Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1769/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı ilkin, Cavabdeh MTK-nın İddiaçı qarşı qarşılıqlı iddia üzrə QƏTNAMƏ İş № 2(103)-1769/2023 (Açar sözlər: ümumi yığıncağın qərarından (protokoldan) çıxarışın verilməsi və sahənin qanunsuz sahibliyindən geri qaytarılması) Bakı şəhəri 15 mart 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X8 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, ilkin idda üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MTK-ya qarşı ümumi yığıncağın qərarından (protokoldan) çıxarışın verilməsi barədə ilkin iddia tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MKT-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı sahənin qanunsuz sahibliyindən geri qaytarılması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-948/2022 saylı 10 oktyabr 2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qaşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 15 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X16 və X13 Cavabdeh MKT-ya ünvanladığı xx.xx.2017-ci il tarixli notarial qaydada ərizəyə əsasən adı çəkilən şəxslər ünvan 1 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən hər biri 270 kv.m sahədən 70 kv.m sahəsini özlərində saxlamaqla, qalan 400 (200+200) kv.m sahəsinin X3 adına keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Daha sonra elə həmin tarixdə satıcı Cavabdeh MTK ilə payçı X6 arasında qeyri-yaşayış sahəsi haqqında müqavilə bağlanmış və satıcı ünvan 2 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 4-5ci giriş, 2-ci mərtəbəsində yerləşən 817.0 kv.m qeyri-yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin sahəni qəbul etməyi, qabaqcadan müəyyənləşdirilmiş dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. X6 qeyri-yaşayış sahəsinin dəyərini Cavabdeh MTK-ya vaxtında ödəmiş və sonuncu tərəfindən payçı Məleykə Əfəndiyevanın pay dəyərini tam ödəməsi barədə maliyyə arayışı da verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MTK-ya qarşı ümumi yığıncağın qərarından (protokoldan) çıxarışın verilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən 817 kv.metr qeyri-yaşayış sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün MTK-nın ümumi yığıncağının qərarından (protokolundan) çıxarışın və digər zəruri sənədlərin verilməsi öhdəliyinin Cavabdeh MTK-ya həvalə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X2 ünvan 2 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən 817 kv.metr qeyri-yaşayış sahəsini payçı kimi 18 oktyabr 2017-ci il tarixli müqavilə əsasında almışdır. X2 817 kv.metr qeyri- yaşayış sahəsinin pay dəyərini payçı kimi tam ödəmiş və Cavabdeh MTK-ya borcunun olmaması barədə maliyyə arayışını almışdır. Qeyd edir ki, qeyri-yaşayış sahəsi tərəflərindən əsaslı təmir olunduqdan sonra təyinatına uyğun istifadə olunur. X4 vəfat etdikdən sonra Bakı şəhəri 46 saylı notariat ofisində vərəsəlik işi açılmış ünvan 2 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən 817 kv.metr qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə 31 iyul 2021-ci il tarixli X/929 saylı məktubla müraciət olunmuşdur. O, qanunu istifadəsində olan 817 kv.metr qeyri-yaşayış sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün MTK-nın ümumi yığıncağının qərarından (protokolundan) çıxarışın və digər zəruri sənədlərin verilməsinə köməklik göstərilməsi ilə bağlı MTK-ya rəsmi müraciət etdim. Lakin MTK tərəfindən 15 dekabr 2021-ci il tarixli 19 saylı məktubla bildirdilər ki, guya mən 817 kv.metr sahədən əlavə MTK-ya məxsus 50 kv.metr sahəni də qanunsuz zəbt etmişdir. Hesab edir ki, cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, mərhum anası X1 ünvanda yerləşən həmin qeyriyaşayış sahəsini kooperativin payçıları olmuş X7 və X11 almışdır. Bu barədə onların həyat yoldaşlarının razılıq ərizələri də vardır. Onlar sözügedən sahəni həmin şəxslərdən alarkən MTK tərəfindən müvafiq rəsmiləşdirmə aparılmış, yəni X4 ilə Cavabdeh MTK arasında qeyri-yaşayış sahəsi haqqında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmış və qeyri-yaşayış sahəsi satıcılar və MTK tərəfindən onlara təhvil verilmişdir. Həmin vaxtı qeyri-yaşayış sahəsini digər sahələrdən ayıran ortaq divarlar mövcud idi. Onu da qeyd edir ki, həmin sahə təmir olunan zaman dəfələrlə tərəflərindən ölçülmüş və onun faktiki istifadəsində olan sahədə hər hansı artıq sahənin olduğu müəyyən olunmamışdır. MTKnın bu cavabından sonra o özündə əmin olmaq üçün qanuni istifadəsində olan qeyriyaşayış sahəsi mütəxəssislər tərəfindən yenidən ölçdürmüş və məlum olmuşdur ki, sahənin faktiki ölçüsü 806,57 kv.metr təşkil edir ki, bu müqavilədə göstərilən ölçüdən 10,43 kv.metr azdır. Hesab edir ki, bu Cavabdeh MTK tərəfindən onlara qarşı bötandır və əlavə pulun alınması üçün edilən hərəkətdir. Ona məxsus qeyri-yaşayış sahəsinin qeydə alınmaması onun bir çox hüquqlarının məhdudlaşmasına səbəb olmuşdur. Ona görə də hesab edir ki, ünvan 2 ünvanında yerləşən yaşayış binasının 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən 817 kv.metr qeyriyaşayış sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün MTK-nın ümumi yığıncağının qərarından çıxarışın, balans arayışının (maliyyə arayışının) və digər zəruri sənədlərin verilməsi öhdəliyi Cavabdeh MTK-ya həvalə edilməlidir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 8.0.6-cı maddəsinin tələbinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi cavabdeh yuxarıda qeyd olunan maddədə sadalanan sənədləri ona verməməsi səbəbindən qanuni istifadəsində olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə aldıra bilmir.
4. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MKT qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı sahənin qanunsuz sahibliyindən geri qaytarılması barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı (iddiaçının) qanunsuz sahibliyində olan 50 kv.metr sahənin Cavabdeh MTK-ya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, MM-nin 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı, X18 və X7 xx.xx.2017-ci il tarixli müqavilə əsasında aldığı və istifadə etdiyi iddianın predmeti olan 817 kv.metr qeyriyaşayış sahədən əlavə olaraq Cavabdeh MTK-nin (özgəsinin) mülkiyyətində olan 50 kv.metr sahəyədə qanunsuz sahiblik edərək ümummilikdə 867 kv.metr sahədən istifadə edir. İstinad edilən bu fakt Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Bakı idarəsində 18/04-268 saylı xx.xx.2005 tarixli lahiyəsin razılaşdırılması ilə təstiq olunur. İddiaçı iddia ərizəsində istifadə etdiyi qeyri-yaşayış sahəsinin 817 kv.metr yox, faktiki 806,57 kv.metr olmasını göstərmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(004)- 948/2022 saylı qətnaməsi ilə (hakim Toğrul Axundov) ilkin iddianın təmin edilməsi, ünvan 4 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən 817 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün MTK-nın ümumi yığıncağının qərarından (protokolundan) çıxarışın və digər zəruri sənədlərin verilməsi öhdəliyi ilkin iddia üzrə Cavabdeh MTK-ya həvalə edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MKT-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı sahənin qanunsuz sahibliyindən geri qaytarılması barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, iş üzrə məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MKT-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.1, 113.2, 113.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.3, 206.1, 119.1 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh MTK ilə İddiaçı mərhum anası X5 arasında hər hansı qeyri-yaşayış sahəsinin alqı-satqısı olmamışdır. Sadəcə olaraq 817 kv metr qeyri-yaşayış sahələrinə dair müqavilə və maliyyə arayışı addan- ada yəni satıcılar Y.Sadiqov və A.Məhərrəmovun adından alıcının adına keçirilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nin subyektiv hüququ olmaması səbəblərindən ilkin iddiaşıya qarşı iddia verməsi qanunsuz və əsassızdır. Subyektiv mülki hüquqlar dedikdə mülki hüquq münasibətləri iştirakçılarının qanunla qadağan edilməyan davranış qaydaları faktiki və hüquqi əhəmiyyətli hərəkət etmək, başqalarından vəzifəsinin icrasını tələb etmək və öz hüququnun müdafiəsini tələb etmək başa düşülür. Göründüyü kimi öz hüququnun müdafiəsini tələb edən Cavabdeh MTK-nin mülkiyyətində olan 50 kv metr sahəni özgəsinin qanunsuz sahibliyindən geri tələb edir, yani 817 kv metr qeyriyaşayış sahəsindən əlavə və qanunsuz istifadə olunan 50 kv metr hissəsini özgəsinin qanunsuz sahibliyindən geri tələb edir. Yəni məhkəmə 817 kv metr sahadan alava 50 kv metr sahənin qanunsuz zəbt olunub istifadə edilməsini araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
15. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
16. Maddə 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
19. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
23. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.
24. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.
25. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qətnamənin tamamilə ləğv edilməsi və qarşılıqlı iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, iş materialları ilə müəyyən edilir ki, X16 və X13 Cavabdeh MKT-ya ünvanladığı xx.xx.2017-ci il tarixli notarial qaydada ərizəyə əsasən adı çəkilən şəxslər ünvan 1 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən hər biri 270 kv.m sahədən 70 kv.m sahəsini özlərində saxlamaqla, qalan 400 (200+200) kv.m sahəsinin X3 adına keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Daha sonra elə həmin tarixdə satıcı Cavabdeh MTK ilə payçı X6 arasında qeyri-yaşayış sahəsi haqqında müqavilə bağlanmış və satıcı ünvan 2 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən 817.0 kv.m qeyri-yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin sahəni qəbul etməyi, qabaqcadan müəyyənləşdirilmiş dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. X6 qeyri-yaşayış sahəsinin dəyərini Cavabdeh MTK-ya vaxtında ödəmiş və sonuncu tərəfindən payçı Məleykə Əfəndiyevanın pay dəyərini tam ödəməsi barədə maliyyə arayışı da verilmişdir. İlkin iddia üzrə iddiaçı cavabdehə müraciət edərək, balans arayışı və protokoldan çıxarışın verilməsini xahiş etmiş, cavadbeh tərəfindən iddiaçıya, zəbt etdiyi 50 kv.m sahədən çıxdıqdan sonra lazımi sənədlərin təqdim ediləcəyi bildirilmişdir. Hazırda ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MTK-ya qarşı ümumi yığıncağın qərarından (protokoldan) çıxarışın verilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən 817 kv.metr qeyri-yaşayış sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün MTK-nın ümumi yığıncağının qərarından (protokolundan) çıxarışın və digər zəruri sənədlərin verilməsi öhdəliyi Cavabdeh MTK-ya həvalə barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə İddiaçı qarşı sahənin qanunsuz sahibliyindən geri qaytarılması barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, İddiaçı (iddiaçının) qanunsuz sahibliyində olan 50 kv.metr sahənin Cavabdeh MTK-ya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Kollegiya ilk növbədə ilkin iddianın təmin edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
37. Belə ki, ilkin İddiaçı anası mərhum X1 ünvanda yerləşən həmin qeyri-yaşayış sahəsiniin 400 kv.m-ni kooperativin payçıları olmuş X7 və X11, digər hissəsini isə Cavabdeh MTK-dan almış, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi həmin şəxslərdən alınarkən MTK tərəfindən müvafiq rəsmiləşdirmə aparılaraq MTK tərəfindən ona təhvil verilmiş və binanın 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən 817.0 kv.m qeyriyaşayış sahəsinin pay dəyərinin X4 tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı təqdim edilmişdir.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Qarşılıqlı iddia ilə bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
40. Məhkəmə Ekspertiza Mərkəzinin 10/3280 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən və iddiaçının istifadəsində olan qeyriyaşayış sahəsinin ümumi sahəsi daxili parametrləri nəzərə alınmaqla (içdən içə) 778.48 kv.metr təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqavilədə göstərilmiş 817 kv.metr sahə ilə qeyri-yaşayış sahəsinin faktiki sahəsi (içdən-içə hesablanaraq arakəsmələr daxil olmaqla) arasında 38.52 kv.metr fərq mövcuddur.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir
42. Ekspert rəyindən də göründüyü kimi iddiaçının mərhum anasına verilmiş qeyriyaşayış sahəsinin faktiki ölçüsü müqavilədə göstərilmiş ölçüdən nəinki artıq, 38.52 kv.m azdır.
43. Kollegiya ekspertiza rəyinə digər sübutlarla yanaşı qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən də, hazırki rəy qarşılqılı iddianın əsassız olmasının təsdiqi kimi qəbul edilməli və qiymətləndirilməlidir.
44. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77-ci və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır.
45. Apellyasiya şikayətinin “birinci instansiya məhkəməsinin subyektiv hüququn olmaması üçün qarşılıqlı iddianın qanunsuz və əsasın olması barədə nəticəsinin əsassız olması” barədə dəlilinə qiymət verərək kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd edirkən qarşılıqli iddia üzrə iddiaçının subyektiv hüququnun olubolmaması məsələsinə ümumiyyətlə toxunmamışdır. İşin faktiki hallarına, iş materiallarında olan sübutlara əsasən qarşılqılı iddianın əsassız olması nəticəsinə gəlmişdir.
46. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-948/2022 saylı iş üzrə 10 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova