Məhkəmə qərarları › İş №2(103)-178/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-178/2023

25.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-178/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-178/2023 (Açar sözlər: “mənzildən çıxarma”) Bakı şəhəri 25 iyul 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, X5 və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-332/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Sahib Hümbətov küçəsində yerləşən 74 saylı ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. İş materiallarında olan 4258712№-li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 1 ünvanında İddiaçı qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış “sənədlərin surətlərinin təqdim edilməsi” barədə məktuba əavə edimiş 030683 saylı orderin surətindən məlum olur ki, ünvan 1 order əsasında Cavabdeh1 verilmişdir.

3. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış “sənədlərin surətlərinin təqdim edilməsi” barədə məktuba əlavə edilmiş 26 may 1997-ci il tarixli, 834 №-li sərəncamın surətindən məlum olur ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydalarınının 3-cü maddəsinin 2-ci hissəsi və 48-ci maddəsini rəhbər tutaraq Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən 15 may 1997-ci il tarixli 796 №-li və 1997-ci il tarixli 839 №-li məktublarda təqdim olunmuş siyahıların hər birində 7 nəfər və 15 nəfər adı göstərilən hərbi qulluqçulara order verilməsi ilə bağlı sərəncam verilmişdir.

4. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış “sənədlərin surətlərinin təqdim edilməsi” barədə məktuba əlavə edilmiş ərizələrin surətlərindən görünür ki, X2, X3, Cavabdeh1 Xaliq qızı, X1 və X4 tərəfindən hər biri ayrı-ayrılıqda verilmiş ərizələrdən məlum olur ki, onlar ünvan 1 ünvanındakı evlərini İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər.

5. Bakı İnzibati məhkəməsinin 2-1(112)-1327/23 saylı, xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, Cavabdeh1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinə qarşı (İddiaçı 3-cü şəxs) çıxarışın etibarsız hesab olunmasına dair iddia tələbi rədd olunmuşdur.

6. Bakı İnzibati məhkəməsinin 2-1(112)-1327/23 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı İnzibati məhkəməsinin 2-1(112)-1327/23 saylı, xx.xx.2023-cü il tarixli Qərarı qanuni qüvvəsini almışdır.

7. İş materiallarından görünür ki, Bakı apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi müvafiq səndləri təqdim etməklə bildirmişdir ki, Cavabdeh1 adına xx.xx.1997-ci il tarixdə Bakı şəhəri 5-ci Dairəvi küçəsi, ev 74, mənzil 2; Cavabdeh2 adına xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Zığ yolu küçəsi ev 32, 72 saylı mənzilin 6/7 hissəsi və 16.07. 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi “A” sektoru, 4 saylı bağ sahəsinin 6/7 hissəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3721 nömrəli məktubundan görünür ki, ekspertlər daşınmaz əmlaklara baxış keçirilməsi üçün tədqiqat yerinə gedilsə də cavabdeh tərəfindən buna şərait yaradılmamışdır.Odur ki, ekspertiza aparılmasından imtina edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 19 aprel 2021-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 74 saylı ev onun xüsusi mülkiyyətindədir. Cavabdehlər anası Cavabdeh1, bacısı Cavabdeh2 heç bir razılığı və icazəsi olmadan evinə daxil olmuş, dava salaraq qanuni mülkiyyətində olan evindən istifadə hüququnu məhdudlaşdırırlar. O, cinayət etməmək üçün öz doğma evindən çıxıb kirayədə qalmağa məcbur olmuşdur. Mülkiyyət hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşdur.

10. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 74 saylı evdən məcburi şəkildə çıxarılması, ödənilmiş 21 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili X6 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-332/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hal-hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 74 saylı evdən məcburi şəkildə çıxarılmasını tələb etsə də, cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi və ya onların mənzildən çıxarılmaları üçün kompensasiya təklif etməmişdir.

15. Məhkəmə öz mövqeyini 2009-cu il 01 oktyabr tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə, Qüvvədə olan Mülki Məcəllənin 228.2-ci maddəsinə,R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarına və MPM-in 217.2ci maddəsinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

16. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-332/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz qərarı ilə qanunsuz şəkildə iddiaçını öz mülkiyyətindən didərgin salan cavabdeh şəxslərə kompensasiya ödəyəcəyi təqdirdə iddia tələbinin təmin olunacağını qeyd etmişdir. Halbuki, kompensasiya istifadə hüququ olan, yaşamağa ayrı yeri olmayan şəxsləri mənzildən çıxararkən ödənilməlidir və bu ədalətlidir. Belə ki, kompensasiyanın verilməsində məqsəd odur ki, evdən çıxarılan şəxs mülkiyyətçinin hesabına davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. İndiki halda hansı kompensasiyadan söhbət gedə bilər? 2 il 10 aya yaxın müddətdə ailəsi ilə kirayələrdə qalan mülkiyyətçi öz mülkiyyətinə qayıtmaq üçün, həmin mülkdə yaşaması üçün üstəlik kompensasiya da ödəməlidir? Cavabdeh şəxslərin davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı var və bu səbəbdən hər hansı kompensasiya ödənişi sui-istifadə etməkdən, mülkiyyətçinin daha ağır vəziyyətə düşürülməsindən başqa bir şey deyildir. Cavabdeh şəxslərin mülkiyyətində və istifadəsində ayrıca əmlakları var. ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh1 məxsusdur və o, həmin mənzildə qeydiyyatdadır. Digər Cavabdeh2 isə ünvan 3 ünvanıında, “Kombinat” deyilən ərazidə yerləşən evdə qeydiyyatdadır və həmin evin vərəsəlik qaydasında bölgüsündən müvafiq paya məxsusdur. Cavabdehlərin bu gün mənzilinə və ya kompensasiyaya heç bir ehtiyacı yoxdur. Əsl həqiqət bundan ibarətdir ki, iddiaçı onların istəyi ilə, məcburən başqa şəxslə zorla nikah qurmaqdan imtina etdiyi üçün ona və ailəsinə qarşı belə haqsız, qanunazidd hərəkətlər edilir.

b) Apellyasiya şikayətinə yazılı etiraz

18. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdirlər.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

21. Belə ki, Cavabdeh1 vəsatət göndərərək mübahisəli evə pasport qeydiyyatına alınmasına dair iddiaya Bakı İnzibati Məhkəməsində baxılıb qurtarana kimi hazırkı işin icraatının dayandırılmasını xahiş etmişdir.Məhkəmə Kollegiyası qeyd edilən halın hazırkı işə baxılmasına maneə olmadığı üçün vəsatəti təmin etməmişdir.(Həmçini, daha əvvəl Bakı apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 vəsatəti təmin edilərək Cavabdeh1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinə qarşı (İddiaçı 3-cü şəxs) evə çıxarışın etibarsız hesab olunmasına dair iddia tələbinə baxılanadək hazırkı işin icraatı dayandırılmışdır.Bakı İnzibati məhkəməsinin 2-1(112)-1327/23 saylı, xx.xx.2023cü il tarixli Qərarı ilə Cavabdeh1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinə qarşı (İddiaçı 3-cü şəxs) çıxarışın etibarsız hesab olunmasına dair iddia tələbi rədd olunmuşdur və Qərar qanuni qüvvəsini aldığından hazırkı iş üzrə icraat təzələnmişdir.) Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlak (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

24. 2009-cu il 01 oktyabr tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

25.R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.”

26. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 217.4-cü məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı tam hissədə yoxlanılır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

30. Belə ki, məhkəmə Kollegiyası verilmiş iddia tələbi və apellyasiya şikayəti üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 19 aprel 2021-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 74 saylı ev onun xüsusi mülkiyyətindədir. Cavabdehlər anası Cavabdeh1, bacısı Cavabdeh2 heç bir razılığı və icazəsi olmadan evinə daxil olmuş, dava salaraq qanuni mülkiyyətində olan evindən istifadə hüququnu məhdudlaşdırırlar.Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 74 saylı evdən məcburi şəkildə çıxarılması, ödənilmiş 21 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Bakı şəhəri Xətai Rayon Məhkəməsi 2(011)-332/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilə iddia tələbinin rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, hal-hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 74 saylı evdən məcburi şəkildə çıxarılmasını tələb etsə də, cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi və ya onların mənzildən çıxarılmaları üçün kompensasiya təklif etməmişdir.

33. Məhkəmə öz mövqeyini 2009-cu il 01 oktyabr tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə, Qüvvədə olan Mülki Məcəllənin 228.2-ci maddəsinə,R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarına və MPM-in 217.2ci maddəsinə istinadla əsaslandırmışdır.

34. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmamışdır.

35. Belə ki, işin faktiki hallarından görünür ki, cavabdehlər Cavabdeh1 adına xx.xx.1997-ci il tarixdə Bakı şəhəri 5-ci Dairəvi küçəsi, ev 74, mənzil 2; Cavabdeh2 adına xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Zığ yolu küçəsi ev 32, 72 saylı mənzilin 6/7 hissəsi və 16.07. 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi “A” sektoru, 4 saylı bağ sahəsinin 6/7 hissəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

36. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.”

37. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur.Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.

38. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində ayrıca yaşayış sahələri olduğu halda, cavabdehlərə mülkiyyətçinin hesabına davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən kompensasiya ödənilməli olması səbəbindən iddianı rədd etməkdə birinci instansiya məhkəməsinin mövqeyi hazırkı işə tətbiq edilən hüquq normalarının (Qətnamənin 22-25-cu bəndləri) tələblərinə zidd olmuşdur.

39. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-332/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.

40. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

41. Həmçinin, MPM-in 119-cu maddəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumu 21 (iyirmi bir) manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi:

Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-332/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 74 saylı evdən məcburi şəkildə çıxarılsınlar. Ödənilmiş dövlət rüsumu 21 (iyirmi bir) manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar