Məhkəmə qərarları › İş №2(103)-177/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-177/2020

11.12.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-177/2020 11.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Nəcəf oğlunun nümayəndəsi X7, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Fərman oğlunun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Nəcəf oğlunun cavabdehlər Cavabdeh Fərman oğluna, X14, X11, X12, X2 və X8 qarşı mənzildən çıxarılma, yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və məhkəmə xərclərinin əvəzinin ödənilməsi barədə ilk, Cavabdeh Fərman oğlunun İddiaçı Nəcəf oğluna qarşı əmlakın yaxşılaşdırılması üçün çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(001)-5724/2017 saylı qətnaməsindən İddiaçı Nəcəf oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nəcəf oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Fərman oğlu, X20, X17, X18, X3 və X5 Bakı şəhəri Binəqədi rayonu İ.Dadaşov küçəsi 91 saylı evin 54 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılaraq mənzilin onun mülkiyyətinə qaytarılması, habelə hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat olmaqla, ümumilikdə 270 manat pulun Cavabdeh Fərman oğlundan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia belə əsaslandırılmışdır ki, İddiaçı Nəcəf oğlu işi ilə əlaqədar Rusiya Federasiyasında olduğundan, mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu İ.Dadaşov küçəsi 91 saylı evin 54 saylı mənzili üzərində daimi nəzarəti həyata keçirə bilməmiş, buna görə də həmin mənzili qardaşı oğlu Cavabdeh Fərman oğlunun istifadəsinə vermişdir. Həmin mənzilə dair o, Cavabdeh etibarnamə vermişdir. Bundan istifadə edən Sərxan yaxın qohumları olan cavabdehləri onun razılığı və xəbəri olmadan həmin mənzilə qeydiyyata saldırmış, cavabdehlərlə birlikdə mənzilə köçüb yaşamağa başlamışdır. Sonradan cavabdehlər onu mülkiyyətində olan mənzilə buraxmamış, mənzili boşaldıb təhvil vermək barədə onun tələblərinə əməl etməmişlər. Buna görə də o, Cavabdeh verdiyi etibarnaməni ləğv etdirmiş və məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh Fərman oğlu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Nəcəf oğlundan onun xeyrinə mənzilin yaxşılaşdırılması üçün çəkilmiş xərclərin əvəzi kimi 50000 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, o, ilk iddiaçının razılığı ilə mənzilə köçüb yaşamağa başlamış, mənzili əsaslı şəkildə təmir etdirərək mənzilin yaxşılaşdırılmasına 50000 manat məbləğində xərc çəkmişdir. O, mənzilin vicdanlı sahibi olduğuna görə mənzilin yaxşılaşdırılmasına çəkilmiş xərclərin əvəzini ilk iddiaçıdan tələb edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(001)- 5724/2017 saylı qətnaməsi ilk iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh Fərman oğlunun, X13, X9, X10, X1 və X6 İddiaçı Nəcəf oğlunun mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu İ.Dadaşov küçəsi 91 saylı evin 54 nömrəli mənzilindən çıxarılması, həmin mənzilin İddiaçı Nəcəf oğluna qaytarılması, hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 250 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi qismində 15 manatın cavabdehlərdən tutularaq İddiaçı Nəcəf oğluna ödənilməsi, qarşılıqlı iddianın qismən təmin olunması, Bakı şəhəri Binəqədi rayonu İ.Dadaşov küçəsi 91 saylı evin 54 nömrəli mənzilində aparılmış yenidənqurma və təmir işlərinə görə İddiaçı Nəcəf oğlundan 30111 manat pulun tutularaq Cavabdeh Fərman oğluna ödənilməsi qət olunmuşdur. İddiaçı Nəcəf oğlu qətnamədən apelyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək, ilk iddianın tam təmin edilməsini, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Apelyator şikayətində bildirmişdir ki, o, həmin mənzili yaşamaq üçün normal vəziyyətdə almış, 2009-cu ilə qədər mənzildə bacısı ailəsi ilə yaşamışdır. Cavabdehin 2009-cu ildə bu mənzilə 30000 manat vəsait qoyub təmir etməsi ağlabatan deyil. Həmin qiymət olduqca şişirdilmişdir. O, mənzilin təmir edilməsinə bu qədər vəsait qoyulmasını cavabdehdən xahiş etməmişdir. Bundan əlavə məhkəmə maddi hüquq normasını da düzgün tətbiq etməyərək Cavabdeh Fərman oğlunu vicdanlı sahib hesab etmişdir. Qeyd olunanları nəzərə alaraq qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin tam təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddiaçının nümayəndəsi Sevil Səlimova apelyasiya şikayətinin təmin edilməsini xahiş edərək izahatında bildirdi ki, cavabdeh tərəfindən həmin evə tələb etdiyi qədər vəsait sərf edilməmişdir. Məhkəmə tərəfindən qət edilən məbləğ həddən artıq şişirdilmişdir. Təmsil etdiyi İddiaçı mənzili başqa şəxsə kirayəyə verib gəlir əldə edə bilərdi. Cavabdehlər isə həmin evdə təmənnasız yaşamışlar. Buna görə də hesab edir ki, qarşılıqlı iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh Fərman oğlunun vəkili X19 apelyasiya şikayətinin təmin edilməməsini xahiş edərək izahatında bildirdi ki, həmin mübahisəli mənzil faktiki olaraq Cavabdeh satılmış, lakin alqı-satqı rəsmiləşdirilməmiş, ev mülkiyyət hüququ ilə İddiaçı adında qalmışdır. Hətta İddiaçı həmin mənzilə dair Cavabdeh etibarnamə də vermişdir. Cavabdeh mənzili özününkü bilib orada yenidənqurma və təmir işləri aparmışdır. Mənzildə təmir işlərinin aparılmasından İddiaçı də məlumatı olmuşdur. Belə ki, İddiaçı Rusiyadan Bakıya gələndə həmişə həmin mənzildə qalmışdır. Cavabdeh nikahı pozulandan sonra F.Quliyev hazırkı iddianı qaldırmışdır. Buna görə də S.Nəcəfli qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Apardığı təmir işlərinə sərf etdiyi xərclərin əvəzi ödənildiyi təqdirdə cavabdehlər mənzili tərk etməyə hazırdır. İzahatının sonunda cavabdehin vəkili məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər X20, X17, X18, X3 və X15 məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(001)-5724/2017 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq ilk və qarşılıqlı iddialar qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz hallarına görə Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş xx.xx.1997-ci il tarixli 3MA-3-483 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Binəqədi rayonu İ.Dadaşov küçəsi 91 saylı evin 54 saylı mənzili mülkiyyət hüququ əsasında xx.xx.1997-ci il tarixdə İddiaçı Nəcəf oğlunun adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2017-ci il 15536/15733 saylı rəyinə əsasən, Bakı şəhəri Binəqədi rayonu İ.Dadaşov küçəsi 91 saylı evin 54 saylı mənzilində aparılmış yenidənqurma və təmir işlərinin bazar qiymətinə uyğun olaraq ümumi dəyəri 30111 manat məbləğində müəyyən edilmişdir. Apelyasiya icraatı zamanı keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il 17632 saylı rəyindən görünür ki, həmin mənzildə aparılmış yenidənqurma və təmir işlərinin bazar qiymətinə uyğun olaraq ümumi dəyəri 26785 manat təşkil edir. İş materiallarında olan DƏQ 720993 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Nəcəf oğlu hüquqi yardımın göstərilməsi üçün vəkilə 250 manat pul ödəmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsaslanaraq qarşılıqlı iddianı qismən təmin etməklə qeyd etmişdir ki, Cavabdeh Fərman oğlu vicdanlı sahib kimi mübahisəli mənzilə etdiyi ayrıla bilməsi mümkün olmayan yaxşılaşdırmalara çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk və qarşlıqlı iddiaları qsimən təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı işi ilə əlaqədar Rusiya Federasiyasında olduğuna görə mülkiyyətindəki həmin mübahisəli mənzilə nəzarəti həyata keçirə bilmədiyindən, mənzili əvəzsiz istifadə üçün qardaşı oğlu Cavabdeh Fərman oğluna vermişdir. Sonradan Cavabdeh Fərman oğlu ailə üzvlərini mülkiyyətçinin razılığı olmadan həmin evə qeydiyyata saldırmışdır. İşin faktiki hallarından göründüyü kimi tərəflər arasında əvəzsiz istifadə ilə bağlı münasibətlər yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən, əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Bundan əlavə müqavilə üzrə də tərəflər müqavilənin təyinatına uyğun olaraq öz üzərlərinə müəyyən hüquq və vəzifələr götürürlər. Əvəzsiz müqavilə üzrə kirayəçi öz üzərinə əşyadan təyinatına görə istifadə etmək və əşyanı üçüncü şəxslərin istifadəsinə verməmək kimi öhdəlik götürür. Hazırkı mülki iş üzrə Cavabdeh Fərman oğlu müqavilə ilə üzərinə düşən vəzifələri düzgün icra etməmiş, mülkiyyətçinin razılığı olmadan müqavilənin predmeti olan mübahisəli mənzilə özünü və digər cavabdehləri qeydiyyata saldırmışdır. Bu cür hərəkətlərin edilməsinə və orada apardığı yenidənqurma və təmir işlərinə əsas kimi o həmin mənzili iddiaçıdan alqı-satqı yolu ilə almasını göstərsə də, buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da o, ilk iddia üzrə İddiaçı mənzil üzərində qanunla qorunun mülkiyyət hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Buna görə də İddiaçı iddia tələbi cavabdehlər Cavabdeh Fərman oğlunun, X13, X9, X10, X1 və X6 Bakı şəhəri Binəqədi rayonu İ.Dadaşov küçəsi 91 saylı evin 54 saylı mənzildən çıxarılması və mənzilin ona qaytarılması hissəsində, habelə məhkəmə xərclərinin tutulması hissəsində əsaslıdır və həmin hissədə iddia tələbi qismən təmin olunmalıdır. Cavabdehlərin həmin mənzildən istifadə hüququ yaranmadığına görə mənzildən istifadə hüququna xitam verilməsi barədə tələb təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 734.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 735-ci maddəsinə əsasən kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur. Yenə həmin Məcəllənin 736-cı maddəsinə görə kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1087.1-ci maddəsinə görə özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Həmin Məcəllənin 1090-cı maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. İşlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun. Yuxarıda göstərilən normalara istinadən məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh Fərman oğlu ilk iddiaçıya məxsus mənzildə onun mənafeyinə və ehtimal olunan istəyinə uyğun bir sıra yaxşılaşdırmalar etmiş, buna görə də o, mübahisəli mənzilə etdiyi ayrıla bilməsi mümkün olmayan yaxşılaşdırmalara çəkdiyi məsrəflərin əvəzini tələb etməkdə haqlıdır. Apelyasiya icraatı zamanı keçirilmiş məhkəmə tikinti texniki ekspertizasının rəyinə görə mənzildə aparılmış yenidənqurma və təmir işlərinin bazar qiymətinə uyğun olaraq ümumi dəyərinin 26785 manat təşkil etdiyi müəyyən edilmişdir. Buna görə də, Bakı şəhəri Binəqədi rayonu İ.Dadaşov küçəsi 91 saylı evin 54 saylı mənzilnə etdiyi yenidənqurma və təmir işlərinə görə sərf etdiyi xərclərin əvəzi kimi 26785 manat məbləğində pul İddiaçı Nəcəf oğlundan alınaraq Cavabdeh Fərman oğluna ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.6, 382, 384, 385, 387, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı Nəcəf oğlunun apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(001)- 5724/2017 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İlk iddia qismən təmin edilsin. Cavabdeh Fərman oğlu, X20, X17, X18, X3 və X15 Bakı şəhəri Binəqədi rayonu İ.Dadaşov küçəsi 91 saylı evin 54 saylı mənzilindən çıxarılsınlar və həmin mənzil İddiaçı Nəcəf oğluna qaytarılsın. İlk iddia cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi hissəsində təmin edilməsin. Hüquqi yardıma görə ödənilmiş 250 manat və ilk iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun 15 manat hissəsi Cavabdeh Fərman oğlundan tutularaq İddiaçı Nəcəf oğluna ödənilsin, qalan 5 manat pul ilk iddiaçıya aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu İ.Dadaşov küçəsi 91 saylı evin 54 saylı mənzilində aparılmış yenidənqurma və təmir işlərinə görə İddiaçı Nəcəf oğlundan 26785 manat məbləğində pul tutularaq Cavabdeh Fərman oğluna ödənilsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun 16 manat hissəsi İddiaçı Nəcəf oğlundan alınıb Cavabdeh Fərman oğluna verilsin. Qalan 14 manat pul Cavabdeh aid edilsin. Apelyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti texniki ekspertizalarının xərci qismində 250 manat pulun 133 manat hissəsi İddiaçı Nəcəf oğlundan, 117 manat hissəsi isə Cavabdeh Fərman oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar