Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1778/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əmrin ləğvi və məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə, əvvəlki ixtisas dərəcəsinə və vəzifəyə bərpa olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7498/2023 saylı, 30 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın veriməsi haqqında xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda “keçirilmiş QKBT-nın qalıq əlamətləri. Postravmatik enselofapatiya, serebral anarxoidit, tez-tez qıcolma tutmaları və kəskin nəzərə çarpan ANS” diaqnozu ilə müddətsiz 2-ci dərəcəli əlillik verilmişdir. İlk qiymətləndirmə xx.xx.2007-ci il tarixdə aparılmışdır.
2. İddiaçı ilə (bundan sonra “iddiaçı”) Cavabdeh İB (bundan sonra “cavabdeh”) arasında xx.xx.2012-ci il tarixli 20 saylı əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən iddiaçı Birliyin idarəetmə aparatının Tikinti Departamentinin Yeni qazlaşdırma və inkişaf şöbəsində 12-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə 20/6 saylı dəyişiklik edilmiş, əmək müqaviləsinin 4.16, 4.17, 4.27, 4.28 və 4.29 bəndləri aşağıdakı redaksiyada qəbul edilmişdir: “4.16. İşçi gündə 7.20 saatdan, həftə ərzində isə 36 saatdan çox olmayaraq işləyir; 4.17. iş saatı 09:00-da başlayır, saat 17:20-də qurtarır; 4.27. əsas məzuniyyətin müddəti 46 təqvim günüdür; əlavə məzuniyyət müddəti əmək stajına görə - təqvim günü; 4.29. əmək məzuniyyətinin ümumi müddəti 46 günləridir”. Həmin razılaşdırılmış dəyişikliklərin xx.xx.2018-ci il tarixdən qüvvəyə minməsi nəzərdə tutulmuşdur.
3. 27 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli Cavabdeh İByə ünvanlanmış məktubundan görünür ki, xəstəliyinin xarakteri nəzərə alaraq, İddiaçı ağır fiziki işlər əks göstərişdir, yüngül oturaq işlərdə işləyə bilər.
4. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2007-ci ildən (Diaqnoz: Postravmatik enselofapatiya, serebral anarxoidit, tez-tez qıcolmatutmaları və kəskin nəzərə çarpan ANS. Əmək zəmanəti - əmək qabiliyyətsiz) müddətsiz ikinci dərəcə təkrar əlillik statusuna malikdir.
5. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1K-836/2023 nömrəli əmrindən çıxarışa əsasən İddiaçı xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən (əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilməməsi səbəbi) tutduğu 12-ci dərəcəli mühəndis vəzifəsindən azad edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh İB-yə qarşı məhkəməyə müraciət edərək, İstehsalat Birliyinin 31 avqust 2023-cü il tarixli, № 14-2-2/3-1K-836/2023 saylı əmrinin ləğv edilməsi, məcburi işburaxmaya görə əmək haqqı və digər ödənişlər ödənilməklə, onun Cavabdeh İdarəetmə aparatının Yeni qazlaşma və inkişaf şöbəsində əvvəlki 12-ci dərəcəli mühəndis vəzifəsinə işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, o, Qarabağ müharibəsi veteranı olmaqla İİ qrup əlildir. xx.xx.2012-ci il tarixli, 20 saylı əmək müqaviləsinə əsasən Cavabdeh İdarəetmə aparatının Yeni qazlaşma və inkişaf şöbəsində 12-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Həmin vaxt işə qəbul olunarkən İİ qrup Qarabağ əlili və eyni zamanda “əmək qabiliyyətsiz” olduğu barədə işəgötürən məlumatlı idi. İşə qəbul olduğu vaxt əmək müqaviləsi bağlanarkən və sonrakı dövrlərdə həmin idarənin X6 tərəfindən müharibə əlilliyini sübut edən bütün müvafiq sənədlər ondan tələb edilərək şəxsi işinə əlavə edilmişdir. Bundan sonra 2018-ci ildə Cavabdeh İB-nin rəhbərliyi tərəfindən, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasına, onun və digər əlilliyi olan şəxslərin hansı işlərdə işləyə bilməsi, işə yararlı olub-olmaması barədə məlumat əldə edilməsi üçün məktubla müraciət edilmiş, Komissiyanın xx.xx.2018-ci il tarixli 46 saylı məktubu ilə iddiaçıya münasibətdə bildirilmişdir ki,“Xəstəliyin xarakteri nəzərə alınaraq İddiaçı ağır fiziki işlər əks göstərişdir, yüngül oturaq işlərdə işləyə bilər”. Cavabdeh Tibbi-Sosial Ekspert Komissiyasının qeyd edilən məktubunu nəzərə alaraq, xx.xx.2012-ci il tarixli, 20 saylı əmək müqaviləsinə dəyişilik edilməsinə dair 28 iyun 2018-ci il tarixli əmr vermiş və əmrə əsasən, Birliyinin İdarəetmə aparatının onunla 22 fevral 2012-ci il tarixdə bağlanmış 20 nömrəli əmək müqaviləsinin 4.16 (işçi gündə 7.20. saatdan, həftə ərzində isə 36 saatdan çox olmayaraq işləyir) 4.17 (iş saatı 09.00-da başlanır, saat 17:12-də qurtarır). 4.27 (əsas məzuniyyətin müddəti). 4.28.(əlavə məzuniyyətə görə) və 4.29-cu (əmək məzuniyyətinin ümumi müddəti) bəndlərinə dəyişiklik edilmişdir. Yəni, əmrdən göründüyü kimi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli 46 saylı məktubu nəzərə alınaraq, onun gündəlik və həftə ərzində iş saatlarının sayı azalmaqla işə yararlı hesab edilmiş və onun həmin işdə və vəzifədə qalaraq, göstərilən şərtlərlə işləməsi məqsədəmüfaviq hesab edilərək işinə davam etmişdir. Lakin, 2023-cü ilin təxminən may ayının əvvəllərində Cavabdeh X6nin rəisi onu və digər əlilliyi olan şəxsləri öz xidməti otağına çağıraraq bildirmişdir ki, Tibbi-Sosial Ekspert Komissiyasının arayışına əsasən onlar tutduqları vəzifədə işləyə bilməzlər. Əlilliyi olan şəxslər öz əlillik dərəcələrini ləğv etdirsinlər, əks halda onlarla bağlanan əmək müqaviləsinə birtərəfli qaydada xitam veriləcəkdir. Məhkəmənin nəzərinə çatdırır ki, bir çox şəxslər işlərini itirəcəyi qorxusundan əlillik dərəcələrini ləğv etdirmiş və hazırda həmin şəxslər orada işləyirlər. O, isə bu qanunsuz təklifdən imtina etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Cavabdeh X6nə dəvət edilərək, xəbərdarlıq edilmədən onun əmək müqaviləsinə xitam verildiyini və işdən azad olunduğunu bildirmişlər. Cavabdeh təşkilata işə bərpa edilməsi ilə bağlı müraciət etməsinə baxmayaraq, ərizəsinin icrasından imtina edilmişdir. Aralarındakı olan əmək mübahisəsinin alternativ həlli ilə bağlı mediasiyaya da müraciət edilmiş, ilkin mediasiya sessiyasında qarşı tərəfin nümayəndəsi iştirak etməmiş, barışıq əldə edilməmişdir. Buna dair ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 22 sentyabr 2023-cü il tarixli arayış verilmişdir. Hesab edir ki, cavabdeh təşkilatın mübahisələndirilən əmri qanunvericiliyə uyğun olmamaqla, onun ləğv edilməsi üçün əsaslar mövcuddur. O, qanunsuz və əsassız işdən çıxarıldığını bildirməklə, əvvəlki vəzifəsinə işə bərpa edilməsini istəyir, ona görə də hazırda hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Cavabdeh İB-nin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, 2018-ci ildə müvafiq Tibbi Sosial Ekspert Komissiyasına sorğu verilmiş və sorğuya cavab olaraq onun yüngül oturaq işlərdə işləyə bilməsi qeyd edilmişdir, iddiaçının əmək qabiliyyətsiz olması yazılmamışdır. Elektron portaldan yenilənmə olduqdan sonra onlar iddiaçının əmək qabiliyyətsiz olduğunu bilmiş, bununla bağlı iddiaçı ilə 2023-cü ilin may ayında söhbətlər aparılmış, onun yenidən yoxlamadan keçməsi təklif edilmiş, ona bir ay müddətinə vaxt verilmişdir. Həmin bir ay müddət bitəndən sonra da rəhbərlik humanistlik etmiş, onun sonra da işləməsinə icazə vermiş və 2023-cü ilin avqust ayında onun əmək müqaviləsinə xitam verilmişdir. Əlillik statusu elə bir şeydir ki, müəyyən müddət sonra onun sağlamlığı yaxşılığa doğru dəyişə bilər və tam sağlam şəxs də hesab edilə bilər. Əmək qabiliyyətsiz olan işçinin onların müəssisəsi tərəfindən işlədilməsi qanunvericiliyə ziddir. Buna görə də işçinin əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa iddiaçıya işdən çıxarılması barədə bildiriş və ya xəbərdarlığın verilməməsi barədə qeyd edir ki, iddiaçının işdən çıxarılmasının əsası kimi göstərilən Əmək Məcəlləsinin müvafiq maddəsində qeyd edilməmişdir ki, işəgötürən tərəfindən işçiyə bildiriş verilməlidir. Qeyd etdiklərinə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7498/2023 nömrəli, 30 noyabr 2023cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh İB-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə müvafiq olaraq xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-1K-836/2023 nömrəli əmrin ləğv edilməsi; İddiaçı Cavabdeh İB-nin İdarəetmə aparatının Yeni qazlaşma və inkişaf şöbəsinin mühəndis vəzifəsinə işə bərpa edilməsi; məcburi iş buraxma müddəti üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla İddiaçı Cavabdeh İB tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilsin qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı onunla əmək müqaviləsi bağlanmamışdan qabaq ikinci dərəcəli əlillik dərəcəsi almış, işəgötürən isə bundan məlumatlı olmuşdur. Əmək Məcəlləsinin göstərişlərindən müəyyən olunur ki, işçinin əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir.
11. Həmçinin qeyd etmişdir ki, cavabdehin nümayəndəsinin izahatından müəyyən edilir ki, o, müəssisədə avqust ayına kimi çalışmış, iddiaçının əmək qabiliyyətinin altı aydan çox müddətinə tam itirməsi halı müəyyən edilməmiş, iddiaçını işdən çıxarıldığı günə kimi əmək fəaliyyəti ilə məşğul olmuş və gördüyü işə aylıq əmək haqqı almışdır.
12. Məhkəmə gəldiyi nəticəni, “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsi; Azərbaycan Respublikası Əmək Məcəllənin 16; 74.1 (ç), 83, 300.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7498/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı, əmək haqqı tələbinin mübahisəsi ilə bağlı mediasiyaya müraciət etməmiş və bu səbəbdən hazırda məhkəmə qaydasında həmin tələbi mübahisələndirməyi, Cavabdeh İB-dənəmək haqqı tələb etməyi qanunauyğun deyildir. Belə ki, bu halda əmək haqqı tələbinin özü-özlüyündə artıq tərəflər arasında başqa bir fərdi əmək mübahisəsini özündə ehtiva edir və iddiaçı tərəf bu tələblə əlaqədar ayrıca olaraq mediasiyanın tədbiqi barədə təkliflə müraciət etməlidir. İşçi İddiaçı məhkəməni inandırmağa çalışmışdır ki, o, İİ qrup əlil olduğu üçün Cavabdeh İB-dən işdən azad edilmişdir və xx.xx.2018-ci il tarixində verilmiş 27 nömrəli TSEK məktubuna əsasən o, ağır fiziki işlər ona əks göstəriş olduğu üçün yalnız yüngül oturaq işlərdə işləyə bilər. İddiaçı İİ qrup əlil olması əsası ilə əlaqədar işdən azad edilməmişdir və 27 nömrəli TSEK tərəfindən Cavabdeh İB-yə kağız daşıyıcıda göndərilmiş xx.xx.2018-ci il tarixli 46 nömrəli məktubda qeyd olunan rəyin nəticəsi öz hüquqi qüvvəsini itirmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (TS EK-in) 2023-cü il dövrü üçün İddiaçı “əmək zəmanətlərinin dəqiqləşdirilməsi” və “əlillik vəziyyətlərinin qiymətləndirilməsi” barədə sonuncu müayinəyə dair məlumatları www.egov.az internet portalına yerləşdirilmiş və həmin məlumatlardan işəgötürənə müəyyən olunmuşdur ki, İddiaçı əmək qabiliyyətsizdir. Bu barədə müayinə məlumatlarının “əmək zəmanəti” hissəsində də müvafiq qeydlər aparılmışdır (TSEK-in müayinə məlumatları şikayətə əlavə olunur). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (TSEK-in) sonuncu müayinəyə dair məlumatlarından müəyyən olunmuşdur ki, Cavabdeh İB-də işləyən bəzi işçilər, o cümlədən də İddiaçı əmək qabiliyyətsizdir, yəni ki, həmin işçilərin əməyə olan qabiliyyətləri yoxdur. Həmin işçilərin əmək qabiliyyətsiz olmaları barədə TSEK-i nsonuncu müayinə məlumatlarının “əmək zəmanəti” hissəsində müvafiq qeydlər aparılmışdır. Bu fakt Cavabdeh İB-nin İnsan Resursları Departamentinə məlum olduqdan sonra, Cavabdeh İB-də işləyən və TSEK-in sonuncu müayinəyə dair məlumatlarından əmək qabiliyyətsiz olmaları müəyyən olunmuş işçilərin hamısına, o cümlədən də İddiaçı Cavabdeh İB-nin İnsan Resursları Departamentinin məsul əməkdaşları tərəfindən Cavabdeh İB-nın əsas binasında ümumi olaraq məlumat verilmişdir ki, “əmək zəmanətlərinin dəqiqləşdirilməsi” və “əlillik vəziyyətlərinin yenidən qiymətləndirilməsi” məqsədi ilə qısa müddətdə təkrarən ƏƏSMNnin tabeliyində olan Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etsinlər. Apellyasiya şikayətinə qoşma etdiyi sənədlərdə adı keçən bəzi işçilərin (TSEK-in sonuncu müayinə məlumatlarında adları olan) əmək zəmanətləri tam dəqiqləşdirilmiş və əlillik vəziyyətləri yenidən qiymətləndirilmişdir. Həmin işçilərin bəzilərinin əmək zəmanətləri tam dəqiqləşdirilmiş və onların “oturaq şəraitdə” və “yüngül işlərdə” işləyə bilməsi kimi müayinə nəticələrinə düzəlişlər edilmişdir. Bəzi işçilərin isə əlillik vəziyyətləri yenidən qiymətləndirilmiş və onların “tam reabilitasiya olunması barədə qərar” qəbul edilmişdir (həmin işçilərə dair TSEK müayinə məlumatları apellyasiya şikayətinə əlavə olunur). Lakin İddiaçı əmək zəmanətinin dəqiqləşdirilməsi və əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədi ilə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yenidən tibbi müayinədən keçməkdən imtina etmiş, son 6 aydan çox müddətə əmək qabiliyyəti olmadan fasiləsiz olaraq Cavabdeh İB-də işləmişdir. Bu səbəbdən də İddiaçı əmək müqaviləsinə 6 ay sonrasında Cavabdeh İB-nın xx.xx.2023-cü il tarixli14-2-2/3-1K- 836/2023 nömrəli əmri ilə, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Qeyd olunanları göstərməklə məqsədi odur ki, İddiaçı TSEK rəyinə əsasən əmək qabiliyyətsiz olması barədə işəgötürən Azəriqaz İB-nin hələ 2023-cü ilin əvvəlindən məlumatı olmuş, lakin iddiaçını həmin an işdən azad etməmişdir. Azəriqaz İB-nin əgər iddiaçını bu əsasla işdən azad etmək niyyəti olsa idi, əmək zəmanəti barəsində İddiaçı dair ilkin məlumatlar www.e-gov.az internet portalına yerləşdirildiyi ilk andaca işdən azad edərdi. İşəgötürən Cavabdeh İB isə əksinə işçi İddiaçı “əmək zəmanətinin dəqiqləşdirilməsi” və “əlillik vəziyyətinin qiymətləndirilməsi” məqsədi ilə qısa müddətdə yenidən ƏƏSMN-nin tabeliyində olan Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməsini təklif etmiş, işçi isə bundan imtina etməklə son 6 aydan çox müddətə fasiləsiz olaraq “əmək qabiliyyətsiz” Azəriqaz İB-də işləmişdir. Əlilliyi olan şəxs əmək qabiliyyətsiz hesab edilərkən onun səhhəti peşə vəzifələrini də yerinə yetirməyə mane olur, başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün də təhlükə törədir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən İddiaçı əmək qabiliyyətinə zəmanət verilmədiyi halda onun əmək qabiliyyətsiz qaydasında iş yerində təhlükəsiz işləməsi ağlabatan və qanuni deyildir. Əmək qabiliyyətsiz olan İddiaçı istehsalat sahəsində (Yeni qazlaşma və inkişaf şöbəsi) mühəndis kimi çalışması və çalışacağı zamanı yol verəcəyi istehsalat xətası hüquqi şəxsin məsuliyyətlə üz-üzə qalmasına və onun vəzifəli şəxslərinin isə CM-in 314-cü maddəsi ilə (səhlənkarlıq) məsuliyyətə cəlb olunmasına zəmin yaradacaqdır. Bundan əlavə, əmək qabiliyyətsiz İddiaçı özünün iş yerində hər hansı bir istehsalat zədəsi alması, iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi, iş yerində baş verəcək iddiaçının ölüm hadisəsi və s. kimi arzuolunmaz hallar işəgötürənin məsuliyyətə cəlb edilməsinə zəmin yaradacaq hallardır. Xətai Rayon Məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul edilərkən bu və sair kimi yuxarıda qeyd olunmuş arzuolunmaz hallar nəzərə alınmamış, əmək qabiliyyətsiz bir işçini işə bərpa etməklə işəgötürən hüquqi şəxsi məsuliyyət qarşısında qoymuş və Xətai Rayon Məhkəməsinin özü də bu məsuliyyətə birbaşa ortaq olmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri 17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
21. “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsi əsasən: 1. Hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və yaxşı iş şəraiti və işsizlikdən müdafiə hüququ var. Həmçinin 2. Hər bir şəxs heç bir ayrı-seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. 3. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
22.12-ci (“i” hissə) maddəsinə əsasən, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. 23.16-cı (“1” və “2” hissə) maddəsinə əsasən, əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir. Qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. 24.68-ci (1-ci hissə) maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 25.74-cü (1-ci hissə “c” bəndi) maddəsinə əsasən, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir. 26.74-cü maddəsinə “qeyd” hissəsinə əsasən, əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. 27.71-ci (3-cü hissə) maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyənedilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 28.76-cı (1-ci hissə) maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 29.83-cü (1-ci hissə) maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğvedilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 30.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
31.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən açıq, inklüziv və müyəssər iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır. Əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırlması qadağandır. Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verilmir. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
32. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
33.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 34.Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Həmin normaya görə, müqavilə tərəflərinin iradəsindən və istəyindən asılı olmayan hallarda, məsələn, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə onunla bağlanmış əmək müqaviləsinə xitam olunur.
35. İş materiallarından olan Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2007-ci ildən (Diaqnoz: Postravmatik enselofapatiya, serebral anarxoidit, tez-tez qıcolma tutmaları və kəskin nəzərə çarpan ANS. Əmək zəmanəti - əmək qabiliyyətsiz) müddətsiz ikinci dərəcə təkrar əlillik statusuna malikdir. Onunla Cavabdeh İB arasında xx.xx.2012-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən əmək münasibətləri yaranmışdır. Cavabdeh tərəfindən iddiaçının tərəf olduğu əmək müqaviləsinə, əlillik statusuna malik olması nəzərə alınmaqla əmək qanunvericiliyinə uyğun olaraq xx.xx.2018-ci il tarixdə dəyişiklik edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin iddiaçının müəssisədə avqust ayına kimi çalışdığı, yəni işdən çıxarıldığı günə kimi əmək fəaliyyəti ilə məşğul olduğu və gördüyü işə görə aylıq əmək haqqı aldığı müəyyən edilmişdir.
36. Göründüyü kimi, iddiaçının sağlamlığında müvafiq problemlərin mövcud olmasından işəgötürən, işçi işə qəbul edilən zaman (xx.xx.2012-ci il tarixində) məlumatlı olmuşdur. İddiaçı müayinəsinin nəticələrinə əsasən əlillik statusuna malik olması, onun İBnin Tikinti Departamentinin Yeni qazlaşdırma və inkişaf şöbəsində 12-ci dərəcəli mühəndis vəzifəsinə qəbul olmasına, həmin vəzifədə çalışmasına maneçilik törətməmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən işdən çıxarılana qədər tərəfindən əmək vəzifələrinin faktiki icra edilməsi mümkün olmuşdur.
37. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, cavabdeh iddiaçının məhdud sağlamlıq imkanlarını nəzərə alaraq vəziyyətinə uyğun olan başqa iş ona təklif etməmiş, işçinin sağlamlığı ilə əlaqədar yerinə yetirə biləcəyi başqa işin olmaması barədə məhkəməyə hər hansı sübutu təqdim etməmişdir. Halbuki 27 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli Cavabdeh İB-yə ünvanlanmış məktubundan görünür ki, xəstəliyinin xarakteri nəzərə alaraq, İddiaçı ağır fiziki işlər əks göstərişdir, o, yüngül oturaq işlərdə işləyə bilər.
38. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçının iddiası əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, onunla əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. 39.Belə olan halda məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası məhkəmənin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Ona görə də apelyasiya şikayətində qeyd edilən formal etirazlar, eləcə də işin faktiki halları ilə bağlı dəlillər həmin qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 40.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
41. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 42.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7498/2023 nömrəli, 30 noyabr 2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh İB tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova