Məhkəmə qərarları › İş №2(103)-1773/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1773/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1773/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçı ċavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020- ci il tarixli, 2(004)- 247/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13029,92 manat əsas borc, 4380,72 manat faiz borcu, cəmi 17410,64 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,4 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olan Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 3\23 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə (ümumi sahə 208,4 kv.m.) yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1 Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 3\23 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı" ASC ilə borcalan Cavabdeh1 arasında xx xxxxxx 2017-ci il tarixli, 600840-458848/1 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə "İddiaçı" ASC tərəfindən Cavabdeh1 illik 26 faiz dərəcəsi ilə 18 ay müddətinə 30.000 (otuz min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 tam mülkiyyətində olan Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 3\23 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi (ümumi sahə 208.4 kv.m) xx xxxxxx 2017-cı il tarixli, 600840-458848/1 nömrəli ipoteka müqaviləsinə əsasən bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə, bank və digər cavabdeh Cavabdeh2 arasında xx xxxxxx 2017-ci il tarixli, 600840-458848/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən "İpoteka haqqında" ARnın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2019-cu il tarixli, 001/007/2416/2019 nömrəli bildiriş ipotekaqoyan Cavabdeh1 xx.xx.2019-cu il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü ərzində, yəni xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-247/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13029,92 manat əsas, 2837,37 manat faiz, cəmi 15867,29 manat borc, 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 30 manat xərc, 27,30 manat məbləğində dövlət rüsumu və 0,36 (otuz altı qəpik) manat bank xidmət haqqının cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 3/23 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə (ümumi sahə 208,4 kv.m) yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, fərdi yaşayış evinin hərracda satılması üçün ilkin satış qiymətinin 47000 manat məbləğində müəyyən edilməsi, ev sartıldıqdan sonra Cavabdeh1 həmin evdən çıxarılması və evin onun tərəfindən boşaldılması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-247/2020 nömrəli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə 26 faiz dərəcəsi ilə 30.000 (otuz min) manat məbləğində kredit götürmüş, həmin vəsaitə Bərdə rayonu ərazisində xırdabuynuzlu heyvanlar almış, həmin heyvanları çoxaldan zaman heyvanlar kütləvi surətdə zəhərlənərək tələf olmuş, o, kredit məbləğindən 17000 manatı banka ödəmiş, göstərdiyi həmin səbəbdən qalan 13.000 manatı isə qaytara bilməmişdir. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən 13.000 manat əsas borca görə onun evinin hərrac yolu ilə satılması barədə qəbul edilmiş qətnamə qanunsuz, əsassız və ədalətsizdir, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən faktiki olaraq iddiaçının mənafeyi əsas götürülmüşdür. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır Belə ki, iş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, tərəflər arasında kredit müaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 illik 26 faiz olmaqla, 30000 manat pul verilmişdir. Kredit müqaviləsindən görünür ki, borcalan Cavabdeh1 krediti 18 ay müddətinə ödəyəcəyini öhdəliyə götürmüşdür. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 zamin kimi borcalanın götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 3/23 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini və onun üzərindəki fərdi yaşayış evini “xxxx” ASC-də yüklü etmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin xx xxxxxx 2017-ci il tarixli, 600840-458848/1 nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsinin bitmə tarixinə olan faiz borcu 2837,37 manat təşkil edir. Əlavə olaraq maliyyə arayışında cavabdehlərin həmin kredit müqaviləsi üzrə müqavilənin bitdiyi tarixdən sonra Mərkəzi Bankın uçot faiz dərəcəsini keçməməklə hesablanmış 828,85 manat faiz borclarının olduğu qeyd edilmişdir. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsinə dair “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli LP-025/20 saylı ekspert rəyinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 3\23 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinin hazırki real orta bazar qiyməti 47000 manat təşkil edir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır . Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (maddə 739.2). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası MM-in 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (Maddə 319.1) Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Eyni Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmır. Belə ki, cavabdeh onun tərəfindən banka olan bir hissəsinin ödənildiyini, qalan 13.000 manat borca görə isə onun evinin hərraca çıxarılmasının qanunsuz və ədalətsiz olmasını bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, işə baxan rayon məhkəməsi qətnamə çıxararkən mövcud qüvvədə olan maddi hüquq normalarına istinad etmişdir, ona görə də apellyasiya şikayətinin bu dəlili əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəfindən borcun bir qisminin ödənilməsi onu üzərinə düşən öhdəliyi tam yerinə yetirmək vəzifəsindən azad etmir. İş materiallarından göründüyü kimi kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlamaq hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-247/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar