnzibati işlər şöbəsinin Təşkilati işlər və sənədlərin qeydiyyatı bölməsinə Ümumi işlər üzrə mütəxəssis vəzifəsinə təyin olunmaqla işə başlamışdır. 10 iyun 2016-cı il tarixli əmrə əsasən “Maliyyə və hesabatlıq departamenti”nin “Hesabatlıq şöbəsi”nin mütəxəssisi vəzifəsinə keçirilmişdir. Cavabdeh MMC-də struktur dəyişiklikləri və yeni ştat cədvəlinin tətbiqi ilə əlaqədar 14 fevral 2017-ci il tarixli əmrə əsasən “Maliyyə departamenti”nin “Hesablaşmalar şöbəsi”nin kiçik mütəxəssisi vəzifəsinə təyin edilmişdir. 04 aprel 2018-ci il tarixli əmrə əsasən Maliyyə departamentinin Hesablaşmalar şöbəsinin mütəxəssisi vəzifəsinə təyin edilmişdir. 17 dekabr 2018-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 04 mart 2019-cu il tarixli əmrə əsasən "xxxx" MMC-yə Beynəlxalq və daxili yükdaşımalar üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. 01 avqust 2019-cu il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 (a) bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. 10 sentyabr 2019-cu il tarixli əmrə əsasən "xxxx" MMC-də Baş mütəxəssis vəzifəsinə təyin edilmişdir. 12 fevral 2020-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 50-ci maddəsinə əsasən əsas iş yerindən əlavə iş yerinə keçirilmişdir. 12 fevral 2020-ci il tarixli əmrə əsasən “X10” MMC-yə Beynəlxalq və Daxili yükdaşımalar üzrə Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. 25 sentyabr 2020-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 30 sentyabr 2020-ci il tarixli əmrə əsasən yenidən Cavabdeh MMCdə 3 ay sınaq müddəti müəyyən olunmaqla Maliyyə Departamentinin Hesablaşmalar şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Qeyd olunan dövrdən 2022-ci ilin oktyabr ayına qədər həmin şöbədə çalışmış və oktyabr ayında müqavilə növbəti 1 il üçün uzadılmış və törəməsi olduğu "xxxx" QSC-nin rəhbərliyi tərəfindən 13 oktyabr 2022-ci il tarixli “Təşəkkürnamə” ilə təltif edilmiş olsa da, təəssüflər olsun ki, elə həmin aydan başlayaraq işdən öz istəyilə çıxmaq üçün müxtəlif həmlələr edilmişdir. Bu təşəbbüslərin başında yer alan şəxs isə, işlədiyi şöbənin aid olduğu departamentin rəhbəri vəzifəsinə yeni təyin edilmiş X4 idi. öz istəyilə çıxma istəklərini rədd etdiyi üçün ilk olaraq, tutduğu vəzifə və işlədiyi şöbə ilə əlaqəsi olmasa da, həmin dövrdə MMCnin nəzdində fəaliyyət göstərən və Ələt qəsəbəsində yerləşən X9 icra edilən vaqon təmir xidmətlərinin maya dəyərinin müəyyən edilməsi məqsədi ilə qeyd edilən depoya hər biri 15 gün olmaqla, 2 dəfə ardıcıl olaraq ümumilikdə 1 aylıq müddətə ezam göndərilmişdir. İlk 15 günün sonunda fəaliyyəti barədə heç bir sorğusual edilməmiş və bir başa ikinci 15 günlük ezam əmri iddiaçıya təqdim edilmişdir. Sözügedən ezamiyyət üçün Kamal Hüseynli tərəfindən iddiaçıya WhatsApp tətbiqi vastəsi ilə əvvəlcə 45 günlük ezamiyyət barədə əmr təqdim edilmişdir. İddiaçı həmin ezamiyyət xərcini tələb etdikdə isə ona ikinci bir əmr, yəni 15 günlük ezamiyyət barədə əmr təqdim edilmişdir. Bütün ezam müddəti və sonrakı dövrdə orada gördüyü fəaliyyətlə maraqlanılmaması, hər hansı iclas təşkil edilməməsi, heç bir sənəd istənilməməsi ezam göndərişinin sadəcə məqsədyönlü şəkildə təşkil olunduğunu bir daha təsdiq edirdi. Həmin şəxsin bezdiricilik tədbirlərinin iddiaçının fikrini dəyişdirmədiyini gördüyü zaman isə müqavilə üzrə əməkdaşı olduğu şöbədə əyləşməyinə icazə verilməmiş, ezam müddəti bitəndən sonra, yəni 16 dekabr 2022-ci il tarixindən 10 fevral 2023-cü il tarixinə qədər müvəqqəti olaraq Əməliyyat departamenti olan ofis otağında əyləşməyə məcbur edilmişdir. Daha sonra isə həmin dövrdə Daxili Audit şöbəsinin rəhbəri olan Rüfət Əhmədovun təklifi ilə 10 fevral 2023cü il tarixli əmrə əsasən “Daxili audit” şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən etibarən Rüfət Əhmədovla bərabər başladığı audit yoxlamalarında ciddi nöqsanlar aşkarlanmış, xüsusi ilə Kamal Hüseynlinin rəhbəri olduğu departamentdə ciddi uyğunsuzluqlar müəyyən edilmişdir. Vəziyyət belə olduğu zaman Kamal Hüseynli iddiaçıya özünün rəhbərlik etdiyi ADY Konteyner MMC-nin Hesablaşmalar və məlumatların emalı şöbəsinin rəisi vəzifəsini təklif etmiş və iddiaçı təklifi rədd etdiyi zaman isə “mən bu şirkətdə olduğum müddətcə sənə gün üzü göstərməyəcəm” deyərək bir daha öz niyyətini aşkara çıxarmışdır. Həmin dövrdə Kamal Hüseynli MMC-nin direktoru vəzifəsini icra edən Vüqar Mirqasımova təsirlər edərək, audit yoxlamalarına ciddi əngəllər yaratmışdır. Həmin ilin may ayında direktor vəzifəsinə Vüqar Mirqasımovun əvəzinə X3 gətirilmişdir. Onun gəlişindən 1 həftə sonra isə şöbə müdiri Rüfət Əhmədov işdən ayrılmış və Daxili Audit şöbəsində tək fəaliyyət göstərməyə başlamışdır. Lakin əsas problemlər bundan sonra başlamışdır. İlkin olaraq audit fəaliyyəti tamamilə dayandırılmış, heç bir yoxlama etməyinə icazə verilməmiş, daha sonra audit şöbəsinə aid olan ofis otağından çıxmağı və yenə otağı Kamal Hüseynlinin əməkdaşına təhvil verməyi tapşırılmış, iddiaçı üçün isə İctimayətlə əlaqələr şöbəsində yer təşkil edilmişdir. Həmin dövrdə heç bir əsas olmadığı və şirkətdə belə bir qadağanın başqa heç kimə tətbiq edilmədiyi halda köhnə şöbə yoldaşları olan (Kamal Hüseynli tabeliyində olan şöbə) otağa girməməyi üçün direktor Əkbər Mədətli tərəfindən göstəriş verilmiş, daha sonra 2024-cü ilin fevral ayında bütün şirkət əməkdaşlarına maaş artımı olan zaman, bu artım iddiaçıya aid edilməmişdir. Həmin ayın sonunda isə Əkbər Mədətli məni otağına çağıraraq yenə öz istəyilə şirkətdən ayrılmaq tələbi qoymuş, iddiaçı razılaşmadıqda isə çalışma stolunun dəhlizə qoyulması göstərişini vermişdir. Şirkət hüquqşünasının bu hərəkətin başlarını ağrıdacağını bildirməsi ilə bu fikrindən bir neçə gün sonra daşınmışdır. Lakin başqa formada sıxışdırılmalar davam etmişdir. Belə ki, eyni ilin aprel ayının 9da yenə bütün şirkət əməkdaşlarına illik mükafat verilən zaman, iddiaçının adı siyahıdan çıxarılmışdır. Daha əvvəl mart ayında Daxili Audit şöbəsinə Zaur Baxşəliyev müdir olaraq təyin edilmişdir. Lakin yeni təyinat olduğu üçün aprel ayında olan illik mükafat məsələsinə müdaxilə edə bilməmişdir. Yeni rəhbərinin gəlməsi ilə yenidən audit yoxlamalarına başlanılmış və 6 ay ərzində bir çox yoxlamalar edilərək yenidən Maliyyə departamentində nöqsanlar aşkarlanmışdır. Rəhbərinin olması səbəbindən artıq əvvəlki təzyiqlər davam etdirilməsə də, Baş Maliyyə İnzibatçısı Kamal Hüseynli və direktor Əkbər Mədətli öz məqsədlərini həyata keçirmək üçün müqavilənin bitmə tarixini gözləyirlərmiş. Belə ki, 30 sentyabr 2024-cü il müqavilədə son gün idi və iddiaçı 9-29 sentyabr tarixləri arasında rəsmi məzuniyyətdə olan zaman müqaviləyə xitam veriləcəyi ilə bağlı poçt vasitəsi və ƏMAS sistemi ilə bildiriş göndərilmişdir. Lakin 18-29 Sentyabr tarixləri arasında ölkə xaricində olduğu üçün poçt bildirişini ala bilməmiş, eyni zamanda ölkə sərhədlərindən kənarda ƏMAS sistemi açılmadığı üçün bu bildirişə yiyələnə bilməmişdir. Bildirişlə yalnız 29 sentyabr ölkəyə qayıtdıqdan sonra tanış ola bilmişdir. Təəssüf ki, bu barədə şöbə müdirinə də xəbər verilməmiş və bütün proseslər səssiz və məqsədyönlü şəkildə aparılmışdır. Şöbə müdiri Zaur Baxşəliyev dəfələrlə iddiaçıdan və gördüyü işlərdən razılığın bildirib, işdən çıxarılmamağı üçün təşəbbüs göstərsə də, 30 sentyabr tarixində işə çıxdığı zaman əmək müqaviləsinə xitam verilməsi barədə əmr təqdim edilmişdir. 2016-cı ildən etibarən, ümumilikdə 8 il demək olar ki, eyni səhədə, şirkətin əsas fəaliyyət sahəsi olan dəmiryol daşınması və tarif hesablanması sahəsində özünü inkişaf etdirmiş, kariyerasını bu istiqamətdə qurmuş və çalışdığı şirkətə maksimum faydalı olmağa çalışmışdır. Lakin 2022-ci ildən şirkətdə çalışmağa başlamış Kamal Hüseynli və 2023-cü ildən direktor olaraq şirkətə gəlmiş Əkbər Mədətli qurduğu kariyerasını və 10 ilə yaxın biliklərini heçə sayaraq şirkətdə ayrılmağı üçün müxtəlif vasitələrə əl atmışlar. Mütəxəssisi olduğu sahə xüsusi bir sahə olduğu üçün ölkədə bu sahə üzrə çalışılacaq şirkət sayı da məhduddur. İddiaçı isə son 10 ilini bu sahədə yetişmək üçün hədər etmiş və bu səbəbdən öz işindən ayrılmaq heç də asan deyildir. İşdən çıxarılmağı üçün müxtəlif yollara əl atmaqdan qaçınmayan Əkbər Mədətli yuxarı rəhbərliyin də icazəsini almaq üçün iddiaçı haqqında yuxarı rəhbərliyə yalan məlumat verməkdən belə çəkinməmişdir. 30 sentyabr 2024-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin qurtarması) əmək müqaviləsinə məqsədyönlü şəkildə xitam verilmişdir. Əslində ididaçı 10 ilə yaxın işlədiyi, təcrübə topladığı bir sahədə işləyərkən müddətli əmək müqaviləsi bağlamaq istəməmiş, sadəcə başqa yolu olmadığı üçün bu müqaviləni imza etmək məcburiyyətində qalmışdır. Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3-cü bəndinə əsasən “əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanması göstərilməlidir”. Lakin iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli, 890 saylı əmək müqaviləsinin 2-ci bəndindən isə göründüyü kimi nəinki əmək müqaviləsinin müddətli bağlanmasının səbəbləri göstərilməmiş, hətta həmin hissə məqsədli olaraq əmək müqaviləsindən çıxarılmışdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçı 01 aprel 2016-cı il tarixdən Cavabdeh MMC-də 3 ay sınaq müddəti müəyyən olunmaqla sıravi bir işdən böyük mütəxəssis vəzifəsinə qədər yüksəlmişdir və bu sahədə ixtisaslaşmışdır. İddiaçı bu müddət ərzində Azərbaycan Dəmir Yolları QSC-nin törəmə şirkətlərində işləmiş və işəgötürənlərin məsləhəti ilə bir işdənbaşqa işə və ya bir şirkətdən başqa bir şirkətə keçirilmişdir, lakin təəssüflər olsun ki, bütün bunlar rəhbər şəxslərin göstərişi əsasında iddiaçının əmək müqaviləsinə xitam verilməsi və sonra yenidən əmək müqaviləsi bağlanılması yolu ilə baş vermişdir. Sonuncu iş yeri olan Cavabdeh MMC-də 30 sentyabr 2020-ci il tarixli əmrə əsasən yenidən 3 ay sınaq müddəti müəyyən olunmaqla Maliyyə Departamentinin Hesablaşmalar şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin olunmağı barədə bir illik-müddətli əmək müqaviləsi bağlanmış və hər il müddət başa çatdığına görə əmək müqaviləsinin müddəti eyni müddətə yenidən uzadılmışdır (müddətli əmək müqaviləsi bir işçi olaraq iddiaçı tərəfindən imzalansa da, bütün bunlar işəgötürənin təhriki ilə baş vermiş və iddiaçının başqa çıxış yolu olmamışdır). Göründüyü kimi işəgötürən Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən müqavilədə nəzərdə tutulmuş vəzifənin icrası əvvəlcədən daimi xarakterli olmasının bəlli olmasına baxmayaraq iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsində hansı səbəbdən müddətli əmək müqaviləsinin bağlanması göstərilməmişdir. Bu əmək müqaviləsi isə yuxarıda qeyd edilmiş qanunlara əsasən qanuni hesab edilə bilməz. Bu səbəbdən belə hesab edir ki, cavabdehin 30 sentyabr 2024-cü il tarixli, 24-AEXP/K-055 saylı əmri ləğv edilməli, iddiaçı ilə bağlanan 01 oktyabr 2020-ci il tarixli, 890 saylı əmək müqaviləsi müddətsiz hesab edilməklə işə bərpa edilməlidir və eyni zamanda işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta əmək haqqı ödənilməlidir.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 dekabr 2024-cü il tarixli 2(011)-8771/2024 nömrəli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia rədd edilmişdir.

13. Məhkəmə, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin pozulub-pozulmadığı halını araşdırarkən belə qənaətə gəlmişdir ki, iş üzrə həmin maddənin tələbləri pozulmamışdır. Belə ki, iddiaçı onun tutduğu vəzifəsinə uyğun olaraq onunla müqavilənin müddətsiz bağlanmalı olduğunu göstərsə də 2020-ci ildən hal-hazıradək müqavilənin bu bəndini hər hansı aidiyyəti quruma müraciət etməklə mübahisələndirməmişdir. İşin araşdırılması zamanı iddiaçı verdiyi izahatda göstərmişdir ki, onunla 2020-ci ildə bağlanan müqavilənin müddətinin bundan əvvəlki dövr (2022-2023) üçün bitməsinə az qalmış vaxtda ona cavabdeh tərəfindən müqavilənin növbəti müddətə uzadılmaması ilə bağlı fikri bildirilən zaman iddiaçı qohum və tanışları vasitəsilə cavabdeh təşkilatın fikrinin dəyişməsinə nail olduğunu və nəticə olaraq onunla müqavilənin bir il daha uzadılmasını bildirmişdir. Hazırkı halda məhkəmə tərəflərin bərabər olmaması, yəni iddiaçının əlverişsiz vəziyyətdə olmasına dair dəlilini əsaslı hesab etmir. Belə ki, işin görünən halı ondan ibarətdir ki, işəgötürən kənar şəxslərin təsiri nəticəsində işçi ilə müqavilə müddətini uzatmaq qərarına gəlmişdir və iddiaçı da özü könüllü olaraq istinad olunan müqavilənin şərtləri ilə razılaşmışdır. Beləliklə, iddiaçı hər hansı təsir altında qalmadan öz iradəsi ilə müqavilənin eyni şərtlərlə uzadılmasına razılıq vermişdir.

14. Məhkəmə iddia tələbinin əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi hissəsinə qiymət verərək hesab etmişdir ki, nə qədər ki, əmr qanunla müəyyən edilmiş qaydada tərtib edilmişdir, onun ləğvi üçün əsas yoxdur.

15. Məhkəmə iddia tələbinin işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, bu hissədə iddia tələbi törəmədir. Nə qədər ki, əsas iddia tələbi təmin edilməmişdir, törəmə tələblər də təmin edilə bilməz.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35, Əmək Məcəlləsinin 3-cü maddəsinin 5 və 8-ci bəndlərinə, 47-ci maddəsinin “f” bəndinə, 68.2-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətində iddia ərizəsində qeyd edilənlərdən əlavə olaraq göstərilmişdir ki, sonuncu iş yerim olan Cavabdeh MMC-də 30 sentyabr 2020-ci il tarixli əmrə əsasən yenidən 3 ay sınaq müddəti müəyyən olunmaqla “Maliyyə Departamenti”nin “Hesablaşmalar şöbəsi”nin böyük mütəxəssisi vəzifəsinə təyin olunmağı barədə bir illik müddətli əmək müqaviləsi bağlanmış və hər il müddət başa çatdığına görə əmək müqaviləsinin müddəti eyni müddətə yenidən uzadılmışdır, müddətli əmək müqaviləsi bir işçi olaraq tərəfindən imzalansa da, bütün bunlar işəgötürənin təhriki ilə baş vermiş və onun başqa çıxış yolu olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

20. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi-vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq hərəkətlərində iştirak etdiyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İşə iddiaçı tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

22. Maddə 3, 5-ci hissə. Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.

23. Maddə 14, 2-ci hissə. Dövlət, iş qüvvəsindən səmərəli istifadə olunmasını təmin etmək, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİİİ hissəsinə müvafiq olaraq işsizliyin aradan qaldırılması məqsədi ilə vətəndaşların peşəkarlıq səviyyəsini, əmək vərdişlərini, çoxillik təcrübəsini nəzərə almaqla müvafiq ixtisaslar, sənətlər, peşələr üzrə ölkədə mövcud olan işçi qüvvəsindən istifadə olunmadan xarici ölkələrdən əsassız olaraq mütəxəssislərin işə cəlb olunmasının qarşısının alınmasını, işsizlik, əhalinin məşğulluğu və miqrasiyası məsələlərini tənzimləyir.

24. Maddə 14, 3-cü hissə. Əmək münasibətləri sahəsində dövlət siyasətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. Həmin icra hakimiyyəti orqanı: səlahiyyətləri çərçivəsində müəyyən edilmiş hallarda əmək münasibətlərinin tənzim edilməsinin təmin olunması üçün müvafiq normativ hüquqi aktlar qəbul edir; əməyin ödənilməsi, əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əmək miqrasiyası, əhalinin sosial müdafiəsi, əlilliyi olan, işçilərin reabilitasiyası problemləri sahəsində dövlət siyasətini həyata keçirir; əmək münasibətləri sahəsində elektron xidmətləri elektron informasiya sistemi vasitəsilə həyata keçirir.

25. Maddə 45, 1-ci hissə. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

26. Maddə 45, 2-ci hissə. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

27. Maddə 47, “f” bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə mək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

28. Maddə 68.2, “b” bəndi. əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

37. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

38. Göründüyü kimi iddiaçı onun tutduğu vəzifəsinə uyğun olaraq onunla müqavilənin müddətsiz bağlanmalı olduğunu göstərsə də 2020-ci ildən hazırki vaxtadək müqavilənin bu bəndini mübahisələndirməmişdir. Belə olduqda Kollegiya tərəflərin bərabər olmaması, yəni iddiaçının əlverişsiz vəziyyətdə olmasına dair dəlilini inandırıcı hesab etmir. İddiaçı özü könüllü olaraq müqavilənin şərtləri ilə razılaşmışdır. İddiaçı hər hansı kənar təsirə məruz qalmadan öz iradəsini bəyan etmiş və müqavilənin eyni şərtlərlə uzadılmasına razılıq vermişdir.

39. Hazırki halda işçi ilə işəgötürən arasında yaranmış münasibətlərə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyətinə iddiaçı tərəfindən müvafiq müraciət etməsi halı müəyyən olunmur. Belə olduqda birinci instansiya məhkəməsinin mövqeyini Kollegiya əsaslı hesab edir.

40. Məhkəmə haqlı olaraq göstərmişdir ki, , iddiaçının iddia ərizəsində göstərdiyi digər dəlilləri məhkəmə əsassız hesab edir və tərəflər arasında bağlanmış əmək müqaviləsinin bəndinin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş halları aşkar etmədiyindən iddianı bu hissədə əsassız sayır.

41. Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi hissəsinə qiymət verən birinci instansiya məhkəməsi hesab etmişdir ki, nə qədər ki, əmr qanunla müəyyən edilmiş qaydada tərtib edilmişdir, onun ləğvi üçün əsas yoxdur.

42. Apellyasiya şikayətində göstərilən müddətli əmək müqaviləsi bir işçi olaraq tərəfindən imzalansa da, bütün bunlar işəgötürənin təhriki ilə baş vermiş və onun başqa çıxış yolu olmamasına münasibətdə kollegiya qeyd edir ki, bu halı təsdiq edən hər hansı sübut nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında iddiaçı tərəfindən təqdim edilməmişdir.

43. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

45. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8771/2024 nömrəli iş üzrə 04 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar