Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1778/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiyanın ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.11.2021-ci il tarixli, 2(006)-6581/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiyanın ödənilməsi və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ləğvetmə prosesində olan "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 11.02.2020-ci il tarixli, 04/SD2020/0245 saylı “Sığortalı” X3 əsasən 26.000 manat məbləğində pul vəsaiti əmanətçi tərəfindən Banka bank əmanəti (depozit) kimi yerləşdirilmişdir. Sözügedən əmanət (depozit) “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə uyğun olaraq, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzvü olan iştirakçı Bank tərəfindən tam şəkildə sığortalanmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mərkəzi X4 12.05.2020-ci il tarixli qərarı ilə Bankın bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyası ləğv edilmiş və sığorta hadisəsi günü kimi 2020-ci ilin 28 aprel tarixi müəyyən olunmuşdur. Bankda sığorta hadisəsi hesab edilən günə (28.04.2020) əmanətçiyə məxsus qalıq əmanət məbləği 26000 manat məbləğində əsas borc, 556,11 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 26556,11 manat məbləğini təşkil etmişdir. İddiaçı 29 iyun 2021-ci il tarixdə qeyd olunan qalıq əmanət məbləğinə görə ödənilməli olan kompensasiya ilə bağlı cavabdeh Fonda yazılı şəkildə müraciət etmişdir. 17 iyul 2021-ci il tarixli cavab məktubuna əsasən, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə istinad olunaraq, Fondun əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul etməsi, həmin müddətin əmanətçi tərəfindən ötürüldüyü, eyni zamanda sözügedən Qanunun 28.4-cü maddəsinə istinad olunaraq, əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlərin təqdim edilməsi halında qeyd olunan müddətin uzadılmasının mümkünlüyü bildirilmişdir. İddiaçının 29 iyun 2021-ci il tarixli müraciətinin məzmunundan görünür ki, o, 1 illik müddətin hansı səbəbdən ötürülməsini kifayət qədər əsaslandırmışdır. Həmin ərizənin “qoşma” hissəsindən görünür ki, o, əsaslandırmış olduğu halları təsdiq edən sənədləri ərizəsinə əlavə etmişdir. Lakin bütün bunlara baxmayaraq, cavabdeh Fond iddiaçının ərizəsində qeyd olunan halları “əmanətçinin müraciətini qeyri-mümkün etmiş hallar” kimi qəbul etməmiş, əlavə edilən sənədləri isə nəzərə almamışdır. Bununla da, iddiaçının öz əmanətinə görə kompensasiya almaq hüququnu məhdudlaşdırmışdır. Göstərilən xüsusatlardan da göründüyü kimi, iddiaçı mövcud əmanətinə (mülkiyyətinə) görə almalı olduğu kompensasiyanın geri ödənişi ilə bağlı məhkəmədənkənar zəruri olan bütün addımları atsa da, nəticə etibarı ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə olunan hesabdan çıxarış sənədlərindən görünür ki, 28.04.2020-ci il tarixə iddiaçının banka yerləşdirmiş olduğu əmanətinin qalıq məbləği 26000 manat məbləğində əsas borc, 556,11 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 26556,11 manat məbləğini təşkil etmişdir. Əlavə olunan 11.02.2020-ci il tarixli kassa məxaric orderi və hesabdan çıxarış sənədindən görünür ki, iddiaçının qardaşı Vəkil1 banka yerləşdirmiş olduğu 26.000 manat məbləğində olan pul vəsaitini 11.02.2020ci il tarixdə məxaric edərək bankdan geri götürmüşdür. Əlavə olunan 12.02.2020-ci il tarixli və 15.09.2021-ci il tarixli etibarnamələrdən görünür ki, iddiaçı qardaşı Vəkil1 özünəməxsus olan bir çox səlahiyyətləri, xüsusilə də iddiaçını "xxxx"da təmsil etməyi, ona məxsus pul vəsaitini götürməyi etibar etmişdir. Əlavə olunan pasport çıxarışından görünür ki, iddiaçının qardaşı Vəkil1 14.02.2020-27.06.202-ci il tarixləri aralığında Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuşdur. 29 iyun 2021-ci il tarixli ərizədən görünür ki, iddiaçı cavabdeh Fonda əsaslandırılmış müraciət ünvanlayıb. 17 iyul 2021-ci il tarixli məktubdan görünür ki, cavabdeh Fond tərəfindən iddiaçının 29 iyun 2021-ci il tarixli ərizəsinə baxılmış, lakin kompensasiyanın ödənişindən imtina etmişdir. İddia ərizəsinə əlavə olunan və yuxarıda sadalanan sənədləri birgə qaydada təhlil etdikdə aydın olur ki, hazırki iddia tələbinin predmeti olan əmanət məbləğinin de-yure sahibi İddiaçı olsa da, defakto sahibi kimi qardaşı Vəkil1 çıxış edir. Belə ki, sözügedən 26.000 manat məbləğində pul vəsaiti Vəkil1 məxsus olmuş və hələ 14.11.2019-cu il tarixdə banka əmanət kimi yerləşdirilmişdir. Vəkil1 işlə bağlı ölkə ərazisini tərk edəcəyini qabaqcadan bildiyi üçün 11.02.2020-ci il tarixdə qardaşı (iddiaçı) ilə birgə banka getmiş, əmanəti məxaric edərək həmin gün də yenidən qardaşının adına əmanət kimi həmin banka yerləşdirmişdir. 12.02.2020-ci il tarixdə isə o, qardaşından (iddiaçıdan) etibarnamə alaraq, sözügedən əmanətlə bağlı sahiblik, istifadə, sərəncam hüquqlarını öz üzərində saxlamışdır. Əmanətin qardaşının (iddiaçının) adına keçirilməsində məqsəd isə qürbət ölkədən sağ-salamat qayıda bilmədiyi halda anasıyla birgə yaşayan qardaşının (iddiaçının) həmin əmanətdən rahat şəkildə istifadə edə bilməsi, “vərəsəlik” kimi uzun prosedurlarla üzləşməmək olmuşdur. Əldə olunmuş razılığa əsasən, de-yure sahib de-fakto sahibin sağ ikən razılığı olmadan sözügedən əmanətə toxunmamalıydı. Vəkil1 14.02.2020-ci il tarixdə ölkə ərazisini tərk etmiş, 28.04.2020-ci il tarixdə bankdakı sığorta hadisəsindən məlumatlı olmamış, məlum karantin rejimi (pandemiya) ilə əlaqədar olaraq ölkə ərazisinə qayıtması yalnız 27.06.2021-ci il tarixdə mümkün olmuşdur. Həmin vaxt isə qanunvericinin müəyyənləşdiyi 1 illik müddət artıq ötürülmüşdür. Göstərilənlərə əsasən 11.02.2020-ci il tarixli, 04/SD2020/0245 saylı “Sığortalı” X3 əsasən İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq qanunla müəyyən edilmiş bir illik müddətin iddiaçı tərəfindən üzrlü səbəblərdən ötürülmüş hesab edilərək bərpası, 11.02.2020-ci il tarixli, 04/SD2020/0245 saylı “Sığortalı” X3 əsasən iddiaçı tərəfindən LPO "xxxx" ASC-yə yerləşdirilən və hazırda ümumilikdə 26556,11 manat məbləği təşkil edən sığortalı əmanət məbləğinə görə həmin məbləğdə kompensasiyanın cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.11.2021-ci il tarixli, 2(006)-6581/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 11.02.2020-ci il tarixli, 04/SD2020/0245 saylı sığortalı X3 əsasən İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq qanunla müəyyən edilmiş bir illik müddət üzrlü səbəblərdən ötürülmüş hesab edilərək bərpa edilmiş, 11.02.2020-ci il tarixli, 04/SD2020/0245 saylı sığortalı X3 əsasən ləğvetmə prosesində olan "xxxx" ASC-də yerləşdirilən 26000 (iyirmi altı min) manat məbləğində əmanət məbləği, 556,11 (beş yüz əlli altı manat, on bir qəpik) manat məbləğində faiz olmaqla, ümumilikdə 26.556,11 (iyirmi altı min beş yüz əlli altı manat, on bir qəpik) manat məbləğində pulun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmanətlərin Sığortalanması Haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. İş materiallarına əlavə edilmiş iddiaçının ərizəsindən görünür ki, İddiaçı kompensasiya ödənişinin həyata keçirilməsi üçün ilk müraciəti 29.06.2021-ci il tarixində ƏSF-yə daxil olmuşdur. Məhkəmə işə səthi yanaşmasını, qanunla nəzərdə tutulmuş 1 il ərzində iddiaçının Fonda müraciətini qeyrimümkün etmiş halı araşdırmamaqla göstərmişdir. Belə ki, materiala əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ƏSF-yə müraciət üçün müəyyən edilmiş müddəti ötürmüş, lakin bu ötürülməni hər-hansı səbəblə ötürdüyünü təsdiq edən sənəd əlavə etməmişdir. Hazırki mübahisə predmeti olan və birinci instansiya məhkəməsi tərəfindən əmanət üzrə kompensasiya olunacaq məbləğ kimi tanınan kreditor tələbinin növbədənkənar qaydada ödənilməsi digər kreditorların hüquqlarının pozulmasına gətirib çıxaran amildir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və şikayəti müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə əmanətçi Vəkil1 arasında bağlanmış 14.11.2019-cu il tarixli sığortalı bank əmanəti müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 26.000 manat) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçilərə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 1.5-ci maddəsinə əsasən müqavilənin müddəti 12 aydır. Bank əmanətçiyə illik 10% ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 11.02.2020-ci il tarixli sığortalı bank əmanəti müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 26.000 manat) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçilərə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 1.5-ci maddəsinə əsasən müqavilənin müddəti 12 aydır. Bank əmanətçiyə illik 10% ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı 11.02.2020-ci il tarixdə banka 26.000 manat vəsait yerləşdirmişdir. Həmin vəsait qardaşı Vəkil1 vəsaiti olmuşdur. Vəkil1 xarici ölkəyə səfər edəcəyi üçün vəsaiti məxaric edərək eyni tarixdə İddiaçı adına yerləşdirmişdir. Pandemiya səbəbindən Vəkil1 ölkəyə gələ bilmədiyinə görə və vəsait ona məxsus olduğuna görə, habelə bankdan vəsaitin verilməsinin 15.05.2021-ci il tarixinə kimi olmasından xəbərsiz olduğu üçün məbləği ala bilməmişdir. İş materiallarında olan ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı 17.07.2021-ci il tarixli məktubdan görünür ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3cü maddəsinə uyğun olaraq, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə kompensasiyanın ödənilməsi üçün müəyyən edilmiş müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında 11.02.2020-ci il tarixdə sığortalı bank əmanəti müqaviləsi bağlanmış, iddiaçı (əmanətçi) əmanət məbləğini Banka yerləşdirmiş, sonradan "xxxx" ASC müflis elan olunmuş, yəni sığorta hadisəsi baş vermiş və "xxxx" ASC-nin əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiya ödənişi haqqında bildiriş ilk dəfə 16 may 2020-ci il tarixdə dərc edilməklə, əmanətçilərdən kompensasiya alınması üçün ərizələrin qəbulu 16 may 2021-ci il tarixindən etibarən dayandırılmışdır. Lakin iddiaçı üzrlü səbəbdən həmin müddəti ötürmüşdür. Hazırda iddiaçı (əmanətçi) banka qoyduğu əmanətin qorunan əmanətlərə aid olduğunu iddia edərək, habelə buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini və Əmanətlərin Sığortalanması Fondundan əmanət məbləğinin ödənilməsini tələb edir. Məhkəmə hesab etmişdir ki, iddiaçı pandemiya ilə əlaqədar vaxtında Fonda müraciət edə bilməmişdir. Belə ki, həmin dövrdə pandemiya şəraiti ilə əlaqədar qapanmalar tətbiq olunurdu. Bu səbəbdən iddiaçının kompensasiya almaq üçün müraciət etmə müddətinin ötürülməsi üzrlü hesab edilməlidir. «Əmanətlərin Sığortalanması haqqında» Azərbaycan Respublikasının 29 dekabr 2006-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Qanunun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə uyğun olaraq, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə kompensasiyanın ödənilməsi üçün müəyyən edilmiş müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh apellyasiya şikayətində digər məsələlərlə yanaşı ona istinad etmişdir ki, iddiaçı qorunan əmanət üçün kompensasiya almaq məqsədilə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsi ilə müəyyən edilmiş bir illik müddəti üzürlü səbəb olmadan ötürmüşdür. Qanunun həmin maddəsinin yuxarıda qeyd edilən dispozisiya şərtindən həqiqətən müəyyən olunur ki, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Cavabdeh həmin bildirişin kütləvi informasiya vasitələrində hansı tarixdə dərc edilməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa iş materiallarında olan bank sənədlərindən məlum olur ki, iddiaçının qardaşı Vəkil1 "xxxx" ASC-də 26.000 manat əmanəti olmuş və o, həmin əmanəti 11.02.2020-ci il tarixdə bankdan götürmüşdür. Həmçinin, müəyyən olunur ki, eyni gündə, yəni 11.02.2020-ci il tarixdə iddiaçı "xxxx" ASC-də 26.000 manat əmanət yerləşdirmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı aid ümumvətəndaş pasportunun surətindən görünür ki, o, 14.02.2020-ci ildə Azərbaycan Respublikası ərazisini tərk etmiş, 27.06.2021ci il tarixdə isə Azərbaycana qayıtmışdır. Həmçinin müəyyən edilir ki, iddiaçı bundan iki gün sonra, yəni 29.06.2021-ci ildə sığortalı əmanətə görə kompensasiya almaq məqsədilə ƏSF-na müraciət etmişdir. Qeyd edilənlər iddiaçının izahatında qeyd etdiyi halları bir da ha təsdiq edir. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda əmanətçinin ərizəsinin kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edildiyi müəyyən edilməklə yanaşı, əmanətçinin kompensasiya almaq hüququnu beş il ərzində saxlaması müəyyən edilmişdir. Göründüyü kimi, qanunverici əmanətçilərin bu hüququnun kifayət qədər uzun müddət ərzində saxlandığını müəyyən etməklə, bir növ onların maraqlarının kifayət qədər etibarlı qorunmasına zəmanət vermiş, bu hüquqdan istifadəni isə banka müraciət edilməsini qeyri-mümkün edən hallar barədə sənədlərin təqdim edilməsi ilə şərtləndirmişdir. Burada da qanunverici əmanətçilərin qanuni mənafelərinin maksimal dərəcədə qorunmasını təmin etmək məqsədilə həmin halların dairəsini dəqiq müəyyən etməmiş, bununla da müraciəti qeyri-mümkün edən istənilən halın nəzərə alına bilinəcəyini nəzərdə tutmuşdur. Göstərilənləri əsasən məhkəmə kollegiyası hesab edir ki, COVİD-19 pandemiyasının geniş yayılması ilə əlaqədar ölkə ərazisində 2020-ci ilin mart ayından başlayaraq tətbiq olunan xüsusi karantin rejimi və bu müddət ərzində bir çox müəssisələrin, o cümlədən bankların normal fəaliyyətində məhdudiyyətlərin tətbiq edilməsi, bəzi hallarda isə bu fəaliyyətin fasilələrlə dayandırılması, insanların sərbəst hərəkət etmək imkanlarının məhdudlaşdırılması kimi halları, habelə iddiaçının izahatında qeyd etdiyi və yuxarıda sadalanan sənədlərlə təsdiq olunan halları nəzərə alaraq, qanunvericiliklə əmanətçinin sığortalanmış əmanətə görə kompensasiya almaq imkanlarının beş il ərzində saxlanılması müəyyən edildiyi halda, cavabdehin iddia etdiyi kimi bu müddətin 43 gün ötürülməsi kimi hallar birlikdə iddiaçının kompensasiya almaq üçün qanunla müəyyən edilmiş bir illik müddət ərzində kompensasiya almaq üçün Fonda müraciətini qeyri-mümkün etmiş hallar kimi nəzərə alınmalıdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı tərəfindən verilmiş iddia tələbi əsaslı olmuşdur və birinci instansiya məhkəməsi bütün bu halları nəzərə alaraq iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Kollegiya apellyasiya şikayətinin digər dəlillərini də müzakirə edərək qeyd edir ki, apellyasiya şikayətinin iddiaçı tərəfindən Fonda müraciət edilməsi müddətinin üzürlü səbəblər olmadan buraxılması barədə dəlilləri əsassız olduğundan, şikayətdə göstərilmiş digər dəlillər də əsassız olmuşdur. Belə ki, hazırkı mübahisə üzrə iddia tələbini iddiaçının banka qarşı əmanətlərin ödənilməsi deyil, bankda olan əmanəti ilə bağlı sığorta hadisəsi (bankın müflis olması) baş verdiyi üçün kompensasiya məbləğinin ona ödənilməsinə dair Əmanətlərin Sığortalanması Fonduna qarşı olan tələb təşkil edir. Ona görə də, hazırkı iddianın banka qarşı olan kreditor tələb olması ilə bağlı apellyasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Eyni əsasla kollegiya qeyd edir ki, hazırkı iddia təmin olunacağı təqdirdə iddiaçıya pul vəsaitinin növbədənkənar qaydada ödənilməsinin digər kreditorların hüquqlarını pozacağına dair dəlili də əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri əsasında mübahisələndirilən qətnaməni yoxlayaraq bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.11.2021-ci il tarixli, 2(006)-6581/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1778/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1778/2022
24.02.2022 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver