Məhkəmə qərarları › İş №2(103)-1781/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1781/2024

29.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1781/2024 29.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi X5, İkinci iddia üzrə iddiaçı, birinci iddia üzrə Cavabdeh4 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5455/2023 nömrəli iş üzrə 19 dekabr 2023-cü il tarixli qətnaməsindən ikinci iddia üzrə iddiaçı, birinci iddia üzrə Cavabdeh4 nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsində yerləşən 217 saylı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və İddiaçı2 cavabdeh İddiaçı1 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində yerləşən 217 saylı evin 9.9 kv metrlik otağında istifadə hüquqlarının olduğunun nəzərə alınıb ora köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(004)- 5495/2023 saylı qərardadı ilə iddiaçılar X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və İddiaçı2 cavabdeh İddiaçı1 qarşı mənzilə köçürülmə tələbinə dair 2(004)-5495/2023 saylı mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Kərim Xudayevin icraatında olan İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Arzu qızına qarşı “mənzilə olan istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə başlanmış 2(004)-5455/2023 saylı mülki işə birləşdirilməsi üçün Yasamal Rayon Məhkəməsinin hakimi Kərim Xudayevə verilməsi qərara alınmışdır. Birinci iddia ərizəsi üzrə iddiaçı, ikinci iddia ərizəsi üzrə cavabdeh İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində yerləşən 217 saylı ev ümumi paylı mülkiyyətdə olan evdir. Evin 1/8 hissəsi onun payına düşən hissədir. Cavabdehlər onun uzaq qohumlarıdır. Dayısı oğlu X10 özünü və müvəqqəti ailəsini ora qeydiyyat saldrımaq üçün ondan xahiş etdiyi üçün onları 2004-cü ildə həmin evə qeydiyyata saldırmışdır. Həmin vaxt münasibətləri yaxşı imiş və əlaqələri var imiş. Ona demişdir ki, ev alacaq və qeydiyyatdan çıxacaq, lakin sonradan əlaqələri kəsilmişdir. Onların hazırda harada yaşamaları barədə məlumatı yoxdur. Onların həmin mənzildə formal qeydiyyatda olması mülkiyyətçinin hüquqlarını məhdudlaşdırır. Həmçinin əlavə kommunal xərclərə səbəb olur. Bu səbəbdən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsində yerləşən 217 saylı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci iddia ərizəsi üzrə cavabdehlər, ikinci iddia ərizəsi üzrə iddiaçılar X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və İddiaçı2 iddia tələbinin onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayonu M.Sübhi küçəsində yerləşən 217 saylı fərdi yaşayış evinin 29,4 kv metr əsas, 21,2 kv. metr isə köməkçi hissə 1979-cu ildə alqı-satqı edilərək İddiaçı1 adına qeydiyyatda alınmışdır. Həmin vaxt da bu yaşayış sahəsinin alınması ilə bağlı maddi təminatı öz üzərinə götürmüş olan X11 İddiaçı1 arasında olmuş razılaşmaya əsasən həmin 9,9 kv metrlik yaşayış sahəsinə Zakir Mövsümov ailəsi ilə öz əşyaları ilə birlikdə köçərək orada yaşamış və həmin ünvana qeydiyyata alınmışlar. Sonra İddiaçı1 həyat yoldaşı RF-nin vətəndaşı olduğu üçün oraya köçüb getmişlər və onların yaşadığı otaqda yaşayış olmadığından yaşayış sahəsi bütövlükdə baxımsızlıq üzündən bərbad vəziyyətə düşmüşdür. X11 paylı mülkiyyətdə olan evin İddiaçı1 düşən hissəsini bütövlükdə təmir etdirmişdir. Yalnız İddiaçı1 əşyaları olduğu və qapısı bağlı olduğu otaq təmirsiz qalmışdır. Aradan bir müddət keçdikdən sonra Aydın Həsəov ailəsi ilə Bakı şəhərinə qayıdaraq mülkiyyətində olan hissədəki otaqda yaşamağa başlamışdır. Onların sayı çox olduğuna, hər biri məktəb yaşlı olduğu və.s. səbəblərdən 9.9 kv metrlik sahədə yaşamaq yetmədiyindən nisbətən geniş sahəsi olan evə kirayəşin kimi getmişlər. Lakin hal-hazırda ailələrin bəzi üzvləri özlərinə yaşayış yeri seçib məskunlaşdıqlarından 9.9 kv metrlik sahədə yaşamaq mümkün olar. Artıq kirayədə yaşamaqdan yorulmuşlar. Odur ki, iddia tələblərinin təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində yerləşən 217 saylı evin 9.9 kv metrlik otağında istifadə hüquqlarının olduğunun nəzərə alınıb ora köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5455/2023 nömrəli iş üzrə 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) birinci iddia ərizəsi üzrə iddia tələbinin təmin edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyli küçəsində yerləşən 217 saylı fərdi yaşayış evində istifadə hüquqlarının itirilməsi, ikinci iddia ərizəsi üzrə iddiaçılar X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və İddiaçı2 cavabdeh İddiaçı1 qarşı mənzilə köçürülmə tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədən ikinci iddia üzrə iddiaçı, birinci iddia üzrə Cavabdeh4 nümayəndəsi və vəkili X6 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, birinci iddianın təmin olunmaması, ikinci iddianın təmin olunnması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ikinci iddia üzrə iddiaçı, birinci iddia üzrə Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5455/2023 nömrəli iş üzrə 19 dekabr 2023-cü il tarixli qətnaməsi qismən ləğv edilməli, iddiaçılar X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və İddiaçı2 cavabdeh İddiaçı1 qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını, həmçinin kasasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə almaqla qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən baxılan iş üzrə əhəmiyyətli prosessual pozuntuya yol verildiyindən apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalı və qiymət verilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və İddiaçı2 cavabdeh İddiaçı1 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində yerləşən 217 saylı evin 9.9 kv metrlik otağında istifadə hüquqlarının olduğunun nəzərə alınıb ora köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Birləşdirilmiş işlər üzrə ikinci iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət olunmuş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. İddia ərizəsində iddiaçı qismində X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və İddiaçı2 göstərilməklə birgə qaydada müraciət olunsa da, iddia ərizəsi vəkil Nümayəndə tərəfindən imzalanmışdır. Lakin iddiaçılardan yalnız Cavabdeh4 tərəfindən Nümayəndə hüquqların həyata keçirilməsinə dair etibarnamə verilmişdir. Həmçinin vəkil xidmətlərinin göstərilməsinə dair iddiaçılardan yalnız Cavabdeh4 ilə Nümayəndə arasında razılıq əldə olunmuşdur. Nəzərə alınmalıdır ki, MPM-ə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir (maddə 73.1). İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. (maddə 74.2). MPM-ə müvafiq olaraq hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (5.1). İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür (151.1). İddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (maddə 149.1). iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilməlidir (maddə 150.1.3). İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (maddə 152.1.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Prosessual qanunvericiliyin sadalanan tələblərinə baxmayaraq, birinci instansiya məhkəməsi Cavabdeh4 başqa digər iddiaçıları məhkəmədə təmsil etmək səlahiyyətinə malik olmayan Nümayəndə tərəfindən qaldırmış iddia ərizəsini icraata götürmüş və həmin ərizə əsasında işə mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5455/2023 nömrəli iş üzrə 19 dekabr 2023-cü il tarixli qətnaməsi qismən ləğv edilməli, iddiaçılar X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və İddiaçı2 cavabdeh İddiaçı1 qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259.0.3, 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İkinci iddia üzrə iddiaçı, birinci iddia üzrə Cavabdeh4 nümayəndəsi və vəkili X4 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5455/2023 nömrəli iş üzrə 19 dekabr 2023-cü il tarixli qətnaməsi qismən ləğv edilsin. İddiaçılar X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və İddiaçı2 cavabdeh İddiaçı1 qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar